Kulis.az Fəxri Uğurlunun "Din kimi poeziya, peyğəmbər kimi şair" adlı yazısının növbəti hissəsini təqdim edir.
Müəllif lirik qəhrəmanın hansı kitabı oxuduğunu bizə deməsə də, aydın olur ki, həmin kitab dünyayla onun arasından sərhədi götürüb, qəhrəmanın bağçası (subyektiv aləm) ucsuz-bucaqsız kainata (obyektiv aləmə) qaynayıb-qarışıb, zərrə küllə, fərd ilahi harmoniyaya qovuşub. Əslində elə “Tanrının birliyi” ifadəsi də say mənasında yox, vəhdət, birlikdəlik, hamının, hər şeyin bir qaba dolması, iç-içə, can-cana olması, çoxluğun birliyə çevrilməsi mənasında başa düşülməlidir.
Həmin silsilədən olan “Payız” şeirində Rilke xəzan mövsümünü metafizik hadisəyə bənzədir: elə bil göylərin dərin qatında yarpaq tökümü başlanıb, hər şey gövdəsindən, budağından üzülüb dibsiz boşluğa yıxılır. Yer kürəsi də göyün ucalığından qopub soyuq, qaranlıq tənhalığına yuvarlanır. Hər şey, hər şey yıxılır. Biz də yerişimizdən yıxılırıq, qollarımız sustalıb yanımıza düşür, əllərimiz sözümüzə baxmır. Fəqət bir böyük Allah var ki, qüdrətli ovcunu bütün bu yıxıntıların altına uzadır, möhtəşəm qucağını, sonsuz ətəyini bütün yıxılanlara açıb onları fəlakətdən, qəzadan qoruyur. Şair kainatın cazibə qanununa bax belə məna yükləyir.
“Obrazlar kitabı”nın ən məşhur şeirlərindən biri də “Fontanlar haqqında”dır. Şairin şüşə ağaca bənzətdiyi fontanın göylərə şığıması onun kosmik arzularının, xəyallarının rəmzidir. Fontanın suyu göyə dartındıqca göy də yerə yaxınlaşır, bu zaman başqa dünyalarla bizim dünyamız arasında təmas yaranır. Dünyalar bir-birini fontanın göz yaşlarına bənzər qəlpələri, sıçrantıları arasından salamlayır. Şair deyir ki, bəlkə biz də hansısa bir dünyanın səmasıyıq, biz Tanrını göylərin dərinliyində axtardığımız kimi o dünyanın sakinləri də Yaradanı bizdə soraqlayıb bizdə gəzirlər? O dünyanın möminləri bəlkə bizi qiblə tutub səcdəmizə dururlar, o dünyanın şairləri, peyğəmbərləri bəlkə bizə mədhiyyə oxuyurlar? Rilke bu şeirində də Allahı dünyaları, insanları bir-birinə doğru yola çıxaran, bir-birinin səcdəsinə aparan, sevgisiylə xaosu kosmosa, ayrılıqları birliyə, tənhalıqları vəhdətə çevirən Ali Məhəbbət kimi vəsf eləyir...
Rilkenin "Obrazlar kitabı"nın 1906-cı il nəşrinin baş səhifəsi.
1910-cu ildə birinci-sonuncu romanı işıq üzü görəndən sonra Rilkenin poetik yaradıcılığa münasibəti - arada nələrsə yazdığına, tərcümələr elədiyinə baxmayaraq - bir xeyli sərinlədi. 1912-ci ildə özünün iki başlıca silsiləsindən, iki şah əsərindən biri olan “Duinez elegiyaları”nı yazmağa başlasa da, işi yarımçıq qaldı. Daha sonra dünya müharibəsi meydanlarında atılan topların qaynar gurultusu, adam ətinə yerikləyən süngülərin soyuq parıltısı şairin ilham pərilərini ürkütdü. Yalnız on ildən sonra ilham pərisi onu yenidən müjdələdi. 1909-cu ildə tanış olduğu, ömrünün sonunacan kölgəsini onun üstündən çəkməyən knyajna Mariya Turn-i-Taksis Qogenloenin İtaliyanın Triyest şəhəri yaxınlığındakı Duino qəsrində qədim yunan tanrısı Orfeydən ona vəhy gəldi. Tez bir zamanda “Duinez elegiyaları”nı tamamlayandan sonra Rilke cəmi-cümlətanı iki həftəyə əlli neçə şeirdən ibarət “Orfeyə sonetlər”i yazdı. Forma-üslub sferasında hər hoqqadan çıxandan sonra dahi sənətkar yüz illər boyu Avropanın ən nəhəng şairlərindən imtahan götürmüş klassik janra qayıtdı. Bu janrda nə yaratmalısan ki, Petrarkadan, Şekspirdən, Qonqoradan, Kevedodan, Novalisdən, Bodlerdən, Rembodan... seçiləsən, onların kölgəsində qalmayasan?
"Malte Laurids Briqqenin dəftərləri"
Antik mifoloji dünyagörüşdə musiqinin, poeziyanın himayədarı sayılan Orfey Rilkenin silsiləsində həm şair, həm peyğəmbər, həm də Tanrı kimi qələmə verilir. Onun səsi, nəfəsi, ləfzi meşədə yırtıcıları, quşları, böcəkləri, ağacları, qayaları belə heyran qoyur, onun nəğməsi vəhşi təbiəti Tanrının iqamətgahına, mağaranı məbədə, xaosu harmoniyaya, ulartını sükuta çevirir.
Göyərir, ilahi, göyərir ağac!
O səsdi göyərir: səslənir Orfey.
Və susur nə varsa. Bu sükutdaca
rəngini, cildini dəyişir hər şey.
Vəhşilər yuvadan qaçır, tələsir,
səsini içinə qısıb dururlar:
qorxu-hürküdən yox, susub dururlar
dinləməkdən ötrü o gözəl səsi.
Hansı ulayırdı, dil-dil ötürdü –
bir heçdi, bir puçdu onlardan ötrü.
Və sən o balaca, o sısqa yerdə,
içindən hər şeyin acıqla, kinlə
baxdığı o miskin, ufacıq hində
məbədlər ucaltdın gözəl səsinlə.
(tərcümə Mahir N. Qarayevindir)
Rilkenin "Orfeyə sonetlər" kitabının üz qabığı, 1923
Aydın məsələdir ki, Rilkenin Orfeyi avtobioqrafik obrazdır. Onun poeziyanı din, şairi peyğəmbər ucalığına qaldırmaq ustalığı bu silsilədə öz apogeyinə çatır. Lirasının səsiylə, nəğməsinin qüdrətiylə təbiəti sükunət halına gətirən Orfey Tanrı elçisinin obrazı, ilahi qüdrətin təcəllasıdır. Onun zühuruyla quduz bağırtılar liranın sədası altında eşidilməz olur, onun nəğməsi başına yağdırılan daşları belə yumşaldıb muma döndərir, onun səsləri nizama düzən xoş avazı xaosun vahiməli uğultusunu batırır. Əfsanəvi Orfeylə, əfsanəvi olmayan müəllifin özüylə yanaşı, zənnimcə, İsa Məsihi də bu lirik qəhrəmanın prototipi saymaq olar.
Quduzlaşmış kütlənin dörd tərəfdən sardığı,
sən ey ilahi səsdə dirçələn ulu Tanrı! –
sənin səslənişinlə o yığnağın varlığı,
hay-küyü itdi-batdı, xoş bir avaz yarandı.
Qırammadı heç biri fəqət sənin liranı.
Ürəyinə tuşlanan daşlar sənə yetincə
ipək kimi hamısı yumşaldı bircə-bircə –
nəfəs verib, can verib dilləndirdin onları.
Qəddar, amansız qisas axırda baş tutsa da,
Azğın menadlar sənin axırına çıxsa da –
aslanların, quşların, ağacların, otların,
qayaların dilinə keçdi o səs, o səda…
(tərcümə Mahir N. Qarayevindir)
Rilkenin şeiriyyətini müəyyən mənada Nitsşenin mənsur fəlsəfi poeziyasıyla polemika da saymaq olar. İnstinktiv başlanğıcı əsas götürən sələfindən fərqli olaraq o, Dionislə Apollonu qarşı-qarşıya qoymur, onlar arasında qanlı savaş açmır, tərsinə, bu iki başlanğıcı bir araya gətirir. Onun Dionisi instinktlərin tüğyanı deyil, intuisiya axınıdır. Dionisin dəli seli Apollonun dəhnəsinə tökülüb müdriklik pərini fırladanda, yaradıcı düşüncənin dəyirmanını işə salanda sənətin də, fikrin də möcüzələri yaranır.
Səs gəlir: hardasa çaylar oxuyur.
Oxuyan elə bil zamandı, vaxtdı.
Amma yox, vaxt deyil, zaman deyil, yox –
bəlkə sonsuzluqdu əriyir, axır.
Sənə yabançıdı bu səslər hələ,
Sudu – gah uzaqda, gah yaxındaca.
O suda bir daşsan bəlkə sən elə –
düşmüsən, qalmısan o axındaca.
Hər şey necə uzaq, necə yaxındı,
hər şey də bəllidi, mənası varmı…
sudu… axıb gedir, adi axındı…
Sənsə sirr dəlisi, sirr ölüsüsən,
yad sular, yad çaylar axdı, apardı
bütün hisslərini… hara görəsən?
(tərcümə Mahir N. Qarayevindir)
Rilke “Orfeyə sonetlər”i münhenli dostunun 1919-cu ildə leykemiya (ağ qan) xəstəliyindən dünyasını dəyişmiş gənc qızına həsr eləmişdi. Eynən ölmüş sevgilisi Evridikanın ardınca qaranlıq dünyaya gedən Orfey kimi bəlkə o da sözün gücü, sənətin möcüzəsiylə o qızı geri qaytara biləcəyinə ümid eləmişdi. Fəqət üstündən yeddi il sonra 51 yaşlı şair özü də “göylərin lənətlədiyi böyük şəhərlərin” (sitat “Dua kitabı”nın üçüncü bölümü olan “Yoxsulluq və ölüm haqqında kitab”dakı bir şeirdəndir) hay-küyündən qaçıb sığındığı bir İsveçrə kəndində eyni xəstəlikdən canını torpağa tapşırdı. Bununla da sanki cavan ölümünə yandığı qızın xəcalətindən çıxdı.
Rilkenin "Orfeyə sonetlər" əsərini yazdığı Château de Muzot. Veyras. İsveçrə
Buna qədərsə modern çağın Orfeyi, yeni Avropanın ən böyük şairi ölümcül mərəzə mübtəla olmuş o qızı da, özünü də qaranlıq ölülər səltənətindən işıqlı dünyaya çağıra bilmişdi. Əlbəttə, bilirdi ki, bundan sonra bir də heç vaxt onları öldürmək mümkün olmayacaq.
yeniazerbaycan.com