Qızıl balıqdan hər dəfə eyni adamı istəmək... – Fərid Hüseyndən YENİ ŞEİRLƏR

Qızıl balıqdan hər dəfə eyni adamı istəmək... – <span style="color:red;">Fərid Hüseyndən YENİ ŞEİRLƏR
31 iyul 2017
# 13:37

Kulis.az Fərid Hüseynin yeni şeirlərini təqdim edir.

Qızıl balıq

Sevgi – hər dəfə qızıl balıqdan
eyni adamı istəməkdi.
Sevgi – balığa "ancaq Onu..." deyib,
adını gizləməkdi.
Eh hardan bilsin bunları,
öz ürəyinin səsindən ürkənlər,
eşqin qanı sıçrayan güzgülərdə
qalstuklarını düzəldənlər...

Qaragözlü üçün sonuncu nəğmə

Hələ də dabanından soyursan hikkəni,

hələ də əsir-yesirsən,

hələ də bütə dəyişirsən sevgi Məkkəni,

hələ də içindəki ilanın başını əzirsən,

mənsə sinəmi verirəm ulduzların qabağına...

Xatırlamağa ilk hərfdən başlayırsan,

damadan çıxır sözlərin –

əlif kimi ancaq sağa əyilirsən –

əslindəsə sol tərəfindən qaçırsan,

mənsə səbrə sitayişlə toplayıram

xatirələrimizi yaddaşın əlifba otağına...

Sən, xatirələrimin xəttatısan,

sevgimin üzünü köçürmüsən,

hər hərfinlə ömrümə möhürsən

və mənim soyuqluğumun rizasıyla

gəlin köçmüsən cəhənnəm yaylağına...

Cəfər Pənahinin “Taksi”sində

Ən asan işdi edam olunmaq,
ən asan işdi,
çətini kəndirə öyrəşməkdi.

Ən böyük günahdı çiçək yetişdirmək
və onları cibindən kişmiş əskik olmayan
arvadlar arasında bölüşdürmək...

Ən uzun ölümdür şeir,
qarnı arzularından ac adamlar
arasında yazanlar nə dediyimi bilir.

Səliqəsi həsəd doğuran qadın,
istəməzdi ovcuna pul bassınlar,
istəməzdi əllərindən kirlətsin adın...

Unutmaq, unutmaq, hamıya köməkdi,
xatırlamaq zülmdən zülümdü, –
...təzədən çəkməkdi...

Eşitməmiş olmazsan

Eşitməmiş olmazsan,
saçımdakı ağların qızıl diş parıltısını,
eşitməmiş olmazsan,
tökmüşəm ciblərimə iş-gücü "ovuc-ovuc"
üzərlik tumu kimi...

Eşitməmiş olmazsan,
daha ömrün fəslindən

mehr ayı oğurlanıb,
mənim ulduz falıma
boş yerə qulaq asma...

Eşitməmiş olmazsan,
bir nöqtə böyüdürəm
içimdəki sözlərin üzünü örtmək üçün,
heç bir mürəkkəb ilə qaralaya bilmirəm
könlümdə Sevgi sözün...

Keçmiş

Keçmiş sevgili qayıdıb,
o vaxtları xatırlayıb dalaşırıq,
Bir-birimizdən ölmüş adamlar kimi danışırıq.
Başımızı söykəyirik,
bu gic başımızı,
peşman başımızı,
bir-birinə.
Evin səliqəsində başqa qadın axtarır,
sevgili kimi gedib, polis kimi qayıdıb...
Çay dəmləməyə qalxır,
stəkanların yerini soruşur,
"hər şey qoyduğun yerdədi" deyirəm,
O gülür və "polis paltarı"nı soyunur...

Image result for fərid hüseyn

# 1762 dəfə oxunub

Oxşar xəbərlər

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

"Gərək özünüz öləsiniz..." - Müəllif oxucunu hansı sualla baş-başa qoyur?

14:50 3 iyun 2026
"Bu cür hekayələri yazmaq qayğanaq bişirmək qədər asandır" - Hekayə müzakirəsi

"Bu cür hekayələri yazmaq qayğanaq bişirmək qədər asandır" - Hekayə müzakirəsi

12:00 3 iyun 2026
Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

Unudulmuş Nobel mükafatçısı - O, reenkarnasiya haqqında hansı şah əsəri yazıb?

17:05 2 iyun 2026
Seymur Baycanın və Günel Mövludun yerinə utanıram - Ulucay Akif

Seymur Baycanın və Günel Mövludun yerinə utanıram - Ulucay Akif

13:00 2 iyun 2026
Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

Alfa nəslinin ədəbiyyatı - Uşaqların diqqətini maraqsız mətnlə cəlb etmək mümkündürmü?!

16:00 1 iyun 2026
"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

"Ağlaya-ağlaya əlyazmalarımı yandırırdım..." - Anna Zegers ölüm düşərgəsi haqqında nə yazmışdı?

13:30 1 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər