16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı
7 mart 2020
# 09:31

Kulis.az “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini təqdim edir.

Ədəbi tənqidçilərin öz dövrünün ən yaxşı yazıçısı adlandırdığı, təkcə Prusta uduzduğunu dedikləri Sidoni Qabriel Kolettin (1873-1954) yazıçı karyerası təsadüfən baş tutub. O, 1893-cü ildə dövrünün populyar jurnalisti, yazıçısı Anri Qotye Villarla ailə qurur. Villi təxəllüsü ilə tanınan ərinin istedadından Kolett ilk vaxtlarda qürur duyur. Sonra başa düşür ki, əri əsərlərini yazdırmaq üçün bir qrup ədəbiyyat zəncisindən istifadə edərək onlara qəpik-quruş verir. Bir gün tətildə olanda Kolett ərinə məktəbli olduğu illərdən danışır. Villi arvadının nəqletmə bacarığına heyran olur və ona da ədəbiyyat zəncisi olmağı təklif eləyir. Hər şeyə rəğmən ərini sevən qadın ona haqq qazandırır və onun istəklərini yerinə yetirir. Beləliklə Kolett, 1896-cı ildən başlayaraq, ərinin imzası ilə çıxan bir neçə avtobioqrafik roman yazır. Romanların əsas qəhrəmanı Klodina adlı gənc qızdır. Əsərlərdə Klodinanın əriylə münasibəti, onların bir-birinə xəyanəti, biseksuallıq yer alırdı və kitablar evdar qadınlar, intellegensiya arasında məşhur idi. Ümumiyyətlə, Kolettin əsas mövzusu qadınlar, hisslər, seks, moda və yemək idi. Klodina o qədər məşhur idi ki, tortlar, dondurmalar, köynəklər, ətirlər, şlyapalar onun şərəfinə adlandırılırdı.

Kolettin roman yazmasının əsas səbəblərindən biri, ərinin onu otağa həbs etməsiydi. Villi qadının üzünə qapını kilidləyərək onu yazmağa məcbur edirdi.

Gallery

1904-cü ildən, ərindən ayrılandan sonra Kolett öz yolunu seçir, müxtəlif teatrlarda aktrisa kimi fəaliyyət göstərir. Eyni zamanda öz imzası ilə romanlar yazır. Kolett biseksual idi və müxtəlif qadınlarla sevgi macərası yaşamışdı. Onların arasında rəssam, yazıçı, Paris lesbilərinin kraliçası Missi adı ilə tanınan Matilda de Morni, aktrisa, rəqqasə Emili Mari Buşo, amerikalı dramaturq və yazıçı Natali Klifford Barni də vardı. Kolett və Missinin “Mulen Ruj”un səhnəsində “Misir yuxusu” (1907) tamaşasında öpüşməsi qalmaqala səbəb oldu. Tamaşaçılar qadınları əxlaqsızlıqda günahlandıraraq hücum edir və nəticədə polis işə qarışır.

1912-ci ildə Kolett siyasətçi Baron Anri de Juvenelyaya ərə gedir və onların qızı doğulur. Sonralar Kolett baronun ona xəyanət etdiyindən xəbər tutur və o, ərinin başqa nikahından olan oğlu, gələcək, siyasətçi və jurnalist 16 yaşlı Bertran de Juvenellə eşq macarası yaşayır.

1935-ci ildə isə Kolett ondan 16 yaş kiçik olan Moris Qudekə ərə gedir, ölümündən sonra onun haqqında biroqrafik kitab yazır. Ömrünün son illərində Kolett kəskin osteoartrozdan əziyyət çəkirdi və yataq xəstəsiydi.

Kolettin 50-yə yaxın kitabı yayımlanıb. 1949-cu ildən o, Qonkur Akademiyasının prezidenti seçilib. 1966-cı ildən isə Parisdəki meydanlardan biri onun adını daşıyır.

Kolett bugünədək populyar yazıçı və yeni dövrün simvolu kimi xatırlanır.

O, özü haqqda sonralar deyirdi: “Mənim necə də gözəl həyatım olub. Əfsus ki, bunu əvvəllər başa düşmürdüm”.

Gallery

2018-ci ildə ekranlara amerikalı rejissor Uoş Uestmolendin Kolett haqda eyniadlı biqorafik dramı çıxır. Amerika, Böyük Britaniya və Macarıstanın birgə istehsalı olan filmdə rejissor əhvalatı əsasən Kolettin əri ilə birgə keçirdiyi həyatı üzərində qurub.

Əhvalat Kolettin (Kira Naytli) Villi (Dominik Uest) ilə evlənməsindən başlayır. Sadə kənd qızı Kolett şəhər həyatından sıxılır, amma ərinə bağlı olduğundan ev həbsi ilə razılaşır. Süjetboyu müəllif Kolettin sadəliyini, daxili azadlığını ərinin pula hərisliyinə, snobluğuna qarşı qoyur.

Epizodlardan birində Villi arvadını Parisin zənginlərinin ziyafətinə aparmağa hazırlaşır. Kolett ərinin aldığı son dəbli qiyafətdə özünü rahat hiss etmədiyindən onu geymir və sadə paltar seçir. Qlamur mühitdə qadın sıxılır, özünü tənha hiss edir. Rejissor Kolettin tənhalığını, mühitə yadlığını, dekor kimi salona qoyulmuş canlı tısbağa ilə müqayisə edir. Kolett də tısbağa kimi təbiətdən gəlmişdi və özünü orada xoşbəxt hiss edirdi.

Getdikcə kənd qızı, iddiasız Kolettin yavaş-yavaş dəyişdiyini görürük. Əvvəlcə əri üçün əsərlər yazan Kolett sonralar öz haqqını tələb etməyə başlayır, yaradıcı azadlığı uğrunda mübarizəyə başlayır. Əri kitabda onun adını həmmüəllif kimi verməkdən imtina edir və bunu onunla əsaslandırır ki, qadın müəllif cəmiyyətə maraqsızdır və kitab satılmayacaq.

Maraqlı epizodlardan biri Kolettin zəngin bir qadın Georgiya (Elionor Tomlinson) eşq macərası yaşamasıdır. Əri də ondan xəbərsiz həmin qadınla görüşür. Bundan xəbərdar olan Kolett münasibətləri romana çevirir və ərindən, onu romanda aşağılamaqla qisas alır.

Gallery

Pulunu qadınlara və qumara xərcləyən Villi kitabların bütün hüququnu nəşriyyata satır, bunu bilən Kolett ərindən ayrılır.

Reallıqda ərinin ona xəyanət etdiyini bilən Kolett əsəb böhranı keçirir və xəstəxanaya yerləşdirilir. Həkimlər təkcə onun ağlının itirəcəyindən yox, həm də həyatını itirəcəyindən qorxurdular. Amma gənc olması, sağlamlığı onu xilas edir. Bu epizod filmdə yer almayıb. Kolett güclü iradəyə malik, qətiyyətli biri kimi təsvir olunur.

Rejissor filmdə möhtəşəm dövrü də təsvir edir. Möhtəşəm dövr XIX əsrin sonlarından başlayaraq 1914-ci illəri əhatə edir. Bu dövrdə texniki proqress, iqtisadi dirçəlmə baş verir, mədəniyyət inkişaf edirdi və s. Eyni zamanda qadın məsələsi aktuallaşır, qadınlar daha açıq geyinir, incəsənətlə məşğul olur və s. Kolett də gimnastikanı və rəqsi öyrənir, açıq-saçıq səhnələrdə oynayır və epataj doğuran qiyafətlər geyirdi.

Gallery

Yeri gəlmişkən, Kolett həm də saçları ilə məşhur idi. Onun saçlarının uzunluğu 1 metr 58 sm idi. Çox qadınlar ona həsəd aparırdı. Amma əri sensasiya xətrinə onun saçlarını kəsdirir. Qısa saç düzümü o vaxtın əxlaqi dəyərlərinə meydan oxumaq idi. Və o, ərinin istəyinə tabe olur.

Kolett ənənəvi davranış modellərinə meydan oxuyan, seksual obrazlar oynamaqdan çəkinməyən proqressiv qadın kimi adını tarixə yazıb.

Məşhur aktrisa Odri Hepbern məhz onun əsəri əsasında qoyulmuş tamaşada oynayandan sonra aktrisa kimi diqqəti çəkib.

1913-cü ildən başlayaraq, yazıçının romanları ekranlaşdırılır. Roberto Rosselini, Jak Demi, Maks Ophüls, Vinsent Minelli, Stiven Frirz kimi rejissorlar onun əsərlərinə müraciət edib.

# 19882 dəfə oxunub

Oxşar xəbərlər

Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
#
#
# # #