Kərbəla İslamın qələbəsiydi

Kərbəla İslamın qələbəsiydi
26 noyabr 2012
# 12:29

İman dolu könüllərə məlun şeytanın üfunət qoxusu verən nəfəsi təsir edə bilmədi. Batil yolunu seçib küfr əməlləri ilə insanlığı təhdid edənlər yer üzünün ilk insanı olan Adəmin törəmələri idi və şeytan o qəlblərdə yuva qurdu ki, onlar əbədi Şərin səlahiyyətli elçiləri idilər. İslamın əzəmətindən doğan eyforiya cəhalət bataqlığından fanatizm adlı kortəbii, dağıdıcı bir qüvvənin çıxması və yetişməsi üçün münbit şərait yaratdı. Nə yaxşı ki, Əlahəzrət Zaman bu kəsafət dumanına qarşı Mirzə Cəlili və Sabiri (Hop- hopu) yetirdi. Onlar islamı xilas etdilər. Kimlərdən? Şarlatanlardan, əbasında şeytan kölgəsi titrəşən vaizlərdən, möhtəkir, zinakar şeyxlərdən!

Sovet dönəmində nəfəsdərmə mərhələsi keçirən din açılmış yelkənlərin istiqamətini yenə də mənəviyyata yönəltdi və bu dəfə könüllərdə bəslənən iman eşqi tükənməz bir enerjiylə fışqırdı, coşdu, çağladı. Alınlar səcdəyə endi, müqəddəs ayələr dodaqlarda vird edildi, hədislər məna sərraflarının dilində çözələndi. Peyğəmbərlərin tarixi yazıldı.

Yaddaşın ağrılı dönümlərindən Nadir şahın məhzun çöhrəsi boylanır. Onun yandırdığı işığı, çatdığı ocağı söndürənlərin, xəyanət iynəsini saplayanların damarlarında müsəlman qanı axırdı. Sistana qiyamı yatırmağa gedən Nadir şahı yoldaca azəri türkü olan Saleh bəy Əfşar namərdcəsinə qətlə yetirir. Əksər hökmdarlarımızın başına gətirilən faciəvi bir sonluq!..

Bu böyük zat islamın vəhdəti naminə şirincə canından oldu. Sünni və şiə aləminin birləşməsi xəyalı ilə bitməz savaşlar sürdürdü. Son nəticə məlum. Nadir şah fenomeninin bu incə və həm də əsas məqamını bir kimsə görməmiş və sezməmişdir. Həmin tarixi məqama Hacı Soltan Əlizadə özünün “Həzrəti Əli (ə) və Dünya ədəbiyyatı” kitabında ehya gətirdi.

Dini təfriqələrin kökündə dayanan sünni- şiə ayrıseçkiliyinə qarşı aramsız çalışmalarıyla tarixdə seçilən bir insan da var. İslamiyyətin sarsılmaz qala bürclərindən əbədiyyət üfüqlərini seyr edən Şeyx Səfiəddin. Bu həmin Şeyx Səfiəddindir ki, axın- axın insanlar onun yaratdığı təriqətə üz tutmuşdular. “Vəhdəti- vücud”da “vəhdəti- üqud”. Şeyx Xətai də bu birliyin təmsilçisi və daşıyıcısıydı. Lakin tarix onun üzərinə daha ağır bir yük qoymuşdu. Bütöv, möhtəşəm, sarsılmaz bir Azərbaycan dövlətini yaratmaq və onun başında durmaq missiyasını uca Tanrı onun taleyinə yazmışdı.

Düşünürəm ki, “Qarşı gəlin, səcdə qılın, qazilər deyən şah mənəm!” misrasının ağırlığı Şərq divanlarını necə çökdürmüşdüsə, Şah İsmayılın, hökmdar İsmayılın hökmü də çox müstəbidlərin, tiranların dizini yerə endirmişdi. Tarix onun bu sözlərini əbədi yaddaşına həkk etdi:

- Mən xəlayiqi birləşdirirəm. Qılıncımın gücünə sünnisini şiəsinə qatıb birləşdirirəm.

İman üfüqündə dan atar, üfüqlərin xumarlığından boylanan ilahi bir nur üzlərdə, gözlərdə sayrışar, Şeytanı kor edər bu işıq seli, nur ümmanında boğular bu məlun. “Həqqi bulmaq dilərsən, əğyarı tərk et” deyən qələm əhli islamın silsilə dağları olan imamlarımızı öyüb, mədh edib. Nizamidən üzübəri Şərq poeziyasında hələ də islam səltənətinin ruhani iqlimi bərqərardır. Bu dəyişməz iqlim mənəviyyatımızın saflaşmasında, insani dəyərlərin qorunmasında əsrlər boyu xeyirxah bir missiyanın daşıyıcısı olaraq qalmışdır.

İslamın əzəmətli tağları arasında zaman-zaman çat verməkdə olan sünni- şiə ixtilafları və bu ixtilafların törətdiyi qırğınlar ruhumuzun əbədi ağrıları kimi içimizdə dolaşır. Dünən Həsənə biət edənlər bu gün Müaviyyəyə biət gətirirdi. Həzrəti Əlinin dizinin gülü olmuş Həsən qıymadı ki, qardaş qanı tökülsün və o da... Biət etdi. İslamın ən faciəli məqamlarından biriydi ki, Həzrəti Hüseyn bu məqamla barışmadı. Və eyni zamanda ürəyinin sevgi və mərhəmət qapısını hər zaman açıq saxladı.

Həzrəti Hüseynin karvanı Məkkəyə varid olanda Kufədən məktublar yağış kimi yağırdı. Zaman-zaman üzünü qara buludlar örtmüş Günəş öz hüsnü və cəlalı ilə Məkkəni çıraqban etmişdi. Həzrəti Hüseyn kufəlilərə məktubunda yazmışdı ki, insan o şəxsə təzim etməlidir ki, o adam da qayıdıb ona təzim etsin. Allah kəlamı kimi: Salaməleyküm və əleykümsalam.

Kərbəla düzündə etiqadlı məzlumlarla etiqadsız zalımların son döyüşündə hər iki tərəf müsəlmanlar idi. İslamı birləşdirmək adı altında səltənətini möhkəmlədən və içində qıvrılıb yatan ilandan xilas ola bilməyən Müaviyyə etiqada yox, qılıncının gücünə arxalanırdı. Tarixdə lənətlə yad edilən xəlifələr sırasında İmam Hüseynin ölümünə fətva verən bir müstəbid kimi qaldı.

Həqiqi eşqin, ilahi eşqin məcazi eşqə qurban verildiyi Kərbəla düzündə qalib çıxan yenə də İslam oldu. Kərbəla yazısı İslamın qələbəsiydi.

Mülcəm oğlunun Həzrəti Əliyə qəsdi İmam Hüseynin qəlbində Kərbəla fırtınasını yetişdirdi.

# 4104 dəfə oxunub

Müəllifin son yazıları

# # #