Kişilərin işlətdiyi bu sözləri qadınlar bilmir

Kişilərin işlətdiyi bu sözləri qadınlar bilmir
16 aprel 2018
# 10:31

Günel Natiq

Kişilərin özünəməxsus terminləri var. Bu terminlər özəl təcrübə zamanı formalaşır. Nə dərəcədə zəngin olub-olmaması artıq təcrübənin nə dərəcədə böyük olmasıyla bağlıdır.

Məsələn, belə terminlərdən biri “ilişmək”dir. Elə bilməyin, insan ayağının hansısa bir əşyaya ilişməyini nəzərdə tuturam. Xeyr, bu ilişmək o qədər qorxulu deyil. Yəni kişilərin nəzərində deyirəm. Hər hansı bir əşyaya ilişəndə ayağa durub üst-başını çırpırsan və yoluna davam edirsən.

Mən dediyim anlamda ilişəndə isə belə asanlıqla qurtulmaq olmur. Daha çox sənin üst-başını çırpırlar. Məcazi mənada yəni.

O gün iki kişinin söhbətinin şahidi oldum. Hal-əhvaldan sonra biri əlini əlinə vurub necə şappıldatdısa yaxınlıqda olanlar da dik atıldı. Demə ki, bu kişini belə sərt şəkildə emosiyalarını üzə çıxaran elə bu ilişmək məsələsi imiş.

- Əşi, az qala ilişmişdim!

- Qoy görək - yoldaşı onu dərhal anladı. Yəqin ki, o da bu fobiyadan əziyyət çəkirmiş.

- Əşi o görüşdüyüm qadın yoxdur? Az qalırdı məndən uşaq doğsun. Nə yaxşı son anda xəbər tutdum, ləğv elədik uşağı.

Uşağı “ləğv eləmək” də təzə deyimdir, elə bu haqda düşünürdüm ki, yoldaşı əlini ilişməkdən son anda qurtulan kişinin böyrünə elə vurdu ki, adamın ağrıdan sifəti əyildi.

- Ay kişi, elə mənim dayım oğlu elə ilişmədimi? Yaxşı qurtarmısan, mən ölüm! Bizimki arvad-uşağını boşayıb o arvadı almalı oldu. Qadın kişini necə şərlədisə, heç birimiz heç nə edə bilmədik. Mən ölüm, yaxşı qurtarmısan!

Kişilər sağ-salamat qurtulduqlarına şükür edərək düşüb getdilər. Pəncərədən arxalarınca baxdım. Müzəffər görkəmləri də nəzərimdən yayınmadı.

Elə bu andaca xatırladım ki, deyəsən qadının sonrakı aqibətindən söhbət getmədi axı. Yəni bu qadın uşağı “ləğv olunandan” sonra görəsən hansı hislər keçirib? Axı bu biçarə qadın doğrudan-doğruya kişiyə badalaq gəlib onu ilişdirməyib, iki nəfərin razılığı ilə sürən münasibətlər zamanı hamilə qalıb. Bəlkə bu hamiləlik təsadüfən baş tutub? Belə çıxır, kişi belə məsələlərdə ancaq sudan quru çıxmaq haqqında düşünür. Nə baş verirsə, versin, tək özü ilişməsin. Kişi eqosu.

Yenə bir dəfə bir nəfər dostumuzla söhbət edirdik, söhbət arası “ilişməkdən” söz saldı. Daha doğrusu, bir qadınla görüşdüyündən danışdı. “Yaxşı ki, vaxtında ayrıldım, yoxsa...” “Yoxsa nə olardı ki?” - soruşdum. “İlişə bilərdim də” - kişi cavab verdi.

Yenə ilişmək söhbəti. Kişinin boy-buxununa baxıram, bazburutlu adamdır. Düzdür, belə bazburutlu adamın ilişməkdən qorxması bir az gülməli görünür. Özü də kimə ilişməkdən - zərif cinsin nümayəndəsinə.

Kişi elə sevinirdi ki, elə bil bir qadından yox, bir əjdahadan, ya da divdən qurtulmuşdu.

Kişilər eqolarını yenib situasiyaya qadınların nəzəriylə baxsalar olmazmı? Axı qadın da canlıdır, hisləri var. Bu yerdə bir rus kinofilmində zarafatla deyilmiş replika yadıma düşür: “Qadın insanın dostudur”.

Əslində bu replikanı təsadüfən xatırlamadım. Bütün bu yazdıqlarımın məntiqi sonucu bu məqama bağlanır. Qadına ikinci dərəcəli bir varlıq kimi baxmaq, yalnız vaxt keçirmək üçün bir vasitə kimi görmək həmin bu ifadələri, terminləri ərsəyə gətirir. “İlişmək” kimi.

Qadınların görünür belə bir fobiyası yoxdur. Çünki bu barədə şikayət etdiklərini eşitməmişəm. Hərçənd kişilərin badalaq vurduqları qadınları çox görmüşəm.

Bir məsələ də təəccüblüdür. İlişmək fobiyası yaşayan kişilər niyə önləm almırlar? Adətən hər hansı fobiya həmin insanı həmin nəsnədən uzaq olmağa vadar edir. Qapalı məkan fobiyası olanlar liftə minmir, kilidli yerdə qalmırlar. İlişmək fobiyası olanlar da qadın cinsindən nə qədər uzaq olsalar bir o qədər məsləhətdir. Amma yox, görünür, qorxunun əcələ faydası yoxdur.

Elə bu haqda düşünürdüm ki, daha bir dialoqun şahidi oldum:

- Yaxşı bir qızla tanış olmuşam, rəfiqəsi də var, bəlkə onu da sənə düzüm-qoşum?

- Əla fikirdi, qağa, evin qayğılarından dincəlmək pis olmazdı.

Sonra ikinci nə fikirləşdisə təlaşla dedi:

- Amma bax ha, problem-filan çıxmasın sonra, ilişərəm ha!

- Əşi yox e, o barədə arxayın ol.

İkinci kişi sakitləşib yerində oturdu. Amma xeyli vaxt əlini ürəyinin üstündən götürmədi.

Yəni sözümün canı odur ki, güclü cinsin nümayəndələri “sudan quru çıxmaq” haqqında düşünəndə bir az da qadınların duyğuları haqqında düşünsünlər. Sevgi birnəfərlik deyil, heç bir münasibət birtərəfli yaranmır, iki nəfərin razılığı və duyğularıyla ərsəyə gəlir, demək nəticələrinə də birlikdə qatlanmaq lazımdır. Əgər bir münasibəti “yaxşı ki ilişmədim” deyə bitirəcəksinizsə, o münasibətə heç başlamamaq məsləhətdir.

# 2001 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #