Dilənçi yığdığı pulları sərnişinə bağışladı - Elçin Hüseynbəylidən YENİ HEKAYƏ

Dilənçi yığdığı pulları sərnişinə bağışladı - Elçin Hüseynbəylidən <span style="color:red;">YENİ HEKAYƏ
5 iyul 2017
# 15:00

Kulis.az Elçin Hüseynbəylinin "Dilənçinin səxavəti" hekayəsini təqdim edir.

(Bu əhvalatı (yaxud hekayəti) internetdə oxudum və yazıya çevirmək istədim…)

Elektriçkada yol gedirdik. Payız havasıydı. Bayırda çiskin yağış yağırdı. İçəri bürküydü və pəncərədən tər damcıları süzülürdü. Mən belə havada başımı pəncərəyə söykəyib nostalji duyğulara qapılmağı xoşlayıram. Qatardakılar daha çox şəhər ətrafı kəndlərin adamlarıydı. Hərə bazara satmağa bir şey aparırdı. Tanışlar, qonşular bir-biriylə söhbətə girişmişdilər. Söhbət əsasən indiki bahalıqdan, pulun dəyərini itirməsindən, adamların alıcılıq qabiliyyətinin düşməsindən gedirdi. Hər kəsin dərdi özünə bəs idi.

Kimsə dərdini dağıtmaq üçün səhərini pivəylə açırdı.

Mən təyyarədən təzə düşmüşdüm və “Domodedovo” Hava Limanından Rusiya paytaxtına tərəf gedirdim.

Birdən bu vurhavurda bir “Bomj” (yeri-yurdu bilinməyən adam) içəri girdi. Üst-başından cin yağırdı, üz-gözü şişmişdi, gözlərinin altında “faralar” göyərirdi. Əynində köhnə əsgər paltarı, ayağında sürtülmüş və cırıq “Nike” keti vardı. Güman ki, saç-saqqalında taxtabitilər qaynaşırdı: ümumən ürəksıxan mənzərə.

O, içəri girən kimi əlini açıb dilənməyə başladı. Əslində, içəri əli uzadılı girmişdi, yəni özündən qabaq əli görünmüşdü. Öz ana dilində, yəni rusca:

- Allah xətrinə, Allah ruzisinə, - deyə yalvarışlı nəzərlərlə adamlara baxır, dilənirdı.

Kimisi rahatlaıqla, kmisi də deyinə-deyinə çıxarıb ona pul verirdi. Pivə içən kişi ona pivə şüşəsi uzatdı. O, əvvəlcə imtina elədi, əlinin işarəsiylə “görmürsən, iş başındayam?” dedi. Sonradan nə fikirləşdisə, geri qayıtdı, pivəni alıb bir qurtum içdi və şüşəni geri qaytardı.

Kök bir qadın yerində qurcuxa-qurcuxa narazılıq elədi:

- Ona nahaqdan pul verirsiniz, - dedi, - görmürsünüz alkaşdır, üz-gözündən aliklik yağır, yığdığını da aparıb arağa verəcək!

Görünür, qadın öz ərindən çox çəkmişdi, indi onun acığını çıxırdı.

Dilənçi təmkinini pozmadan və dodağının altında xoş sözlər deyə-deyə mızıldandı:

- Hə, arağa verəcəm, onsuz yaşaya bilmirəm. O, mənim həyatımdır.

- Ondansa arvad-uşağına yazığın gələrdi.

“Bomj” yenə də təmkinini pozmadan və Tanrı adından danışa-danışa:

- Adamlar yaxşıdırlar, xeyirxahdırlar, onları dolandırırlar, - dedi.

- Bizimkilərinki içməkdi, - çantasını qucağında bərk-bərk tutmuş cavan bir qadın böyürdən dedi və mənə tərəf baxdı, sanki üzrxahlıq elədi. Mənim yanımda daha bir neçə əcnəbi sərnişin oturmuşdu…

Birdən arxada oturmuş yaşlı, yumrusifət, yanağı qırmızı bir kişi bu mənzərəyə dözmədi və üzünü dilənçiyə tutub:

- Sən bizi biabır edirsən! - dedi, –Allahdan qorxmursan!? Burda oturanların çoxunun imkanı yoxdu, görmürsən!? Mən özüm heç yerdə işləmirəm, hər gün allaha dua edirəm ki, mənə bir parça çörək yetirsin...

Sərgərdan ona xeyirxah bir nəzər saldı, nəzakətlə və keşiş məhəbbətilə xəbər aldı:

- Bu gün də Allaha dua etmisən?

- Əlbəttə, etmişəm! Sənə nə!?

- Görürsən, Allah sənin dualarını eşidib və məni göndərib ki, səninçün pul yığım. Al götür bunları, sənin ehtiyacın daha çoxdur. İnsanlar xeyirxahdırlar, onların sayəsində mənim dualarım Tanrıya tez çatır, indi də çatar, –dedi və ciblərini eşələyib, pulların hamısını çıxardı və deyingən kişinin qucağına tökdü.

Kişi, ilan vuran ala çatıdan qorxan kimi, yerindən dik atıldı. Müxtəlif ölçülü və rəngli əsginaslar, xırda pullar yerə töküldü.

Dilənçi əyilib həmin pulları yığdı və yenidən deyingən kişinin ciblərinə basdı.

- Götür, götür, utanma, adamlar səni başa düşər, onlar həmişə bizi başa düşürlər.

- Sən nə edirsən?! - deyə kişi bağırdı.

- Götür, götür, sənə lazımdır. Mən o biri vaqondan yığacam. Adamlar səxavətli və xeyirxahdırlar! – dedi və deyingən kişinin etirazlarına məhəl qoymayıb vaqondan düşdü.

Deyingən kişinin ağzı açıla qalmışdı.

Bir azdan mənim də düşmək növbəm çatdı və tambura tərəf getdim. Adamlar bayaqkı hadisəni unutmuşdular. Hərə öz işindəydi. Deyingən kişi isə başını pəncərəyə tərəf döndərib, harasa baxırdı. Mənə elə gəldi ki, bayaqkı dilənçini axtarır.

O, əzik-üzük əsginasları əlində tutmuşdu və sanki onlardan can qurtarmağın yollarını düşünürdü, amma əntiq əşya kimi ondan əl çəkmək də istəmirdi. Birdən fikir verdim ki, o, ağlayır, gözlərindən yaş süzülür…

İyun, 2017

# 1943 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
#
#
# # #