Siqaret tüstüsü dalğalanır başım üstə, məğlubiyyətin ağ bayrağı kimi

Siqaret tüstüsü dalğalanır başım üstə, məğlubiyyətin ağ bayrağı kimi
29 avqust 2013
# 11:46

Kulis.az Kənan Hacının yeni şeirlər təqdim edir.

***

Sənin qorxun
neçə bal gücündədi?
yaman silkələndi sinəmdə ürək,
ip-isti duyğularım
səpələndi eyvandan
bu qırmızı şəhərin
çinarları üstünə,
içimdə sənin üçün bir ev tikirdim,
pilləkənləri da inamdan idi,
ev uçdu, pilləkən salamat qaldı...
qolumu var gücüylə sıxır zaman,
damarlarım partlayacaq,
baxışlarınsa zamanla həmahəng...
saxlamaq olmur,
vaxt kimi keçirsən ömürdən...
əllərimin yolunu kəsir baxışların,
istəyim tavandakı lampatək sozalır,
möhnət çoxaldıqca möhlət azalır,
burax, külək ayaqqabılı girsin evə,
tərəddüdlərini lazımsız əşyalartək bük,
ver aparsın,
Vaxt kimi keçmə,
Baxt kimi gəl!...

***

Gecədir,
siqaret tüstüsü
dalğalanır başım üstə
məğlubiyyətin ağ bayrağı kimi,
bu gecə də sənsiz keçdi...

Çayım soyuq,
üzüm tüklü,
köynəyim kirli,
külqabım kötüklə dolu,
yatağım dağınıqdı...
qapını açıq qoyub yatıram,
səhərəcən sızıldayır
soyuq divarların kimsəsizliyinə...

Gecədir,
yuxumda həyatını sabahlara bağlamış
yorğun bir qoca görürəm,
istəyirəm deyəm ki,
sabah olmayacaq, qoca...
dilim tutulur,
yuxumu yastığımın altında boğuram,
bu gecə də sənsiz keçdi...

Gecədir,
durub cibimdəki pulumu sayıram,
növbəti maaşacan yaşamaq olar,
deyə düşünürəm,
yaxşı ki, ümid də pul kimi tükənmir,
yaşamaq olar birtəhər
sən gəlib çıxanacan,
bu gecə də sənsiz keçdi...

Dan yeri kimi sökülür
bu zülmətin faniliyi,
bu səhər də sənsiz açılır...

Milyon il əvvəl

Gecənin gec vədəsində
öz səsimə oyanıram,
görürəm ki, it kimi zingildəyir
ömrümün darvazası,
nə girən var, nə çıxan...

Görürəm ki, külqabıda
qara qələm tüstüləyir,
siçanın payına şərik çıxan qarışqalar
qurumuş qara çörəyin çuxurlarında
alpinist kimi gəzir,
bir cüt ayaqqabı
hələ də keşik çəkir
yalqızlığa...
bu ömrün də son abzası
ayrılıqla tamamlanır;
milyon il əvvəlki kimi...

***

sən də keçdin həyatın tərəfinə,
həyat kimi amansız oldun,
həyat kimi yeriklədin qanıma,
həyat kimi qəsdimə durdun,
arzuların gözündən vurdun,
ümidlərin dizindən...
amma yenə
həyatı sevdiyim kimi
səni sevdim!...

# 2120 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #