Azərbaycan Yazıçılar Birliyində qadın yoxdur?

Azərbaycan Yazıçılar Birliyində qadın yoxdur?
16 iyul 2024
# 11:55

AYB-nin 90 illik yubileyi keçirilib. Nə nala-mıxa vuracam, nə də yubiley haqqında uzun-uzun yazacam, birbaşa keçirəm mövzuya:

Niyə bu yubileydə qadın imzalara söz verilmədi?

Giriş sərbəst idi, əla!

Bəs niyə bu sərbəstlik yubileyin özünə təsir göstərmədi?

Niyə AYB-nin tədbirlərində hər dəfə eyni adamlara söz verilir və hər dəfə eyni adamların yaradıcılığından söz açılır?

Başa düşürəm, AYB-nin öz işidir, amma öz işini “giriş sərbəstdir” mərhələsinə çıxarırsansa, bir az üfüqləri də geniş götürməlisən. Tədbirə gələn qonaqların içində bircə qadın şair, yazıçı yoxdurmu çıxıb söz desin? Axı mən bildiyim qədər AYB-nin qadın üzvləri də az deyil?! Bəlkə, AYB özü üzvü olan qadın imzalara ciddi yanaşmır?

Məncə, söz o adamlara verilir ki, sözünün çəkisi ağırdır, sanballıdır, dəyəri var. On kişiyə söz verəndə böyrünə iki-üç qadın da əlavə etmək olmazdımı? Tədbirdə cəmi bircə qadın çıxış edib – Türk Mədəniyyəti və İrsi fondunun prezidenti Aktotı Raimkulova. O da nə şairdir, nə də yazıçı.

Sayman Aruza hörmətim var, amma Sayman Aruz o taylı-bu taylı ədəbiyyatımızın ağrılarından, Araz boyda həsrətin ədəbiyyatımızdakı inikasından, Azərbaycanda yazıb-yaratmış güneyli yazıçı-şairlərdən bəhs edib, özü də bəs qədər. Vallah, Arazın o tayı Saymanı AYB-nin yubileyində gözləmir, elə Arazın o tayında gözləyir, ya da ən azı Arazın o tayına ən yaxın yerdə, bu tayında.

AYB-nin Ağsaqqallar şurasının sədri, Xalq şairi Nəriman Həsənzadənin keçmiş xatirələrini nə qədər dinləmək olar? Adamın içi nərdivana dönür, uzanır, uzanır, uzanır... İstəyirsən ki, sən günçıxana gedəsən, Nəriman Həsənzadə günbatana. Sən arzularına enirsən, Nəriman Həsənzadə xatirələrinə qalxır. Üstünə yaş və sanbalı da gəlsən, xatirələrinə yerişi bir az da ləngiyir, adamı yuxu tutur, içində hayqırırsan ki, ya Rəbb, gərək ya düşməyəydi bu görüş heç araya, ya o əvvəl gələydi, ya mən sonra dünyaya.

Məni təəccübləndirən hamımızın gənclərə dəstək verən biri kimi tanıdığı Rəşad Məcidin çıxış etməməyi oldu. Görünür, centlmenlik etmişdi. Söz haqqını hansısa qadına bağışlamışdı.

İndi ola bilər, arqument kimi gətirilsin ki, bu adların AYB-də xüsusi funksiyası var. Mən razı. Bəs, yaxşı, niyə AYB-də xüsusi bir vəzifəsi olan, ən azı tədbirdə-zadda çıxış haqqı qazanmaq üçün kreslosu olan bir qadın yoxdur? Məsələn, Türk Mədəniyyəti və İrsi fonduna baxıb ibrət götürmək olar. Əvvəl də prezidenti qadın olub, indi də. İş orasındadır ki, var, sadəcə, nədənsə belə xüsusi tədbirlərə yanaşma seksist olur.

Barı biraz PR siyasətiniz olaydı da. Çağırardınız Elza Seyidcahanı. Özü də AYB-nin üzvüdür. Əndrəbadi geyimi ilə gələrdi tədbirə. İki şeir oxuyardı, AYB-nin 90 illik yubileyi çıxardı ölkə səviyyəsinə.

Əziz qadın imzalar, “Azərbaycan ədəbiyyatında yaxşı yazan qadın şair yoxdur” deyəndə şeirlərinizi misra-misra gözümüzə soxurdunuz, nə oldu? Niyə biriniz çıxıb etiraz etmədi ki, bizə niyə söz vermirsiniz? Hamının adına danışırsınız o səhnədə, imkan verin, biz də çıxaq Azərbaycan ədəbiyyatına xidməti olan qadınlarımızın dilindən danışaq da. Məsələn, Məhsətinin, Natəvanın, Dilbazinin, Nigar Rəfibəylinin... Əşşi, lap elə öz dilimizdən!

Sonra çevrilib “Kulis”ə baxıram, heç burada da bir qadın imza yoxdur. Hamısı saqqallı kişilərdir. Kənardan yazan qadın müəlliflər də yox dərəcəsindədir. Hanı bu qadın imzalar? Başları ev yığışdırmağa, paltar yumağa, yemək bişirməyə qarışıb? Daha yazıb-yaratmırlar? Bəlkə, ər çörəyinə bel bağlayan qadınlar gözləyirlər ki, şeiri də kişilər gedib alıb gətirəcək söz bazarından?!

Səsi qızıl fondun incisi olan Akif İslamzadə, başı ilə dünyada Azərbaycanı zirvələrə qaldıran Şəhriyar Məmmədyarov qadınlarla bağlı mənfi söz deyəndə aləm dəydi bir-birinə. Nə var, nə var, bu cəmiyyətdə qadına qarşı olan aşağı münasibəti onlar birbaşa dilə gətirmişdilər.

Akif İslamzadəyə dedilər, sən danışmasan yaxşıdır. O Akif İslamzadə ki, illərdir səsindən oxumaq üçün istifadə edə bilmir. Şəhriyara dedilər, sənin başın ancaq şahı mat eləməyə işləyir. Halbuki, Şəhriyar uduzduğu qadın şahmatçını məğlub edəndən sonra bu qərara gəlib ki, qadın keçilməz deyil. İndi niyə AYB-nin 90 illik yubileyində nümayiş olunan seksist yanaşma incitmədi qadın yazarlarımızı?

Neyləyək? Sizin hüquqlarınızı da biz kişilər tapdayaq, hüquqlarınızın müdafiəsini də biz edək? Əlinizdə o cür silahlar var: çömçə, qaşıq, qazan, aşsüzən... Sözünüzdən istifadə edə bilmirsiniz, başa düşdüm, bəs bu alətlər taleyinizə niyə yazılıb?

AYB-nin 90 illiyinə əklillər də hədiyyə olunmuşdu. Xəyal Rza çıxış edərkən dedi ki, "qadınlarımız gedəndə hərəsi bir gül götürsün bu əklildən, bayram ab-havası hiss olunsun".

Ay xanımlar, niyə dillənmədiniz ki, bizə söz verilmədi, indi başımızı güllə aldadırsınız? Təəssüf ki, qadınları aldatmağın ən asan yolu elə güldür. Gül ver, səsini al əlindən. Gül ver, sözünü al əlindən. Gül ver, haqqını al əlindən.

Mən sizə gül verə bilmirəm, bağışlayın.

Amma sizin söz haqqınızı sizə qaytarmaq istəyirəm.

Buyurun, əziz qadınlar.

Ya Xəyal Rzanın gül çələngindən sizə verdiyi güllərdən qoyun ölən hüquqlarınız və sözünüzün sinəsinə, ya da...

# 3335 dəfə oxunub

Müəllifin son yazıları

# # #