“Afaq Bəşirqızı girdi qanımın arasına...”

“Afaq Bəşirqızı girdi qanımın arasına...”
24 oktyabr 2012
# 07:45
Deyəndə ki, “Aramızda qalsın” serialındakı Əzizağa Əzizov, açığı gəlir. “A, bala, ona qədər mənim nə qədər rollarım var, niyə məni onunla tanıdırsınız? ”,- deyir. Yaxşı, sadalayaq oynadığı film və tamaşaları. “Dəvətnamə”, “Hərənin öz payı+ tayı”, “Qovğalı kəndinin gecələri ”, “Şans”, “Yaşıl eynəkli adam-3”, “Şəms-Qəmər” və sair.

"O olmasın, bu olsun"da Qoçu, "Bankir adaxlı"da Zaur, "Əlin cibində olsun"da 1-ci adam, "Volqalı canan"da Doymarov, "Səhnədə məhəbbət"də Şvartseneger, "Aldın payını, çağır dayını"da Məzarov, "Bir günlük xəlifəlik"də şah – bunlar da Musiqili Komediya Teatrındakı rollarıdır.

- Bas-bariton səsli Əzizağa Əzizov özünü oxucuya necə tanıdardı?

- Hacıqabulda böyüyüb, orta məktəbi də orda bitirmişəm. Ailədə yeddi uşaq olmuşuq, dörd qardaş, üç bacı. Mən üçüncü uşaq idim. Uşaqlıqdan xalq teatrına, dərnəklərə gedirdim, elə-belə hobbi kimi. Arzum Odessa Dənizçilik Məktəbinə qəbul olunmaq idi, dənizçi olmaq istəyirdim. Məndən böyük bacımla qardaşım dedilər ki, sənin aktyorluq istedadın var. Bacı-qardaşlarım hamısı Rusiyada təhsil alıblar, böyük qardaşımın biri rayonda traktor sürür. Atamız rəhmətə getdi, böyük qardaşım oxumağa gedə bilmədi, bizə atalıq elədi. Mən də şərt kəsdim ki, gedəcəm İncəsənət İnstitutuna, amma qəbul olunmasam, əsgərlikdən sonra sənədlərimi Odessa Dənizçilik Məktəbinə verəcəm. Bədbəxtlikdənmi deyim, xoşbəxtlikdənmi elə birinci il qəbul olundum İncəsənət İnstitutuna.

Sənətdən Əliağa Ağayevin oğlu Vaqif Ağayev, vokaldan Lütfiyar İmanov, səhnə danışığından Əzizağa Qasımov imtahan götürüdü. Üç dənə beş aldım ixtisasdan. Sənət müəllimim də Yaşar Nuri oldu. Vokaldan məşhur Aleksandr Milovanovdan dərs aldım. Müslüm Maqomayevin müəllimi olub, Azərbaycanda çox vokalçılar yetişdirib. Mənim səsim bas-bariton idi. Belə səs nadir olur. Ya bas olur, ya bariton, ikisi bir şəxsdə nadir tapıntıdır.

İnstitutu bitirəndə təyinatımı Opera və Balet Teatrına vermək istəyirdilər. Gördülər ki, əsgərlikdə olmamışam. O vaxt əsgərlikdə olmayanı ümumiyyətlə təyinatla göndərmirdilər. Mənə dedilər ki, get, Gəncə teatrında işlə, əsgərlikdən qayıdan kimi səni Opera və Balet Teatrına qaytaracağıq.

Getdim işlədim, əsgərliyə də gedib qayıtdım, dedilər sənin təyinatın Gəncəyə verilib orda da işləməlisən. Allah rəhmət eləsin Rəhilə Cabbarova getdi nazirliyə dedi ki, bunun bas-bariton səsi var, Azərbaycanda bu saat belə səs yoxdur, bu operada işləməlidir. Gətirdilər məni Opera və Balet Teatrına, istəyirdilər birbaşa solist götürsünlər, amma solfecio bilmədiyim üçün xora solist götürdülər. O vaxt solfecio yalnız konservatoriyada keçirilirdi, mən də İncəsənət İnstitutunu bitirmişdim. Altı aylıq xora götürdülər ki, səhnəyə öyrənim, solfecio keçim, sonra solist təyin etsinlər.

- Altı ay gəlib çıxdı düz 2007-ci ilə qədər?

- Hə. Bir dəfə Rusiyaya qastrola getmişdik, Puşkin adına Opera və Balet Teatrının direktoru səsimi eşidən kimi dedi ki, səni operaya solist götürürəm, gəl bizdə işlə, razı olmadım. Mənimlə qastrolda olanlar da qınadılar məni ki, adam belə təklifi qaçırar? Şahlar Quliyev çox danladı məni, qalmadım, dedim başqa ölkədə yaşaya bilmərəm.

Sonra Musiqili Komediya Teatrına dəvət etdilər. Siyavuş Aslan teatrın rəhbəri idi. Operada xorda qala-qala Musiqili Komediya teatrında işləyirdim. Afaq Bəşirqızı “Afaq-şou”nu yaradanda məni ora dəvət elədi. Bir neçə il onunla çalışdım. Allah razı olsun, Afaq xanımdan onunla işləyəndən sonra maddi vəziyyətim bir az düzəldi. Ona qədər çox əziyyət çəkirdim. Sonra təzədən Hacıbaba Bağırov çağırdı məni, qaytardı Musiqili Komediya Teatrına. 2007-ci ildə Opera və Balet Teatrından birdəfəlik çıxdım. Açığı filmlərə də çəkilirdim, teletamaşalar, artıq gedib xorda oxumağa çatdırmırdım. Əsas kommersiya filmlərinə çəkilirdim. Sonra da televiziyalarda filmlərə çəkildim.

- Bas-bariton səsi xorda saxlayıb məhv elədilər eləmi?

- Bəli, doğrudur, Akif müəllim 90-cı illərdə mənə dedi gəl rollar götür, solist ol, amma artıq bas-bariton qalmamışdı, işlənmədiyi üçün xarab olmuşdu. İllərlə xorda oxudum, çıxardım ordan, amma Opera və Balet Teatrının yataqxanasında qaldığım üçün işdən çıxa bilmirdim. Axır ki, xanımımın iş yerindən bizə ev verdilər. Mən də xordan yaxamı qurtardım. Xanımım Beynəlxalq Hava Limanında kompüter operatoru işləyir. İki övladımız var, qızımın adını Afaq xanımın şərəfinə Afaq qoymuşam, 11-ci sinifdə oxuyur. Oğlum Toğrul 9-cu sinifdə oxuyur. İstedadları var, aktyor olmaq ürəklərindən də keçirdi, qəti şəkildə bildirmişəm ki, olmaz, başqa sənət seçin.

Musiqili Komediya Teatrının demək olar ki, bütün tamaşalarında oynayıram. Televiziyalarda filmlərə çəkilmişəm. Seriallara isə məni burdan, teatrdan seçib dəvət ediblər. “Aramızda qalsın” serialının rejissoru gəlib tamaşalara baxıb, mənə dedi ki, rollarınızı görmüşəm sizi seriala çəkmək istəyirik. Onların verdiyi qonorar məni qane edir. Sağ olsunlar, başqa kanallardan da dəvətlər oldu, dedim sağ olun, amma müqaviləm var, nə qədər ki “Aramızda qalsın”a çəkilirəm müqaviləni poza bilmərəm.

- “Azərbaycanfilm”də bədii filmə çəkilməmisiniz?

- Çox istəyirəm bədii filmə çəkilim. Taleyin işinə baxın ki, iki-üç bədii filmə dəvət aldım, amma o filmlərin heç biri çəkilmədi. Maliyyə çətinliyi oldu. Bir filmə də dəvət olundum, amma maşın sürə bilmədiyim üçün çəkilə bilmədim, montaj da mümkün deyildi, gərək özüm sürəydim. Maşınım yoxdur, sürə də bilmirəm, həmişə ictimai nəqliyyatla gedib-gəlirəm. Əvvəllər sıxılırdım camaatın içində, daha sıxılmıram, alışmışam. Kim yaxınlaşır, ədəblə söhbət edirəm, şəkil çəkdirmək istəyirlər çəkdirirəm. Sadə adamam, quru bəy deyiləm. Can deyənə on dəfə can deyirəm. Qəlbə dəyə bilmirəm.

- Bu günlərdə 52 yaşınız tamam olur, ürəyinizdə oynamaq istədiyiniz obraz qalıb, yoxsa fərqi yoxdur sizin üçün Otello və ya Yaqo? Amma sizdən yaxşı Otello olar.

- Heç fərqi yoxdur mənim üçün, heç bir rolun arzusunda olmamışam, yəqin bu sənəti arzu edib gəlməmişəm ona görə.

- Zavodda fəhlə işləməklə rol oynamağın fərqi yoxdur sizin üçün? Sənətiniz sadəcə qazanc yerinizdir?

- Elədir, işimdir, işləyib məvacibimi alıram, vəssalam. Mən dənizi çox sevirəm, dənizdə işləyən hərbçi olmaq istəyirdim, qismət deyilmiş.

- Bəs, Qarabağa necə olub getmisiniz?

- Xocalı hadisəsindən sonra məndən asılı olmadı, hiss elədim ki, getməliyəm, döyüşməliyəm. 32 yaşım vardı, nişanlı idim, toyumuz da təyin olunmuşdu, amma yenə getməyə bilmədim. Ağdərə bölgəsində döyüşmüşəm. O barədə danışmağı xoşlamıram, hamı getməli idi, mən də getdim.

- Qarabağ müharibəsi veteranısınız, fəxri adınız da elə budur.

- Heç bir fəxri ad istəmirəm, bu yaşdan sonra əməkdar artist adı vermək mənə söyməkdir. Yaşım çatan kimi çıxacağam təqaüdə.

- Təqaüdlə dolanmaq asandır ki?

- O qədər çətinliklər çəkmişəm ki. Afaq xanım girdi qanımın arasına götürdü teatrına işə, ondan sonra filmlərə çəkildim, vəziyyətim bir az düzəldi. Yenə Allah yetirər. Ruzini verən Allahdır.

Ramilə QURBANLI
# 2684 dəfə oxunub

Oxşar xəbərlər

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub

10:30 14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
# # #