Yazıçıya ev verilməlidirmi?

Yazıçıya ev verilməlidirmi?
20 noyabr 2023
# 15:10


Kulis.az Günel Novruzun “Yazıçıların evi” adlı yeni yazısını təqdim edir.




Bəri başdan deyim ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü deyiləm, yəqin ki, heç vaxt oranın üzvü olmayacam. Ümumiyyətlə, yazıçı hansısa birliyin, yaxud təşkilatın üzvü olmamalıdır.

Yazıçı azad olmalıdır, özünü qəfəsə salmamalıdır.

Oxudum ki, bir neçə yazıçıya ev verilib.

Siyahıda adı olanların heç birini tanımıram.

Əlbəttə, Azərbaycan ədəbiyyatını oxuyuram. Hətta sevirəm. Məşhur imzaların çoxunu oxumuşam. İstər klassikləri, istər müasirləri.

Yazıçı Qismət Rüstəmov bizə seminarda demişdi ki, yaxşı yazmaq istəyirsinizsə, yerli müəllifləri mütləq oxuyun. O gündən oxumağa başladım və xeyrini də gördüm.

Deməli, ötən həftə ev verilən yazıçıları söyənlər də oldu, təhqir edənlər də. Tvitterdə, - o platformaya “X” deyə bilmirəm. Uğursuz addır. - ev alanlarla məzələnənlər də vardı.

Heç kimi qınamıram, çalışıram, soydaşlarımızla empatiya qurum, onları başa düşməyə cəhd edirəm.

Ola bilər ki, bəziləri ev alanlara paxıllıq edir, onları söyür, ola bilər ki, bəziləri yazıçıya yox, məsələn, düşünür ki, bir həkimə ev verilməlidir.

Bəziləri fikirləşir ki, ev alanlar yazıçı Anara yaltaqlanıblar, ona görə onlara ev verilib, əslində, yazdıqları aparıcı demiş, zir-zibildir.

Amma qalmaqala səbəb olan əsas məsələ bir yazıçının ikinci, hətta üçüncü dəfə ev almağıdır. Elə yazıçılar var ki, onlar kirayə ev tutub sürünürlər, ancaq elə yazıçılar var ki, onlar iki-üç dəfə ev alıblar.

Əgər, doğrudan, belədirsə, doğrudan, kimsə ilin-günün bu vaxtı ikinci dəfə ev alırsa, onun vicdanı yoxdur. Yazdıqları da yaxşı ola bilməz. Deyirlər, siyahıda yazıçı olmayanlar da var.

Nə demək olar? Nəsə deməyə ehtiyac yoxdur. O adamları ifşa etmək, kitablarını yandırmaq lazımdır. O cür insanlara salam da vermək olmaz. Heç o evdə necə yaşayacaqlar, onu da bilmirəm. Bu qədər qarğış, təhqir... O evdə böyüyəcək uşaqlara indidən yazığım gəlir.
Özləri bilər, Allahları bilər, bir də yazıçılar bilər.

Şükür, evim var, heç kimin evində gözüm yoxdur.

Hə, məsələnin bu tərəfi belə. Narazılığımı bildirdim, haqsız olduqları məqamları diqqətinizə çatdırdım.

İndi isə keçək ikinci məsələyə.

Anam, qardaşım və mən uzun illər kirayələrdə yaşamışıq. Dəfələrlə evlərdən qovulmuşuq. Gah kirayə pulunu ödəyə bilmədiyimizə görə, gah məhəllədəki söz-söhbətlərə görə; Anamın adına söz çıxardırdılar, mənim adıma söz çıxardırdılar... Beləcə, ordan-ora, ordan da başqa yerə köçmüşük. Heç vaxt qonşumuz olmayıb. Qonşuluq nədir, bilməmişik. Adamların üzünə təzə öyrəşməyə başlayanda evdən çıxası olmuşuq.

Qardaşım da, mən də həmişə ev həsrətində olmuşuq. Otaqlarımızı xəyal etmişik.

Sonuncu dəfə montində qalmışıq. Bəli, yaşamamışıq, qalmışıq.

Üçümüz bir otaqda. Anam, mən və qardaşım.
Həmişə şortla, köynəklə yatırdım ki, oram-buram açılmasın. Heç kimlə yazışa bilmirdim, danışa bilmirdim. Qardaşım da məndən utanırdı. Kişidi də, bir qızla danışmaq istəyir, sevişmək istəyir. Ancaq 2017-ci iləcən biz bu hisslərdən məhrum olmuşuq.
Belə olanda ailə dəyərləri də dağılır. Özünə hiss etdirmədən qardaşıma əsəbiləşirdim, anama əsəbiləşirdim. Onları günahlandırırdım. Yəqin ki, onlar da məni günahlandırıb.

Mən çox yaxşı bilirəm, evsizlik nədir. Ola bilər, kimsə bu barədə kitabdan oxuyub, kinodan öyrənib, ancaq mən bu hissi şəxsən yaşamışam.

Kiməsə bizim dilimizdə, bizim danışdığımız dildə yaxşı cümlələr yazdığına görə ev verilirsə, bunun nəyi pisdir?

Lap, tutalım, yazıçı deyil, yaza da bilmir, ancaq evsizdir. Ona kimsə ev verirsə, bunun nəyi pisdir?

Ev versələr, götürməzsiniz? Kapitalizmdə bu müstəvidə qəhrəmanlıq eləmək insanı gülünc vəziyyətə salır.

Bir soydaşımızın, bir insanımızın evlə təmin olunması niyə sizi əsəbiləşdirir?

Niyə belə qaramatsınız, qaragüruhsunuz, bilmirəm.

İstəyirsiniz, hamı çöldə qalsın? Kirayələrdə sürünsün?

Başqa birliklər üzvlərinə ev vermirsə, bu, Anarın günahı deyil axı. Müraciət etsinlər, üzvlərinin qeydinə qalsınlar da.

Fakt Yazıçılar birliyinin belə bir fürsəti var, bu birliyə belə bir şans veriblər, onlar da üzvlərinə ev paylayır.

Kimisə evlə təmin etməyin fəlsəfəsini bilmirsiniz. Kütləyə qoşulursunuz, gözlərinizi yumub ağzınızı açırsınız...

Olmaz, soydaşlarım!

Olmaz, əzizlərim!

İndidən hələ suvağı qurumamış bir evə nifrətinizi, qarğışınızı qusmayın.

Axı ev olmaq, ailə olmaq müqəddəs missiyadır.

Dediyim kimi, əgər dedikləri kimidirsə, haqsızlıqdır və həmin adamları ifşa etmək, sorğulamaq lazımdır, ancaq ev haqqı olanların haqqına girmək günahdır.

Əslində, hamının ev haqqı var, ancaq söhbət məhz bu situasiyadan, Yazıçılar Birliyindən gedir.

Haqqı olanları təbrik edirəm!

Arzu edirəm ki, onlar da aldıqları evin haqqını verərlər; millətimiz üçün, dövlətimiz üçün faydalı işlərlə məşğul olarlar, gələcəyimiz üçün işıq tutarlar.

# 5079 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #