Sənə qonorar verdik, burnundan gəlsin!

Sənə qonorar verdik, burnundan gəlsin!
31 iyul 2017
# 15:18

Kulis.az tənqidçi İradə Musayevanın “Status əvəzi bir yazı”sını təqdim edir.

Qarşımda qalın-qalın kitablar var... Oxumalıyam, özümə “yay planı” qoymuşam. Gecə-gündüz oxuyuram. Arada da yazıram.

Lap arada da saytlara-filan göz atıram. Qabaqlar sosial şəbəkədə olanda ədəbi-ictimai mühitdəki razılaşmadığım, məndə qıcıq yaradan məsələlərə ötəri də olsa reaksiya verib keçirdim. Ünvanına çatsa da, çatmasa da elə bilirdim hansısa vəzifəmi yerinə yetirdim. Amma indi “facebook”-da olmadığım üçün necə deyərlər, qırıla-qırıla qalmışam... Niyə?

Son günlərin “şok” manşetli ədəbi xəbərlərindəki mədəniyyətsizliklərdən, qeyri-etik davranış sahiblərinin məntiqsiz, əsassız hökmündən, təkəbbüründən sıxıldığım üçün... Bir tərəfdə Səməd Vurğun söhbəti, o biri tərəfdə “Filankəs filankəsə vəzifə verdi”, “Filankəs filankəsə təqaüd verdirdi”, “Filankəs filankəsə ev, mükafat verdirdi” və s. bu kimi “sevindirici” açıqlamalar...

Özü də bu “səxavətlilik” və “qayğıkeşlik” jestini çəkinmədən, mahiyyətini çözmədən elan edirlər. Qəribədir, biz demokratik, qanunları, əsasnamələri, ədəbiyyat və mədəniyyət sahəsində ölçülüb-biçilmiş meyarlar, qaydalar əsasında qiymətləndirmələri mövcud olan bir dövlətdə yaşayırıqsa, niyə burada subyektlər, “ədəbi fiqurlar”, “məmur şəxsi” öndə getməlidir? Dövlətlə vətəndaşın arasına girib, necə deyərlər, hamam suyu ilə özünə dost tutmaq saxtakarlığını niyə biz sakitcə həzm edirik, gedir? Filankəsin atasından idarə, universitet, redaksiya, ya bəlkə nazirlik qalıb? Dövlətdən, məsələn, Mədəniyyət Nazirliyindən ədəbi mükafat alan adamlar şəxslərə təşəkkür edir, bir ömür boyu özlərinin dili ilə desək, “mükafat verdirən” şəxslərin minnətindən çıxmaq üçün kitab-kitab yaltaqnamələr yazırlar...

Bu məqamda illər öncə bir jurnalist tələbəmin mənə etdiyi şikayət yadıma düşdü. Həmin qız ədəbi mühitdəki neqativ vəziyyətlə bağlı yazı yazıbmış. Orada AYB-dən də cümlələr olub. Bir neçə gün sonra AYB-yə hansısa tədbirə gedəndə pilləkəndə AYB tənqidçilərindən biri qızı “yaxalayır” və deyir: “Bir ay əvvəl “Ulduz” jurnalında yazın çıxdı, sənə qonorar yazdıq, burnundan gəlsin...”

Qız sarsılmışdı... “Ay müəllim, ədəbiyyat adamları belə olurmuş?” - demişdi mənə...

Bu məntiqsizlik bu gün də ədəbi mühiti başına alıb... Dairələr, ədəbi qruplaşmalar, cərəyan, məktəb, “izm” ola bilməyəcək “birləşmələr” (birliklər yox, məhz birləşmələr), mənəm-mənəmlik iddiası, şişirtdiyimiz ədəbi fiqurlar, onların kölgələri, kölgəlikləri... Ədəbi yaltaqlar ordusu formalaşdıran ədəbi diktatorlar və s...

Bunları niyə yazdım? Bircə cümlənin bətnində gizlənən təhlükəli ədəbsizliyə görə... İndicə Kulis.az saytında oxuduğum “Qazaxda Səməd Vurğun davası” adlı yazıdakı bu bircə cümləyə əsəbiləşdiyim üçün. Sən demə, Qazaxda böyük ədəbiyyat söhbəti müzakirə olunarkən AYB-nin Qazax filialının sədri Barat Vüsal gənc bir yazara belə deyib: “Sənə prezident təqaüdünü mən verdirmişəm, ay əclaf!”

Bəli... Bu adamlarla böyük ədəbiyyat yolçuluğuna çıxmaq olmaz... Vallah olmaz!

28.07.2017.

# 1650 dəfə oxunub

Müəllifin son yazıları

# # #