Rəşad Məcid: “Elə bir adam qalmayıb, hamını zərərsizləşdirmişik” - MÜSAHİBƏ

Rəşad Məcid: “Elə bir adam qalmayıb, hamını zərərsizləşdirmişik” - <span style="color:red;">MÜSAHİBƏ
2 oktyabr 2015
# 14:41

Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə bu qəfil görüşümüz səhər-səhər bulvarda baş tutdu. Daha dəqiqi, ordakı “Veteran” kafesində. Əslində, buna müsahibə demək olmaz. Söhbət-mübahisə daha dəqiqdir. Buyurun oxuyun.

Şərif Ağayar

Əvvəli burda

- Sizcə ömür boyu yenilik carçısı olan və sənətdə büt tanımayan Ramiz Rövşən sonuncu qurultayda nəyə görə Anarı birmənalı müdafiə edib alternativ düşünənləri, xüsusən gəncləri birmənalı tənqid etdi?

- Ramiz Anarı həmişə müdafiə edib. Mənim yadımdadır, on il bundan əvvəl, əvvəlki qurultay ərəfəsində də Ramiz müsahibə vermişdi ki, Anar olmasa Yazıçılar Birliyində qan dizə çıxar. Ramizin Anara münasibəti o cürdür. Bir də ki, qurultayda hansı alternativdən söhbət gedir? Alternativ var idi? Elxan Zal bir gün dedi, sonra Anar müəllimin kabinetinə girib-çıxdı ki, səhv eləmişəm. Alternativ olsaydı onda danışmaq olardı. Bilirsən, indi ölkədə ədəbiyyatın nüfuzu aşağı düşüb. Anar da ictimai fikirdə, xalqın düşüncəsində Azərbaycan ədəbiyyatının tipik və populyar obrazıdır. Anarın zəifləməyi, Anarın hörmətdən düşməyi ümumiyyətlə ədəbiyyatın nüfuzdan düşüb zəifləməyi deməkdir.

- AYB-siz çoxlu ədəbiyyat qurumlarının yaranması, eynən kino sahəsində olduğu kimi sağlam rəqabətin formalaşması daha böyük və daha müasir prinsiplər üzərində inkişafa kömək edər.

- Kino sahəsində bir az texniki məsələlər var, dövlətin birbaşa dəstəyi lazımdır. Yazıçı üçün hansı dəstək lazımdır ki? Kağızdı, qələmdi də, yazsınlar. Yazıçılar Birliyi təqaüddən başqa nə edir ki, guya.

- Niyə, layihələr işləmək olar...

- Odur, Elıxan Qaraqan. Yazır, kitabı da satılır, pul da qazanır. Buna kim mane ola bilər ki?

- Elxan bir az fərqli istiqamətdir...

- Hər halda indiki halda kitabdan bircə o pul qazana bilir. Başqa kim qonorarla yaşaya bilir? Yoxdu də, bu dəqiqə vəziyyət belədi.

- Sizcə, AYB-nin indiki fəaliyyəti de-fakto dövlət komitəsi fəaliyyəti deyilmi?

- Yox. Neyçün?

- Büdcədən maliyyələşir, hökumətin ədəbiyyat siyasətini həyata keçirir...

- İndi bütün yaradıcı təşkilatlar büdcədən maliyyələşir. Bu barədə müzakirələr çox olub. Başqa ölkələrdə də dövlət hansısa fondlar vasitəsi ilə bu təşkilatlara qrantlar, başqa cür yardımlar ayırır. Bu nəyin qarşısını alır, kimə mane olur?

- Bu tendensiya idarə olunan ədəbiyyat formalaşdırır.

- Mən elə düşünmürəm. Elə Anar müəllimin son yazılarına, lap elə “Göz muncuğu” povestinə baxın, sizcə o, idarə olunan ədəbiyyatdır? İçində min dənə nüans tapmaq olar.

- Siz idarə etmək istəmirsiniz?

- İdarə etmək nə mənada? Yaradıcılıq baxımından axı sənin düşündüyün idarəçilik mümkün deyil. Əlbəttə, yazıçı Yazıçılar Birliyinin üzvüdürsə, təqaüd alırsa mən istəyərəm ki, danışığında da, yazılarında da, müsahibələrində də daha korrekt olsun. İstəyərəm, məcbur edə bilmərəm. Məsələn, elə sənə görə neçə nəfər AYB-dən çıxdı, qızlar çıxdı, mən onlara nə dedim ki?

- Bayaq mənə dediyiniz ovqatı yaradırsınız... Bilirlər ki, belə etmək olar, belə etmək olmaz.

- Doğrudan mən təsəvvür etmirəm ki, kimsə evində oturub yazırsa AYB ona necə mane ola bilər?

- Bir məşhur ifadəniz vardı: bizə istedaddan çox sədaqət lazımdır...

- O, şəxsən mənim özümlə bağlı fikir idi. Məsələyə özümün baxışımdır. Mən həm AYB katibi, həm redaktor kimi hansısa gənci həddindən artıq qabardıram, dəstək verirəm, nə bilim ürəyimin yağını yedizdirirəm ona, sonra o, hansısa nankorluq eləyəndə mən də bir insan kimi əziyyət çəkirəm.

- Gizlətməyək, siz konkret olaraq dostumuz Qismətdən danışırsınız...

- Bəli.

- Sizcə, Qismət bəyə hər hansı bir dəstək göstərmisinizsə, bu o deməkdir ki, aranızda heç vaxt fikir ayrılığı ola bilməz?

- Fikir ayrılığından söhbət getmir. Hətta Yazıçılar Birliyinin üzvlüyündən çıxmağına görə də deyil mənim dediklərim. Onun bir yazısına və şeirinə görədir. Mənə qarşı təhqir vardı.

- Hansı yazı? Mən xatırlamıram hər hansı təhqiramiz nüansı...

- “Balansın gözlənilməsi” - nəsə belə bir yazı idi... Bir də facebookda bir şeir paylaşmışdı. Deyəsən vicdanı rahat olmadı, iki gündən sonra sildi.

- Axı sizdə həqiqətən bir balans yaratmaq cəhdi olub həmişə.

- Olub. Amma yazının içində çox ədalətsiz məqamlar vardı. Yoxsa AYB-dən çox adam çıxıb, hamısıyla da normal münasibətim qalır.

- Etiraf edək ki, bu postda oturan bir adamın bu cür istedad-sədaqət qarşılaşdırması yanlışdır.

- Bilirsən, mən təkcə AYB katibi deyiləm, həm də qəzet redaktoruyam. Və bu yaxşılıqların çoxunu da AYB katibi kimi yox, şəxsən eləmişəm. O günü biri Rəsul Rzadan yazı gətirib, gördüm primitiv yazıdı, dedim, verə bilmərəm. Deyir, gedib Anar müəllimə şikayət edəcəm (gülür). Dedim, bu mənim öz qəzetimdi e... Yazıçılar Birliyinin qəzeti deyil.

- Anar müəllim Rəsul Rza konusuna çox həssasdı... Məncə, ehtiyatlı olmalısınız.

- Yox əşşi...

- Özü etiraf edib ki, atamla bağlı çox həssasam.

- Anar müəllim yazı mənasında diktator deyil. Yadımdadır, Cavid Zeynallı Anar müəllimi tənqid eləmişdi, hətta təhqiramiz məqamlar da vardı. Amma onun romanını İntiqam Qasımzadə “Azərbaycan” jurnalında verəndə Anar müəllim bir kəlmə də demədi. Bu mənada məncə sənin təsəvvüründəki Anar gerçək Anarla uyğun gəlmir.

- Fikrət Qocanın Avropa oyunlarına yazdığı şeir xoşunuza gəldi?

- Fikrət müəllim o gün mənə də şeir yazmışdı. Oğlumun da adını çəkib. Milanda səfərdə yoldaş olublar. Çox xoşuma gəldi. O gün “Şərəf” ordeninin təqdimat mərasimi oldu AYB-də, Elçin müəllim onun “Risk” şeirinin adını çəkdi. Məlum oldu ki, bir müddət əvvəl Fikrət müəllimdən veriliş çəkiləndə Anar müəllim də öz otağında bu şeirdən danışıb. Mən tədbirdə “Risk” şeirini əzbər dedim. Fikrət müəllimin gözəl şeirləri var. 500-dən artıq mahnı mətninin müəllifidir. Sən Fikrət müəllimi o qədər də zəif hesab eləmə.

- Mən bir söz demədim, sadəcə soruşdum: bəyəndiniz, ya yox? “Ədəbiyyat qəzeti”ndə son silsiləsini də əlavə edə bilərik bura...

- Cavab verdim də. Son oxuduğum mənə yazdığı şeirdir, onu da bəyəndim.

- Bilirsiz niyə soruşdum. Fikrət Qoca müsahibələrinin birində demişdi ki, Şaiq Vəli ortadan da aşağı şairdi. Gəlin, Şaiqin də, Fikrət Qocanın da son şeirlərini yanaşı qoyub baxaq, görək, hansı necə yazıb?

- Onu hansı kriteriya ilə kim ölçəcək?

- Biz... İkimiz...

- İndi Fikrət müəllim hirslənib nəsə deyib. Necə ki, sən demisən, ölüb, yoxsa sağdı. İndi mən səndən soruşuram: Səlim Babullaoğlu yaxşı şairdi, Şaiq Vəli? Bilirəm ki, sən də Səlim haqqında danışmaq istəmirsən (gülür).

- Şaiq Vəli çox gözəl şairdir. Kimsə onu anlamırsa, havasına tuta bilmirsə, susmalıdır. Day durub deməməlidir ki, ortadan aşağıdır-filan...

- Zövq məsələsi də var burda. Heç kimi birmənalı ittiham eləmək olmaz ki, sən bu əsəri mütləq bəyənməlisən.

- Deyirlər, yaşlı katiblərin içində “Qurultay” sözünə qarşı xüsusi həssaslıq var. Eşidəndə diksinirlər...

- Bunu yəqin özün düzəltmisən (gülür). Bilirəm nə demək istəyirsən. Qurultay ərəfəsində bəlkə bir həssaslıq vardı, indi yoxdur, narahat olma.

- Bəlkə bu sözü qadağan edəsiniz?

- Day ağ eləmə (gülür).

- AYB-də işin “razqar” vaxtı qəfil koridorda bir nəfər “Qurultay! Qurultay! Qurultay!” deyib qışqırsa nə edərsiz?

- İndi heç nə. Əvvəllər reaksiya doğurardı bəlkə. Sən məcazi mənada deyirsən, amma mətbuatda vəziyyət o cür idi. Hamı işini-gücünü atıb qurultaydan yazırdı. İndi sakitlikdi. Azı 5 il... 2019-acan...

- Səmimi deyin, AYB-də bəzi qələm adamlarının şöhrət, pul və vəzifə üçün çıxardığı oyunlar sizi iyrəndirmir heç?

- İyrəndirir. Amma bu təkcə Yazıçılar Birliyində deyil ki.

- Hansısa siyasi partiyada, dövlət strukturunda bu o qədər də iyrənc görünməyə bilər. Axı söhbət ədəbiyyat ocağından, qələm adamlarından, mənəvi bir sahə ilə məşğul olanlar insanlardan gedir.

- Hər halda son illərdə mənə ən pis təsir edən “Ədəbiyyat qəzeti”ndə baş verən hadisələr oldu. Əgər qəzetdə hər hansı bağışlanmaz səhvə yol verilmişdisə hamı vəzifədən getməli idi. Baş redaktor da, müavin də, redaktorlar da. Müavini baş redaktor qoymaq düzgün deyildi.

- Demək təsdiq edirsiniz ki, Elçin Hüseynbəylinin, xalq diliylə desək, torbasını tikiblər.

- Mən bu barədə fikirlərimi açıq bildirdim. Elçin bir az məsuliyyətsiz oldu, bir az həddindən çox səmimi oldu, işə qeyri-ciddi yanaşdı. Jurnalla qəzet bir deyil. Ordakı mühit də fərqli idi. Elçin nəsə dəyişmək istəyirdi. Belə proseslərə də həmişə kimsə mane olur. Komandanı da dəyişmək indiki şəraitdə mümkün deyil. Nəzərə almalı idi.

- Belə bir fikir var ki, ölkədə nə baş verir-versin, udan Rəşad Məcid olur. Təsadüfən yəhudilərlə qohumluğunuz yoxdur ki?

- Bilmirəm, bəlkə də var. Heydər Camal bu yaxınlarda yazmışdı ki, Azərbaycandakı seyidlərin yəhudilərlə qohumluğu var. İndi sənin bu sözün onunku ilə tam üst-üstə düşdü (gülür). Bizim Laçındakı Seyidlər kəndinin də adını çəkib yazısında.

- Hamıyla dostsuz. Bunu necə bacarırsız?

- 20-21 yaşımdan Ramiz Rövşən, Vaqif Bayatlı, Zakir Fəxri, onların vasitəsiylə Yusif Səmədoğlu, Anar müəllim kimi adamlarla oturub durmuşam və o ovqat, o hava hələ də canımdadır. İndi həm yaşlılarla, həm gənclərlə oturub-dura bilirəm.

- “11 sentyabr”a görə sizi çox tənqid elədilər. Doğrudan elə bircə hekayəniz var?

- Üç hekayə yazmışam indiyədək. Amma şeirlər çoxdur.

- Hekayə yaradıcılığını davam etdirmək istəmirsiz?

- Nəsr yaradıcılığı üçün tamam sakitlik lazımdır. Məndə belə imkan olmur.

- Bayaqdan tənqid edirəm, bir tərif də deyim. İnsafən, siz gələndən sonra AYB-nin gənclərlə bağlı işində mənfi-müsbətliyindən asılı olmayaraq bir canlanma əmələ gəldi. Mərhum Arif Əmrahoğlu heç danışmır, debatlara, müzakirələrə gəlmirdi.

- Bu zamanla da bağlı məsələdir. Bizim vaxtımız bir az fərqli idi.

- Yeni dövr ədəbiyyatını yaxından izləyirsiniz. Hətta, belə deyək, əks cəbhəni də. Əli Əkbərin “Amneziya” romanını tərifləmişdiniz.

- Hə, o yaxşı əsər idi. Sonuncu kitabını da oxudum. İki povest vardı orda. Deyim ki, mən “Gilə”ni yox, o birini bəyəndim. Halbuki məntiqlə “Gilə”ni bəyənməli idim. Laçın söhbətinə görə... Özünə də yazdım. Dedim, “Gilə” çox uydurma gəldi mənə. Yazdı ki, əksinə, o, daha realdır. Amma məncə əsər elə də inandırıcı alınmayıb. Bir insanın o boyda odun-alovun içində uşaq vaxtı işlədiyi günahı unuda bilməməsi və buna görə vətənə qayıtmaması xeyli uydurma göründü.

- Seymur Baycanın son kitablarını necə, oxudunuz?

- Seymur bir-iki il idi küsülüydü mənnən. Bir gün gördüm Yazıçılar Birliyinə bir “kanvert” gəldi. Açdım ki, Seymur avtoqrafla kitab göndərib. Seymurun bu xasiyyətini çox xoşlayıram. Kinli deyil, nankor da deyil. Özünə də demişəm, onun publisistikası və köşə yazıları çox superdi, ancaq nəsrini bəyənmirəm. Bunu sən də demişdin deyəsən, Əli Əkbərin təxəyyülü ilə Seymurun realistliyini birləşdirsən yaxşı nəticə alınar. Seymur elə düşünür ki, yazıçılıq yalnız gördüyünü yazmaqdır və ondan artığını eləmək olmaz. Bu səhv düşüncədir. Onun xırda, iki-üç cümləylə yazdığı gerçəkliklərdən Əli Əkbər povest yarada bilər.

- Belə bir şərti məqam düşünək: diktatorsunuz, əks cəbhədə kimisə aradan götürməlisiniz... Bu kim olardı?

- Elə bir adam qalmayıb ha. Hamını zərərsizləşdirmişik (gülür).

- Sonda onu da qeyd etməliyəm: insan olaraq bəzi ortaq nöqtələrimiz var və bu söhbət ona görə baş tutdu. Mən AYB-ni həmişə olduğu kimi yenə də qəbul etmirəm və sizinlə də barışmıram. Söhbətimiz hər hansı yumşalma faktı kimi yozulmasın...

- Mən də sənin fikirlərinə çox sakit yanaşıram və düşünürəm ki, bu söhbətimiz Yazıçılar Birliyindəki demokratiyanın, tolerantlığın göstəricisidir.

# 2078 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #