Selləmə yağışın altında iri addımlarla gölməçələri adlayıb keçməyə çalışarkən, iliyə kimi işləyən soyuğa sinə gərərək avqust ayını xatırlayırdım.
Onda da istidən əziyyət çəkirdik. Bəzən nəfəs almaq belə çətinləşirdi. Qlobal istiləşmə haqqında proqnozları xatırlayanda “olacağa çarə yoxdur” demək qalırdı.
Avtobusda olanda vəziyyət daha da kütləşir, azca hava gəldiyi pəncərəyə ümidsiz bir nəzər salıb psixoloqun dediyi kimi burnumla nəfəs almağa çalışırdım.
Kondisionerli avtobuslar gələndən sonra vəziyyət bir az dəyişdi, hətta yay gözlədiyimizdən də tez gəldi-keçdi.
İndi oksigenin bol olduğu yağışlı küləkli havada həmin o avqust ayını xatırlamağın əsl məqamıydı.
Amma mən yolu daha uzaq olan, o səbəbdən iliyə işləyən soyuqda dayanacaqlarda var-gəl edən adamları xatırlayırdım. İndi adamlar mənə daha köməksiz, o səbəbdən daha doğma görünürdü. Sel kimi axan sulardan adlayaraq evə gəlib çıxana qədər həmin o doğma adamlar gözümün önündən keçdi. Düşündüm ki, kasıb üçün yayın-qışın fərqi yoxdur, bir kənd sürücüsü dahiyanə söz demişdi: “Yayda istidən ölürük, qışda soyuqdan”.
Axşam sosial şəbəkədə “Yaman donmuşam” yazdım. “Kozetta kimi”? - dostlardan biri yazdı. “Səfillər”dəki qızcığazı xatırladım. Onu da xatırladım ki, elə bizim üçün yay da, qış da birdi.
Şair demiş, “taksidən düşdük payıza, bilmədik hayana gedək”.
Doğrudan da yolumuzu şaşırdıq. Payız indi əsl simasını göstərirdi.
Sosial şəbəkədə yağışın qarasınca danışırdılar. Romantikadan əsər-əlamət qalmamışdı. Xatırlayıram ki, romantik yağan yağışlardan birində bir qadın insanları yağış altında rəqs etməyə dəvət etmişdi. Bu çağırışa səs verənlər olmuşdu. Sonra məlum olmuşdu ki, qadın zarafat edir. Yağış necə romantik yağır yağsın, fərqi yoxdur, belə havalarda küçəyə çıxmaq vərdişi yoxdur.
“Bəlkə də həyatın ən gözəl anlarını qaçırırıq”, həmin an keçmişdi içimdən.
Yağış isə heç nəyə məhəl qoymadan aramsız yağırdı.
İsti evdə oturub yağış haqqında düşünməyə nə var. Əsl mərəkə yağışın əsl üzünü görəndən sonra başlayır. Bank borcları, ödənilməmiş kreditlər, mərhum aktyorun köməksiz xəstə oğlu, yaxın tanışlarımızın yağış yağanda evinin içi suyla dolan, siçovulların daraşdığı darısqal otaqları yada düşür.
Hər gün kafeyə pulsuz nahara gedən yaşlı qadın da dayanır fikirlərimin ortasında. Nə geriyə gedir, nə də qabağa keçir. O qadın küçənin ortasında da belə edir. Don vurmuş kimi dayanır. Bəzən yolu keçməsinə kömək edirəm, nahara getdiyi kafeyə çatdırıram, bəzən isə “bunu başqaları da edə bilər deyə” özümü görməməzliyə vurub keçirəm. Yağışlı günlərin əzabında həmin qadın da vicdanımla haqq-hesab çəkir.
Bəzən düşünürəm ki, aramsız yağan yağışlar nəyə isə işarədir. Təbiət bizi elə-belə imtahana çəkmir axı. Hər bir təbiət hadisəsinin bir səbəbi olmalıdır. Yadıma düşür ki, əski insanlar yağış yağmadığı vaxtlarda, quraqlıq çağlarında müxtəlif əcaib mərasimlər keçirərmişlər. Hətta bəzi xalqla qızları cütə qoşub quraqlıq yerləri gəzdirərmişlər.
Bədii əsərlərdə hansısa hadisənin ya sonu, ya da başlanğıcıdır yağış.
Ya da olacaqlara yağış da bir bəhanədir.
Yağışdan üzü payıza düşdükcə çox şeyləri xatırlayırdım. Xatırlayası mümkün olmayan şeyləri deyirəm.
Son dəfə nə vaxt belə yağışa düşdüyümü xatırlamıram.
Bəlkə də yağış elə mənim üçün, bütün “unudanlar” üçün yağırdı...