Fikrət Qoca və Umberto Eko: Eyni suallar

Fikrət Qoca və Umberto Eko: Eyni suallar
9 sentyabr 2014
# 11:06

“Eyni suallar” layihəsində dünya şöhrətli yazarların müsahibələrində cavablandırdığı suallar azərbaycanlı yazara ünvanlanır. Layihədə hər iki yazarın cavabları təqdim edilir. Budəfəki layihədə Umberto Ekonun müsahibəsində cavablandırdığı suallar Xalq Şairi Fikrət Qocaya ünvanlanıb.

– Tanış olmaq, söhbət etmək istədiyiniz bir tarixi fiqur, yazıçı, dövlət xadimi, filosof varmı? Belə bir şansınız olsa kimi seçərdiniz?

U.Eko:


- Heyran olduğum adamlarla görüşməyə cəhd etməmişəm. Onlarla tanış olmaq istəmirəm. Onlar haqqında beynimdə yaratdıqları obrazı təhrif etmələrini, pozmalarını istəmirəm. Dolayısı ilə görmək istədiyim tarixi fiqur yoxdur. Kitablarında, tablolarında, bəstələrində ifadə etdiklərindən artıq bir şey deyəcəklərini də zənn etmirəm. Məsələn, Baxla tanış olmaq üçün heç bir səbəb tapa bilmirəm. Qoyub getdiyi əsərlər mənim üçün bəs edir. Nəticədə Bax pop mədəniyyət deyil.

F.Qoca:

- Əgər vaxtı geri qaytarmaq mümkün olsaydı iki böyük insanla - Nazim Hikmət və Rəsul Rzayla yenidən görüşmək istərdim... Mən tələbə olanda Moskvada Nazim Hikmətlə görüş keçirilirdi. O vaxt da bizə təlqin edirdilər ki, bir vaxt gələcək dünyada bütün dillər sıradan çıxacaq, ancaq rus dili qalacaq. Kim əbədiyaşar olmaq, yazdıqlarının oxunmasını istəyirsə əsərlərini rusca qələmə alsın. Bu fikirləri o vaxt bizim büt zənn etdiyimiz, inandığımız Nazim Hikmətin dilindən dedirtmək istəyirdilər. Nazim Hikmətə bu barədə sual verəndə o dedi ki, ola bilər belə bir şey olsun. Onda mən ayağa qalxıb etiraz elədim ki, əgər belədirsə, onda siz niyə yazırsınız. O da məni sakitləşdirib dedi ki, kiçik şair (onlar cavan şairə belə deyirlər) burda – ədəbiyyatda sənə də, mənə də, hər kəsə də yer var, sən narahat olma. Görüşdən sonrasa çiynimi sıxdı. İndiki ağlım olsaydı ona o cür sözlər deməzdim, çünki o vaxtkı Fikrət siyasət-filan tanımırdı, hər şeyi qəlbinin tərəzisi ilə ölçürdü. Nazim Hikmət Türkiyədə ölümün ağzından çıxıb Rusiyaya gəlmişdi, bəs Rusiyadan hara gedə bilərdi? Heç onu buraxardılarmı ki, harasa getsin. Onun da deyə bilmədiyi sözlər var idi. Ancaq cavan olanda düşünürdüm ki, o divdir, o nə istəsə deyə bilər. İndi başqa cür düşünürəm, bilirəm ki, Sovet İmperiyasının gücü ilə onu məhv eləmək çox asan məsələ idi. Ona görə də o vaxt səhv düşündüyümün indi fərqindəyəm, indiki ağlım tələbə vaxtı olsaydı, onunla çox sakit rəftar edərdim, başqa sual verərdim, nələrsə öyrənərdim ondan.

Bir də Rəsul Rzanı yenidən görmək istəyərdim. Rəsul müəllimlə müxtəlif səfərlərdə, ovda olmuşam. Xeyli maraqlı söhbətlərinə qulaq asmışam. O vaxt mən cavan idim və böyüklər danışanda daha çox qulaq asardım, ancaq söz soruşulanda cavab verərdim. Oxuduğum kitablar haqqında da danışıb lovğalanmağı sevməzdim. Ona görə də Rəsul müəllimlə elə bilirəm ki, az söhbət eləmişəm. Yenə istəyərdim ki, o danışsın, söhbət eləsin, qulaq asım, amma mən də fikrimi bildirim. Dünyada elə əvəzsiz insanlar olur ki, onlar bu dünyadan köçəndən sonra onlara çox böyük ehtiyacın olur, onlarla ünsiyyətin əvəzsiz olduğunu düşünürsən.

- Dünyada üç şeyi dəyişdirmək imkanınız olsaydı, nələri dəyişərdiniz?

U.Eko:

- Birinci reportajları yığışdırardım. Qalanı isə çox adi şeylər olardı. Məsələn, dünyada sülhün olmasına çalışardım. Əslində, ömrümün çox az bir hissəsinin qaldığını nəzərə alsaq, bunun mənə heç dəxli yoxdur. Amma nəvələrim üçün yaxşı olardı. Fikirləşirəm, amma, deyəsən, dəyişdirmək istədiyim başqa şey yoxdur. Dünya pis-yaxşı belə də davam edə bilər.

F.Qoca:

- Dünyada heç nəyi dəyişmək istəməzdim. Ona görə ki, dünyada nə olursa, nə baş verirsə hamısı zərurətdən yaranır. Bir də görürsən ki, sənin zərərli bildiyin bir həşərat nə qədər bakteriyaları yeyir və dünyaya xeyir verir. Onda başa düşürsən ki, sənin bildiklərin yox, Allahın məsləhəti düzgündür. Ona görə də heç nəyi dəyişmək istəmərəm, ancaq arzu edərəm ki, hər nə varsa öz yerində olsun. Hər şey yerində olsa, onda gözəl olar və nəyisə dəyişdirmək barədə düşünmərik.

Uşaqlarına verdiyiniz, ya da ata-ananızdan aldığınız ən vacib nəsihət hansıdır?

U.Eko:

- Məncə bir ana və ya ata, uşaqlarına ən vacib nəsihəti onları qarşısına qoyub “nəsihət eləyəndə” deyil, fərqində belə olmadığı anda verir. Hər hansı bir şeyi öyrətdiyindən xəbərsiz olduğu anda. Tamamən marjinal anlarda. Özü üçün də, uşaqlar üçün də sirr olaraq qaldığı vaxtda.

F.Qoca:

- Xeyirxahlıq. Dünyada xeyirxahlıqdan böyük əməl yoxdur. Xeyirxahlıq deyəndə onu nəzərdə tutmuram ki, cibindəki pulu kiməsə çıxardıb verdin bu da oldu xeyirxahlıq. Yox elə deyil. Bəzən birinin qəlbini gülüşünlə sevindirməyin də xeyirxahlıqdır. Məsələn, biri səndən soruşur ki, necəsən. Qanın qaradırsa belə möhkəm səslə de ki, yaxşıyam. Qoy sənin kədərinə başqası da ortaq olmasın. Sevincini bölüş, kədərini yox. Valideynlərimdən alıb övladlarıma ötürdüyüm ən böyük nəsihət xeyirxahlıqdır. Bundan gözəl nə ola bilər ki.

– Tənha bir adaya düşsəniz özünüzlə hansı üç əşyanı götürərdiniz?

U.Eko:


Siz hansısa üç əşyanı götürəcəyimi soruşursunuz. Mənə bu vaxta qədər o adaya hansı kitabı götürəcəyim sualını verirdilər. Mən də “telefon kitabçası”nı deyirdim. Telefon kitabçasındakı adlardan xeyli hekayə düzəldə bilərəm. Deməli, birinci əşya telefon kitabçası.

İkincisi, blokfleytamı da özümlə götürərdim. Adada tənha adamın bir işlə məşğul olması lazımdır, ya yox. Beləcə, Baxdan nəsə çalardım.

Adada elektrik olmadığına görə təəssüf ki, kompüterimi götürə bilmərəm. Ümid edirəm kokos qırmaq üçün adada daşdan zaddan tapa bilərəm. Ona görə də üzmək üçün özümlə çimərlik paltarımı götürərəm. Təbii ki, gözlüklərimi hesaba almasaq. Onlar ayrı hesablanarsa çimərlik paltarı yerinə gözlük götürmək daha doğru olar.

F.Qoca:

- Elə bir əşya götürərdim ki, o əşya məni adadan xilas olmağıma kömək etsin. Çünki adada ömürlük yaşamaq olmaz, xüsusən də, indiki yaşda (gülür).

- Ömrünüz boyu təkrar-təkrar oxuduğunuz bir kitab varmı?

U.Eko:

- Çoxdur. Ən birinci, əlbəttə, telefon kitabçası. Bir də gəncliyimdən bəri oxuduğum bir kitab var; İtaliyada, Fransada və Amerikada onun haqqında çoxlu dərs demişəm. Gerard de Nervalın “Silviya”sı. Nerval İstanbul üçün də vacib bir addır (XIX əsr fransız romantik ədəbiyyatının ən önəmli simalarından olan şair Gerard de Nerval şərqə səfəri zamanı dəfələrlə İstanbulda olmuş və bu barədə səyahətnamələrində yazmışdır – tərcüməçi.).

Onun “Silviya” əsərini, nəhayət, italyancaya çevirdim. Hər dəfə oxuyanda yeni şeylər kəşf etdiyim əla bir əsərdir. Tərcümə əsnasında son dəfə oxuyarkən belə daha əvvəl gözümdən qaçan yeni şeylər tapdım. 8-9 il əvvəl tərcüməni bitirəndə çox üzülmüşdüm. Çünki artıq bu kitabı nə edəcəyimi bilmirdim.

F.Qoca:

- Var. Servantesin “Don Kixot” romanını bir neçə dəfə oxumuşam. Hər dəfə də daha maraqlı təsir bağışlayıb mənə. Gənclərə də bu kitabı oxumağı tövsiyə edirəm.

- Cavabını ən çox bilmək istədiyiniz sual hansıdır?

U.Eko:

- Filosof kimi işim cavabı olmayan suallarla məşğul olmaqdır. Ona görə də bu mövzuda saatlara danışa bilərəm. Amma ən qorxuncu budur; qarşımda dayanan adam, həqiqətən də, mövcuddurmu? Yoxsa o sadəcə mənim təsəvvürümün məhsuludur?

F.Qoca:

- Cavabının bilmək istədiyim sual yoxdur. Çünki hər sualın cavabında daha neçə suallar doğur Sən bir sualın cavabın düşündükcə, tapmağa çalışdıqca başqa bir sual meydana çıxır. Belə olanda başa düşürsən ki, deməli, cavablar cavab deyilmiş.

- Axirətə inanırsızmı?

U.Eko:

- Məndən sonra da həyat davam edəcək. Öz tərəfimdən bu suala müsbət cavabım yoxdur. Hələ ölməmişəm, sonra nə olacağını da bilmirəm. Amma gedənə sizə xəbər verərəm.

F.Qoca:

- Əlbəttə, inanıram. Bu dünya olduğu kimi, başqa bir dünya da, aləm də var.


Zəruri qeyd: U. Ekonun bu müsahibəsi Kulis.az saytında Elnarə Ağaoğlunun tərcüməsində dərc edilib. Təqdim etdiyimiz hissələr həmin müsahibədən seçilib.

# 4209 dəfə oxunub

Müəllifin son yazıları

# # #