7 manata görə məktəbdən qovuldu, köməyinə Mir Cəfər çatdı

7 manata görə məktəbdən qovuldu, köməyinə Mir Cəfər çatdı
1 may 2013
# 07:30

Ötən əsrin əvvəllərində Rus-yapon savaşında çar Rusiyasının düçar olduğu hərbi-siyasi məğlubiyyətdən sonra ictimai həyatda böyük dəyişikliklər yarandı. Həmin dövrdə iri sənaye şəhərləri olan Bakı, Şamaxı, Gəncə Azərbaycanın mədəniyyət mərkəzlərinə çevrildi. Bu proses maarifçilik hərəkatına güclü təkan verdi. Məktəblər, qiraətxanalar, axşam kursları açıldı. Maddi imkansızlıq ucbatından təhsil ala bilməyən millət balaları üçün az da olsa, imkanlar yarandı. Həmin dövrdə yetişən, təhsil alan, sonralar özü də maarif xadimi kimi yetişən insanlardan biri də Camo Cəbrayılbəyli idi.

Cəmo Cəbrayılbəyli 1887-ci ildə Şamaxıda doğulub. Uşaq ikən atadan yetim qalıb, ilk təhsilini mollaxanada alıb. Sonralar “Xatirələrim” kitabında yazırdı ki, iki illik mədrəsə təhsili mənim üçün sürgündən də ağır keçdi. Cəbrayılbəyli mədrəsəni belə təsvir edir:

“Mədrəsəmiz bir pəncərəli və bir qapılı, ensiz, lakin uzun bir otaq idi. Tavanı lampasız, yeri taxta döşəməsiz və divarları suvaqsız idi. Mollanın kürsüsü otağın yeganə pəncərəsinin qabağında qurulmuşdu. İşığı onsuz da az olan bu otaq buna görə daha da qaranlıq olurdu. Quru torpaq olan döşəməyə heç bir xalça-palaz sərilməmişdi. Hər bir şagird özü üçün bir şəlpə və kiçik bir döşəkcə gətirmişdi.

...Qış vaxtı vəziyyət daha da ağırlaşırdı. Otaqda soba olmadığı üçün 4-5 yerdə manqal qoyulurdu. Kiçik, qaranlıq, döşəməsiz və tavansız bir otaqda 40 nəfər adamın nəfəsindən, tozdan və manqallarda yanan kömürdən havanın nə cür olduğunu özünüz təsəvvürünüzə gətirin. Odur ki, axşamdan səhərə qədər burda küllənən uşaqların rəngi ölü rəngi kimi olurdu”.

9 yaşlı Camo 1896-cı ildə Şamaxı Şəhər Məktəbinə daxil olur. Ağardılmış geniş və işıqlı sinif otaqları, geniş həyət onun üçün yeni dünya açdı. Bir müddət günün birinci yarısı şəhər məktəbinə, ikinci yarısı isə mollaxanaya getməli olur. “Səhərlər – cənnətə, axşamlar – cəhənnəmə”. Onun taleyi belə gətirmişdi.

Onun müəllimlərindən biri də Seyid Əzim Şirvaninin oğlu Mir Cəfər idi.

Qış tətili yaxınlaşanda 7 manat dərs haqqının gətirilməsi üçün hamıya tapşırıq verilir. Camo atasız uşaq idi, təhsil haqqını ödəyə bilmədiyi üçün məktəbdən xaric edilir. Varlı qohumlarından heç biri ona əl tutmur. Mir Cəfər Camonun məktəbə gəlmədiyini görüb onu yanına çağırır. Uşaq dərsə gəlməməyinin səbəbini müəlliminə deyir. Mir Cəfər isə ona deyir:

“Oğul, məsələ yalnız bu 7 manatla həll olunmur. Dərs haqqını səndən hər il istəyəcəklər. Qoy görüm, bəlkə səni “kazyonnı şota” qəbul etdirə bildim”.

Mir Cəfər məktəb direktoruyla danışıb məsələni Camonun xeyrinə həll edir və Camoya deyir ki, sabahdan gəl, dərsə davam et, sonrasına baxarıq.

Beləcə, Camo Cəbrayılbəyli Şamaxı Şəhər Məktəbini bu alicənab müəllimin- Mir Cəfərin sayəsində bitirə bilir.

1902-ci ildə zəlzələ Şamaxını yerlə-yeksan edir. O vaxtlar Şamaxıda heç bir ictimai yardım təşkilatı, yanğından mühafizə komandası və hökumət köməyi olmadığından əhalinin vəziyyəti çox ağır idi. Var-yoxdan çıxmış adamlar evsiz-eşiksiz qalmışdılar. İki-üç gündən sonra qar yağmağa başlayır. Şəhərin varlıları Şamaxıdan başqa yerə köçürlər, yoxsullar isə min bir zillət içində öz xaraba şəhərlərində qalırlar. O zamanlar yerlə-yeksan olmuş Şamaxının 27 min əhalisi vardı.

Camo bu acı günləri yaşaya-yaşaya təhsilini davam etdirir. 1908-cı ildə Şamaxı Realnı Məktəbində pedaqoji təcrübə keçir və ibtidai məktəb müəllimi adını almaq üçün imtahan verir. Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ağaəli Nasehlə yaxınlığı və dostluğu da bu dövrə təsadüf edir. 1908-1914-cü illər arasında Şamaxıda müəllim işləyir. 1914-cü ildə Bakıya köçür. Burada Rus-tatar məktəbində dərs deyir. Camo bu müddətdə bədii yaradıcılıqla da məşğul olur. Bir neçə pyes, hekayə və şeirlər yazıb nəşr etdirir.

Camo Cəbrayılbəyli 1922-1931-ci illərdə Pedaqoji Texnikumda Abdulla Şaiq və Hüseyn Cavidlə birlikdə çalışıb. Müəllim işləyə-işləyə Azərbaycan Pedaqoji İnstitutunda (APİ) təhsil alır və 1931-ci ildə oranı bitirir. Sonralar Müəllimləri Təkmilləşdirmə İnstitutunda, Sənaye Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur.

Onun “Xatirələrim” kitabı qiymətli məxəzdir. Bu xatirələr XIX əsrin sonlarından başlayaraq XX əsrin ortalarına qədərki dövrün xarakterik xüsusiyyətləri haqqında dolğun təsəvvür yaradır. Bu kitabda Azərbaycan maarif və mədəniyyətinin inkişafında xidmətlər göstərmiş insanların həyatıyla bağlı olduqca ilginc faktlar yer alır. Xüsusən, Sabirin, Səhhətin, Nasehin həyatıyla bağlı məqamlar diqqət çəkir, inqilabdan qabaqkı dövrün mənzərəsi çox aydın və sadə dildə təsvir edilib.

Camo Cəbrayılbəyli xatirələrində yazır: “Molla Nəsrəddin” jurnalı xalqı qəflət yuxusundan ayıldırdı. Sabirin jurnalda çap edilən kəskin satirik şeirləri ziyalılar və əməkçi təbəqə arasında böyük məhəbbətlə, ruhanilər və varlı təbəqə arasında isə nifrətlə qarşılanırdı”.

Memuarda daha bir məqam diqqəti çəkir:

“Köhnə fikirli adamlar “canım, Şamaxı nədir, qəzet nədir? Müsəlmanların etiqadını pozan, əxlaq zərər vuran cürbəcür əqidələri yayan qəzet və jurnallar bizim nəyimizə lazımdır? Rədd olsun bizi babiliyə, dinsizliyə çağıran belə cızma-qaralar!” – deyirdilər”.

O, isə oxuyurdu, təhsilini artırmaqla məşğul idi.

Camo Cəbrayılbəyli 1942-ci ildə namizədlik dissertasiyası müdafiə edib pedaqoji elmlər namizədi alimlik dərəcəsi və dosent adını alır. 1938-ci ildən 1964-cü ilə qədər, 25 il Azərbaycan Dövlət Elmi –Tədqiqat Pedaqogika İnstitutunda çalışıb, elmi işçilikdən direktor vəzifəsinə qədər yüksəlib.

Camo Cəbrayılbəyli 1965-ci ildə Şamaxıda dünyasını dəyişib və Mirzə Ələkbər Sabirin məqbərəsinin yanında dəfn edilib.

Mənbə:

Camo Cəbrayılbəyli “Xatirələrim” Azərbaycan Dövlət Nəşriyyatı. Bakı. 1966

# 2871 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #