İş adamını homoseksual kimi müdafiə edən vəkil

İş adamını homoseksual kimi müdafiə edən vəkil
12 mart 2020
# 08:59

Kulis. Az “Yeni filmlərimiz” layihəsində “Vəkil hanı” bədii filmini təqdim edir.

Süjet: Əhvalat müasir Bakıda baş verir. Əsas qəhrəman Rəşad (Bəhruz Vaqifoğlu) vəkildir. Həmkarı Nigar (Kamilə Babayeva) əməliyyat keçirdiyi üçün Rəşaddan xahiş edir ki, onun müvəkkillərinin işini öz öhdəsinə götürsün. Nigar həmkarından iki məhkəmə işində onu əvəzləməsini xahiş edir. Onlardan biri öz partnyorunu öldürən Surxayov (filmdə obrazı sadəcə adı keçdiyi üçün, onu oynayan aktyor yoxdur), digəri isə qətldə günahkar bilinən iş adamı Dadaş Rəhimovdur (Qorxmaz Əlilidir). Rəşad Dadaş Rəhimovun məhkəməsini Surxayovun prosesi ilə səhv salır. Nəticədə proses zamanı onu homoseksual kimi müdafiə edir. Dadaş Rəhimova 7 il cəza kəsilir. Onu homoseksual kimi qələmə verməyindən qeyzlənən Rəhimov adamlarına Rəşadı cəzalandırmağı tapşırır. Təqib olunan Rəşad vəziyyətdən çıxış yolu axtarır. Nə olursa-olsun o, səhvini düzəldərək Rəhimovun günahsızlığını sübuta yetirməlidir. Və o, dostu Fəridə (Toğrul Rza) kömək üçün müraciət edir.

Gallery

"Vəkil hanı?" filminin rejissoru Ülviyyə Könüldür. Film 2011-ci Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Sınaq Film Prodüser Mərkəzində lentə alınıb.

Ülviyyə Könül daha çox klip rejissoru kimi tanınıb. Onun filmoqrafiyasında isə “Vəkil hanı” filmindən başqa, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” (1996-cı ildə çəkilən film Anarın eyniadlı əsəri əsasında ekranlaşdırılıb), “İstanbul tətili” (2007, Röya Ayxanın çəkildiyi film bir müğənninin həyatını danışır), “Həddən artıq uyğunluq” (2016, Nazirliyin sifarişi ilə çəkilib. Amerikada yaşayan etnik azərbaycanlı Mayk və Azərbaycanda yaşayan Aydanın internet vasitəsi ilə tanışlığından, onların sevgisindən bəhs edir) filmləri də yer alır. Adı çəkilən filmlərdə Ülviyyə Könül özünü kinorejissoru kimi təsdiq edə bilməyib. Çünki nəqlində klip stilistikasından, klip manerasından (musiqili illüstrativ təsvirlərdən tutmuş montajadək ) qurtula bilmir. Bundan başqa ekran işlərində onun Hollivud tutkusu duyulur. Bir qayda olaraq, Hollivud məhsullarının klişelərindən istifadə edir və finalı bayağı happy endə bağlayır. Yəqin ona görə də, Vikipediyada özü haqqında “həvəskar kinorejissoru” sözünü yazıb.

Gallery

Ü. Könülün rejissor kimi öz dəsti xətti, tapıntılarının olmaması, maraqlı, gözlənilməz xarakterlər, vəziyyətlər verməməsi “Vəkil hanı” filmindən də yan keçmir.

Filmə baxanda belə hissim vardı ki, hadisələr Azərbaycanda yox, hansısa uzaq bir Qərb ölkəsində baş verir. Çünki süjetdə bizim gerçəkliyə toxunuşlar mövcud deyil. Milsaçün, günün günorta çağı həbsdə olan hansısa iş adamının əlaltılarının gözəgirən maşınlarının şəhərin mərkəzi yerlərindən birinə açıq aşkar hücum çəkməsi Hollivudun popsa filmlərindən sitatdır. Hamı da əla, lüks şəraitdə yaşayır, bahalı geyim və avtomobillər sürür. Və ya dialoq-replikalar çox saxta, yenə də Hollivudun kriminal filmlərinin imitasiya edir: Tutaq ki, ağır situasiyaya düşən qəhrəmanlar öz hazırcavablığını, nikbinliyini, yumor hissini itirmir, bir-birilə zarafat edirlər. Ki, bu da bizim temperamentimizlə üst-üstə düşmür.

Gallery

Rejissor filmboyu radio verilişlərindən istifadə edir. Radio verilişləri müxtəlif situasiyalara uyğunlaşdırlıb. Misalçün, Rəşad onu təqib edənlərdən qurtulmaq üçün qadın paltarı geyinməli olur və bu epzioddan əvvəl radioda hadisəyə bənzər informasiya verilir. İlk baxışda radiosəslərin funksionallığı var. Yəni o, sanki təklif olunan vəziyyətin şərhinə xidmət edir. Amma vəziyyətlər özlüyündə o qədər aydın və bəsitdir ki, şərhə ehtiyac yoxdur. Yox, əgər bu fənd dinamikaya, ritmə xidmət edirsə onsuz da klipsayağı yığcamlıq və montaj bunu gərəksiz edir. Ona görə radiosəslər daha çox şoulaşdırma, əyləncə effekti yaradır. Yalnız filmin əvvəlində bir radiosəs yerinə düşür. Rəşad yuxudan oyananda, radioda yol istehsalat idarəsinin rəisinin şəhərdə tıxacları inkar edən müsahibəsi səslənir. Amma qəhrəman balkona çıxanda tıxac görür. Belə bir antiteza həmin epziodda yerinə düşür, gerçəkliyin absurdluğunu çatdırır.

Filmboyu səslənən xətlərdən biri homoseksual mövzuya eyhamlardır. Hakimin (Gülşad Baxşıyeva) həbsxanada homoseksualın intiharına etinasız münasibətində, oriyentasiyasına “o söz”lə müraciətində diskriminasiya elementi olsa da, yəqin bunu hardasa təbii qəbul etmək olar. Nəzərə alsaq ki, film 2011-ci ildə çəkilib, onda homoseksual mövzu, onların hüququları bugünki qədər aktuallaşdırılmamışdı və cəmiyyət də o dövrlə müqayisədə indiki qədər buna hazır deyildi.

Filmin qüsurlarından biri onun reklam anturajını, bəzi personajların nitqinin, intonasiyasının reklam elanlarını xatırlatmasıdır. Yəni personalar nəyisə reklam edirmiş tonunda danışır. Özəlliklə də, Rus Dram Teatrının aktyorları. Ağaxan Salmanlının isə ümumiyyətlə teatral təbiəti olduğundan kamera ilə dil tapa bilmir.

Gallery

Filmin ssenarisini Ramiz Fətəliyev Elza Ağayeva ilə birgə işləyib. Ramiz Fətəliyev sovet dönəmindən peşəkar ssenari ilə tanınan biridir. Amma öncəki məqalələrimdə dediyim kimi, təəssüf ki, müstəqillik illərində kinomuza fayda vermədi. Ancaq keyfiyyətsiz ssenarilərə imza atdı.

Filmin operatoru Rafiq Quliyev, bəstəkarı Rəşad Haşımovdur.

# 5073 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #