Müğənni Elnarənin efir “ağbirçək”liyi

Müğənni Elnarənin efir “ağbirçək”liyi
17 fevral 2020
# 11:03

Vaxtıyla rəhmətlik Habil Əliyev bir ifadə işlətmişdi. İllərdir beynimin bir küncündə dövr edən həmin ifadə təxminən belə idi. “Azərbaycanda ən mədəniyyətsiz adamlar elə “mədəniyyət” adamlarıdır. Hazırda hər gün şahidi olduğumuz mədəni mənzərələr bu sözün nə qədər dəqiq deyildiyinin təsdiqidir. Müasir dövr bizə çox şey qazandırdı.

Amma etiraf edək ki, az şey də itirmədik. İtkilərdən ən ağrılısı xalq üçün sənətkar anlayışındakı sehrin pozulması oldu. Senzurasızlığın ən acı nəticəsi ömür boyu əlçatmaz hesab etdiyimiz sənət adamlarının beyinlərində yalnız öz oxu ətrafında fırlanan lüzumsuz ifadələrin pırsımış tərəvəz kimi ətrafa saçılması oldu. Və düz 20 ildən çoxdur ki, medianı, televiziyanı bürüyən bu kəsif qoxudan xilas edə bilmirik. Bir sözlə mədəni həyatımız qorxunc keyfiyyətsizliyin və məsuliyyətsizliyin işğalı altındadır.

Çox tragikomik bir vəziyyətdir. İki sözü bir-birinin ardınca deyə bilməyən müğənnilər efirdə ekspertlik edir. Şəxsi həyatı “Bit bazarı” olan bu “sənətçilər” nədənsə elə hesab edir ki, cəmiyyətin özlərinə belə yaramayan, heç bir ictimai çəkisi olmayan, psixologiyası zəif təbəqəni qıcıqlandırıb söyüş mexanizmini işə salmasına xidmət edən “dahiyanə” məsləhətlərinə ehtiyacı var.

Boşanmaların artdığı, ailə institutlarının çökdüyü bir ərəfədə Əməkdar artisti sosial mövzulu bir verilişə “ekspert” qismində qonaq dəvət ediblər ki, gəl “ağıllı” məsləhətlərindən döşə bu xalqın canına. Əməkdar artist də kimdi? Tez-tez “dahiyanə” açıqlamalar verən xanəndə Elnarə Abdullayeva. Ömür boyu ağı janrından bir addım kənara çıxa bilməyən xanım xanəndənin özünü sənətdə inkişaf etdirmək əvəzinə efirdə ağbirçəklik etməyini xalqın bir nümayəndəsi olaraq heç vaxt qəbul edə bilmirəm. Sənətkar efirdən qızlara səslənir ki, “Gedirsən camaatın evinə, dolanırsan dolan, dolanmırsansa evini dağıtma. Söz götürə bilməyəcəksənsə, o evə getmə!” Bura qədər şükürlüdür. Əsas məsələ, bundan sonra başlayır. Qadını ömür boyu yükü belindən əskik olmayan uzunqulaq kimi təsvir edən despot ataların sözlərinə söykənən Əməkdar artist cümlənin ardını belə gətirir ki: “Əzabsız gor, sözsüz ev olmaz. Normal azərbaycanlı ocağında, evində mütləq söz-söhbət olmalıdır”. Tərəflərin ömür boyu münaqişə şəraitində yaşadığı bir ailəni normal hesab edən sənətçi növbəti verilişlərin birində barıtı bol olan daha bir cümlə israf edir. Deyir: “Gəlin qaynanın sözünü yeyə bilmirsə yığışıb getsin atası evinə”.

“El arası” öyüd-nəsihət metodunun təbliğatçısı olaraq qarşımıza çıxan Elnarə Abdullayeva qəbul edilməsi mümkünsüz bir həddini bilməzliklə, əbədi və əzəli olan gəlin-qaynana probleminin özünəməxsus həll yolunu göstərir. Qüsurlu zehniyyətin olduqca təhlükəli dilindən istifadə edən xanəndəni ailə-məişət mövzularında danışmaq imkanından məhrum etmək ən doğru yoldur.

Dayanın, hələ söhbətin dahası var. 21-ci əsrin birinci yarısında, sənətçi efirdə elan edir: “Oğluma qətiyyən müğənni qız almaram”. Bu fikirdə nə qədər gizli təfəkkürsüzlük mesajları var. Özün sənətçi olasan, bütün günü məclislərində “Ana” muğamı oxuyasan, oğluna müğənnini layiq bilməyəsən. Bir adam da çıxıb sual vermir ki, anam-bacım, bəs səni oğluna yaraşdıran necə yaraşdırıb?

Əməkdar artistin son “şedevri”: “Tələbəni vura bilərəm. Bu xasiyyət mənim deyil? İndiki uşaqlarda səhlənkarlıq var, müəllimlərlə danışıqlarını bilmirlər. Mən görmüşəm, demişəm, bu necə danışır səninlə belə? And olsun Allaha, meyitini ataram, sən mənimlə elə niyə danışırsan? Hərə öz xarakterinə uyğun hərəkət etməlidir”. Cümlələri oxuyan bir allah bəndəsini inandırmaq olmaz ki, bu sözləri deyən adam mədəniyyət adamıdır. “Vorzakon” ağzıyla danışan, xüsusilə qadın sənətçimiz rəsmən şiddəti təbliğ edir. Amma bir şeyi unudur, ya da bilmir ki, sənət düşünə bilən, cəmiyyəti anlaya bilən adamların işidir. İstedad düşüncə olaraq formalaşmayan sənətçinin qalxanı ola bilmir. Uzaq başı səsin var oxu, düşüncən yoxdur danışma prinsipinə əməl et.

Çıxıb 10 milyona özünəməxsus nasaz təfəkkür yükləyən müğənnilər sırf özünə hörmət xətrinə ekspertlik etməkdən imtina etməlidir.

"İnsan nə yeyir, nə oxuyur, nə izləyir, nə dinləyirsə odur” deyirlər. Vay o günə ki, heç nə oxumayıb, heç nə izləməyib, heç nə dinləməyəsən. Onda vəziyyət ikiqat ağırlaşır. Ömründə bir dəfə olsun əlinə kitab almayan müğənnilər özləri haqqında söylənilən ən kiçik tənqidə belə tab gətirmir, amma çıxıb 10 milyonun adından yekə-yekə danışır. Məntiqsizliyin tavana dirəndiyi “performans” sərgiləyən bu çoxluq insanları artıq bezdirib. Bunu sosial şəbəkələrdə həmin müğənnilərin paylaşımları altına +18 şərh yazanların reaksiyalarından da anlamaq çətin deyil.

Yazımı müğənni xanımın daha bir “kəlamı” ilə yekunlaşdırmaq istəyirəm: “Oğlum sözümə baxmasa, maşının arxasına bağlayıb sürüyərəm.”

# 15247 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #