“A” hərfinin hikməti - Firidun Ağazadə yazır...

Firidun Ağazadə, tərcüməçi

Firidun Ağazadə, tərcüməçi

1 fevral 2023
# 11:40

Bu gün şair-tərcüməçi Firidun Ağazadənin doğum günüdür. Kulis.az bu münasibətlə onun “A” hərfinin hikməti və ya birinci sinif jurnalından başlayan məsuliyyətim" adlı essesini təqdim edir.

Əslində, “A” hərfindən bəhs etməyimin bir ailə tarixçəsi var, evimizə, nəslimizə gələn gəlinlərin hamısının familiyası indi mənim fəxr etdiyim bu “A” hərfi ilə başlayır. Nədən ki, gəlin ocağa gələr, nəslin namını-nişanını, hərfini, qaydasını qəbul edər. Belə görmüşük. Ona görə də, gəlinlərdən hansısa sözü o yan-bu yana çevirəndə (təsəvvür edin ki, bəzən belə də olur), ərklə, boğazımı gər-gər arıtlayıb zarafatla deyirəm ki, “A qızım, dayan, “A” hərfi birinci gəlir, qoy, mən danışım, sonra sən danışarsan. Sənin ata familiyan B-dir, C-dir, M-dir, X-dir və sair”.
Yəni, birinci söz demək hüququnu Cənab Əlifba mənə verib. Yəni, Ağazadəyə. Necə? Qoy, xırdalayım.

“Aa” hərfi hərfbaşıdır, o həm də “əlif”dir, həm də “alfa”dır, açıq-qapalı, vurğulu-vurğusuz, hərəkəli-hərəkəsiz, bütün əlifbalar onunla başlanır. Finikiyalıların olsun, yunanların ya ərəblərin, fərqi yoxdur, “Aa” hərfi hər yerdə birincidir. Protosemit yazısı olsun, aramey yazıları olsun, hindlilərin devanaqari, Türk xalqlarının run əlifbası olsun, şaquli və üfüqi, sağdan sola, soldan sağa, alt-alta yazılan əlifbaların hamısında “Aa” başdadır. Hələ onu demirəm ki, Əbcəd hesabında “əlif” hərfinin qiyməti 1-dir, deməli, yenə Birdir, birinci yerdə durur.

Mənbənin biri deyir ki, böyük “A” hərfinin qrafikası “öküz başı” şəklindədir, böyük “A” hərfini tərsinə çevirsəniz, öküz başına oxşayar (?). Lap piktroqrafik yazıdır. Düzü, buna görə “Aa” hərfindən hərdən qorxuram da... Təəssüf, heroqliflərdən heç başım çıxmır, “A”sı varmı, yoxmu, bilmirəm. Bunu elə-belə, sözgəlişi dedim. VI əsrdə İslam Peyğəmbəri Həzrəti Məhəmməd (s) demişdir: “Hər kim mənə bir hərf öyrətsə, mən onun qırx il qulu olaram”. Allahın elçisi, şübhəsiz, “Aa” hərfini nəzərdə tutub, çünki Başlanğıc odur. Mənbənin biri də belə deyir: “Vəhy kitabında İsa deyir ki, mən Alfayam...”, yəni, “hər şeyin Əvvəliyəm”. Bu da belə.

Hazırda dünyada 350-dən çox əlifba var, hamısında “Aa” hərfi birincidir. İstəyirəm bir haşiyə çıxım: “Dörd dəfə əlifba reformasını yaşayan” bizim Azərbaycan əlifbası (hələ sonuncu və davam edən qoşa “yy” məğlətəsini demirəm) neçə dəfə dəyişsədə (gör ha!), incəvara, “Aa” hərfinin qədim yerini saxlamışıq.

Ərəb dilində “hərflər” mənasını verən “Hüruf” sözü var, əgər “hərflər elmi” (“İlm-i huruf”) ilə ilahi sirlərə çatmaq mümkündürsə, bu nizamlı hərflərin başında yenə “Aa” (əlif) dayanır. Və ya ərəb dilində “Müqəttəə hərflər” ifadəsi var, bir adı da “təhəcci”dir (heca), o hərflərin başında da “Aa” hərfi durur. Hərfləri ismi-əzəmin rəmzi sayanlar hərflərin, xüsusən “əlif”in başlanğıc əzəmətini dürüst başa düşüblər. Quranın hərf sistemi vasitəsilə izah olunmasına əsaslanan Hürufilik öyrədir
ki, bütün dünyanın və yaradılışın sirri hərflərdədir. Burada da, şəksiz, “Aa”ya (Əlifə) istinad olunur, çünki “Aa”nın hikməti böyükdür.

Nəymiş bu hikmət? Mənbələrdə “A” hərfinin ifadə etdiyi mənalara baxaq.
Məntiq elmində “A” universal pozitiv düşüncənin simvoludur.
Hindistanda “A” uşaqların baxması qadağan olunan filmlərin işarəsidir.
Kart oyunlarında “A” Tuzu bildirir.
Siyasətdə “A” anarxizmin işarəsidir.
Xristianlıqda “A” müqəddəs 3-lüyü bildirir.
“A” pentaqramda hər guşədən oxunur (“Pentaqram” beşguşəli ulduzdur, “dünya üzərində güc, qüdrət və cəsarət deməkdir, hikmət və ruhun mənbəyidir”). ABŞ-dakı “Pentaqon” da bundandır.
”Slavyanlarda “A” əlifbanın ilk hərfi olub “Mən”i bildirir.
“A”, Lomonosova görə, zamanın sonsuzluğudur.
Əlkimyada “A” hər şeyin başlanğıcdır, Kainatın başlanğıcıdır.
“A” eqonun simvoludur.

Mənbələrə görə, “Aa” hərfi eramızdan əvvəl 1600-cu ildə Finikiya əlifbasında yaranıb. “Aa” hərfinin qotik, untsial, Roman, italik, script formaları var.

Görək, tibb nə deyir: “A” vitamini bir sıra biokimyəvi proseslərdə iştirak edir. Sutkalıq tələbat 1-2.5 mq-a bərabərdir. Ən çox gözün görmə qabiliyyətinə təsir göstərir (Demək, buna görə, gözlərim yaxşı görür). ”A” vitamini orqanizmdə normal boy atma üçün zəruridir (“Normal”, bax, bu doğrudur, özümdən bilirəm). Bütün meyvə və tərəvəzlərdə “karotin” adlı maddə var, bu maddə qida həzmi aparatında “A” vitamininə çevrilir (yəqin ki, “A” hərfinin hökmü ilə!) və insan sağlamlığı üçün çox əhəmiyyətlidir (Hərfin gücünə bax!). İnsan qanının qrupları arasında A (II qrup) geniş yayılmış qan qrupudur, amma rezusunu bilmirəm.

Bu da fizika: Cisim A nöqtəsindən B nöqtəsinə hərəkət edir. Demək, hərəkət etmək üçün A nöqtəsi mütləqdir. Özü də düz xətt boyunca. Çünki “A” əyri-zad bilməz, yalnız düz və birbaşa gedər. Xasiyyəti belədir. Eynən mənim kimi.

Böyük “A” öz yerində, kiçik “a” lap “kiçik çillə” şiddətindədir (Mistikaya bax!). Kiçik “a” fizikada təcil deməkdir. Bunun da mərkəzəqaçma və mərkəzdənqaçma xassələri varmış... Onsuz iş, güc, sürət, zaman yoxdur...

“Əlifba” sözü ərəb əlifbasındakı ilk iki hərfin (əlif, bey) adını bildirir. Bir çox başqa dillərdə də belədir: rus dilində “azbuka” kiril əlifbasının ilk iki hərfini (az, bukı), bir sıra Avropa dillərində “alphabet” yunan əlifbasının ilk iki hərfini (alfa, beta) bildirir.

“Aa” hərfi – baş ya sətri olsun - bütün kiril əlifbalarının birinci hərfidir. Qədim slavyan əlifbasında adı “az” olub, rus dilindəki “mən” (я) əvəzliyidir. Amma alınma sözlərdə ön şəkilçi kimi (приставка) işlənəndə sözün əsas hissəsinin ifadə
etdiyi mənanın əksini bildirir və rus dilindəki “без” və “не” hissəciyi kimi tərcümə olunur: “аморфный” – бесформенный, “асимметричный” - несимметричный. “Simmetrik – asimmetrik”, “tipik - atipik” də hakəza (“hakəza” “beləcə, bu surətlə” deməkdir, məktəbdə qoca riyaziyyat müəllimimiz işlədərdi bu sözü, gör, “Aa” hərfi haralara apardı məni).

“Aa”nın “az” olması fikrimə başqa yön verdi. Mənim üçün bütün zamanların ən yaxşı kitabı Lev Tolstoyun “Anna Karenina” romanıdır. Bir mənbə deyir ki, romanın epiqrafında verilmiş sözlər, əslində, “rusca deyil, bu, Bibliyadan sitatdır, Bibliyanı Rusiyada, adətən, rus dilində tərcümədə yox, Rus Pravoslav kilsəsinin qəbul etdiyi kimi - Slavyan kilsə dilinin tərcüməsində izah edirlər. Bu isə, bəzilərinin düşündüyü kimi, qədim rus dili deyil, qədim bolqar dilidir. Məhz buna görə, epiqrafda rus dilindəki kimi “я” yox, bolqar dilindəki kimi “az” əvəzliyi işlənir: “Мне отмщение, и аз воздам” (“Не мстите за себя, но дайте место гневу Божьему, потому что написано: „Мщение за мной, аз воздам. (Rəbb deyir: “Qisas Mənimdir, əvəzini Mən verəcəyəm”). Bu sözləri ingilis dilində də versək, ziyanı olmaz: (“To me belongeth vengeance and recompence.”). Bunun da mənası odur ki, günaha görə cəzalandırmaq ixtiyarı yalnız Allaha məxsusdur, Ondan başqa heç kimə.

Bütün dünya dillərində “Aa” hərfinin işlənmə tezliyi daha yüksəkdir. O cümlədən, Azərbaycan dilində. “Aa” hərfi (səsi) olmasaydı, Tacir Əskər İçərişəhərin döngələrinə səs salan o uzunluqda “Aaaarşın maaaaaal aaaaalaaaaan..” sözlərini necə oxuyardı?...

Bu da “Aa” hərfinə poetik haşiyəmiz olsun:

Aleksandr Puşkindən:

А ты помнишь…?
Вечор, ты помнишь, вьюга злилась,
На мутном небе мгла носилась;
Луна, как бледное пятно,
Сквозь тучи мрачные желтела,
И ты печальная сидела — (burada “A” hərfi 12 dəfə işlənib).

Məmməd Arazdan:

“Nə yaxşı! Əlifba “A”-dan başlanır.
Atadan başlanır,
Anadan başlanır...” (“Atamın kitabı”).

Yadda çıxarmayın: Morze əlifbasında “nöqtə tire “Aa” deməkdir.
Həbsxana əlifbasında da (Polibiy şifrəsi) “Aa” hərfi daha işləkdir.
Ən məsuliyyətli əməliyyatları “Alfa” qrupu həyata keçirir.
Mediada daha aktual xəbərlər “AA” xəbərləri adlansın gərək.
Bəs, “AA” hökumət maşınları? Paah, üzlərini görmə, hələ bunların ”xozeyin”ləri o yana qalsın, sürücüləri forsundan yerə-göyə sığmır.
Ən böyük yunan alimlərinin adları: Aristotel, Arximed...
Adları “A” ilə başlayan qitələr... Avropa, Asiya...

...Bütün siyahılarda adım birinci olurdu... Maarif (o vaxtkı) şöbəsindən məktəbə müfəttiş gəlib, sinfimizə girib uşaqları dindirir. Jurnala baxır. “Elə birinci bundan başlayaq. Ağazadə, Mesopotamiya harada yerləşir?... Adın birincidir, özün də sinifkom...”. Ay, səni “A” hərfi! Bir gün dərsə getmək istəməyəndə... Hər gün dərsə getmək olar? Ata, qoy, bir dəfə də mən getməyim... Olmaz, sən getməyəndə, bə, kim gedəcək? Jurnal sənin adınla açılır. Heç kim dərsi bilməsə də, sən bilməlisən, adın...). Yenə “A” hərfi!.. Sinfə yoxlama gəlibsə, yenə dərsi məndən soruşacaqlar... jurnalı açacaq... və barmağını qoyacaq birinci adın
üstünə... “Ağazadə, adi kəsrin tərifini de, görüm”.

Şimali Ukraynada əsgərlikdə idim. Postlara qarovul naryadında adları oxuyurdular: “Агазаде, первый пост!” Bu post “Bayraq postu” idi, burada yatmaq nədir, gözünü qırpmaq da olmazdı. “Qaraj postu” olsaydı, mağıl yatardım bir az (mən
əsgərlikdə çox yuxusuz qaldım...). Vay, səni ”A” hərfi!.

Və nəhayət, birinci sinif jurnalında adlar siyahısında başda dayanan, Atəş müəllimin (yenə “A”) əlimi tutub “A” hərfini yazdırdığı, “Sənin adın jurnalda birincidir, elə birinci partada otur, amma yaxşı oxu” dediyi o uzaq illərdən mənə məsuliyyət, davranış öyrədən “Ağazadə” imzası... “Adlıq halı” kimi adıma yazılan, haqsızlıq, ədalətsizlik qabağında birinci dinən, birinci danışan taleyim...

p.s. Allahın adı da “A” hərfi ilə başlanır, “əlif” elə “A”dır və bu abzası yazının başında zənn edin – “Bismillah” kimi.

p.p.s. “Aa” hərfinin hikmətləri çoxdur, saymaqla qurtarmaz... Onlardan biri də nəvəm Aylanın adında qərar tutub... Bundan böyük xoşbəxtlik olmaz.


# 2416 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #