“Tolstoya nifrət edirəm” – Anna Karenina müsahibəsi

“Tolstoya nifrət edirəm” – Anna Karenina müsahibəsi
22 fevral 2017
# 13:26

Kulis.az Elməddin Süleymanovun “Anna Karenina ilə müsahibə” yazısını təqdim edir.

- Sondan başlayaq, bəlkə? Faciəvi taleyinizin həll edici anından. Necə fikirləşirsiniz Anna, Tolstoyun başqa seçimi var idimi?

Anna: Ah… Bir romançı olaraq təbii ki; ancaq Tolstoy olaraq yox. Fikirləşəndə hərdən elə gəlir ki, o, bu qənaətə gəldikdən sonra məni yaratmağa qərar verib. Ancaq üslubu – o məşhur paralel və sizə çox vaxt təsirsiz ötüşən həyatlar – sizi öz taleyinizə qarşı yadlaşdırmağı bacarır. Hətta hiss siz dünyalılara tanış olar: Sanki o anlarda Tanrı sizi yaddan çıxardır, yetimlik hissiylə əhatələnirsiniz. Və ümumiyyətlə Tolstoyun qəhrəmanı olmaq da sırf bu səbəbdən ötrü sıxıcıdır; bədbəxt olduğunuzu - gec və ya tez, böyük ehtimalla tez – qəbul edirsiniz, kiçik manevrlərlə cüzi də olsa ümid verir, ancaq yaradanın yaratdığına hiss etdirdiyi uzaqlıq hissi, hələ romanın ortalarında personajı məhv edərək, onu necə bir sonluğun gözlədiyindən xəbər verir. Romançının qəhrəmanından gizlətdiyi detallar mütləq olmalıdır. İxtisarlaşdırsaq, belə deyərdim: Faciənin fərqində olub, onu təxmin edə bilməmək, sonunuzu güzgü kimi, hələ mübarizə etdiyiniz anlarda görməkdən qat-qat yaxşıdır.

- Məşhur Tolstoy didaktizmi

Anna: Bu təkcə Tolstoya xas xüsusiyyət deyildi. Buna görə əvvəla XIX. əsr rus roman anlayışını mühakimə etmək olar. Lakin sualınızın mahiyyətini başa düşürəm, onu məndən yaxşı heç kim tanıya bilməz. Əgər söhbət Tanrılıqdan gedirsə, Tolstoy bir Tanrı kimi özündən xeyli şübhəlidir.

- Metod olaraq intihar haqqında nə fikirləşirsiniz?

Anna: Roman dünyasında düşüncə xeyli nisbidir. Roman personajlarını sizin kimi oxuculardan ayıran vacib detallardan biri də, bizim sizlərin əksinə, hər hansısa mövzu haqqında romanın sərhədləri çərçivəsində fikirləşdiyimizdir. Açıq danışım, bu bir tərəfdən yaxşıdır, çünki ən azından boş-boş mülahizə və fikirlərə qapılıb istiqamətimizi itirmirik; digər tərəfdən isə mənfi: mənfidir, çünki yaradılan qəhrəman onun yaşayışı üçün təklif deyil, əmr edilən üsluba etiraz edə bilir. Eyniylə doğulmaq kimi. Kim istədiyi dövrdə doğulur? Hamı – çoxluqla – ya keçmişdə, ya da ki, gələcəkdə doğulmaq istəyərdi. Verdiyim misal personajlar üçün də keçərlidir. Kimə məlumdur, bəlkə XVIII əsrin içinə yuvarlanmış bir Fransız romanında olmaq, ya da dar çərçivə, bir digər adla modernizmin dünyasında yaşamaq istəyərdi… Nə isə çox danışdığımı hiss edirəm, istəsəniz bu hissələri redaktə edin. Mənim intiharıma gəldikdə isə, artıq qəbul edirəm ki, hərəkət başa düşüləndir. Bir tərəfdə çarəsizliklə xilas, digər tərəfdə isə özünü isbatla, cəzalandırma istəyi gizlənir.

- Buna müvəffəq olursunuz. Ancaq sizi qatar relslərinə aparan yol, həmçinin roman sənətinə təzə bir dil qazandırır. Modern dünyada bu dilə şüur axını adı verilir. Şüur axını sanki xarakterin beyninə taxılan mikrofon kimidir (Anna bu an gözlərini qısıb son sözlərimə diqqət kəsilir). Beyində sürətlə uçuşan və dəyişən fikirləri qeyd edir. Və əgər yadınızdadırsa, siz lokomotivin altına atılmadan qabaq son düşüncəniz xoş bir anın kadrına təsadüf edirdi. Və onu izləyən peşmançılıq hissiniz, oxucu üstündə elə bir iz qoyur ki, sanki siz yaşamağa can atırsınız.

Anna: Son kadr daxil olmaqla, nə fikirləşdiyimi xatırlamıram.

- Vacib deyil. Soruşmaq istədiyim bu peşmançılığın yaşama instinktinin təzahürüyləmi, yoxsa Vronski və Seryojayla əlaqəli olduğudur.

Anna: Kişilər tərəfindən bəxti gətirməyən qadınların ən böyük günahı nə ola bilər? Bəzən mənə elə gəlir ki, Seryoja ilə Vronski eyni insanlardır. Vronski onun uşaqlığı, Seryoja isə Vronskinin gəncliyidir… (Bir az susur) Yox, yaşamaq istəyi deyil; yəni bu ifadə tam olaraq o anı açıqlamır. Yaşamaq, sevdiklərinizdir. Məni öldürən müəmmalılıq oldu bir az da. Nə əlim oğluma çata bildi, nə də sevdiyim kişiyə inana bildim. Sevən qadın güclü olur deyirlər, ancaq bu məndə ən azından belə deyil, sevgi bizi xilas etmədi.

- Levin haqqında nə fikirləşirsiniz? Mən bütün roman boyu sizin qarşılaşmağınızı gözləmişəm (Anna gülümsəyir) Hətta bir an bunun mümkün olmayacağı keçdi ağlımdan. Əmin idim Levinin sizə aşiq olacağına, əgər səhv başa düşməyəcəksinizsə deməliyəm ki, sizin də ondan xoşunuz gəldi?

Anna: Ötən iki yüz ildə dərdləşmək istədiyim tək insandır Levin. Lakin özümü bu qəsrə (otağa nəzər yetirir) həbs etdikdən sonra heç kimdən olmadığı kimi, ondan da xəbərim yoxdur. Ümid edirəm Kiti ilə xoşbəxtdirlər. Bilirsiz, Levin təbiət insanıdır. Onunla sadəcə bir dəfə görüşməyimizə baxmayaraq bunu sezməkdə çətinlik çəkmədim. Onun kimi çirklənməmiş insan tapmaq yəqin hələ də qəlizdir. (Anna danışmaqda çətinlik çəkir; hiss edilir ki xatirələr onu yorur, əlləriylə basdırdığını fikirləşdiyi keçmiş əslində qeybə çəkilməyib, yanında, onun dünyasına çevrilib.) Haqqlısınız, onu sevə bilərdim, Vronskini tanımamış olsaydım onu məmnuniyyətlə sevməyə gücüm çatardı. Yaddaşımdadır o ilk görüş, həyəcandan nə deyəcəyini bilmirdi.

- Seçdiyiniz ifadə qəribədir. Deyirsiniz ki, Vronskini tanımamış olsaydım Levini sevə bilərdim. Bunu necə başa düşməli? Onu Vronskidən qabaq kəşf etməyiniz nəyisə dəyişdirərdi? Məsələn, siz Levinə sadiq qala bilərdiniz?

Anna: Yox. Vronski gec, ya tez mənimlə qarşılaşacaqdı və mən buna görə Levindən üzr istəyərək, onun qollarına qaçacaqdım.

- Əgər belədirsə Vronskini əriniz Aleksandr Karenindən bir xilas olaraq görməməliyik?

Anna: Heyf ki, siz məni başa düşməmisiniz, cavan oğlan. Sualınız kübarları məmnun edərdi. Onlar üçün bu hərəkətin mahiyyəti xilasdır və hətta xilas deyərək optimistliyimi qoruyuram; fahişəlik… Anna Karenina ya fahişədir, ya aşiq. Ancaq hər iki halda da qurbandır.

- Bayaq personajın başqa romanlarda doğulmaq istəyəcəyini dediniz. Əgər belə seçiminiz olsaydı, sizi hansı romanda, hansı kimliklə tanıyardıq?

Anna: Hötenin qısa ömürlü şeirlərində doğulmaq istəyərdim. Onun adsız qəhrəmanları bir daha geri qayıtmayacaq o hüznlü keçmişin yasını tuturlar adətən. Ağırdır, ancaq mənim yaşamımdan daha ürəkləndiricidir. Bəlkə Dostoyevski? Tərəddüt edirəm... Tolstoy onunla görüşməsə də, mən Dostoyevskinin bəzi obrazlarıyla Peterburqda qarşılaşmışam. Onun qəhrəmanı olmaq Tolstoyun qəhrəmanlarından fərqlənir. O məni yaradsaydı, intihar etməyimə icazə verməzdi. Bədəl ödəyərdim, seçim qarşısında qalardım, indi bilmirəm hansını, amma oğlumla sevgim arasından birini seçib, xoşbəxtliyə qaçışardıq. Seçim hər nə olursa olsun, o, mənim düzgün addım atdığıma inandırardı. Dostoyevskidə inanc var, Tolstoyda onu hiss edə bilmirəm. Bir də ki, dəfələrlə Çexovun “İt gəzdirən xanım” hekayəsindəki qadın olmaq keçib könlümdən. Təsadüfə bax, orada da qadın ərinə xəyanət edir…

- Siz xəyanətinizi ərinizə etiraf etdikdə, özünüzümü sakitləşdirirdiniz, yoxsa əksinə, Kareninimi cəzalandırırdınız?

Anna: Zənn edilən qədər də sofu deyiləm. Yəqin ona qarşı hiss etdiyim nifrət hissini, xəyanət etdiyimi etiraf edərək sakitləşdirmək istəmişəm. Xeyli vaxt ötüb üstündən, yaddaşım məni yanılda bilər. Amma nə fayda? Nəticədə qələbəni Karenin qazandı. (Annanın gözləri dolur) Oğlum üçün darıxıram…

Anna eyniylə romanda olduğu kimi sakit tonda ağlayır. Göz yaşları onu zəif göstərmir.

- Özünüzü kənara qoyub ümumən xəyanət anlayışından danışa bilərsiniz?

Anna: Ümumiləşdirə bilməyəcəm, xəyanət şəxsidir. Teologiyanın ən çəkici hissəsinin günah olması kimi, xəyanətin rolu da sevgidə eynidir. Bu gizliliyi sevdiyin və ya xoşlandığın şəxslə keçirdiyin ilk həftələrdəki həyəcana oxşadıram. Yəqin siz də nə vaxtsa sevmisiniz, ya da indi, birini sevirsiniz; əgər belədirsə dediklərim sizə yad gəlməz. Xatırlayın, o qadınla keçən ilk saat və günləri. Hər şey sanki təbiət qanuna uyğundur, demək olar ki, bir-biriniz haqqında məhdud məlumatlara sahibsiniz və bunları kəşf edib, özünüzü tanıtdıqca yaşadığınız hisslər əvəzolunmazdır. Xəyanətin, bir digər üzü də budur. Uzun və monoton davam edən həyata təşrif buyuran xilas. Təbii ki, dövrümdə – təxmin edirəm ki, indi də – xəyanət əxlaq tərəzisiylə ölçülürdü, ərinizi, qadınınızı bu hərəkətlə məhv etmiş, yaralamış olurdunuz. Adınız, pozğun idi. Hamının sizə – Darya Aleksandrovnanı – çıxmaq şərtiylə fahişə gözüylə baxdığını fikirləşin. Hər şeydə olduğu kimi xəyanətdə də səbəb-nəticə əlaqəsi var. Kareninin iyrəndiyim əllərindən, hələ bu azmış kimi onları bir-birinə dolayıb şaqqıldatmasından, ciyiltili və ancaq peşəsi və əxlaq dərsləri üçün çıxan səsindən heç xəyanətə lüzum görməyərək qaçardım. Məni orada tutub saxlayan, ən zəif yerim Seryoja idi. Mən ya onu itirməliydim, ya da Vronskini. Nəticədə ikisini də itirdim. Bütün günahı Kareninə yazmaq istəmirəm, ancaq yaşadığım həyat, gördüklərim, uzaqda qalan və vaxt keçdikcə mənə yadlaşan hisslərimi, Vronskinin varlığında tapdım. Sevən insan üçün xəyanət labüdləşə bilir. Təkcə bu hərəkətdəki mövqeyiniz vacibdir. Bunu qisas naminəmi edirsiniz, yoxsa əksinə, çarəsizlik və dustaqlıqdan bir xilas olaraqmı? Başqalarını bilmirəm, mən öz adıma ikincisinə aidəm.

Annanın həssaslaşdığını fərq edirəm. Xəyanət haqqında bütün dediklərində səs tonu, əl hərəkətləri dəyişmişdi; gözləri təzədən dolmuşdu. Məlum idi ki, hisslər və keçmiş ona əzab verir.

Ayağa qalxıb, əmin addımlarla ona tərəf hərəkət edirəm. Əllərimi yavaşca seyrəkləşən saçlarının arasına keçirib, barmaqlarımı içində gəzdirirəm. Onu hər tumarladıqca hiss etdikləri dəyişir. Sanki bir an reportajı saxlayıb niyə bu hərəkəti etdiyimi soruşmaq istəyir; bir tərəfdən də bundan zövq alaraq suala ehtiyac görmür. Başını astaca mənə tərəf çevirib, gözlərimə baxır.

- Anna, axırıncı sual. Bununla hər şey bitəcək. (Başını yelləyir) Tolstoy siz idiniz?

Anna hiddətlə – ağlamağa qarışmış gülüşlə – gülməyə başlayır. Üzündəki bütün əzələlər eyni tempdə yerindən oynayır sanki.

Anna: Ona nifrət edirəm! Nifrət edirəm! Başa düşürsən, nifrət edirəm!

Qollarıma dolanıb, ağlayır.

Anna: Onu məhv etmək istəyirəm…

# 1909 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #