Sevinc Çılğın: “Azacıq büdrəsən, üstündən asanlıqla keçərlər” - MÜSAHİBƏ

<span style="color:red;">Sevinc Çılğın:  <b>“Azacıq büdrəsən, üstündən asanlıqla keçərlər”</b> - <span style="color:red;">MÜSAHİBƏ
8 noyabr 2017
# 09:00

Kulis.az Sevinc Çılğının müsahibəsini təqdim edir.

- Sevinc, ümumiyyətlə necə təqdimat ürəyincədir?

- Mənim arzu etdiyim yazıçıdır. Yazıçı Sevinc Çılğın. Amma hələ ki, o təqdimata özümü layiq bilmirəm.

- Düzünü deyim ki, sənin yaradıcılığında nəsrin məni daha çox cəlb edib. O nəsrdə qadınlar kişi cəmiyyətini görmək üçün bir zərrəbin kimidir. Və o qadın kişidən asılıdır.

- Şablon səslənəcək, amma mən düşünürəm ki, qadın kişinin yarısıdır. Bunları bir-birindən ayırmaq və ya qarşı-qarşıya qoymaq düz deyil. Görürsən ki, hansısa kontekstdə ayırırlar: qadın yazıçı və ya kişi müəllif. Bunu anlaya bilmirəm. Mən kişi və qadını Allahın tam olaraq yaratdığını düşünürəm. O mənada ayırmıram. Lap primitivliyə gedib Azərbaycan qadınını da qadınlardan ayırırlar. Nə bilim, “Azərbaycanda qadın olmaq” kimi mövzular açırlar. Mənə çatmır bu söhbətlər. Belə bir mövzu niyə olmalıdır? Bəyəm Azərbaycan qadını fərqli bir məxluqdur? Heç feministləri də başa düşmürəm, qəbul etmirəm.

- Amma qəhrəmanlarının çoxu qadınlardır. Kimdir bu qadınlar?

- Mən uşaqlıqdan ətrafımda əziyyət çəkən qadınlar görmüşəm. Onları müşahidə edə-edə böyümüşəm. O kitablardakı qadınların əksəriyyəti mənim tanıdığım qadınlardır. Onların arasında mənim anam da var. Hansısa obrazda, detalda...

Məsələn, şeir mənim üçün ovqat məsələsidir. Özüm oluram şeirdə, öz hisslərim olur. Amma hekayələrimin heç birində mən yoxam. Orada mənə aid bir cizgi belə tapa bilməzsiniz. Hekayə tamamən təxəyyül məhsuludur. Bəzən yazıb bitirəndən sonra düşünmüşəm ki, axı belə bir hadisə nə olub, nə görmüşəm, nə də eşitmişəm. Yəni nəsrdə ancaq ağlım işləyir. Ora nə şəxsim, nə hisslərim qatılır. Etiraf edim ki, şeirə ciddi yanaşmıram.

- Amma şeiri daha tez-tez yazırsan?

- Mən ümumiyyətlə, son vaxtlar heç nə yazmıram. Deyim ki, yazmağa cəhd edirəm, elə də deyil. Yaza bilmirəm, yazmaq istəmirəm – bunlar hamısı bəhanələrdir. Düzdür, yazmaq üçün rahat şəraitim, mühitim də yoxdur. Şərait nədir? – Özünlə tək qala bilmək. Körpə uşaqları olan analar bilir ki, adamın uşaqla belə bir imkanı olmur. Ayaqyolunda olanda belə, qapını döyüb səni çağırırlar. Yaradıcılıqsa özünlə tək qaldığın məqamda baş verir. Yalnız yerinə girəndə düşünə bilərsən, onda da günün yorğunluğu filan...

Mən son illər yaza bilmirəm. Həm də düşünürəm ki, insan roman yaşamalı bir vaxtda niyə roman yazsın ki? Mənim həyatımda geniş təcrübə, müşahidə filan yoxdur. Gördüklərimi və yaşadıqlarımı indiyə qədər yazmışam. Yəni bura qədərdir. Uşaqlığıma qayıdıb yazmaq da istəmirəm.

- Sən yaşamağı, yoxsa yazmağı seçirsən?

- Mən artıq seçmişəm. Amma inanıram ki, yazmaq üçün vaxtım olacaq. 40-dan, 45-dən sonra. Sadəcə, bir iş var ki, ömrə etibar yoxdur, səhər çıxanda bilmirsən axşam qayıdacaqsan, ya yox? Bəzən məni vahimə basır ki, birdən maşın aşdı, öldüm. Məndən sonra nə qalacaq bu dünyada? Heç nə. Bir-iki kitab. Onlar da pasport kimi bir şeydir, istedadı təsdiqləyən vəsiqə kimi. Yazıçılığı təsdiq edən kitablar deyil. Amma qəribə bir arxayınlığım da var.

Bir də düşünürəm ki, mənim oxucular qarşısında bir öhdəliyim, məsuliyyətim, məcburiyyətim yoxdur ki, yazacağam, yazmalıyam... Rahatam çox. Hamı sevəndə yazır da. Bəlkə bütün bunlar – özünü aramalar peşəkar oxucu səviyyəsinə yetişmək üçün idi? Peşəkar yazıçı ola bilmərəmsə də, peşəkar oxucu ola bilmişəm. Ən azından ağı qaradan seçə bilirəm, zövqüm var.

- Peşəkar oxucu kimi, kimin yazdıqlarını gözləyirsən?

- Son vaxtlar hamının kitab təqdimatına gedirəm. Alıram kitablarını, dostlarıma da hədiyyə edirəm, oxuyuram desəm, yalan olar. Yəni peşəkar oxucu üçün yazmırlar. Amma Kamal Abdullanın təzə romanlarını gözləyirəm, oxumaq istəyirəm. Rasim Qaracanın hekayələri çox xoşuma gəlir. Çox orijinaldır, fərqli yanaşma olur. Xarici müəlliflərdən Moemi çox sevirəm, elə bilirəm o mənim kişi variantımdır. Mən də bütün ədəbiyyat tanıyanlar kimi Knut Hamsunu, Kamyunu, Hüqonu sevirəm. Mənim yazıçım çox azdır. Hər kəs Markes deyir, Koelye oxuyur, Selinceri bilirəm ki, çox sevirlər. Hətta insanları intihara çatdıracaq qədər yaxşı əsərlər ola bilər. Amma mən oxuyub deyirəm ki, hə, noolsun...

- Son vaxtlar səni teatrda tez-tez görürəm. Əməkdaşlıq varmı?

- Mənim üçün ən gerçək şey sənətdir. Deyirlər ki e, mütləq olan bir Allahdır, mənim üçün mütləq olan sənətdir. İncəsənətdən və ən çox da teatrdan zövq alıram. Yuğ mənimçün həyat tərzidir, məsələn. “Azdrama”ya getmirəm – pafos, köhnəlik, qalmaqallar, konflikt filan. İynənin ucu boyda neqativ olan yerdən uzaq oluram.

Qaldı ki əməkdaşlığa... Bu barədə danışmaq hələ tez olsa da, hekayələrimin səhnələşdirilməsi gözlənilir. Tərlan Rəsulov onları hazırlamaq istəyir. İşləyirik. Yəni mənlik iş bitib. Maraqlı və fərqli bir şey gözləyirəm.

- Əsərinin tamaşaya qoyulmasını niyə istəyirsən?

- Mən şeir kitabı istədim, çıxardım, yəni arzu etdiyim kimi. Xəyalını qurduğum, maraqlı formatda hekayələr kitabımı yayımladım. Ölkənin ən gözəl bəstəkarı – Aygün Səmədzadə kimi bəstəkarla işlədim. Bundan sonra şeirlərimə mahnı yazılar, ya yazılmaz məni narahat etmir. Yəni hər şeyin ən yaxşısını, ən üstünü görmüşəm. Bu da son arzumdur. Bəlkə heç bundan sonra heç nə yazmadım. O deyirlər e, böyütmüşəm, toyunu görmək istəyirəm, bax elə bir şey. Və o tamaşa olana qədər nəsə yazmaq da istəmirəm.

- Sənin haqqında ən çox eşitdiyim budur: Sevinc pozitivdir, müsbət enerji saçır. Maraqlıdır, insanlara belə ruh verərkən, özün kimdən ruh alırsan?

- Bir az təkəbbürlü səslənsə də, özümdən. Güzgüyə baxmaqdan. Güzgüdəki qadın mənə “okey” deyirsə, deməli, hər şey okeydir. Nə edirəmsə, özümü mutlu etmək üçün edirəm. Bir dəfə yazmışdım ki, bir gün intihar belə etsəm, insanlar əmin olsun, Sevinc inanırmış ki, bu, onu xoşbəxt edəcək. Məni xoşbəxt etməyən heç nəyi etmirəm. Özüm-özümlə mübarizə xoşuma gəlir. Beynimlə, ruhumla, içimlə, düşüncələrimlə, bədənimlə, bütünlüklə varlığımla savaşdayam və bu savaş bitmir, ürəyim sakit olmur. Gözəl olmaq, gözəl qalmaq, sağlam olmaq, sağlam düşünmək, əylənmək, idmanla məşğul olmaq - həyatımın olmazsa olmazlarıdır! Ümumiyyətlə, özü-özünü əyləndirməyi bacaran adamlardanam.

- Mənə elə gəlirdi ki, kişilərin yaradıcılıqla məşğul olmaq üçün imkanı daha çoxdur, nəinki qadının. Kişinin evi təmin etmək çabaları nə qədər olsa belə, məişət qadının üstündə olur. Baxıram ki, bu o qədər də keçərli deyil. Məsələn, Sevinc Elsevər üç uşaqla, məişətlə indi də yazır. Ya da ki, məsələn, siz evləndiniz, amma Zahir Əzəmət əvvəlki kimi yazmadı.

- Mən deməzdim ki, məişət Zahiri uddu. Ona görə ki, Zahir nə yaza bilərdisə, yazıb. Qalan hər şey bəhanədir. Bu gün parlayan imzalardan eləsini tapmazsan ki, Zahirdən bəhrələnməsin. Zahir deyir, keçi kimi şənəm, başqa biri yazır ki, it kimi darıxıram. Zahir üç-beş şeir az yazsa da ədəbiyyatda elə yer tutub ki, onu oradan heç nə və ya heç kim tərpədə bilməz. Bu mənada Zahiri məişətə uduzmuş hesab etmirəm.

Zahirin yerinə danışmış olsam da deyim ki, onun həyatının mənası məni mutlu etməkdir (gülür). Zarafatla ona deyirəm ki, ay axmaq, adam da ilham pərisi ilə evlənər? O da yaşamağı seçib – belə deyək. Ya o da dostlara qoşulub içki məclislərini gəzməli, şeir filan yazmalı idi, ya da işdən sonra gəlib mənimlə vaxtını keçirməli idi. Amma yenə də mən məişət işlərindən uzağam. Zahir bəyin sayəsində. Mən hər şeyi zövq üçün etməyi sevirəm. Zövq almadan heç nə etmək istəmirəm. Gündəlik qayğılardır – onları idarə edə bilərəm sadəcə, göstəriş verərəm ki, bu belə olsun, o elə. İndi daha çox qonaqlıq filan olanda mətbəxə keçirəm. Yəni özəl yeməkləri mənə hazırladırlar evdə (gülür).

- Feysbukda aktiv deyilsən, oxucularla əlaqə itmədi ki?

- Mən özüm əlaqəni kəsdim. Zaman göstərir ki, düz də eləmişəm. Mən gördüm ki, bizim oxucu dərs vermək iddiası ilə yazır adama. Mənə məsləhət verir, belə yaz, belə yazma. Hiss etdim ki, amansızdırlar, azacıq büdrəsən, üstündən asanlıqla keçərlər. Əlbəttə, xüsusi münasibət göstərənlər oldu, daha doğrusu, səmimiyyətinə inandığım yaxşı adamlar da tanıdım. Sevgisini real olaraq göstərənlər də az olmadı. Məsələn, işə mənə sürpriz göndərən oxucularım olub, Novruz xonçasına yumurta yerinə mənim “Yumurta” kitabımı qoyanlar oldu və s.

- Bayaq dedin ki, peşəkar oxucuyam. Yerli ədəbiyyatda nə müşahidə etmisən?

- Mən ilk növbədə tənqidçiləri qınayıram. Bilirsiniz, onsuz da mənim qeyri-səmimiliyimə inanan tapılmaz. Məsələn, Zahirin üslubunu, yanaşmasını çox yazarda görürəm; çevir tatı, vur tatı. Amma bunu tənqid görməzdən gəlir. Məsələn, Şəhriyarda (Şəhriyar del gErani-red.) var bu. Plagiat demirəm, amma bəhrələnmək kimi. Misal deyim. Mənim əzab çəkən, unudulmuş bir qadın obrazın dilindən, sayıqlama kimi bir şeirim var. Şeirin axırında qəhrəman deyir ki, unutdum nəsə deyəcəkdim. Bu yaxınlarda Şəhriyarın məhz bu misra üzərində qurulmuş şeirini oxudum. Hətta eyni misraya Cəlil Cavanşir də müraciət edib (gülür). Qismətin qızı Dəfnəyə yazdığı şeir mənim Sezaya və Yavruya yazdığım şeirin birləşməsidir. Və ya Yavruma yazdığım şeirdə “şəkərbura ayaqlar”ından danışıram, Cəlil də eyni şeyi edir bir az sonra. Yanlış anlamasınlar, ittiham etmirəm, amma bunu kimsə deməlidir. Mən deyəndə ayıb olur, amma necə deyərlər, deməsəm də, ölləm (gülür).

Bizim tənqidçilər fransız, ingilis ədəbiyyatından yazır, bizdən yazmırlar. Mən istəyirəm təhlil olsun, tənqid olsun, desinlər ki, bunu yaza bilirsən, bunu bilmirsən. Demirlər material? Kitab qoymuşam qarşınıza. Yazın ki, bilim nəyəm. Mən özüm haqqında yüksək fikirdə də ola bilərəm, aşağı fikirdə də. Amma mən axı özümü kənar və peşəkar baxışla görə bilmərəm?! Mən Əkrəm Əylisli deyiləm ki, deyəm tənqid umrumda deyil. Mən cavanam, peşəkar fikrə ehtiyacım var.

Bir dəfə “Şərq dəftəri” hekayəsini Rasim Qaracaya göndərdim, oxuyub yazdı ki, Sevinc, sən nə yazmısan? Özüm də qorxdum ki, bərbad alınıb. Amma ardınca yazdı ki, nə gözəl təhkiyədir? Bu mənə elə güc verdi ki... Qanadım yox idi uçam. Yeni hekayələr yazdım ondan sonra.

Görün bir fikir insana necə təsir edir. Zövqünə və elminə çox güvəndiyim tənqidçilərdən birinə kitabımı verdim, sadəcə bir kəlməsini istəyirdim. Ona çox inanıram. Adını çəkməyim, bəlkə özü istəməz deyə. Yaz desə yazacaqdım, yazma desə yazmayacaqdımı. O isə susdu...

İndi sözün birbaşa mənasında heç kim heç kimin kitabını oxumur. Və mən bunları neqativ kimi qəbul edirəm. Mənsə özümü, Aliyə, neqativdən qoruyuram. Azacıq kiməsə kinim, qəzəbim yarandığını hiss edəndə uzaqlaşıram. Özümü o kindən, neqativdən hansısa formada təmizləyirəm. Başlayır katarsıs (gülür). Mən həqiqətən də inanıram ki, bizim ruhumuzu Tanrı üfürüb və ona bu ruhu təmiz qaytarmaq lazımdır, mən bunu çox istəyirəm. Həm də mənim körpə uşaqlarım var...

- Yəqin sən də mənim kimi gələcək deyəndə uşaqlarının yaşadığı cəmiyyəti, dünyanı düşünürsən...

- Yox, mən özümü də düşünürəm... (gülüş)

- ...Bəs səni gələcəkdən qorxudan, ya da ümidli edən nədir?

- Ümidli edən işıqlı insanlardır. Mən əminəm ki, dünyanı nə ədəbiyyat, nə sənət dəyişə bilər. Buna inanmıram. İndiyə qədər dəyişibmi nəsə? Mirzə Cəlil o vaxt yazıb, amma indi də onun içindən çıxa bilmirik. Mən inanıram ki, dünyanı bizim böyütdüyümüz uşaqlar dəyişəcək.

# 1947 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #