Azərbaycanlı rəssam: “Rəsulzadənin portretini çəkəndə...” – Müsahibə

Fəridə. Könül Ramazan

Fəridə. Könül Ramazan

22 dekabr 2021
# 09:00

Kulis.az gənc rəssam və tatu ustası Könül Ramazanla müsahibəni təqdim edir.

- Könül, əvvəlcə özün haqda bir az məlumat ver...

- 1985-ci ildə Bakıda anadan olmuşam. Orta təhsilliyəm. Rəssamlıqla elə uşaqlıqdan məşğulam.

- Mən sənin daha çox portretlərini görmüşəm. Əsasən, hansı tərzdə rəsmlər çəkirsən?

- Əsasən, realist üslubda çəkirəm. Portretlər çoxdur, bəli. Başqa üslublarda da rəsmlərim var. Məsələn, Nude-art, Peyzaj, Pop-art və s.

- Pop-art demişkən, müasir dövrdə pop-art janrının rəssamlıqdakı yeri haqda nə deyə bilərsən?

- Pop-art tərzində bir neçə portret rəsmlərim var. Mənə görə, pop-art müasirlik, avanqard və modernliyi təmsil edir. Ümumiyyətlə, zaman keçdikdə rəssamlıqda hər dövrə uyğun qollar, yeni üslublar, axınlar yaranır. Bu inkişafdır. Təkcə klassikadan yapışıb qalmalı deyilik, məncə. Hər üslubun öz dahisi, hər dahinin də gözəl əsərləri var.

- Könül, hansı rəssamları sevirsən? Kimi ruhən özünə daha yaxın hiss edirsən?

- Leonardo Da Vinçinin, Michelangelonun, Claude Monetin və İvan Ayvazovskinin tərzlərini, əsərlərini daha çox sevirəm. Amma Amedeo Modigliani və Vinsent Van Qoq ruhən daha yaxındır mənə.

- Bayaq dedin ki, daha çox realist rəsmlər çəkirsən. Özünü bir rəssam olaraq realizmin təmsilçisi hesab edirsən? Ya da, sənə rəsmdə hansı tərz daha çəkici, ecazkar, maraqlı gəlir?

- Mənə ruhən impressionist üslub daha yaxındır. Düzünü desəm, məni realizmə gətirən zamanın tələbi oldu. Amma onu da deyim ki, bu üslubda işləmək daha çətindir. Həm səbr tələb edir, həm də çox zamanını alır. Amma nəticələr gözəl olur.

- Dedin ki, bu işlə uşaqlıqdan məşğulsan. Rəssam olmaq fikrinə necə gəldin, bu istedadı özündə necə kəşf etdin?

- Bunun ağlıma fikir kimi gəldiyini demək doğru çıxmır, məncə, mən elə rəssam olaraq doğulmuşam. Rəsm çəkə bilməsəm yaşaya bilmərəm. Uşaqlıqdan ən sevimli oyuncaqlarım kağız, qələm, karandaş idi. Ibtidai sinifdə artıq başqa uşaqlardan daha yaxşı çəkdiyimin fərqinə vardım. Və bu həvəs məndə heç vaxt ölmədi...

- Nə yaxşı, Rəssamlıq Akademiyasında təhsil almaq istəmədin?

- Əlbəttə, istədim. Sonra bəzi nüanslar məni fikrimdən daşındırdı. Sadəcə diplom xatirinə oxumaq istəmədim. Bu gün nə bacarıramsa, hamısı sırf öz əməyimin, əziyyətimin nəticəsidir. Heç müəllimim də olmayıb. Elə burda rəssam olmaq istəyənlərə bir balaca tövsiyə vermək istərdim – sadəcə rəsm çəkməklə kifayətlənməyin. Sənətin sirlərini mütləq öyrənin. Yoxsa inkişaf edə bilməyəcəksiniz.

- Rəsmlərin, portretlərin çox gözəldir. Hər biri peşəkar rəssam fırçasından çıxmış qədər maraqlı, ecazkardır. Bəs, bu işdən pul qazana bilirsən? Sifarişlə portret və ya tablolar çəkirsən?

- Verdiyiniz dəyər üçün minnətdaram. Bəli, sifarişlər olur. Ən çox portret sifarişləri alıram. Bundan əlavə, müəllimliklə də məşğulam, rəsm dərsləri keçirəm.

- Rəsmlərinə baxanda əziyyətin və eyni zamanda sevgiylə işlədiyin hiss olunur. Bir portreti hazırlamaq üçün təxminən nə qədər vaxt xərcləyirsən?

- Əgər sifariş deyilsə, tələsmirəmsə, bir həftə-on gün arası bitirə bilirəm. Gündə maksimum dörd saat vaxt sərf etməklə.

- Sirr deyilsə, sifarişləri hansı qiymət aralığında satdığını deyə bilərsən? Əziyyətinə dəyir, heç olmasa?

- Qiymətlər əlli manatdan başlayır. O qədər yuxarı məbləğ hesab olunmaz. Heç əziyyətinə dəymir. Amma yenə də narazılıq etməyim, min bərəkət.

- Könül, elə rəsm olub ki, çəkəndə alınmasın? Mənim bir neçə rəssam dostlarım var, hərdən şikayət edirlər ki, bəzi insanların portretini işləyəndə çox əziyyət çəkiblər. Dəfələrlə cəhd etdikdən sonra, min-bir əziyyətlə çəkə biliblər. Onlar bunu insanın xarakteri ilə əlaqələndirirlər, deyirlər ki, bu enerji məsələsidir. Sən bu haqda nə düşünürsən, belə şey gəlib başına?

- Çox qəşəng mövzuya toxundunuz. Belə bir mistik hadisə mənim də başıma gəlib. Müstəqil Azərbaycan Cümhuriyyətinin qurucusu, dahi Məhəmməd Əmin Rəsulzadənin portretini çox çətinliklə çəkmişəm. Düz üçüncü cəhddə alındı rəsm. Üçüncünü çəkəndə də gah işıqlar sönürdü, gah da nootbuk öz-özünə sönüb, yanmırdı. Şükür ki, rəsmi salamatlıqla, istədiyim kimi çəkib başa çatdıra bildim.

- O rəsmin də çox gözəl alınıb, məncə əziyyətinə dəyər. Ilhamla aran necədir? Nədən ilham alırsan? Səni çəkməyə ruhlandıran şeylər nələrdir? Ya da, bir şey çəkmək üçün içində həmin an nə hiss edirsən ki, bunu çəkməliyəm deyirsən?

- Mənim üçün ilham – hüzurdur. Rahatlıq. Belə anlarda çəkmək istəyirəm. Özümü hüzursuz hiss edəndə isə rəsmdən uzaq oluram. Bir də, internetdə dünya rəssamlarını izləyirəm. Bu da mənə çox ilham, həvəs verir. Bəzən elə fotolar görürəm ki, foto özü mənə deyir ki, məni çək. Kölgə, işıq effekti o qədər gözəl görünür ki, çətin də olsa, mən bunu bacararam deyib çəkirəm.

- Manyerizmin önəmli rəssamlarından olan Vazari deyirdi ki, bir rəsmin qüsursuz olması üçün ən vacib şeylər zəriflik, yaradıcılıq və texnikada ustalıqdır. Sən necə düşünürsən, rəsmin qüsursuz olması üçün önəmli olan şeylər nələrdir?

- Bəli, ilk növbədə texnikanı bilmək vacibdir. Proporsiyaları, perespektivi, işıq və kölgəni bilməsən rəsm, əlbəttə ki, qüsurlu olacaq. Mən belə düşünürəm ki, Vazarinin fikri özünü ən çox realizmdə doğruldur. Qalan janrlar nisbətən azaddır. Qüsur axtaran isə ən ideal rəsm əsərində də qüsur tapa bilər. Elə dahi rəssamlar var ki, əsərlərini incələsək başdan-ayağa qüsurdur. Məncə, rəsmdə istilik, enerji tapmaq lazımdır, rəsmi başa düşmək lazımdır. Baxdığım rəsm məni düşündürür, harasa aparır, hansısa təəssürat yarada bilirsə, o rəsm mənim üçün qüsursuzdur.

- Rəssamlıq tarixi, dünya rəsm sənəti haqda o qədər dərin bilgiyə malik deyiləm, ona görə yanıla da bilərəm, amma mənə elə gəlir ki, günümüzdə rəssamlıq digər incəsənət qollarından inkişaf və ya hərəkət baxımından bir qədər geri qalır. Musiqi və ya ədəbiyyat qədər aktual deyil. Sən necə düşünürsən?

- Qətiyyən razı deyiləm. Bu gün dünyada rəssamlıq bir sənət qolu olaraq çox irəlidədir. Təəssüf ki, bunu ölkəmiz haqqında deyə bilmirəm. Çox böyük kədər hissi ilə vurğulayım ki, Azərbaycanda rəssamlığa, rəssamlara dəyər də, qayğı da çox aşağı səviyyədədir. O qədər istedadlı gənc rəssamlarımız var ki... Bəlkə də, dünyanın başqa bir yerində olsaydıq daha yaxşı diqqət görə bilərdik. Ümid edirəm ki, gələcəkdə bu problemlər yoluna düşər...

- Sərgi açmaq haqqında düşünmürsən?

- Ən böyük arzumdur. Rəsmləri çəkib yığıram. Möhtəşəm və çox fərqli bir sərgi etməyi düşünürəm.

- Hansısa məşhur rəsm əsərinin orijinalını almaq, evindən asmaq imkanın, şansın olsaydı, bu hansı əsər olardı?

- Van Qoqun ‘’Ulduzlu gecə’’ əsəri və ya Ayvazovskinin “9-cu val’’ əsəri.

- Səndə nude rəsmlər də çox zərif alınır. Nude çəkəndə ətrafdan və ya ailəndən hansısa iradlar, etirazlar eşidirsən? Bizim camaat bir az belə şeylərə başqa cür baxır axı...

- Bu cür hallar həmişə olub, olacaq da. Düzü, ailəm mənim sənətimə, yaradıcılığıma qarışmır. Nude rəsmləri sosial şəbəkələrdə paylaşanda reaksiyalar birmənalı olmur. Buna fikir vermirəm. Nude-art həmişə mənim üçün gündəmdə olacaq. Kiminsə xoşu gəlmirsə, ayıb hesab edirsə, gözlərini yumsun.

- Bildiyim qədər, tatu ilə də məşğulsan. Sənə rəsm daha çətin gəlir ya döymə sənəti? Ya da, hansından pul qazanmaq daha asandır?

- Heç biri asan deyil. Tatu məsuliyyətli işdir. Rəsm belədir ki, iş alınmasa yenidən çəkə bilərsən. Döymə sənətində bu lüksün yoxdur. Həm çox diqqət, həm təmizlik, həm də peşəkarlıq tələb edir.

- Bu rəsmlərinə baxıram, ağ-qara üstünlük təşkil edir. Rənglərdən qaçırsan sanki...

- Yox, rəngləri sevirəm. Bu sadəcə texnika ilə bağlı bir şeydir. Boyaları çox sevirəm. Ancaq karandaşla işləyərkən ağ-qaraya üstünlük verirəm. Rəng rəssamın dostu, silahıdır, necə qaça bilərəm?

- Son olaraq, gənclərə, rəssam olmaq istəyənlərə, bu işə yenicə başlayanlara nə demək istərdin?

- Rəssam olmaq istəyən bütün dostlara demək istərdim ki, alınmaz deyə rəsm çəkməkdən qorxmayın. Alınmırsa, yenə çəkin. Axırda mütləq alınacaq. Hər gün çalışın. Cızma-qara da olsa rəsm çəkin. Çoxlu mütaliə edin. Mən Akademiyanı bitirən tələbələr tanıyıram ki, dünyaca məşhur rəssamların adlarını da bilmirlər. Dünya rəssamları ilə tanış olun, rəsmlərini kopyalayın. Bir gün mütləq özünüzü tapacaqsınız.

# 5415 dəfə oxunub

Müəllifin son yazıları

# # #