Mən hələ dünyadan nə zövq almışam?- GÜNÜN ŞEİRİ

Mən hələ dünyadan nə zövq almışam?-  <span style="color:red;">GÜNÜN ŞEİRİ
26 iyul 2016
# 11:10

Şeirlər vardır, yazıldığı gündən dillərə, könüllərə düşən... İllər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan...İnsan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər. Kulis.az-ın “Günün şeiri” layihəsində bu şeirlər yada salınır. Bu ölməz şeirlərə yeni könüllər, yeni könül evləri, yeni sevgilər tapmaq üçün... Şeirləri çoxaltmaq üçün...

Səməd Vurğun: “Mən tələsmirəm...”

Dostlar, badələri qaldırın içək!

Gecə, ulduzludur, hava da sərin.

Demirəm məst olub dünyadan keçək…

Deyirəm mehriban düşüncələrin

İsti qucağında qızınaq bir az…

Qoy uzansın gecə, geciksin səhər,

Yuxuya getməsin məclisdəkilər –

Mənim söhbətimdən yorulmaq olmaz.

Hələ yer üstündə, insan yanında

Deyib danışmaqdan doymamışam mən…

Uzadaq ömrünü hər bir anın da,

Yel kimi keçməsin vaxt üstümüzdən…

Bu aylı gecədə, bu dağ döşündə,

Bu sazlı, söhbətli bulaq başında

Bu saat, bu dəm

Heç yana, heç yerə mən tələsmirəm!

Sevgilim, qolunu boynuma dola!

Demə ki, yorğunam, ya qocalmışam.

Mən hələ dünyadan nə zövq almışam?

Dur, bütün aləmi gəzək qol-qola!

Yenə də fikrimin səyyar yelkəni

Dənizdən – dənizə atsa da məni,

Qorxma! Ürəkdə de:: «Uğurlar ola!»

Dur, bütün aləmi gəzək qol – qola,

Sellərdən, sulardan yeyin axsam da,

Şimşəklə yanaşı göydə çaxsam da,

Nə şadlıq səyirtsin atını, nə qəm,

Heç yana, heç yerə mən tələsmirəm!

***

Sən də, ovçu dostum, tələsmə sən də,

Bu qəlbi dağları qoy asta aşaq.

O çay yanındakı yaşıl çəməndə

Asta addımlayıb ağır dolaşaq.

Hər gülə, çiçəyə salam verməsəm,

Xoş üz göstərməsəm, xoş üz görməsəm;

Nanələr, reyhanlar inciyər məndən.

Güllərin yarpağı tökülər dən – dən…

Odur ki, yel olub çöldə əsmirəm,

Heç yana, heç yerə mən tələsmirəm!

***

Bulud tez keçməsin başımın üstdən,

Çay da yavaş axsın…sular boyunca.

Baxım hər zərrəyə, baxım doyunca…

Ürək tərpənməyir ötərgi səsdən,

Nə çıxar bir anlıq yanan həvəsdən?

Elə zənn etmə ki, ağırlaşmışam,

Ayağı sarıqlı şikəst bir quşam…

Qoy dünya böyüsün, zaman uzansın,

Bir günün ərzində aylarla yansın

Al günəş üzündən nur yağa – yağa..

Ömrün kitabını tamamlamağa

Çox da can atmasın əlimdə qələm,

Mən tələsmirəm,

Mən tələsmirəm!

# 3058 dəfə oxunub

Oxşar xəbərlər

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

"İstiqlal söhbətləri" - düşüncə ehtirası və alim qüruru - Elnarə Akimova

16:00 27 oktyabr 2026
Silviya Platın psixiatrla qəribə  dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

Silviya Platın psixiatrla qəribə dostluq tarixçəsi - Onların məktublarında nə yazılmışdı?

13:00 27 oktyabr 2026
"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

"Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?

12:00 26 oktyabr 2026
"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

"Söylə, ey Tanrı, dizlərin nerədə..." - Cənab Şəhabəddin barədə düşüncələr

10:00 25 oktyabr 2026
İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

İnsan öz içində nə vaxt ölür? – “Tənhalıq həsrəti” haqqında

10:00 24 oktyabr 2026
"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

"Oğulluq borcumu yerinə yetirə bilmədim..." - Ərtoğrol Cavid hərbi xidmətdən əvvəl kimə məktub yazmışdı?

15:00 22 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər