Ona xəyanət etdiyini öləndən sonra bildi - Böyük adamın balaca sevgilisi

Ona xəyanət etdiyini öləndən sonra bildi - Böyük adamın balaca sevgilisi
31 oktyabr 2020
# 16:41

Bu gün dahi Federiko Fellininin anım gündür

Onların görüşünü kino tarixi üçün əlamətdar hadisə saymaq olar. Çünki gələcəkdə dövrünün ən böyük rejissoru olacaq Fellini bu xanımın şəxsində idealında yaşatdığı qadın obrazlarını əfsanəvi istedadla oynayan aktrisanı tapacaqdı.

Amma şəxsi həyatları...

Xoşbəxt olmadılar söyləmək doğru olmazdı.

Amma xoşbəxt idilər söyləmək də çətindir.

Elə isə başlayaq.

Və təbii ki, ən əvvəl həmin o tarixi görüşdən...

Cülyettanın ideal kişisi – ilk görüş

Tanış olanda qeyri-adi fantaziyalarla yaşayan Federiko Fellinin 23, həssas, incə qəlbli Cülyettanın isə 21 yaşı vardı.

Cülyettanın atası, çox istedadlı violençelist sevgilisinin xətrinə özünün ən böyük ehtirasından - musiqidən imtina etmişdi. Sevdiyi qadınla birlikdə ola bilmək üçün fitri istedada malik musiqiçi bütün həyatını hansısa zavodda kassir vəzifəsində keçirməyə razılıq vermiş, bir dəfə də verdiyi qərardan peşman olmamışdı.

Cülyetta lap erkən yaşlarından valideynlərinin bu qeydi-adi münasibəti barədə öyrənmişdi. Atasının fədakarlığı onu vəcdə gətirirdi. Və nə gizlədək, yeniyetmə yaşına çatan kimi, o da həyatını belə bir kişiyə bağlamaq arzuları ilə yaşayırdı.

Özünü bütün ehtirası və çılğınlığı ilə həsr edə biləcəyi kişini səbirsizliklə gözləyirdi. Gənc, hələ heç kimin tanımadığı Federiko Fellini məhz, həmin kişi oldu.

Fellini xəyalpərəst idi. Tez-tez ümidsizliyə qapılırdı. O, həyatın boz, kasıb reallığı arxasındakı rəngarəng, maraqlı dünyanın xəyalı ilə yaşayırdı. Var-gücü ilə reallıqla mübarizə aparır, onu özünə uyğun şəklə salmağa çalışır, hələ uşaq yaşlarından özü haqqında ağlagəlməz əhvalatlar uyduraraq yaşayırdı. Başqa kişilərdən xeyli fərqlənən bu qəribə oğlanın həssas Cülyettanın ürəyini fəth etməsi təəccüblü deyildi.

Fellini müxbir-karikaturaçı işləyir, boş vaxtlarında radioseriallar üçün pyeslər yazırdı. O vaxt yaradıcı fəaliyyətə təzəcə başlayan Cülyetta bu pyeslərin birində rol aldı. Radioda onun səsini eşidən Fellini ağlını itirdi. Aktrisa su pərilərinin dilində elə danışırdı ki, sanki su pərisinin özü idi. Bu səsdə ehtiras və kövrəklik, güclü hissiyyat və məsumluq harmoniyaya girərək dinləyən hər kəsi sehrləyirdi.

Federiko əmin idi ki, Cülyetta arzularının qadınıdır. Amma onu canlı görəndə məyus olur. Federiko iridöşlü, yumru bədənli, sarışın xanımları xoşlayırdı. Cülyetta isə tamamən onun xəyalındakı qadının əksi idi - iri, qumral gözlü, incə, zərif, balacaboy… Təbii ki, o, çox gözəl idi, lakin Federikonun zövqündə deyildi.

Federikonun ideal qadını - evlilik

Cülyetta bir qadın kimi Federikonun xoşuna gəlməsə də onlar çox tez dil tapdılar və tanışlıqlarından cəmi bir neçə ay sonra evlənirlər.

Fellinin toyunda iştirak edən dostları gözlərinə inana bilmirdilər: bu balaca qız böyük formalar həvəskarını nə ilə cəlb edə bilərdi? Cavab çox sadə idi: Cülyetta Fellinini başa düşürdü. O, Federikonun sonsuz fantaziyalarına sadəcə qulaq asmırdı, həm də onları reallığa çevirirdi. Felliniyə də elə bu lazım idi. Ailənin dostu, bəstəkar Nina Rota danışırdı ki, bir dəfə nahar vaxtı Federiko arvadından soruşur: “Cülyetta, yadındadır, biz Avstraliyada olanda….”

Stol arxasında oturanların hamısı bilirdi ki, nə Federiko, nə də Mazina heç vaxt Avstraliyada olmayıblar. Ancaq Mazina sadəcə gülümsəyir və ərinin dediklərini təsdiqləyir: “Bəli, əzizim, orda çox gözəl artişoklar (çobanyastığıkimilər fəsiləsinə aid bitki-red) var idi”.

Bədbəxt ana

“Ailə həyatı Cülyettanın gözlədiyi kimi olmadı. Onun arzuları həyata keçmədi. Cülyetta övlad, şəxsi ev, sadiq ər arzulayırdı. Mən onu məyus etdim. O məni yox… İnanmıram ki, ondan yaxşı həyat yoldaşı tapa bilərdim” - Fellini öz memuarında yaşadığı həyatı belə xarakterizə edirdi və bu, həqiqət idi.

Cülyetta ana olmaq istəyirdi. Toydan az sonra hamilə qaldığını biləndə sevincinin həddi-hüdudu yox idi. Amma qəflətən faciə baş verdi: o, pilləkəndən yıxıldı və uşağını itirdi.

Cülyettaya ancaq ikinci hamiləlik təsəlli verə bilərdi. Odur ki, ikinci dəfə hamilə qalanda gənc ailə bütün problemlərin sona çatdığını düşündü. Onların həyatına hələ doğulmamış, ancaq artıq hamı tərəfindən sevilən real üçüncü bir insan daxil olmuşdu. Uşağın adı da hazır idi - Federiko. Cülyetta belə istəyirdi. Sevimli həyat yoldaşını şərəfinə sevimli oğul…

Doğuş uğurlu keçdi, lakin körpə cəmi iki həftə yaşadı.

Bu azmış kimi həkimlər Cülyettaya dəhşətli diaqnoz qoydular: onun bir də heç vaxt uşağı olmayacaq!

Vəfat etmiş körpə Federiko və Cülyettanı bir-birinə daha möhkəm tellərlə bağladı: “Xüsusən, gənc yaşlarda baş vermiş ümumi faciə insanlar arasında möhkəm əlaqə yaradır. Uşaqsız ailə dağılmırsa, deməli bu tellər doğrudan da möhkəmdir. Qadınla kişi bir-birinin uşağına çevrilir» - deyə Fellini xatırlayırdı.

Fellininin fədakarı

Bir müddət keçəndən sonra Fellini arvadına övladlığa uşaq götürməyi məsləhət görür. Cülyetta razılaşmır. Cavabı isə belə olar ki, artıq onu uşağı var. Bu uşaq Federiko Fellinidir!

Doğrudan da Cülyetta dahi rejissorun kaprizlərini dəstəkləməklə məşğul idi, bütün sevgi və bağlılığını ona vermişdi. Onun xətrinə hər cür qurbanlara hazır idi. Federiko Fellini Cülyetta Mazinanı ən yaxşı filmlərində çəkərək bütün dünyada məşhur etmişdi. Bu həqiqətdir. Amma o da həqiqətdir ki, Cülyetta Mazina Federiko Fellinini yaratmış qadındır. Fellininin istedadının üzə çıxması üçün o, əlindən gələni etmişdi. O, Felliniyə kömək edəcək, onun işinə yaraya biləcək insanlar üçün təntənəli naharlar, ziyafətlər təşkil edirdi. Məhz, o, Fellinini “Ağ şeyx” filmini çəkməyə ruhlandırmışdı və maliyyənin tapılması, aktyorların və çəkiliş heyətinin toplanması, naturanın seçilməsi ilə şəxsən məşğul olmuşdu.

Fellini isə bu vaxt ən yaxşı dərzilərə məşhur qırmızı şərflərini tikdirirdi və digər ulduzlardan fərqli olaraq Mazinanın daş-qaşının və bahalı geyimlərinin olmadığını görmürdü.

Mazina şəhər kənarında ev arzulayırdı, ancaq Fellininin istəyilə Romanın mərkəzində yaşamalı olmuşdu. Amma o, nə ərini ittiham edir, nə də kefini pozur, eləcə gülümsəyirdi.

Fellininin xətrinə o hər şeyə hazır idi.

F.Fellini Cülyettanın həyatının mənasına çevrilmişdi.

Onu dahi edən kişi

Əslində Cülyetta Mazina çox filmə çəkilib. R.Rosselininin “Payza” (1946) filmində epizodik və A.Lattuadanın “Mərhəmətsiz” (1948) filmində baş rollardan birini ifa edib. Fellinin “Varyetenin işıqları” (1950- Lattuda ilə birlikdə) və “Ağ şeyx” (1952) filmlərində oynayıb. 50-ci illərdə Rosselinin “Avropa 51” (1951), K.Lidzaninin “Böyük şəhərin kənarında” (1953), E.De Filipponun “Fortunella” (1957), R.Kastellaninin “Şəhərdə cəhənnəm” (1958) filmlərində çəkilib. Amma bu rolları o qədər də diqqət çəkməyib.

Bütün dünya onu dahi rejissor Fellininin ulduzu Kabiriya, Celsomina və Cincer kimi tanıyır.

Dahi rejissor bütün bədbəxt qadın obrazlarının ən xırda jestlərini belə məharətlə canlandıran, üstəlik ərinə son dərəcə sədaqətli olan fağır Cülyettanı “Gözləri sahibini itirmiş küçüyün gözlərinə bənzəyən balaca qadın” adlandırırdı.

Federikosuz…

1993-cü ilin payızında Cülyetta Mazinanın həyatının mənası itdi. Federiko Fellininin dəfn olunduğu günü bütün İtaliya milli matəm günü kimi qeyd etdi. Romada küçə hərəkətləri dayandırıldı, televiziya və radio yayımı saxladı. Dahi rejissoru son mənzilə yola salmaq üçün insanlar ölkənin hər yerindən paytaxta axışmağa başladı. Cülyetta Mazina dostlarla ünsiyyəti kəsdi, demək olar ki, heç kimlə danışmadı. Aktrisa monoton şəkildə bir cümləni təkrarlayırdı: “Federikosuz mən yoxam”.

Xəstəliyini ərindən gizlədirdi

Əslində onun xəstəliyi Fellinidən çox əvvəl başlamışdı. Ancaq həkimlərin xəstəxanada yatmağı məsləhət görməsinə baxmayaraq, ambulator müalicə alırdı. O, Fellini xəstəxanaya düşəndən sonra həkimlərin məsləhətini dinləməyi qərara aldı.

Federikonun heç nədən xəbəri yox idi. Rejissora baş çəkməyə gəlmiş dostlarından biri təsadüfən Cülyettanın ciyər xərçənginə tutulduğunu ağzından qaçırır. Əməliyyatdan yenicə çıxmış Fellini təcili maşın tələb edir və arvadının yanına gəlir. Onlar qonşu palatalarda yatırdılar. Cülyetta ölürdü, amma yenə də xəstəliyini ərindən gizlədirdi.

1993-cü ilin oktyabrında hər ikisi xəstəxanadan çıxdı. Fellini oktyabrın 30 da qızıl toylarını qeyd etmək istəyirdi.

Xəyanəti də bağışlamışdı. Amma…

Rejissorun ölümündən dərhal sonra mətbuatda qalmaqallı məlumatlar peyda olur. Onların qəhrəmanı, Anna Covanni adlı xanım bəyan edirdi ki, uzun müddət rejissorla vətəndaş nikahında yaşayıb. Mazina gözlərinə inana bilmirdi - kök, yaşlı xanım iddia edirdi ki, Federiko onu Cülyetta qədər, hətta ondan çox sevib!

Fellini qadınları sevirdi və əmin idi ki, kişi “monoqam heyvan” deyil. Buna görə cəmi bir qadına sadiq qalmaq onun imkanları xaricində idi. O, başqa qadınlarla görüşürdü və bu kiçik “qaçmalar” haqqında arvadına özü danışırdı. Federiko üçün bu sadəcə instinktlərin ödənilməsi, adi həvəsdən başqa bir şey deyildi. Ancaq o, təkcə Cülyettanı sevirdi və qiymətləndirirdi. Cülyetta da bütün həyatı boyu buna inanmışdı. Və birdən, bir andaca vulqar, yad bir qadın onun həyatındakı yeganə həqiqəti şübhə altına alırdı. Bu dəhşətli zərbə idi! Anna Covanni bir-birinin ardınca verdiyi müsahibələrində deyirdi ki, Fellini ilə kafedə qəhvə içərkən tanış olub. Kremli pirojnanı acgözcəsinə yeyən, al-qırmızı donlu, yumru xanıma baxan maestro özünü saxlaya bilməyib və Annaya: “Bu dahiyanə mənzərə məni həmişə cuşa gətirib: özünə heç nədə etiraz etməyən və iştahla yeyən qadın. Yeməyi sevən qadın seksi sevməyə bilməz. Ona görə də kök qadınlar məni uşaqlıqdan maraqlandırır”.

Annanın sözlərinə görə, onların həyat romanı belə başlayıb. Annanın dediyinə görə Fellini hətta bir neçə dəfə ona evlənmək təklif edibmiş. Ancaq Anna öz sevimli aktrisası Cülyetta Mazinanın xoşbəxtliyini dağıtmaq istəmədiyindən bu təklifə razılıq verməyib.

Bütün bu dəhşətləri oxuyan Cülyetta ağlını itirməkdən qorxurdu. Onun ancaq özünə və ərinə məxsus olan balaca dünyası dağılmışdı. Mazina eşitdiklərinin doğruluğuna inanmaq istəmirdi…

Cülyetta Mazina Fellinidən cəmi beş ay sonra dünyasını dəyişdi.

Özünün dediyi kimi, Federikosuz olmadı!

# 10151 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #