Bu yaz mən heç kimi sevmədim... - Həmid Herisçinin şeirləri

Bu yaz mən heç kimi sevmədim... - Həmid Herisçinin şeirləri
30 aprel 2020
# 15:41

Bu gün çağdaş Azərbaycan poeziyasının tanınmış simalarından olan Həmid Herisçinin ad günüdür. Kulis.az bu münasibətlə Həmid bəyi təbrik edir və onun şeirlərindən seçmələr yayımlayır.

Şəms Təbrizinin şeiri

Ağlamağa gəlincə…

Ağlamağa gəlincə…
birinci həmişə insan ağlayır,
sonra yağışlar, bulaqlar…
ağlamağa gəlincə,
birinci həmişə insan ağlayır,
sonra bütün yerdə qalanlar…..

Sonra, ancaq sonra
bütün yağışlar
İldırım xətkeşiylə
göylərin ölçüsünü hesablayar…

yediyimiz çörəklər necə də dadsızdı…
onların dadını ancaq
zindana göndərilən çörəklərin içindəki
gizli məktublar artırar….
orda şikəstə xəttiylə
mənim hikmətlərim yazılar…

göy üzü də yer üzüdü,
ancaq orda torpaq yoxdu,
bu cahanda nə varsa
o həm var, həm də yoxdu…
bütün sevgilər bitir,
ancaq sevgilərin sonunda
nöqtə yoxdu,

uşaqlar ağlarsa, ağlasın
onların gözündə su var,
göz yaşı hələ ki yoxdu….

Ölüm, bizim sözləri tələffüz etsə,
onların tərkibindən
bir sait, samit səs düşəcək,

İnsan da bax belə öləcək,
fəqət, uşaqların göyə buraxdığı çərpələng
öz ipini qırmasa,
gerçək çərpələng ola bilməyəcək…

Cəlaləddin, bu işi görən külək
qəm tərəzisinin çəki daşlarını da
yerindən tərpədəcək.

Hər nə var idi,
o sənə yar idi,

qapı da divar idi,
Xaneyi – hikmətə
Şəmsin nuru gəlməyincə….
Cəlaləddin, mən sevgilimi yox,
sevgini sevirəm,

siz gedirsiz, mən yol gedirəm,
Pəncərələri eynək tək taxmış evlərdə
cahanın kor olduğunu sezirəm….

Mən,
Mən,
Mən….

Mehdi Hüseynzadənin sonu

Bu yaz...
bu yaz mən heç kimi
sevmədim...
heç kimi...
hətta 1 milyon reyxsmarkalıq
öz kəlləmi,
mənə qəhbə gətirmiş bu xoş gecəmi,
"mersedes"imin yan güzgüsündən gördüklərimi,
neynim, daha sevmədim,
Ancelikamı da Triyestin çirkab sularına
itələdim...

Müxalifət qəzetlərinin
manqal yelpiyinə çevrildiyini,
silahdaşlarımın xəyanətə meyilləndiyini,
Mazellinin əsayla öz şlyapasını düzəltdiyi an
güllələndiyini
görüb
azcana gülümsədim...
bu yaz mən heç kimi,
hətta yaralarımı sarmış qoca həkimi,
Ancelikaya soxuşdurduğum yalançı
həyat hekayətimi
sevmədim...
Üzərində "Axtarışdadır!"yazılmış
öz şəkillərimə bütün öz qara kölgələrimlə birgə
axır ki, tam bənzədim...
Kimsəni daha sevmədim...

Cəhənnəmə aid
qanlı meyid-canlı meyid,
dilçilərin aşkarlamadığı
qalın samit,
incə sait
səslər,
yad nəfəslər,
işkəncə otağına gedən
uzun dəhlizlər,
yordu məni...
100 minlik ordu məni
axtarır, tapa bilmir...
Dünyanı partladıram,
restoranlar, kinoteatrlar silkələnir...
Ancaq axırda gəlib dirənir,
bu işlər bircə cümləyə -
- bu yaz mən heç kimi sevmədim...

həə... demək, indi mən gərək
lap dərindən fikirləşim,
Vasilislə, Ancelikayla çopur qayalara
söykənim...
ləpələrin tərcüməsində,
kölgələrin cütləşməsində,
qara çəkmələrimin şər sifətində
indi hekayətimi eşidin...

hə, məndə birləşmişdi
Həm İmam Mehdi, həm də İmam Hüseyn...
demişdi bunu mənə, hə, bir madumazel qadın-fröylen,
ancaq mən kimsəni sevməmişdim bu yaz...
demək, nə qədər hoqqabaz, kəndirbaz
olsam da, öz qara əlcəyini atmışdı mənə
həyatın özü...
Triyestin küçələrindəki pişiklərin şeytan gözü...

Triyest qazanxanalarının boz tüstüsü,
göyə qalxmağı bacarmır...
SS-çilərin mersedesi yolunu azır,
bir an
şəhərin ən oğraş mənzərələrini işıqlandırır...
Axırda məni tapır...
gözlərim bir cümlə yazır-
- "bu yaz mən heç kimi sevmədim, inan!"...
Gülləbaran başlanır bundan sonra, Ancelika,
gülləbaran...

Tərsa qızı

Görmürsənmi necə
bu gecə
lapdan, qəfildən
yetim itləri dirildir,
ac pişikləri sevişdirir,
öz rəngini təkmilləşdirir
oğru-qatillərin göz bəbəklərində?
Qayalıqların ətəklərində?
Sonra, kor ərəbin nəğməsinə çevrilir
"ANS - ÇM", "106 - FM" tezliyində?

Görmürsənmi necə
bu gecə,
oğraşın birisiylə qumar oynayıb heç-heçə,
necə sakit, necə incə
pişikləri qoşub özünə
gedir Saray qəsəbəsindəki
anadangəlmə əlillərin tibb mərkəzinə,
humanitar yardım aparır ordakı
sonuncu erməniyə?

O tərsa qızı laldır,
Haçandı ki, xəstəhaldır,
Hərdən ayılıb baxır ətrafa,
ona hava çatmır, hava...
inanmazsan, anadangəlmə xəstə
bu tərsa qızıyla cur gəlmir,
gəlmir,
qapı ağzındakı tam milli
bizim aftafa!

Dünyanın bütün kilsələri
Avropanın bütün humanitar kilsələri
yardım göstərir bu lal erməni heykəlinə,
canındakı prezident səlahiyyətlərinə
kimsəni,
göylərdəki zəngsiz kilsəni
qatmır o...
ünvanına gəlmiş humanitar yardımla
bütün xəstəxananı
dolandırır o.

Humanitar yardımın canı sağ olsun,
Xəstələr yox, divarlar qoturdu
burda...
əlillər ki, altını batırır daim,
pencərələr həmişə açıqdı burda...
Əbədi Bakı küləyi, bəli,
yaranır deyəsən burda -
- anadangəlmə şikəst, lal tərsa qızının
narahat yuxusunda!

Bakının sonuncu erməni qızı...

bilirəm, bakirəsən...
sevgilin yoxdu, evdəsən...
Az.dramanın qalın səhnə pərdəsini
daim tərpədən Bakı küləyiylə birgəsən
həmişə.
Eləcə zillənmisən bir nöqtəyə...
Otaqdakı qara milçəyə
baxırsan Lenin heykəli yıxılan gündən...

Cərrah əlcəyi kimi tərtəmiz sifətində
gözlərimi dincəltdim
mən...
Bildim, bildim, day dinmə,
Kərəmin Əslisisən...
Hanı Kərəm? Neyçün təksən?

Bakıdakı Lenin, indiki "Azadlıq"
xiyabanı altından,
sən bilməzsən,
həmişə, şəhərimizin bütün çirkab suları
axıdılıb...
Lenin ki, ay qız, bu qonşuluğa həmişə
fəlsəfi gözlə baxıb,
bəlkə keçmişə qayıdıb
o suları başqa yerə axıdaq biz, tərsa qızı?
Divarlara çırpaq nakamlığımızı...
Köçürdək bir-birimizdən imtahan suallarımızı,
Kapitalistlərin üstünə qısqırdaq
Öz gənc qvardiyamızı?
Köhnə sovet kitabxanasını görüş yerinə çevirib,
Sevişək orda, aşırdaq üstümüzə
bütün marksist klassikasını?

Qayıdasan
təzədən Ermənikəndə...
Gözəl erməni qızı olasan,
qəfildən qaça-qaça
küçəyə sıçrayasan,
evinizin qapısını arxanca özün çırpmayasan,
elə, küləyə tapşırasan
bunu...
qucaqlayacam bax indicə, uzun, incə boynunu...
Yaxandakı pioner ulduzunu.

Bağışla, bacarmadım sovet vaxtlarında bunu...

Həə, Anait Avestiyan, 1980 doğumlu tərsa qızı...
Bakirəsən,
sonuncu ermənisən bu şəhərdə...
göstər burdakı bütün əclaflara
Qız qalasına dərs verəsi
namusunu!!!
Ver ütüləyim, qırışmış
qırmızı pioner qaltukunu...

Komsomolçusan indi də sən, hə,
Komsomolçu!!!

Qaldır Bakı göylərinə sən
öz yumruğunu!

2-ci albalı bağları sahəsi

(Pişəvəri hökumətinin sonuncu naziri 90 yaşında Bakıda qızı ilə birgə qətlə yetirildi)


Nikolaydanqalma köhnə Bakı...
Önündə
Nuhun yadigarı tut ağacı...

O tut
arxasındakı yeni tarixdən özünü
ancaq bir baş uca bilmiş,
göylərə ancaq
bir azacıq uça bilmiş,
o tutu ancaq sərxoşlar qucaqlaya bilmiş
"Kleopatra" barından çıxdıqdan,
bir dəfə yıxıldıqdan
sonra.

O tut səni əvvəlcə aldadacaq,
özünü cənnət ağacına oxşadacaq,
sonra səni ayıldacaq
ayaqların altında qalmış
it-pişik nəcisini
qəfildən gördüyün zaman...
Avara "Jiquli"lərin zəif işığıyla
nura boyanan
kirli divarlardan
sənin kölgəndir
bütün bu oğraşlıqlara baxan...

həmin bu an
divar dibinə sığınıb
limon satan
Lənkaran arvadlarına baxıb fikirləşəcəksən:
"Sarı limonlar Lənkərandamı, ağacdamı,
yoxsa dilənçi kökünə düşmüş
millətin ovcundamı bitir?"

Ya İmam sahib əz-zaman
özünü bizə yetir!

Nəfəsim, inan, kəsilir...
Bütün sallaqxanalardan axan nahaq qanlar,
yan ötmək
istəmir
məndən...

***

Bu mənzərələr içində Pişəvərinin taleyi
hələ də yaşayarmış...
Onun 90 yaşlı sonuncu naziri İsmayıl Şəms də
2-ci Albalı bağlar sahəsində
KQB ruhların əhatəsində
2008-də qətlə yetirildi...

1947-ci il yenidən dirildi...

Eh, Pişəvəri, sənin ruhunu sonuncu dəfə
öldürdü
maştağalı bir avara usta...
Bəli, səni öldürmüşdü
İngilis, amerikalı,
Kremldəki rus da!!!
ələxsus da
yol kənarında bitən bir tikan kolu...

1947-də sürücü nişan götürdü onu,
dəyişdi düz yolunu...
Yadımda saxlamışam 1947-ci ilin
bu ilk avtoşunu!!!
Seyrək saçına sığal çəkən oğraş Bakının ilk
realit-şousunu...

Hə, bizdən də yaxşı görürdü
bu qətli,
cinayəti, həqiqəti,
KQB-çi Nuru Qasanoviçin
sifətindəki artıq əti
avtosalondakı əyri güzgü,
Moskvadakı qəlyanlı gürcü...
Yevlax çöllərində diksinən sarı tülkü...

Tanımadığımız bir özümüzkü...

Ancaq Pişəvərinin gücü
2008-ə qədər yaşayırmış
2-ci Albalı bağlar sahəsində,
588 saylı bağ evində...

İsmayılın Şəmsin başına dəyən
kəsici o küt alətdə
Allahım, tarixin sirri varmış...
Bunamı görə sən Şəms,
müqəddəs "Avesta"nı atam Qafar Kəndli ilə birgə
cümlə - cümlə dilimizə çevirirdin?

Eh, Pişəvərinin sonuncu naziri, varisi,
sən də
qətlə yetirildin...
Küçədəki neon işıqlarından
kasıb komanın halal payını
istəmədin...
Polis deyir ki, cibindəki kibritin
son çöpünü
hələ ki, işlətməmişdin...
Taxçandakı almaların birini də
götürüb dişləməmişdin...

Allah cəzanızı versin...
Bana gələn sizə gəlsin,
Dünya sizə kahr etsin
yar... yar... yar...

Xəzərə bir qaşıq bulanıq su axıdan Arazın
bu tayındakılar!!!

Ay oğraşlar...
Kommunizmin manifestini cırıb vərəqlərindən
Nikolay samavarlarını
alışdıranlar!
Əsrin əvvəllərində əmmamələrini,
əsrin sonunda qırmızı qalstukunu
çıxarıb yerə atanlar!

Həşəratlar!
İmansızlar!
Kitabsızlar!

# 7165 dəfə oxunub

Müəllifin son yazıları

# # #