Tolik, qazimiz Əli və sosial şəbəkə əhli

Tolik, qazimiz Əli və sosial şəbəkə əhli
11 yanvar 2021
# 12:38

Günlərdir sosial şəbəkə aktivləri olaraq biz döyüşlərdə aldığı zərbə nəticəsində nitq qabiliyyətini itirən qazimiz Əlinin Tolik tərəfindən incidilən qürurunun müdafiəsinə qalxdıq. Toliki asıb- kəsdik, şərəf və ləyaqətini alçaltmağa qədər apardıq söhbəti. Amma heç birimiz soruşmadıq ki, ay Əli, sən Tolikin sənə qarşı o ifadəni işlətməsindən bizim qədər narahat oldunmu?

Soruşmadıq. Amma Əli dünən mövzuya iki kəlimə ilə nöqtə qoydu. Etika qaydalarına uyğun olmadığı üçün Əlinin nə söylədiyini burda qeyd etməyəcəm. Sosial şəbəkələrdə ildırım sürətilə yayılan kəskin cavab bu dəfə də reaksiya və söyüşlərin istiqamətini Əliyə tərəf çevirdi.

Müxtəlif təhqiramiz ifadələr bu dəfə günlərdir müdafiəsinə qalxdıqları qazimizin ünvanına yazıldı.

Bu, bir daha onu sübut etdi ki, mənən çöküntü yaşayan, sonsuz boşluq içərisinə yuvarlanan cəmiyyətimiz üçün hər situasiyada günah keçisi hazırdır. Bu həm də sosial şəbəkələrdə ali dəyərlərin mühafizəçisi rolunu oynayan istifadəçəilərin əsl simasını bir qələmdə açıb bizə göstərən məqamlardan biridir.

Tolikin yardım etməsini həzm etməyən bu insanların gətirdikləri ən absurd aqrument budur: “Tolik kimdir ki, torpaqlarımız uğrunda can qoyan qazimizə yardım etsin?” Cümlədəki hikkə heç də qaziyə ehtiram hissindən doğmur. Kütlənin Tolikə qarşı aqressiyasının mənbəyi başqadır.

“Tolik kimdir ki?” sualına cavab axtaran insanlara tutarlı bir cavabım yoxdur. Çünki doğurdan da çox araşdırmağıma baxmayaraq Toliki bu qədər məşhurlaşdıran və şöhrətin zirvəsinə daşıyan özəlliyi tapa bilmədim. Müğənni deyil, aktyor deyil, xüsusi bir istedadı yoxdur. Danışıq qabiliyyəti, intellekti sıfır. Amma adam bu sadaladığım keyfiyyətlərə sahib olanlardan xeyli yüksəkdədir. Naxış deyilən şey budur zənnimcə.

Lakin yaxşılıq etmək vicdan işidir. Tolik göstərdi ki, sosial şəbəkədə ürək dağlayan video-müraciətlərə ağlamaq işarəsi qoyub ötən bir çox insandan daha duyarlıdır. Reklam üçün edir deyirik. Onun özünü reklamından bir qazi, bir kasıb ailəsinə pay düşürsə, qoy etsin. Amma bizim günlərlə sosial şəbəkədə Toliki söyməyimiz, alçaltmağımız çarəsiz insanların dərdinə dərman olmur.

Kamil Zeynallı əsgərə pay aparanda, kasıb evini təmir etdirəndə, bir ac ailənin qarnının doymasına vəsilə olanda hamımız alqışlayırıq. Amma eyni şeyin iki qatını Tolik edəndə ağız büzürük. Cəmiyyətdə Tolikə qarşı qıcıq oyadan iki nüans var: səbəbsiz şöhrəti və cinsi oriyentasiyası.

Yurdumun insanı 21-ci əsrdə də bu düşüncədədir ki, Allah üçüncü cinsin nümayəndəsinin yardım və yaxşılıqlarnı qəbul etmir. Halbuki, Toliki də Allah yaradıb!

Biz qırx gün, qırx gecə deyinsək də, kin qusub, alov püskürsək də Tolikin şöhrətindən bir daş belə düşürə bilmərik.

Əksinə, onu daha da məşhurlaşdırırıq.

Bunu da etiraf edək ki, nitq qabiliyyətini itirən qazi Əli ilə də Tolik sayəsində tanış olduq. Onun problemlərini Tolikin vasitəsi ilə öyrəndik. Qəbul etsək də, etməsək də, ortada bir reallq var; Tolik qazimizə onun hüquqlarını onlayn “müdafiə” edən, onu Tolikdən “qoruyan” sosial şəbəkə vətənşüvənlərindən daha çox sahib çıxır.

Müvafiq qurumlar, məmurlar fil qulağında yatdığı zamanda Tolik İnstagram-da mesaj qutusuna gələn yardım müraciətlərinə səssiz qalmır.

Bu gün Əli Toliki müdafiə etdiyi üçün söyülür.

Qazi sevgimiz də bu minvalla deqradasiyaya uğrayır.

# 4581 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #