İki ərli Sənəmin gözlənilməz aqibəti

İki ərli Sənəmin gözlənilməz aqibəti
20 dekabr 2019
# 08:59

O gün sosial mediada bir video qarşıma çıxıb. Bəlkə sizlər də görmüş olarsınız. İki əri olan amerikalı qadınla bağlı idi. Deməli, Keytin yoldaşından uşağı olmur. Problem də Conda imiş. Arvadını çox sevən və ondan ayrılmaq istəməyən kişi elə bir çarə düşünür ki, həm Keyti itirmir, həm də arvadının övlad arzusu həyata keçir. Con gənc və yaraşıqlı bir kişi tapıb, xanımı ilə evləndirir. Bir il sonra Keytin Stivendən oğlu dünyaya gəlir. Beləcə, xoşbəxt üçlü ailənin hekayəsi başlayır.

İkinci ər, yəni Stiven qısa müddətdə Conla dostlaşır. Hər ikisi də Keyti sevir və əsas məqsədləri ortaq xanımı xoşbəxt etməkdən ibarətdir. Birinci ər şəxsi həyatlarını belə izah edir:

“Biz övlad sahibi olmağı çox arzulayırdıq. 7 il müalicə aldıq, amma nəticəsi olmadı. Sonda həkim dedi ki, birgə nikahınızdan uşaq dünyaya gəlməcəyək, səbəb mən idim. Xanımım sağlam olduğu üçün o, hamilə qala bilərdi. Amma başqa bir kişidən. Ana olmaq onun da haqqı idi. Biz Keytlə sevib ailə qurmuşuq. İndi də ona aşiqəm. Əsas olan Keytin xoşbəxtliyidir. Mən Stivenə minnətdaram, bizi övlad arzumuza çatdırdı”.

İkinci ər də birgəyaşayışdan məmnundur:

“Con məni Keytlə tanış edəndə, ilk baxışdan ona vuruldum. Bir həftə sonra evlərinə yerləşdim. Arvadım möhtəşəm qadındır. İkimizi də sevir. Samuel üçümüzün də övladıdır. Hər ikimizə də “ata” deyir. Bir gün mən uşaqla evdə qalıram, Con Keytlə gəzməyə çıxır. Başqa gün isə əksinə. Amerikada bizim kimi ailələr az olsa da, var. Düşünürəm ki, insanlar xoşbəxt olmaq imkanlarını məhdudlaşdırmamalıdır”.

Sevgi ilə əhatələndiyi deyən Keyt özünü şanslı qadın hesab edir. Hər iki ərindən razı olduğunu bildirən qadın oğlunun xoşbəxt ailədə böyüdüyü vurğulayır:

“Samuelin bioloji atası Stiven olsa da, Con da övladımıza böyük məhəbbətlə bağlıdır. Ərlərim arasında rəqabət, qısqanclıq hissləri yoxdur. Onlar nə etdiklərini bilən yetkin insanlardır. Bu həyat üçümüzün də qərarı və seçimidir. Bəzən soruşurlar ki, kişilərindən biri səni tərk etsə, necə olacaq? Mehriban ailəmizin dağılması məni çox məyus edər. Bəlkə də bu, nə zamansa baş verəcək. Amma hələlik xoşbəxtik”.

Süjeti maraqla izləyib, altında yazılan rəylərə göz gəzdirdim. Söyüş-qarğış öz yerində, mənə bu məzmunda olan şərhlər qəribə gəldi: “Bu da Amerika! Nə çıxsa, o əxlaqsızlardan çıxacaq”, “Dünya dağılır, göydən daş yağacaq” və s. Hətta biri qəzəblə qeyd etmişdi ki, belə məzmunlu videoları paylaşmaq olmaz, mentalitetimizə zidd, gənclərimizə pis örnəkdir-zad.

Mən də razı, bineyi-qədimdən namus bizim üçün əsas etiket olub. İki ərli qadına yaxşı baxmağımız mümkün deyil, məncə də anormal və əxlaqsız haldır. Di gəl, əmma ondadır ki, bu cür münasibətlər sırf Amerikaya, Avropaya xas deyil axı. Guya bizdə bir neçə kişisi olan qadın yoxdur? Nə qədər desəniz, nümunə çəkmək olar. Əri olduğu halda yatağından sevgilisi çıxan müğənni bizim deyil? Yaxud da elə mənim tanıdığım neçə tanınmış aktrisa, aparıcı var ki, bir neçə kişi saxlayır. Hələ bağça, məktəb direktorlarını demirəm. Düzdür, hamıya şamil etmək olmaz. Amma iki kişisi olan vəzifəli xanımlar da az deyil: biri rəsmi, digəri sponsor ər.

Yəni özümüzdə də bir xeyli nümunə var. Fərq bundadır ki, onlar belə münasibətləri aşkar yaşayır, bizimkilər gizlin. Vəssalam!

Elə qonşum Sənəm xala kimi. Canıyanmış 3 uşaqlı, gözəl qadın idi. Əri Nazim ticarətlə məşğul olur, yaxşı da qazanırdı. Küçədə ən dəbdəbəli ev onların idi. Üçmərtəbəli saray tikdirmişdilər. İmkanlı olduqları üçün qonşular arasında xüsusi hörmətləri də vardı. Toya birinci onların ailəsini dəvət edirdilər. Deyilənə görə, hamı 5 “şirvan” nəmər yazdıranda, Nazim əmi 6 dəfə artıq pul salırmış. Həm də səxavətli adam idi, Türkiyədən gətirdiyi mallardan qonşulara pay verirdi. Camaat o ailəni sevir, rəğbət bəsləyirdi.

Bir müddət sonra iş elə gətirdi ki, Nazim əmi ziyana düşdü. Və Gəncədə tanınmış sələmçilərdən olan Etibardan pul götürdü. Dostluqları da belə başladı. Əvvəl ortaq mağaza açdılar, sonra ailəvi gediş-gəlişləri yarandı. Demək olar, hər gün Etibarın maşını Sənəmgilin qapısında dayanırdı.

Təxminən 1 il sonra Nazim əmi yoxa çıxdı, daha üzünü görmədik. Arvadı söylədi ki, yeni mağaza açmaq üçün Ankaraya gedib. Dedik, yəqin evdə kişi olmadığı üçün Etibar daha ayağını kəsər. Amma elə olmadı. Nazim əmi ərşə çəkilsə də, kişi Sənəmgildən əl çəkmədi. Özü də arvad-uşaqsız, tək gəlirdi. Bir neçə həftə sonra Etibar gecəni də onlarda qalmağa başladı. Səhər işə gedir, axşam qayıdıb gəlirdi. Həm öz ailəsini, həm də Sənəmi saxlayırdı.

Baş verənlərə qonşular narazılıq etsə də, kimsə qadının üzünə qarşı bir söz demirdi. Çünki Sənəm hər həftə evində süfrə açıb arvadları başına yığır, azdan-çoxdan hərəyə pay-püş alırdı. Kim Sənəmin hədiyyələrindən məhrum olmaq istəyərdi? Bir sözlə, qonaqlıq və “podarka”lar qadının verdiyi susmaq haqqı idi. Hamı da susurdu. Beləcə, Etibar Sənəmi təxminən 2 il saxladı.

Bir gün arvadlarla məhlədə oturmuşduq. Gördük, döngəyə bir “Mersedes” girib, Sənəmgilin darvazasının ağzında dayandı. Maşından kim düşsə, yaxşıdır? Nazim! Hamı donub qaldı. Dedik, Etibar da evdədir, indi qan düşəcək. Ha gözlədik, səs-səmir çıxmadı. Bir də gördük, iki dost qol-boyun evdən çıxdı.

Sabahı gün Sənəm açıqlama verdi ki, guya Etibarın onlarda qalmağından Nazimin xəbəri yoxdur, yoxsa başını kəsər. Amma sonradan öyrəndik ki, sən demə, məsələ başqa imiş. Əri Etibara borcunu ödəyə bilmədiyi üçün arvadını sələmçiyə iki illik “icarə”yə veribmiş.

Əri qayıdandan sonra Etibarı daha görmədik. Amma ailədə davaları kəsmirdi. Xeyli borca düşən Nazim evi satmaq istəyir, Sənəm isə razı olmurdu. Axırda elə pula görə də boşanası oldular. Kişi yenə çıxıb Türkiyəyə getdi, arvadı isə bir küçə yuxarıda balaca bir ev aldı. Yoldaşından ayrılandan sonra Sənəm xala tamam yolunu azdı. Bir də eşitdik ki, Türkiyəyə qız aparır. Elə onun üstündə də həbs olundu.

Bədbəxt etdiyi qızlardan biri də uşaqlıq dostum Lalə idi. Yazığı aldatmışdı ki, orda xəstə qadına baxıb, yaxşı pul qazanacaqsan. O adla aparıb, otelə salmışdı. Qaçıb canını qurtaran qız Gəncəyə qayıdan kimi Sənəmi polisə verdi. Belə-belə qadının başqa əməllərinin də üstü açıldı.

Dediyim odur ki, bizdə də iki-üç kişili qadınlar var. İntəhası, amerikalılar adına ər, bizlər isə başqa zad deyirik. Amma mahiyyətcə eyni əməldir. Ordan göz atanda normal, burdan baxanda isə əxlaqsız görünür.

# 6420 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
#
#
# # #