Bakının da öz pulu olub

Bakının da öz pulu olub
6 fevral 2014
# 11:31

Bildiyimiz kimi ilk dəfə kağız pullar XVII əsrin axırında Şimali Amerikada buraxılıb. O vaxtdan etibarən hər ölkə özünün valyutasını buraxıb. Vaxtilə Zaqafqaziyanın, o cümlədən Bakının özünün də kağız pulları, manatları olub. Milli Kitabxananın arxivində çalışarkən təsadüfən, bu haqda məlumata rast gəldim. “Bakı” qəzetinin 13 fevral 1987-ci il tarixli sayında “Bakının öz pulu olmuşdur” adlı yazı diqqətimi cəlb etdi. Bu yazı da həmin yazıdakı faktlar üzərində qurulub.

Maraq məni bürüdü. Evə gəlib Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” və Qılman İlkinin “Bakı və bakılılar” kitablarını vərəqlədim. Bakı haqqında ən dolğun və müfəssəl məlumat verən bu kitablarda da Bakının ayrıca pulunun olması haqqında fakta rast gəlmədim. Heç ola bilməzdi ki, iki qocaman yazıçı bu mühüm faktı nəzərdən qaçırsınlar. Nədənsə bu haqda bircə cümlə də yazmayıblar.

Adını çəkdiyim məqalədə müəllif ( M. Kərimov) bunları yazır:

“1856-cı il iyun ayının 22-də çarın əmri ilə knyaz Baryatinski Qafqaz canişini vəzifəsinə təyin olunmuşdu. 1907-ci ildə Tiflisdə nəşr edilmiş “Qafqazın idarə olunması haqqında” qeydlərdə dairə qərargahı hərbi-tarixi şöbəsinin redaktoru Semyon Esadze yazırdı:

“Knyaz Baryatinski idarəetmə üzrə hər cür tədbirlərlə yanaşı maliyyə cəhətdən də Zaqafqaziya diyarının sərbəst idarə olunmasını lazım bilmişdir. Çünki əks halda bu cəhətdən imperiyanın ümumi maliyyə idarəsindən asılılıq bütün inzibati və iqtisadi təşəbbüsləri mənasız edərdi və hər halda diyar öz inkişafında əhəmiyyətli çətinliklərlə qarşılaşardı”.

1918-ci il Azərbaycan paytaxtı Bakının tarixində maliyyə cəhətdən də xüsusi yer tutur. O dövrdə Bakı pul bazarında bir-birindən tamamilə fərqlənən üç müxtəlif pul var idi. Həm də onlara müxtəlif kurs müəyyən olunması ciddi qadağan edilirdi. Bu, onunla əsaslandırılırdı ki, guya başqa cür olsa, Bakı pulları qiymətdən tez düşə bilər.

O zaman dövriyyədə “Nikolay manatı” deyilən pul və iki xalis Bakı manatı vardı. 1918-ci ildə buraxılmış Bakı manatlarından birini Bakı Şəhər Təsərrüfatı Şurası, digərini isə Bakı Şəhər İdarəsi buraxmışdı. Hər ikisinin üzərindəki yazıda bildirilirdi ki, həmin kağız nişanlar dövlət kredit biletləri ilə eyni qiymətə malikdir.

Lakin bazarlarda alver zamanı tacirlər “Nikolay manatı”nı, habelə sonralar buraxılan və “kerenki” deyilən ümumdövlət pul nişanlarını alıcılardan daha həvəslə götürürdülər. Bakı pullarına etibar etmirdilər. Bu vəziyyət, hakimiyyət orqanlarının var qüvvə ilə ört-basdır etməyə çalışdıqları mövcud müxtəlif məzənnə təbii olaraq pul dövriyyəsində əhəmiyyətli pozuntulara gətirib çıxarırdı.

Sonralar, iyirminci illərdə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının maliyyə idarəsi özünün müxtəlif dəyərə malik pul nişanlarını dövriyyəyə buraxdı.”

# 2614 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #