Ulucay Akif: “Ayselin ayaqlarına yazdığım şeir çox ciddidir” - MÜSAHİBƏ

<b>Ulucay Akif: “Ayselin ayaqlarına yazdığım şeir çox ciddidir”</b> - <span style="color:red;">MÜSAHİBƏ
29 avqust 2017
# 09:00

Kulis.Az gənc şair Ulucay Akiflə müsahibəni təqdim edir.

- Ulucay, sən şair oğlusan. Akif Səmədin oğlu. Çoxlarına bu imza tanış deyil. Ancaq Akif Səməd də ədəbiyyatımızda öz yeri olan biridir. Sən də atadangəlmə şairlər sırasındasan. Atanı necə qiymətləndirərdin? Bir şair kimi...

- Atam rəhmətə gedəndə mənim doqquz yaşım vardı. Onda görürdüm ki, atam yazır, kitabları çap olunur, ancaq şeir haqda heç bir anlayışım yox idi. Atam elə atam idi mənim üçün. Ancaq atam rəhmətə gedəndən sonra onun haqqında anım günləri, tədbirlər olanda artıq maraqlanmağa başladım. Mənə maraqlı gəldi ki, bu qədər adam atam haqqında niyə danışır, onu tərifləyir. Mən onda atamı oxudum. Düzü, bir neçə şeirini anlaya bilməmişəm, elə indi də anlamaqda güclük çəkirəm. Çünki atam sufi şairi idi, dərin yazırdı. Mən də onun təsiri ilə heca şeirləri yazmağa başladım.

- Nə vaxt oldu bu?

- Atamın ölümü mənə şeir yazdırmışdı, bir də sevdiyim bir qız. O qıza məktublar yazırdım, amma nə sevgimə, nə məktublarıma cavab gəlmirdi. Bir müddət sonra məktub yazmaqdan sıxıldım, başladım şeir formatında nələrsə yazmağa. Amma yenə qızın diqqətini özümə sarı çəkə bilmədim.

- Zəif şeir imiş yəqin...

- Hə... (gülür) Zəif şeir idi. Mən o qıza axırıncı məktubumda yazmışdım ki, sən şeirimi bəyənmədin, mənə cavab vermədin, amma bir gün mənim kitabım sənə çatacaq. Sən də deyəcəksən, vaxtı ilə bu oğlan mənə şeirlər yazıb. Və iş elə gətirdi ki, kitabımın ikinci təqdimatında o qız ora gəlib çıxdı. Mən də kitabımı ona hədiyyə elədim. Qız da sonuncu məktubumu xatırlatdı. Dedim, yadıma düşmür elə bir şey.

- Nə kinli adamsanmış...

- (gülüşmə). Dedim, qoy bir az da o əzab çəksin.

- Ulucay, atana görə ciddiyə alındığını, qəbul olunduğunu deyən olub?

- Çox olub. Bir dəfə bizim professor Cahangir Məmmədli mənim haqqımda böyük yazı yazdı. Mən də sevincək o yazını paylaşdım ki, bəs professor şeirlərim haqqında gözəl fikirlər bildirib. Bir nəfər yazmışdı ki, sənin şeirlərin haqqında, yoxsa Akif Səmədin oğlunun şeirləri haqqında. Mən də cavab verdim ki, Cahangir Məmmədli Akif Səməd haqda yarım səhifəlik bir şey yazmayıb. Başda mənə də xoş gəlirdi atama görə tanınmaq. Sonra qıcıq yaratdı. Hara gedirdin səni Akif Səmədin oğlu kimi təqdim edirdilər. Neyləyək indi, atamızdan imtina edək? (gülür).

- Sən özü də atandan çox tanınırsan bu dəqiqə...

- Mən şöhrətpərəst adamam. Kütləni nəzərə alıb əyləncəvi yazılar yazıram. Amma Akif Səməd bunu eləməzdi. Ciddi ədəbiyyat deyiləndə zatən Akif Səmədin adı çəkiləcək. Və onun da istədiyi elə məhz buydu. Bizim də istəyimiz odur ki, çöldə gəzəndə bir qız tanısın, biri salam versin. Ciddi ədəbiyyata da inşallah nə vaxtsa düşərik.

- Dedin, şöhrətpərəstəm. Bu yaxınlarda da gündəmə gəlmişdin. Aysel söhbəti... Şeir çox səs-küy yaratdı. Həmin şeir konkret bir Ayselə aid idi?

- Bilməyənlər üçün deyim. Aysel adlı bir Facebook dostum vardı, ayaqlarının şəklini paylaşmışdı. Mən də şərh yazdım ki, çox gözəl ayaqların var. Durub çox gözəl gözlərin var deyə bilməzdim, çünki ayaqlarının şəklini paylaşmışdı. Bu qız da mənim yazdığımı paylaşıb yazmışdı ki, sizin şairiniz budur da. Mənim də çoxdan fikrim vardı ki, ayaqlar haqda bir şeir yazım. Sadəcə bir hiyləyə əl atdım. Həmin mübahisədən sonra bu şeirə Aysel adını qoysam, şeir daha çox oxunacaq deyə düşündüm.

- O şeiri ciddi şeir hesab edirsən bəs?

- Çox ciddi bir şeirdi. Mən bunu dönə-dönə deyirəm. Orda tərk etmək və getmək fellərinin izahını vermişəm. İzah etməyə çalışmışam ki, tərk etmək və getmək ayrı-ayrı şeylərdir. Tərk etmək mənəvi, getmək fiziki prosesdir.

- Yəni deyirsən Aysel şeiri ilə bir mənəm, bir də Atilla İlhan...

- Hə.. (gülür)

- Ulucay, indi Ayselin ayaqlarına şeir yazan biri kimi tanınırsan. Bu səni narahat etmir ki?

- Qətiyyən narahat etmir. Onsuz da ciddi, qüsursuz şeir yazsam bu qədər reaksiya doğurmaz. Yenə deyirəm, Aysel şeiri çox gözəl şeirdi. Onsuz da bilmədən, səni tanımadan ağzına gələni deyəni durdurmaq olmayacaq. Ona görə də mənim üçün bu problem deyil. O şeirə görə həddindən artıq reaksiya gəldi. Hətta təhqir eləyənlər də oldu. Demək olar ki, heç birinə cavab yazmadım.

- Şair var məşhurlaşandan, ya da hansısa mərtbəyə çatandan sonra tənhalığa çəkilir, keçmiş dostlarından uzaqlaşır. Ancaq sən belə deyilsən. 22 yaşın var, kifayət qədər tanınırsan, kitabının təqdimatına məhəllə uşaqları, tələbə, məktəb yoldaşların yığışır...

- Mən həmişə istəmişəm ki, ətrafım geniş olsun, çox dostum olsun. Düzdü, məni eqolu biri kimi tanıyırlar. Ancaq yaxın adamlar bilir ki, elə deyiləm, kimsə zəng edər, nərd oynamağa çağırar, gedərəm. Bir az tanınırıq deyə yekəxanalıq eləməyəcək ki? Mənim belə xoşuma gəlir. Baxmıram, bu adam hansı işin sahibidi, Tolstoydan xəbəri var, ya yox. Mən çevrəmdəki adamları buna görə bölmürəm. Onlar məni sevir və mən də onların sevgisindən güc alıram. Məhəllə uşaqlarım başqalarına məni tərifləyirlər, deyirlər böyük şairdi, məşhurdur. Amma təklikdə deyirlər ki, ağzına gələni yazırsan, şeir adına camaata sırıyırsan.

- Dost acı söylər...

- Mənim xoşuma gəlir bu. Bilirəm ki, səmimidir.

- Ulucay, amma səni bəziləri şair kimi qəbul eləmir. Deyirlər, sərbəst şeirləri zəifdir.

- Əksinə. Mən hesab edirəm ki, ən yaxşı şeirlərimi sərbəstdə yazmışam. Məni tənqid edən yoxdu, təhqir edən var. Baxırsan ki, məzələnir, lağ edir. Tənqid olsa, qəbul edərəm. Oxucularımızın səviyyəsi aşağıdır ona görə. Biri yazır ki, bu şeirdi? İstəyirəm yazam ki, yox, bozbaşdı. Təsəvvür elə sən əlində köynək tutub satıcıdan soruşursan ki, bu köynəkdi. Yəni bəyənmirsənsə, yaz ki, bəyənmədim, istəsən bəyənmədiyini də izah edərsən.

- Arada gitarada ifa da edirsən. Hətta çoxları düşündü ki, bu Aysel şeirini gizlədər, ancaq sən ona mahnı da bəstələdin. Gitaraya həvəs hardandı?

- Mən yaradıcı adamam. 6 yaşımdan skripka ilə məşğul olmuşam. Biri var, valideyn dartıb aparır, biri də var uşaq istəyir. Mənim dəhşət həvəsim vardı. Skripkadan doyandan sonra gitaraya keçdim. Özüm öyrənmişdim. Şahmata da marağım var. Futbol da oynayıram. O qədər şey olub ki, onu öyrənməyə can atmışam. Özü də nəyəsə görə yox. Bizim insanlar düşünür ki, gitara öyrənirsə, deməli qız tutmaq üçün öyrənir. Şeir yazırsa, şəkil çəkdirirsə, hamısı qız tutmaq üçündür. Sənin həyatdakı missiyan qız tutmaqdırsa, o demək deyil ki, mən də sənə oxşayıram? Məni əsas tənqid edənlər oğlanlar olur.

- Qız fanatlara görə?

- Qız fanatlar deməyək... Çevrəmdə çox qız var, oxuyanlar daha çox qızlardandı. Ancaq başa düşmədiyim bir şey var. Mən həmişə qadınları tənqid etmişəm. Kişiləri tərifləyirəm həmişə. Ancaq nəsə olanda qızlar tərəfimi tutur, oğlanlar isə əksinə. İndən belə gərək qızları tərifləyəm.

- Gitarada ifa edirsən, futbol oynayırsan... Bəzən sənə demirlər ki, şair gərək ağır ola, belə şeylərə qoşulmaya?

- Çox olur. Məni daha çox universitetdə tanıyırlar. Nəsə məzəli bir şey paylaşanda müəllimim deyir ki, o nədir paylaşmısan, sən şairsən, sənə yaraşmaz. Mən də onlara deyirəm ki, düzdü, şairəm, amma həm də 20 yaşlarında bir insanam axı. Klassiklər haqqında düşüncəmizdən belə fikirlər ortaya çıxır. Düşünürük ki, onlar səhərdən axşama əllərində lələk yazıb yaradıblar. Tay demirlər, bu adamlar həm də yaşayıblar. Mən də bu həyatda yalnız ciddi görünmək üçün gəlməmişəm ki? Kiməsə, nəyəsə görə zövqlərimdən imtina edəsi deyiləm. İstəyirəm, doyunca həyatdan zövq alım.

- Ulucay, ən sevdiyin misran hansıdır?

- “Mənim üçün sevdiklərimin qucağıdır vətən”. Bu misranı daha çox sevirəm. Bu misra mənim şəxsiyyətimi, kimliyimi, daxili dünyamı ifadə edir.

# 6120 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #