Röya Ayxan: “On yaşımda dizimin üstündə körpə yatızdıran, məktəbə gedə bilməyən bir qız idim” – Müsahibə

Röya Ayxan: “On yaşımda dizimin üstündə körpə yatızdıran, məktəbə gedə bilməyən bir qız idim”  – Müsahibə
6 fevral 2020
# 12:34

Kulis.az Xalq artisti Röya Ayxanla müsahibəni təqdim edir.

- İyirmi ildir sənətdəsiniz. Əminəm ki, arxivə nəzər salsaq, haqqınızda mediada xəbər çıxmayan bir günə rast gəlmərik. Haqqında bu qədər danışılan qadın olmaq yormur sizi?

- Əslində, bəzən yorucu olur. Hərdən İstanbula gedib küçədə sərbəst gəzəndə, evə gəlib rahat uzananda deyirəm, ay Allah bu nə gözəl həyatdır! Heç kim səni narahat etmir. Qapı iki dəqiqədən bir döyülmür. Heç kim səndən nəsə istəmir. Küçədə ayağına rahat ayaqqabı geyinib gəzə bilirsən. Maşın sürmək məcburiyyətində qalmırsan. Amma birdən düşünəndə ki, mən nə vaxtsa bunu əldə edə bilmək üçün çabalamışam, onda Allahıma şükür edirəm. Mən deyirdim ki, on nəfərdən biri olacam. İndi üç nəfərdən biriyəm. Açığını deyim, bu qədərini gözləməmişdim. Məsələn, ömrüm boyu inanmazdım ki, 37 yaşımda Xalq artisti olaram.

- Hərdən mənə elə gəlir, əsəbləriniz çox sağlamdır. Çünki mütəmadi olaraq polemikaların içindəsiniz. Əsəbləriniz sakitdir, yoxsa bu, vəziyyətə alışmaqdır?

- Əsəblərim sağlam deyil. Sadəcə olaraq, hər şeyin sonunu gözləməyi bacarıram. Kimsə efirdə çıxıb haqqımda bir söz deyər, mən onun cavabını həmin anda vermərəm. Bilirsiniz nə qədər adam mənimlə bağlı olmayan şeylər danışır? Çox şeylər eşidirəm. Amma məqamını gözləyirəm ki, həmin adamın cavabını gözəlliklə verim. Bu, mənə daha çox xoş gəlir.

Gallery

- Sizcə, insanlar nə vaxtsa Röyadan danışmaqdan əl çəkəcəklər? Söhbət pis mənada danışanlardan gedir.

- Mən insanlara həmişə ələk kimi baxmışam. Ələyə-ələyə gəlirəm. Düşünürəm ki, artıq insanların fikri formalaşmalıdır. Və deyim ki, ümidliyəm. Əgər mənim kimi dəli adam püxtələşə bilibsə, deməli hələ ümid var.

- İllər Röyanı necə dəyişib?

- Çox dəyişib. Məsələn, beş il bundan əvvəl gəlib deyirdilər ki, filankəs sənin haqqında bunu deyib, mən söhbətin axırına çıxmaq üçün vurub televiziyaya getmişəm. O vaxt ATV kanalında mənə qadağa qoyulmuşdu. Qapını döymədən, birbaşa rəhbərliyin otağına girib dedim ki, deyirlər, mənə qadağa qoymusunuz, səbəb nədir? O qədər dirəşdim ki, deməyə söz tapa bilmədi. İndi gəlib mənə desələr ki, filankəs sənin haqqında bu sözü dedi, deyərəm, boş ver. Amma həmin adamı yadımdan da çıxartmaram.

- Kinlisiniz?

- İnsanın yaddaşı olmalıdır. Nə yaxşılığı, nə pisliyi unutmayacaqsan. Kinin olmasa fahişə olarsan.

- “Ana olandan sonra anlayacaqsan” ifadəsi həyatınızda nə qədər keçərli oldu? Oğlunuz həyatınızda nəyi dəyişdi?

- Hüseynin indi on yaşı var. Röya on yaşında ana-bacı idi. O yaşda çöllərdə işləyib evə pul gətirirdim. Evdə, qonşuda qonaqlıq olanda sevinirdim ki, içki içiləcək, butulkalar çox olacaq, mən də o butulkaları satıb, qardaşım üçün konfet alacam. Röya on yaşında dizinin üstündə körpə yatızdıran, məktəbə gedə bilməyən qız idi. Küçələrdə biskvit satırdım. Oxuya bilmirdim, alınmırdı. Anam evə yük gətirirdi, bacımla biz onları yuyub-ütüləyib ünvanlara çatdırırdıq. Bəlkə də bu dediklərim kənardan baxanlara film kimi gələcək, amma mən bunları yaşamışam. On yaşımda artıq analığın nə olduğunu anlamışdım.

- Uşaqlıq yaşamamısınız. Bu, sizdə yəqin, güclü psixoloji iz buraxıb.

- Mən nə vaxt psixoloqla söhbət edirəm, deyir, sənin bu gün düşdüyün vəziyyətin təməli uşaqlıqda yaşadığın o həyatla qoyulub. Qəribədir, o yaşantılar məni incitsə də, ağır travma yaratsa da bu gün ailəmə baxanda yaşadığım heç nəyə görə peşmançılıq keçirmirəm. Bütün ömrüm boyu ailəmi bir arada tutmağa çalışmışam. Bunu hardasa bacardım da! Amma əsəblərim bahasına baş verdi bu. Bu gün mən əsəbləri sıfır dərəcədə olan bir adamam.

Gallery

- Narkotik istifadəçisi olduğunuzla bağlı söz-söhbətlər də gəzirdi...

- Hə, eşidirəm. Mən ilin iki ayı çox ciddi müalicə alıram. Ağır dərmanlar qəbul edirəm. Mənə elə iynələr vurulur ki, hamı elə bilir narkotik qəbul edirəm. Amma realda elə bir pis vərdişim yoxdur.

- Keçmişdə yaşadıqlarının ailə həyatının uğursuz olmasında rolu varmı?

- Hərdən bu barədə düşünürəm ki, bəlkə ona görə mənim ailə həyatımda axsama oldu. Davam edə bilmədim.Yoruldum. Bir gün ayıldım və dedim, bəsdir. Mən həmişə ana-bacı olmaqdan bezdim. Qadın olmaq istəyirəm artıq. O balaca uşaq bir gün dedi ki, ana, sən də qadınsan, sənin də həyatın var. Oğlum həyatıma gələndən sonra dərk etdim ki, mən hər zaman çalışmağa məcbur olan kişi deyiləm. Hüseyn mənə qadın olmağı öyrətdi.

- Hüseyndən danışanda səs tonunuz dəyişir. Aranızdakı bağı təxmin etmək çətin deyil. Amma istərdim bir də sizdən eşidim.

- Mən, bəlkə də, hiss etmirəm bunu, amma siz hiss edirsiniz. Hüseyn on ildir mənimlə yatan kişidir (gülür). Təsəvvür edirsiniz, yekə oğlandır, hələ də mənimlə yatır. Evə gec saatlarda gəlirəm. Görürəm, divanda uzanıb, deyirəm, nə yaxşı yatıb? Bir az tək uzanıb kinoya baxıram. Qəfil başını divandan qaldırır, yastığı da qucağında. Saat iki-üç olsa da yatmaq üçün məni gözləyir. Bir-birimizə çox bağlıyıq. O bağı təsvir etməyə kəlmələr yetmir.

- Özünüzü düzgün ifadə edə bilmədiyinizi düşündüyünüz zamanlar olurmu?

- Olur. Bəzi insanlar məni həddindən artıq açıq danışan qadın kimi təsəvvür edir. Amma bəzən elə yer olur ki, danışmağa söz tapmıram. Utanıram sözümü deməyə.

- Çox klassik bir sual verəcəm. Amma yenə də soruşmaq istəyirəm. Ulduz Röya ilə Röya Nəcəfova arasında ciddi fərq varmı?

- Heç bir fərq yoxdur. İki Röyanı da eyni səviyyədə yaşayıram. Evdə də nizam-intizamlı insanam. İstəyərəm, qarşıma gətirilən çay təmiz stəkanda olsun. İşimdə də eləyəm. Təmizəm. Özüm üçün necəyəmsə, başqaları üçün də eləyəm. Həmişə hər şeyin yaxşı olmasına diqqət göstərmişəm. Əgər bir adam başqası üçün yaxşı olmağa çalışırsa, o, ulduzluğunu da, sıravi insanlığını da bütöv yaşayır. Məsələn, qonaq gedəndə ucuz konfet alıb aparmaq istəmirəm. Əgər kiməsə ev alacamsa, pis yerdən almaram. Maşın alaramsa, ucuz başa gəlsin deyə gedib “Dizel”, yaxud, işlənmiş maşın almaram. Hərdən mənə elə gəlir, ulduz həyatımı ən çox oğlum yaşayır.

Gallery

- Qazandığınız şöhrət üçün bədəl ödəmisiniz?

- Haqqımda pis sözlər deyiləndə, atdığım hər addıma görə müzakirə olunanda düşünürəm ki, mən artıq bədəl ödəyirəm.

- Bir neçə il əvvəl səhnədən gedəcəyinizi demişdiniz. Sizi fikrinizdən nə daşındırdı?

- Səhnədən yox, Azərbaycandan gedəcəyimi demişdim. Getdim də. Mən evimi Türkiyədən aldım. Bakıda evim yoxdur. Bu yaxınlarda Nadir Qafarzadə mənə deyir, boş evim var, gəl orda kirayədə yaşa.

- Arada-sırada qulağıma çatan xəbərlərdən biri də “Röya kiməsə ev alıb” xəbəri olur. Əgər bir qadın bir neçə nəfərə ev alıb verə bilirsə özünə niyə almır?

- Alır, amma başqa ölkədə. Dünyada əksər ulduzlar şəhərin ən yaxşı yerlərində kirayədə yaşayırlar. Mən “Meqafun”da kirayələmişəm evimi. Mənə belə rahatdır. Çünki bilirəm ki, mənim oğlum ali təhsilini xaricdə alacaq. O, təhsilinə görə gedəndə mən onun yanında olacam.

- Bir müddət sənətinizə Türkiyədə davam etməyə qərar verdiniz. Hətta oranın şou-biznesinə daxil olmaqda iddialı idiniz. Amma olmadı. Nə baş verdi?

- Türkiyədə işbirliklərim hələ də davam edir. Sadəcə olaraq, orda artıq vəziyyət pisdir. İndi Türkiyədə şou-biznes bərbad haldadır. Düşünürəm ki, indi Azərbaycan daha yaxşı vəziyyətdədir. Orda hər şey dayanıb. Ancaq “maqazin” pul qazanır. Gündə bir kanal bağlanır. Mən niyə orda iş görmək istəyim ki? Artıq əvvəlki həvəsim də yoxdur. Çünki Türkiyədə indi o biznes yoxdur. Həm də orda dil baxımından problem yaşayırdım. Türkcə danışa bilmirdim. Verilişlərə dəvət alırdım, gedirdim. Hamı danışırdı, mən anlamırdım, mən danışırdım, onlar anlamırdı.

- Bir dəfə rəhmətlik Nahid Emiloğlu dedi ki, bizim sənətçilər Türkiyədə heç vaxt uğur qazana bilməyəcək. Çünki onlar eqoistdirlər, kənardan sənətçini Türkiyə şou-biznesinə daxil olmağa qoymurlar

- Onlar özlərinə qarşı da elədir. Hande Yenər və başqa sənətçilər bir-birinin layihəsini bir gecədə məhv etmək üçün nələr etdiyinin canlı şahidi olmuşam. Burda insanlar hələ də elə bilirlər, Aygün Kazımova ilə mənim aramdakı xırda deyişmə böyük problemdir. İnandırım sizi, onlarda elə dəhşətli şeylər baş verir ki, mən onlara baxıb, öz şou-biznesimizə şükür edirəm. Onların sənətçilərinin bir-birinə etdiklərini bizimkilər heç vaxt etməz.

- Cazibədar qadınsınız. Cazibədarlıq hansı hallarda avantaj, hansı halda baş bəlasıdır?

- Mənim üçün hər halda avantajdır. Gözəllik geyimdir, onu daşımaq lazımdır. Mən bu geyimi daşıya bilirəm. Sevilmək, diqqət mərkəzində olmaq xoşuma gəlir. Səhnədə on dəqiqə də olsa kiminsə baxışını, diqqətini üzərimdə hiss edirəmsə, bu mənə çox xoş olur. Həmişə bu fikirdəyəm ki, qadın hər dəqiqə istənməlidir. Ona görə də evdən çıxanda nə olur-olsun özünə fikir verməlidir. Hərdən mən də “ağzıma gələni” geyinib çıxıram. Özümü güzgüdə görəndə dəhşətə gəlirəm ki, nə gündəyəm. Amma nadir hallarda olur.

- Bəzən də olur ki, qadın həddindən artıq diqqətdən yorulur.

- Hə. Küçədə qışqıran adamlar məni yorur. Amma ümumilikdə diqqətdən yorulan adam deyiləm. Çünki mənim də gözlərim beş dəqiqə bir yerdə dayanan deyil.

- Sizə eşq elan edən kişilər çoxdur?

- Yox. Çünki kişilər məndən çəkinirlər. Heç kim açıb mənə sevgisini deyə bilmir. Hərdən düşünürəm ki, nə qədər böyüyürəmsə, o qədər tənhalaşıram. Qadın nə qədər məşhurlaşırsa, əks tərəf ona yaxınlaşmaqdan bir o qədərə ehtiyat edir. Mən də hamıya o qədər “on beş dəqiqəlik” baxıram ki, sonrasına imkan yaratmıram.

Gallery

- Özünüzə ikinci şans vermək istəmirsiniz. Halbuki gözəl və gəncsiniz.

- Özümə söz vermişəm, Azərbaycanda şəxsi həyat qurmayacam. Azərbaycanda istəmirəm.

- Azərbaycanda buna nə mane olur?

- Çox şey. Mən burdan harasa uçanda başa düşürəm ki, sevgilimlə yeməyə gedirəm. Burda hara gedəcəm mən o sevgili ilə? Mən axı ailə qurmaq istəmirəm, sadəcə sevmək istəyirəm.

- Ailə qurmağa bu qədər soyuq yanaşmanızın əslində Hüseyn dayanır?

- Bəlkə də Hüseyn burda böyük rol oynayır. Mən ailəmdə də bunu görməmişəm axı. Atamla anam ayrılanda on yaşım var idi. Mən gecənin istənilən saatında atamın, anamın evinə girə bilirəm. Təsəvvür edirsiniz, onlar başqa adamlarla ailə qursaydılar nə olardı? Başıma hava gələrdi. Bizim qadınlarda 40 yaşdan sonra başqa hisslər yaranır. Anamın 40 yaşı olanda deyirdim ki, yaşına uyğun geyin.

- Hər bir qadının sevgiyə, nəvazişə ehtiyacı var. Yəqin sizdə də bu hisslər olur.

- Mən göz təmasının, platonik sevginin dəlisiyəm. Bir kişi ilə uzun müddət bir yerdə yaşaya bilmərəm. O adam iki dəfə mənə zəng vurub desə ki, hardasan, neyləyirsən, mən yəqin, dəli olaram. Münasibətdə hardasan sualı məni gic edir.

- Bu, daha çox kişilərə məxsus bir xüsusiyyətdir.

- Bu bəlkə də hər şeylə illərdir tək mübarizə aparmağımdan irəli gəlir. Bir də görürsən, elə zamanda o sualı verirlər ki, məhz o yerdə, gördüyün işdə kişi xeylağının olması vacibidir, amma sən bunun üçün tək çalışırsan. O anda mənə zəng vurub, hardasan, neyləyirsən, deyəndə cin vurur beynimə, deyirəm, sən mənim bu tərəfdə nələr çəkdiyimi bilmirsənsə, qısqanclıq hissin mənim nəyimə lazımdır? Burda artıq mənim üçün münasibət bitir. Ona görə də dostlarım deyir ki, sən qaranquşsan. Həmişə uçursan.

- Bir tərəfiniz qarabağlıdır. Babanız Bəndi kişi Ağdamda hamının tanıdığı və hörmət etdiyi bir adam idi. Onu necə xatırlayırsınız, münasibətiniz var idi?

- Ağdamlıyam, amma Bakıda doğulub, burda böyümüşəm. Babamla münasibətimiz çox yaxşı idi. İndi rəhmətə gedib, amma hələ də onun rəhmətə getdiyini unuduram. Ölənə qədər onu Bakıya gətirə bilmədik. Ağdamın Uçoğlan kəndində yaşayırdı. Orda da dəfn etmişik.

Mən hər ay onu gətirirdim, evimdə 3-4 gün qonaq qalırdı. Bu yaxınlarda getdim məzarını ziyarət etdim, gül qoydum. Qayıdanda atam dedi, Ağdama getmisən, bəs niyə böyük əminə baş çəkməmisən? Dedim, unutmuşam. Çünki elə bilirəm ki, babamdan sonra məni oralara bağlayan heç kim, heç nə qalmayıb.

Babamı sevirdim. Ucaboylu qəşəng bir kişi idi. Əslində, babamgilin nəsli Ağdama İrandan gəlmədir. Sonra babam Ağdamda imkanlı bir adamın qızını alıb. Yəni, nənəmi. Atam 12 yaşında Bakıya Bülbül adına musiqi məktəbinə oxumağa gəlib. Elə ondan sonra da burda qalıb.

- Eşitdiyimə görə, atanızın da gözəl səsi olub, amma davam etdirməyib.

- Hə. Atam Arif Babayevin tələbəsi olub. Könül Xasıyeva, Xeyransa, Aybəniz Haşımova ilə bir sinifdə oxuyublar. Amma davam etdirmədi. Hamı güclü olmur. Atamın gözəl səsi olsa da, güclü ola bilmədi.

Gallery

- Keçmişi xatırlamaq sizi incidir?

- Mən orda qalan adam deyiləm. Mənim üçün yaşanan hər şey bitir. Yaşadığım pis anları həyatımda saxlamıram, silib atıram. Mən niyə ən çox kişilərlə dostluq edirəm, səncə? Çünki qadınlar bir araya düşəndə, yalnız problemlərdən, bədbin şeylərdən danışırlar. Məni yorur belə şeylər. Keçmişdən danışmağı sevmirəm. Bir də görürsən, kimsə deyir, Röya, yadındadır, filan vaxt filan şey edirdik? Bir dəfə gülürəm, ikinci dəfə artıq o adam mənim ətrafımda olmur. Çünki gələcəkdən çox keçmişdən danışan adamların gələcəkdə heç nəyi yoxdur.

- İnsan keçmişindən qaça bilməz axı. İstər-istəməz yaddaşın bir küncündə insanı dümsükləyir.

- Mənim ən çətin günlərimi yaxşı gün kimi mənə xatırladan insanlar əsəblərimə toxunur. Keçmişdən nəticə çıxaran insanam. Bu gün, səncə, mən niyə hamıya kömək edirəm? Çünki onların hamısını yaşamışam. Və mən o anları, əslində, sevdiyim üçün hamıya kömək edirəm. Neqativ düşünsəm, deyərəm, mənə heç kim heç nə etməyib. Cəhənnəmə olsun. Özüm üçün pul yığaram. Bu da keçmişdən başqasının dərdini anlamaqdır. Bir tələbə oxutdurmaq lazımdır. Deyirəm, edin. Çünki mənim geyinib məktəbə getməyə ayaqqabım olmayıb. Buna edin, qoyun, oxusun. Mən yaşadığım heç bir çətin anda həyatımdan sıxılmamışam. Deməmişəm, ay allah, bu, nə gündür yaşayıram? Ən ağır faizlərin altında qaldığım günlər olub. Qazandığım çox şeyləri bir anda itirdiyim vaxtlar olub. Amma şükür etmişəm ki, övladım sağlamdır. Bunları yenə qazana bilərəm. O qədər inandım ki, doğurdan da hər şeyi yenidən qazandım. Heç kim keçmişdə qalmasın. Bədlik ancaq bədlik gətirir.

- Heç qızınızın olmasını arzu etmisiniz?

- Heç vaxt! Ümumiyyətlə, övlad barəsində danışmaq mənim üçün artıq çox gecdir. Olmaz. Mümkün deyil. Qanı qarışdırmaram mən. Birini böyüdüb ortaya çıxarım hələ. Hüseyn tək deyil. Bacımın balaları var. Hələ qardaşlarım evlənməyib.

- Bu il Azərbaycan üçün dəhşətli xəbərlərlə başladı. Məsələn, Nərminin faciəsi sizə bir insan kimi necə təsir etdi?

- Nərmin hadisəsi mənə ağır təsir etdi. Ən dəhşətlisi odur ki, hamımız artıq bu hadisə hər uşağın başına gələ bilər deyə düşünürük. O uşağın başına gələn faciədə anasının-atasının günahı böyükdür. Mən arada onun atasının şəklinə baxanda az qalıram əlimi ekrandan salıb onu boğum. O qızın həyatda olmamasının günahı içki düşkünü olan atadır. Sən gecə hava qaralanda qız uşağını bu məhəllədən o biri məhəlləyə necə göndərə bilirsən? Bunların hamısını mən görüb keçmişəm deyə daha çox təsir edir mənə. Bəlkə mənim də başıma gələ bilərdi. Danışmadığım şeylər var. Birini danışacam. Evimizə gələn yaxın adamlardan birini valideynlərim yerə-göyə sığdıra bilmirdi. Mənim də onda on yaşım vardı. Anama-atama deyə bilmirdim ki, siz o tərəfə baxanda bu adam mənim əlimdən tutur, baldırıma əl atır. Bu halları çox uşaq yaşaya bilər. Valideyn kor olmamalıdır. Nərminin bu faciəsi bir çox ata-ana üçün dərs olmalıdır. İndi hamı kənardan deyir, faciəni törədəni yandırsınlar, öldürsünlər... O qızın bir ayda yaşadıqlarının əvəzi çıxacaqmı?

Gallery

- Röya ana olaraq oğlunu necə qoruyur?

- Oğlumu çox qoruyuram. Ona qadağan eləmişəm özündən yaşca böyük, xüsusilə də 13-14 yaşlarında yetkinlik dövrünü yaşayan oğlan uşaqları ilə yoldaşlıq etməyi. Qılığına girib telefonunun kodunu alıram. Hər an nəzarət edirəm ki, uşaqdır, hər şey ola bilər. Amma səbəbini başqa cür izah edirəm. Deyirəm, onlar pis söyüşlər söyürlər, çox “anektod” bilirlər. Bir şeyini görüb gedər başqa yerdə danışar və s. Bir şəkildə başa sala bilirəm.

- Uşaqlıqda ailədə şiddət görmüsünüz?

- Çox döyülmüşəm. Anam məni hər şeyin üstündə döyürdü. Küçədə bir uşaq deyirdi, atanız sizi atıb gedib, kasıbsınız. Məcbur olub uşağı döyürdüm. Uşaq anasını götürüb üstümüzə gəlirdi. Anam məni onların yanında çırpırdı. Amma mən fərqliyəm. Anamı təkrar etmirəm. Valideyn övladını hər dəqiqə sındırmamalıdır. Mən bunu bütün valideynlərdən tələb edirəm. Sən övladına inanacaqsan. Sən onu hər dəqiqə əzsən, o başqasının yanında həmişə əzik olacaq. Oğlumun səhvi olanda deyirəm, yaxşı eləmisən. Sən onu vurmusan, o da səni. Vəssalam, söhbət bağlandı-getdi, ağlayıb üstümə gəlmə.

- Hüseyni necə cəzalandırırsınız?

- Üzünə elə baxıram, ağappaq olur, keçir otağına. Onun ən böyük cəzası kompüteri açmamaqdır. Amma hələ o mərhələyə gəlib çatmamışıq. Çünki onun həyatını elə qurmuşam ki, vaxtı qalmır əlavə işlər görməyə. Mən onu ancaq insanlardan, pis adamlardan qoruya bilərəm.

Fotolar: İlkin Nəbiyev

# 124984 dəfə oxunub

Müəllifin son yazıları

# # #