Eldar Qasımov: “Atamla anam ayrılıb”

Eldar Qasımov: “Atamla anam ayrılıb”
24 yanvar 2013
# 08:30

Eldar Qasımovun Kulis.az dərgisinə müsahibəsi

- 4-5 il bundan qabaqkı Eldarla bugünkü Eldar arasında hansı fərqlər var?

- Fərqlər böyükdür. Hətta bir il bundan qabaqkı Eldarla da fərq var. Universitet vaxtlardan dəyişməyə başlamışam. İnsanları anlamağa çalışdım. Dünyagörüşüm dəyişdi. “Eurovision”dan sonra isə tam başqa insan oldum. Daha böyük səhnə təcrübəm var artıq. Kamera ilə işləmək təcrübəm var. İctimai həyat təcrübəsi qazanmışam.

- Məşhurluq həyatınızda konkret olaraq nəyi dəyişib?

- Soyuducunun üstündə dünyanın müxtəlif ölkələrindən gətirdiyim çoxlu maqnitlər var (gülür). Yenə də təkrar edirəm: sadəcə təcrübə əldə etmişəm. Üstəgəl məni sevən, mənə pərəstiş edən xeyli sayda insan qazanmışam. Onlarla musiqimi, sənətimi bölüşürəm. Onlara musiqi vasitəsilə kömək edə bilirəmsə, özümü xoşbəxt sayıram.

- Bir az uşaqlığınızdan danışın. Necə keçib uşaqlığınız? Sizə nələr təsir edib?

- Beş illik musiqi məktəbini bitirmişəm. Orta təhsilimi isə əksər uşaqlar kimi adi məktəbdə almışam. Bildiyiniz kimi, mən Azərbaycanın xalq artisti Firəngiz Şərifovanın və əməkdar incəsənət xadimi Balağa Qasımovun nəvəsiyəm. Yəni incəsənət ab-havasının hökm sürdüyü yaradıcı mühitdə böyümüşəm. Həm də bu, genlə keçib. Nənəmin tamaşalarına gedəndə axşam qayıdıb evdə dekorasiya qurardım. Evdəkilər üçün tamaşa göstərirdim. Maqnitofona kaset qoyub onlar üçün fonoqram mahnılar oxuyurdum. Bütün uşaqlığım yaradıcı mühitdə keçib.

- Təminatlı ailədə böyümüsünüz? Sıxıntılarınız olubmu?

- Ciddi sıxıntılarımız olmayıb. Həm də mən ağıllı uşaq olmuşam. Qabağıma nə qoyublarsa, onu da yemişəm. Heç vaxt ağlayıb bizdə olmayan şeyi istəməmişəm.

- Valideynlərinizlə münasibətləriniz necə olub?

- Ünsiyyəti sevən insanlardır. Qardaşımla mənə əvvəlcə valideyn, sonra dost kimi davranıblar.

- İndi bir yerdə yaşayırsınız?

- Yox. Atam və anam təxminən 2 il bundan əvvəl ayrılıblar.

- Onların ayrılmağı sizə necə təsir etdi?

- Adi qarşıladım. İnsanlar uzun müddət bir yerdə yaşadıqdan sonra bir-birlərini başa düşmədiklərini görürlərsə, ayrılmaları normaldır. Bunu təbii qəbul etmək lazımdır. Mən də belə qəbul etdim. Həm də artıq uşaq deyiləm.

- Onlar ayrılanda siz kimi seçdiniz?

- Atamı.

- Niyə məhz atanızı?

- Çalışıram, hisslərimin mənə diktə etdiyi kimi yaşayım. Sadəcə belə hiss edirdim ki, atamı seçməliyəm. Onu da seçdim. Bu gün də görürəm ki, atamla yaşamaq mənə daha rahatdır. Özümü yaxşı hiss edirəm. Amma ola bilər ki, sabah yuxudan oyananda anamın yanında yaşamaq istəyim. Əgər belə bir şey hiss etsəm...

- Ananızla görüşürsünüz?

- Əlbəttə, görüşürəm. Onu da vurğulamaq istərdim ki, valideynlərim düşmən kimi ayrılmayıblar. Sivil insanlar kimi hərəkət ediblər.

- Sən yetkin bir insan kimi necə düşünürsən, belə hallarda insanlar bir-birlərinə şans verməlidirmi? Zaman tanımalıdırmı?

- Məncə, valideynlərim çox ağıllı insanlardır. Onlar bu haqda çox fikirləşiblər. Əlbəttə ki, onları saxlayan çox amillər vardı. Uşaqlar da bu amillərdən biri idi. Çünki ailədə övlad varsa, bu cür məsələləri həll etmək çətinləşir. Atam və anamın ayrılmaq qərarı çox düşünülmüş, ağıllı addım idi. Onlar bilirdilər ki, həm qardaşım, həm də mənim üçün, ümumiyyətlə ailə üçün çətin olacaq.

- Almaniyada oxumusunuz. O vaxta kimi Avropada olmuşdunuz?

- Yox. Olmamışdım.

- Şərqdə böyümüş bir gənc kimi Avropaya düşəndə hansı hisslər keçirdiniz? Necə təsir etdi sizə Qərb?

- Avropada olanda özümü çox rahat hiss etdim. Sanki öz evimdə idim. Orda məni çox yaxşı başa düşürdülər. Mən də onları başa düşürdüm. Onların dünyagörüşləri, həyata baxışları, davranışları, bir-birlərinə olan münasibətləri, mədəniyyətləri mənə çox yaxın gəlirdi. Bəlkə bu onunla bağlıdır ki, Avropa sayağı mühitdə böyümüşəm. Həmişə qərbli kimi düşünməyə çalışmışam. Qərb mədəniyyəti ilə daim maraqlanmışam, Avropa ədəbiyyatını oxumuşam.

- Azərbaycanlıların avropalılara qərəzli münasibəti var. Elə bilirlər ki, Avropa əxlaqsızdır, ora ancaq homoseksuallardan ibarətdir və s.

- Hər bir ölkədə belə şeylər var. Fahişələr də var, homoseksuallar da, əxlaqsız insanlar da. Şərqdə də var, Qərbdə də. Bunu qəbul etmək lazımdır. Qabartmağa ehtiyac yoxdur. Avropa ölkələrində insanlar əxlaqsız deyillər. Sadəcə azaddırlar. İstədikləri kimi yaşayırlar. İnsanlar başqalarının fikri ilə oturub-durmur. Öz həyatlarını yaşayırlar. Özlərini ifadə etmək üçün geniş imkanlara sahibdirlər. Qərb insanı xarizmatikdir. Həyatdan nə istədiyini bilir.

- Bir azərbaycanlı kimi bizim avropalaşmağımızın, qərb dəyərlərini əxz etməyimizin tərəfdarısan?

- Avropalaşmaq lazım deyil. Sadəcə ən yaxşı dəyərləri götürüb mənimsəmək lazımdır. Hər bir mədəniyyətdən ən yaxşı şeyləri götürmək gərəkdir. Əlbəttə, tam olaraq müasirləşmək üçün bir neçə nəsil dəyişməlidir.

- Azərbaycan mentalitetində bəyənmədiyiniz nələr var?

- Başqalarının fikri ilə yaşamaq. İnsan çalışmalıdır ki, qərarı özü versin. Başqalarının fikri onu yayındırmasın. “Qonşu nə deyər” prinsipi ilə yaşamasın. Sənə necə xoşdursa, o cür də yaşamalısan. İnsan öz vicdanı qarşısında pak olmalıdır.

- Bizim adamlar mentalitetdən çox danışırlar, amma gənc oğlanlar küçədə qızlara söz atırlar. Heç qızlara söz atmısan?

- Heç vaxt. Mən nəsə edirəmsə, məqsədim olur. Mən belə addım atanların hansı məntiqlə hərəkət etdiklərini başa düşmürəm.

- Yəqin məşhur-cahan olduqdan sonra qızlar sizə söz atırlar...

- (gülür) Təkcə qızlar yox, hamı söz atır...

- Avropa ölkələrinə çox səfər edirsiniz. Özünüz də dediniz ki, azad həyat tərzi yaşayırlar. Bəs sizin narkotikaya, içkiyə həvəsiniz olmayıb?

- Siz dediyiniz ölçüdə deyil, müəyyən bayramlarda, mərasimlərdə cüzi miqdarda içki içirəm. Hər bir şeyin çərçivəsi olmalıdır. Həm də elə bir işlə məşğulam ki, çox içki içmək mənə mane ola bilər. Tutaq ki, axşam çoxlu içmişəm. Səhər duranda gözlərimin altı şişəcək, səsim tutulacaq, özümü əzgin hiss edəcəyəm. Zahiri görünüş pis gündə olacaq, daxilən narahat olacağam. Əgər sən hardasa dincəlirsənsə, sadəcə əyləncə xətrinə müəyyən qədər içki içə bilərsən.

- Məşhurlaşdıqdan sonra hansı şayiələr qulağınıza dəydi?

- Eşitmişdim ki, guya biz Nigarla evlənmişik. O dəfə taksiyə minmişəm. Sürücü mənə deyir ki, Nigarla nə vaxt evlənirsiniz, inşallah, toyunuz haçandır? Dedim, nə toy... Nigarın həyat yoldaşı var, iki uşağı var. Sürücü də qayıdıb mənə deyir ki, nolsun əri var?

- Yeri gəlmişkən, evlənmək fikriniz yoxdur?

- Mən ümumiyyətlə planlı şəkildə evlənən insanları başa düşmürəm. Məktəbdə oxuyanda qızlar deyirdilər ki, 22 yaşımız olanda ərə gedəcəyik. Axı bunu necə müəyyən etmək olar? Bəlkə sən şəhərdə bir kafedə oturanda qabağına elə bir insan çıxacaq ki, qəflətən onunla evlənməyə qərar verəcəksən. Bəlkə bu 30, bəlkə 40 yaşında oldu. Əgər mənim də qabağıma belə bir insan çıxsa, içimdə müəyyən qığılcımlar oyansa, evlənməyə qərar verərəm.

- Bəlkə, elələri var ki, atalıq hissi yaşamaq istəyir. Sizdə belə hisslər olmur?

- Olur, əlbəttə. Nigarın uşaqlarını görəndə içimdə belə hisslər oyanır. Amma hər şeyin bir zamanı var. Valideyn olmaq böyük məsuliyyətdir. Uşaq böyütmək vətənin keşiyində durmaq qədər məsuliyyətli işdir. Sən vətəndaş yetişdirirsən, şəxsiyyət yetişdirirsən. Asan məsələ deyil.

- Sevgiliniz var?

- Sevgilim var.

- Burdadır, yoxsa xaricdə?

- Rusiyada.

- Harda tanış olmusunuz?

- Moskvada “I’m free” adlı yeni mahnımı ifa edirdim. Həmin konsertdən sonra onunla qarşılaşdım. O, dinləyicilərin arasındaydı...

- Niyə məhz rus qızı?

- Sevəndə millətə baxmır insan. Sadəcə görürsən, vurulursan. Hisslər demir ki, bu rusdur, ingilisdir, fransızdır...

- Fotosunu göstərə bilərsiniz?

- Yox. Bu, şəxsi həyatdır.

- Məşhurların şəxsi həyatı insanlara maraqlıdır.

- Düzdür. Özünüz tapa bilsəniz, tapın fotosunu. (gülür)

- Neçə yaşı var?

- (hesabladıqdan sonra) Məndən 6 yaş böyükdür. (sonra isə İlhamə Quliyevanın “Yaşın nə fərqi var ki...” mahnısını oxumağa başlayır)

- Bu yaxınlarda nişan olacaq deyəsən. Belə eşitmişik.

- Bu da eşitdiyim növbəti şayiədir.

- O, ilk sevginizdir, yoxsa?

- Bundan əvvəl də bir sevgilim olub. Sonra ayrılmışıq.

- Məşhur olduqdan sonra ayrıldınız?

- Yox. “Eurovision”dan qabaq idi. Normal ayrılmışdıq. Ümumiyyətlə, heç vaxt dalaşaraq ayrılmamışam. Sadəcə xasiyyətlərimiz uyğun gəlmədi.

- İndi onu xatırlayırsınız?

- Ümumiyyətlə, sevdiyim bütün qadınlar ürəyimin hansısa bir yerində mütləq və əbədi olaraq yaşayacaqlar.

- İndi münasibətdə olduğunuz xanım axtardığınız şəxsdirmi?

- Əmin deyiləm. Sadəcə bu gün özümü rahat hiss edirəm onunla.

- Onunla harda görüşürsünüz?

- Bakıda, Moskvada. Ya o bura gəlir, ya mən ora gedirəm.

- Onu atanızla tanış eləmisiniz?

- Mənim şəxsi həyatım nəinki media, ictimaiyyət, mənim ailəm üçün bağlı məsələdir. Əlbəttə ki, onlar bilirlər hər şeyi. Ancaq lazım gələrsə, tanış edəcəyəm.

- Bəs ananız onunla tanış olmaq istəmir?

- Valideynlərim bilir ki, mən ağıllı adamam. Həm də onlar bilir ki, hisslərimlə yaşayan adamam, artıq bununla barışıblar.

- Deyəsən əhli-kef adamsınız.

- Haqqımda belə ifadə işlətsək, bu, şişirdilmiş fikir olar. Mən də əksər insanlar kimi narahat adamam. Gələcəyimi düşünürəm. Hər şeyi vecimə alıram. Hər şeyə görə həyəcanlanıram.

- “Eurovision”dan sonra ilk solo klipini təqdim etdin. Klipin təqdim olunması üçün niyə bu qədər çox vaxt lazım oldu?

- Mən bu işə çox ciddi, məsuliyyətlə yanaşıram. Sənətimə əhli-kef yanaşa bilmərəm. Sənət mənim həyatımın mühərrikidir. Mən indiyə kimi çox mahnıya klip çəkmək üzərində baş sındırmışam. Heç biri xoşuma gəlmirdi. Daha yaxşısını seçmək istəyirdim. Mənə qulaq asan insanlar var. Mən onların qabağına ciddi iş qoymalıyam.

- “Eurovision”dan sonra belə şayiələr gəzirdi ki, siz hər şeylə təmin olunmusunuz. Sizə çoxlu pul, şəhərin mərkəzində ev, avtomobil verilib.

- Həqiqətən də qələbədən sonra dövlət bizi hər şeylə təmin edib. Mən və Nigar buna görə dövlətimizə təşəkkürümüzü bildirmişik. Amma bizim üçün ən vacib məqam ondan ibarətdir ki, biz qalib gəldik və xalqın gözündə ucaldıq. Bir az pafoslu səslənir. Amma həqiqətən də insanların səninlə fəxr etdiyini görmək ən böyük hədiyyədir. Biz Almaniyadan qayıdıb təyyarədən düşüb trap qarşısındakı dayanmış insanların gözündəki işığı, sevinci görəndə dünyanın ən xoşbəxt adamları idik.

- Sizə konkret nə veriblər? Mənzil veriblər?

- Bəli, veriblər.

- Bəs pul mükafatı nə qədər idi?

- Bu, kommersiya sirridir (gülür).

- İlk solo klipinizdə ingiliscə oxuyursunuz. Səbəb?

- İngiliscə oxumaq mənim üçün daha rahatdır. Bu tərzdə yaxşı görünürəm. Hər bir insan onda əla alınan işi görməyə çalışmalıdır.

- Həm də düşünmək olarmı ki, siz ingiliscə oxumaqla Avropa bazarına çıxmaq istəyirsiniz?

- Bəli. Haqlısınız. Məqsədim dünyaya çıxmaqdır.

- Toylara gedirsiniz?

- Yox.

- Niyə?

- Çünki çox səs-küy olur. Orda ifa etmək, orda oturmaq mənim üçün çətindir. Amma korporativ tədbirlərə gedirəm. Hansısa bir səviyyəli toy olsa, gedərəm. Toya çağıran insan həmin məbləği ödəmək imkanındadırsa...

- Onda belə çıxır ki, özünüzə çox ciddi qiymət qoymusunuz? Bu rəqəmi öyrənmək olar?

- Bu rəqəmi mən yox, menecerlər qoymalıdır.

- Müsahibələrinizin birində demisiniz ki, “Eurovision”da olanda sizə Azərbaycandakı homoseksuallara olan münasibətlə bağlı çoxlu suallar verirmişlər. Maraqlıdır, nə soruşurdular və nə cavab verirdiniz?

- Onlar Azərbaycanı tanımırdılar. Elə bilirdilər ki, bura müsəlman ölkəsidirsə, geylərə çox aqressiv münasibət var, harda gördülər öldürürlər. Mən də deyirdim ki, biz qalib gəlsək, siz bizim ölkəmizə təşrif buyurub necə tolerant ölkə olduğumuzu görəcəksiniz.

- Amma biz qalib gəldikdən sonra belə xəbər yayıldı ki, Bakıda geylərin paradı keçiriləcək. Bu xəbər yayıldıqdan sonra bizim insanlar çox aqressiv münasibət sərgilədilər.

- Bu müsabiqənin auditoriyasının böyük bir hissəsi geylərdən ibarətdir. Ona görə bəzən “geylərin müsabiqəsi” adlandırırlar. Mənim şəxsi münasibətim belədir: tolerant olmaq lazımdır. İnsanlar fərqli həyat tərzi keçirə bilərlər. Bu, onların şəxsi həyatıdır. İnsan özü və sevdiyi şəxs üçün yaşayır. Bu, homoseksuallara da aiddir. İki nəfər arasında olan münasibət başqalarını maraqlandırmamalıdır. Hər bir insanın yaxınları arasında fərqli cinsi oriyentasiyaya sahib insanlar ola bilər. Bu, onların seçimi deyil. Bu, təbiətin qanunudur. Biz bununla barışmalıyıq. Onlar da insandır.

FOTO-Ramil Zeynalov/APA

# 7289 dəfə oxunub

Müəllifin son yazıları

# # #