Birotaqlı ev qadın üçün fəlakətdir!

Birotaqlı ev qadın üçün fəlakətdir!
21 noyabr 2024
# 15:00

Kulis.az Eminquey Akifin yeni yazısını təqdim edir.

“Dünyada hələ heç bir xəbər agentliyi, TV, qəzet, teatr, kino, sənət yox ikən, hər evdə mətbəx və qadınlar var idi”.

Eminquey Akif


O ki evə qonaq gəlir, qadınlar mətbəxə yığılır ha, dünyada ən maraqlı yer həmin mətbəxdir. Nə var kişilərin toplaşdığı masada? Maşın söhbətləri, heç vaxt əlləri çatmayacaq Putin-Amerika-Qafqaz mübahisələri və uzaqbaşı din, peyğəmbər, imam, Allah.

Mətbəx isə bütün sənət sahələrini özündə birləşdirən müqəddəs ocaqdır. Saatın yox olduğu, duyğuların gah qartal zirvəsinə qalxdığı, gah da ilan kimi yerlə süründüyü, bütün duyğu orqanlarının qidalandığı əlahiddə məkan.

Ən cəlbedici xəbər başlıqları:

Məsələn, Sona qaynın arvadı Rənaya deyir:

“Rasimlə Gülnar boşandı – İki uşaq ortada qaldı”.

Başlıq hazırdımı? Hazırdı. Rənanın bircə “Nə danışırsan???” deməsi bəsdir ki, xəbərin bütün təfərrüatları ilə tanış olasan. Bu xəbərlərin mütləq bir etibarlı istinad mənbəsi olur. Məsələn, Gülnargilin qapı qonşusu Pakizə.

Pakizənin adı gələn kimi hamı bu xəbərə şəkk-şübhəsiz inanır və qızğın müzakirə başlayır. Rasimlə Gülnarın evdən qonşuya yayılan dava-qırğın səsləri, gecəki davanın səhərsi Gülnarın anasının onlara gəlməyi və bütün başqa detallar.

Mətbəxdə teatr və heç vaxt aşkarlanmayan artistlik bacarığı:

Qadınların içində mütləq kimisə parodiya edəcək, yamsılayacaq bacarığı olan biri olur. Məsələn, bir başqa mövzunun ən qaynar məqamında hamı Təranə çönüb deyir:

“Aaz, dur bir dənə Fatma (məhəllənin sevilməyən qonşusu) kimi yeri, sən onun ağzından yaxşı açırsan”.
Təranə qəfil çevrilib olur Fatmanın birəbir eynisi. Hamının ürəyindən tikan çıxır, uğunub gedirlər. Söz yox ki, Fatmanın danışmağını yamsılamaq da Təranənin bacarıqları siyahısına daxil ola bilər.

Buna bir növ “mətbəxdə komediya/stand up” demək olar.

Mətbəxdə musiqi:

Hər on mətbəxdən səkkizində oxumaq bacarığı yemək qoxusunda, qazan buxarında itib-batan bir qadın var. Göyərti doğraya-doğraya, düyü arıtlaya-arıtlaya elə zümzümələr eşidə bilərsiniz ki, min müğənni yığıla, o zümzümə qədər şirin, o zümzümə qədər məlahətli ifa qoya bilməz ortaya.

Yeni əsrə qədər qadın azadlığı şərq ölkələrinin menyusunda olmadığı üçün mətbəxlər qadının ən azad olduğu yer idi. Qadının yeri mətbəx idi. O, erkəyinin ürəyinə yol tapmaq üçün gününün yarısını mətbəxdə keçirirdi. Doğrudur, indi də bu fakt qüvvəsində qalır, amma şübhəsiz ki, o mətbəxlərin pəncərəsindən qaçıb küçəyə, küçədən də səhnəyə və başqa yerlərə ayaq aça bilən qadınlar da az deyil.

Mətbəx qadının Vətənidir. Vətəni necə qorumaq lazımdırsa, qadın da mətbəxi o cür qoruyur. Vətənin necə öz qayda-qanunu, nizamı varsa, qadın da mətbəxdə o cür qayda-qanun, nizam yaradıb. Heç bir kişi o mətbəxdə hökmranlıq edə bilməz, o qayda-qanunu, nizamı poza bilməz. Çəngəl qoyulan qabın içinə qaşıq atmaq, suyu içib stəkanı hara gəldi qoymaq, çörəyin ovuntularını mətbəx mebelinin üstündəcə qoyub getmək yalnız kişinin işi ola bilər.

Mətbəx olmasaydı, bu qədər ixtiralar necə əmələ gələcəkdi? Paltaryuyandan tutmuş yumurta soyana qədər – nə varsa, mətbəxin sayəsində əmələ gəlib. Kişiyə qalsaydı, çox güman əti hələ də çiy yeyirdik. Kişiyə qalsaydı, çox güman hələ də od kəşf olunmamışdı. Qadının varlığı kişini məcbur etdi ki, odu kəşf edib onu qorumağı qadına tapşırsın. Belə olmasaydı, qadının qarşısını almaq çətin olardı. Elə buna görə də qadın kişidən qisasını mətbəxdə alır. Ən böyük ailə münaqişələri mətbəxdə müzakirə olunur. Qadın kişini məhz mətbəxdə məzəmmət edir.

Zaman elə bir məqama gəlib çıxıb ki, qadınlar indi bir başqa reallıqla üz-üzə qalıblar. Ev almaq müşkülə çevrilib. İndi birotaqlı, studiya mətbəxli evlər gəlib bazara. Bu evlər geniş ev almağa gücü çatmayanların dincliyi, rahatlığı olsa da, qadınlar üçün əsl fəlakətdir. Bu evlər qadının mətbəx azadlığını əlindən alır. Qadın hər şeydən məhrəm ərazisini itirir. Necə ki artıq qadın həm siyasətdə, həm incəsənətdə, həm də digər sahələrdə geniş auditoriya toplaya bilir, yəni, qadın mətbəxdən dünyaya çıxmaqdadır, artıq mətbəxlər də öz məhrəmliyini itirib özünü kütləyə təslim edir. Bu evlərdə mətbəxin sərhədləri yoxdur.

Qədim Romada yaranan artıq tamamilə xüsusi bir otaq kimi formalaşmağa başlayan mətbəx, romalıların dilində desək, “culina” (kulinariya sözü də buradan əmələ gəlib), artıq yenidən öz primitiv mərhələsinə qayıdır.

Bu birotaqlı evlər qadın üçün kabusdur.

Bu birotaqlı evlər...

Bu studiyalı mətbəxlər...

Və bəzən də ağlamaq üçün ən əlverişli künclər...

Və bəlkə də otağın ortasında qurulan səngərlər...

# 1577 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #