Qohumla evlənib bədbəxt olanlar

Qohumla evlənib bədbəxt olanlar
9 aprel 2018
# 10:59

Günel Natiq

“Əmiqızıyla əmioğlunun kəbini göylərdə kəsilib”.

Görəsən bu sözü kim uydurub? Bu necə məntiqsiz fikirdir? İki qardaşın uşaqlarına niyə göylərdən nikah yazılmalıdır ki?

Məsələn, Avropada əmi, xala, dayı, bibi uşaqları ailə üzvlərindən sayılır. Əmiqızı, xalaqızı doğma bacıdan demək olar ki, seçilmir.

Onlar arasında evliliklər nadir hallarda olur. Katoliklər ümumiyyətlə 4-cü nəslə qədər qohumların nikahını kəsmirlər.

ABŞ-da bu məsələ daha qabarıqdır; bu ölkənin 50 ştatından 24-də xala, əmi, dayı, bibi, yəni birinci dərəcəli qohumlarla ailə qurmaq qadağan edilib.

Qərb ölkələrində əmisi qızı dünyaya gələn uşağa “bacın dünyaya gəldi”, - deyirlər, bizdə isə vaxt itirmədən göbəkkəsdi edirlər. “Açıq-saçıq” avropalılar cəmiyyətə bir insan gəldiyini bayram edəndə bizim “mühafizəkar” mentalitet uşağa potensial gəlin gözüylə baxır.

İndi görün bu çağa dünyaya gəldiyi andan necə böyük məsuliyyət daşıyır. Artıq özünü dərk edər - etməz təlqin edirlər ki, o adaxlı qızdır, göbəkkəsməsi var, kimsəyə gözünün ucuyla baxa bilməz, özünü gəlin olmağa hazırlamalıdır və s.

Amma problemlər bununla bitmir təbii. Əsas problem qohum evliliklərində xəstə uşaqların dünyaya gəlməsi faktıdır.

Əgər yad insanların evlilikləri zamanı uşağın qüsurlu doğulması ehtimalı 2-3 faizdirsə, qohum evliliklərində 4-8 faizdir.

Dünyada evliliklərin 20 faizini qohum evlilikləri təşkil edir. Əgər dünyada qüsurlu doğulan uşaqlar 1 faizdirsə, qohum evliliklərində 9 faizdir. Bu ailələrdə ölü və yarımçıq doğuşların sayı yad evliliklərə nisbətən 2 dəfə çoxdur.

Statistikaya görə, dünya əhalisinin 12 faizi müəyyən qüsurların daşıyıcılarıdır. Bu əngəlli insanların əksəriyyətinin ata-anaları qohumdur. Yəni dünyadakı qüsurluların 40,5 faizinin ata-anaları qohumdurlar. Belə bir acı nəticə.

Xəstəxanaya oğlunu müalicəyə gətirmiş dərdli ananı unuda bilmirəm. Uşağın ayağı tutmurdu. Anası ağlayıb dedi ki, deyirlər, qohum evliliyindəndir. Ərim öz əmim oğludur. Əgər bilsəydim uşağım belə doğulacaq, bu evliliyə heç razı olardımmı? Məndə günah yoxdur. Uşaqlıqdan sizin kəbininiz göydə kəsilib deyirdilər. Əmioğluma gələcək ər gözüylə baxırdım. Belə təlqin etmişdilər. Kimisə başqasını sevə bilməyin mümkünlüyü ağlımın ucundan da keçmirdi.

Digər əmiuşaqlarının övladı isə altıbarmaqlı doğulmuşdu. Sonra bildik ki, həmin kənddə ümumiyyətlə qohumla evlənmək adət halını alıb. Hamı bir-biriylə nəinki ikibaşlı, dördbaşlı, beşbaşlı qohum düşür. Bu da nəticə-altıbarmaqlı uşaq.

Bir də bizim mentalitetdə “xeyri özgəyə verməmək” nüansı var. Öz qohumunu almaq “ikiqat” xeyir eləməkdir.

İllər öncə anamla Mərdəkan sanatoriyasında bir qadınla tanış olmuşduq. Bölgələrimizin birindən gəlmişdi. 40 yaşlarında idi və ailə qurmamışdı. Daha doğrusu ailələr arasında olan təmənnalı münasibətin qurbanı olmuşdu. Bir dəfə ürəyini açdı, həyatını danışdı. Dedi ki, kəndlərində bir oğlanla bir - birlərini sevirmişlər. Oğlanın anası qızın qarşısında şərt qoyub ki, bir şərtlə səni alıb gəlin edərik ki, qardaşın da bizim qızımızı alsın. Qardaşı isə ayrısını sevirmiş. Al-ver məsələsi baş tutmadığından qızın sevgisi nakam qalıb. Oğlana öz əmisi qızını alıblar, qızlarını da onun qardaşına veriblər.

Biz onunla tanış olanda 40 yaşlarında idi. Gələcəyə ümidi yox idi. Sevgilisini unuda bilmirdi... Bir neçə ildən sonra təsadüfən qarşılaşdıq. Bu illər ərzində sən demə ərə gedib, bir oğlu olub, amma sonda boşanıblar, çünki kişinin də öz təmənnası varmış, ondan ev, ya nə isə umurmuş. Gözləntiləri bəhrəsini verməyəndə boşanmağı üstün tutub. Biçarə qadın ikinci dəfə təmənnalı sevginin qurbanı olmuşdu.

Müşahidələrim göstərir ki, qohum evlilikləri heç də böyüklərin dilədiyi kimi olmur. Gənclər yola getməyəndə, yaxud hər hansı problem olanda boşanmanı ağıllarının ucundan keçirməyi belə onlara yasaq edirlər. “Qardaşımın qızını almışam, əgər onun qızını boşasaq, üzünə necə baxaram?” Beləcə gənclər şəxsi azadlıq hissini qohum-qardaşın dincliyinə, rahatlığına güzəştə gedirlər.

İşdir, əgər gənclər bu yasağı adlayıb boşansalar, qohumlar arasına böyük nifaq düşür. Qohumlar iki dəstəyə ayrılır. Boşanmanı dəstəkləyənlər və əleyhinə olanlar. Bu iki tərəf bir-biriylə davamlı mübarizə aparır. Hətta üzərindən illər keçdikdən sonra qohumlar arasında uçurum qalmaqda davam edir. Nifaq isə getdikcə böyüyür, əndazədən çıxır.

Qonşuluqda bir yaşlı qadın vardı. Daha çox rus qadınlarla oturub-dururdu. Rəfiqələri deyirdi ki, yaşının çoxluğuna baxmayaraq, əriylə intim münasibətlərindən xüsusi şövqlə danışır.

İkinci oğluna öz bacısı qızını almışdı. Bacıqızı kobud təbiətli idi, səhərdən axşama həyətdəki skamyada oturub yüksək səslə azyaşlı oğlunun adını çağırırdı. Ağzıgöyçəklər deyirdilər ki, diqqət çəkmək üçün belə edir.

Xalayla bacıqızı yola getmirdilər. Bir neçə dəfə saçyolduya çıxmışdılar, sonra münasibətləri heç nə olmamış kimi davam edirdi. Yəni bu nüanslara xüsusi diqqət yetirəcək qədər həssas təbiətli deyildilər.

Deyirdilər ki, problem ondan qaynaqlanır ki, bacıqızı öz xalasına həddindən artıq çox bənzəyir. Yəni xarakteri, həyat tərzini nəzərdə tuturdular.

Qaynanayla bacıqızının həyat tərzini incələmək fikrindən uzağam, yalnız onu deyə bilərəm ki, ölümləri də bir-birinə yaxın oldu. Qaynananın ölümündən bir neçə ay sonra Türkiyədən gələn avtobusun qəzaya uğradığını eşitdik. Ölənlərin arasında həmin gəlin də vardı.

Təəssüf ki, bu ailənin sonrakı aqibətindən xəbərimiz olmadı. Ata uşaqlarını da götürüb başqa bir yerə daşındı. Bir müddət sonra yenidən ailə qurduğunu eşitdik. Amma çətin ki, birinci evliliyinin ağır nəticələri özünü unutdursun.

Bu qədər acı xəbərin içində bir yaxşı xəbərim var. 38 yaşlı rəfiqəmizin nəhayət ki, ikinci uşağı dünyaya gəldi. Əri öz dayısı oğludur. Birinci qızından sonra dünyaya gələn oğlu qəfil dünyasını dəyişmişdi. Deyirdilər ki, gözə gəlib...

İkinci uşağın dünyaya gəlişinə hamımız sevindik. Amma... bir amma var. Uşaq 4 yaşına gəlib, amma danışmır. Tam lal deyil, nəsə deməyə çalışır. Yəqin ki, danışacaq. Hamımız buna ümid edirik.

Belə. Nə qədər ki, əmioğluyla əmiqızının nikahının göydə kəsildiyi mifinə inanacağıq, sevincli xəbərlərimiz də acı sonluqla bitəcək...

# 2386 dəfə oxunub

Müəllifin son yazıları

# # #