Ağlayır, işini itirib, küçədə oturan kloun… - Ümmid Nəccaridən YENİ ŞEİRLƏR

Ağlayır, işini itirib, küçədə oturan kloun… - <span style="color:red;">Ümmid Nəccaridən YENİ ŞEİRLƏR
21 noyabr 2017
# 15:14

Kulis.az təbrizli şair Ümmid Nəccarın yeni şeirlərini təqdim edir.

***

Ağlayırdı...

Buludlara ip bağlayıb çərpələng edən şəxs!

Ağaclar payızın üstünə külək əsdirirdi.

Payız üşüyürdü.

Üşüdükcə payız,

qolları budaqlardan tökülürdü.

Gördüyümüz hər nə varsa, əsirdi.

Gödəkcələr üşüyürdü insanların əynində.

Bu andaydı ki,

Qucağı dözə bilmirdi kimsəsizliyə!

Bu andaydı ki,

Qucağı qocalırdı, qucağı ölürdü…

Adı məlum, gözləri məchul olan şəxs

Gözləri dükanın vitrinində qalandan bəri

Kor oldu kor!

Kor olandan sonra

şəhərdə işıqları süpürdülər süpürgəçilər.

Və sonra qatarların kupelərinə doldu insanlar,

Kupelər boşaldı insanlıqdan…

Uşaqlığı bir abidə idi yoxsulluq parkında.

Daş kimi sərt,

Gül kimi zərif.

Həyat gahdan yaş, gahdan quruydu.

Amma daima qupquru çörək idi

mən deyən kəsin həyatı.

Hava da havalanmışdı.

Yox, soyuğu demirəm,

Qarda deyil dediyim,

Sadəcə ulduzlar əllərini kəsirdi gecələr

Və qanından qanad açırdı kəpənəklər.

Kəpənəklər qeyb olurdu qaranlıqda.

Hələ də azadlıq dırnaq arasındaydı,

Hələ də “azadlıq” meydanında azalırdı hava.

Divar depressiyadaydı!

Evdən çölə çıxa bilmirdi divarlar.

İnqilab küçəsində kimsə yoxuydu

quru yarpaqlardan başqa

Başqa söz,

Televizorda xəbəri deyən qız:

"Bu gecə sıfır dərəcədir proqnoz

Bu sözlə bitir xəbərlərimiz"

Ağlayırdı...

xəbəri bilən kəs.

Göyüzü peyğəmbəri deyir,

“Tanrı göyü sevsə də, göydələnləri sevmir”

Ağlayır...

Üzü ağappaq olan kəs

Gül ilə güllənin fərqini soruşmadı

İnsanlıq fənnini keçən müəllimimiz!

Universitetdə azalırdı gündən-günə sevdiyi qız.

Qısalırdı gündüzlər...

Soyuq pambıq yağırdı küçələrə…

Üşüməyə tələsmə, küçədə oturan şəxs!

Tanrı yastığını silkələyir təkcə...

Çətirləri bağlayın,

çətirlər göy üzünə böyük etirazdır.

Gecə gəldikdə,

Hamı maskasını qucaqlayıb yatır.

Saçlarındakı məktubları yolduqca,

Qağayılar azalırdı dənizdə...

Yenə ağlayır...

işini itirən şəxs.

Heyif ki,

güzgülərin nişan barmağı yoxdur

üzük taxmaq üçün…

Yenə də ağlayır,

Hamını güldürən kəs...

Üstündə yeridiyi kəndirin

uzunluğu qədərdir həyatı

Ağlayır...

Küçədə oturub,

İşini itirən kloun…

***

Durduğun yerdə dur, dağlar kimi…

Gözdə vurma.

Payızın yarpaqları intihar etməsin budaqlarında...

Nəfəsini öldür,

Şəkillərdə olduğun kimi…

Doyunca baxım sənə

Ölümlə umudun arasındasan hələ

Dünyanın hər küncündə bir ovuc torpaq olsan da…

Birisinə məzarsan,

Birisinə vətən…

***

Sizi yuxudan oyatmayacam

Təkcə özüm görmək istəyirəm bunları...

Bir ovuc göy üzü gizlənib quşların qanadında,

hələ harasıdır...

Dəniz təkcə bir damcıdır!

Dalğalarına baxmayın, balıqlarına aldanmayın.

Qağayılar qağamdır, mən bircə ondan söz eşidərəm!

Qağayılar uçur damarımda...

Beynimdə pambıq düzlərində,

bir qız ayaqyalın qaçır röyaları arxasınca

Bağışlayın ki,

Sizi yuxudan oyatmayacam.

Təkcə özüm görmək istəyirəm bunları...

Mənim gözlüklərimin arxasında,

sobalar içində pullar yanır!

Ovuclarımda buludları sıxsam əgər,

Suriyada yağış yağar...

Saçlarımdakı ağ dənlər kəpənəkdir.

Uşaqların yuxularına qonan bir kəpənək...

Bütün fəsillər bir qoca dərvişin oyunudur,

bizi saxlamağa, bizi durdurmağa,

Səni unutdurmağa çalışır,

Səni xatirəni pəncərə şüşələrindən silmək istəyir...

Bağışlayın ki,

Təkcə özüm görmək istəyirəm bunları...

Bağışlayın ki,

Sizi yuxudan oyatmayacam!

Görüntünün olası içeriği: 1 kişi

# 1745 dəfə oxunub

Oxşar xəbərlər

"Yaxşı yazıçı olmaq üçün nə etməli?" - Doris Lessinqdən gənc yazıçılara məsləhətlər

"Yaxşı yazıçı olmaq üçün nə etməli?" - Doris Lessinqdən gənc yazıçılara məsləhətlər

17:00 17 oktyabr 2025
"Səksənincilər məişətə məğlub oldular..." - Bu yazıçılar niyə "itkin nəsil" sayılır?

"Səksənincilər məişətə məğlub oldular..." - Bu yazıçılar niyə "itkin nəsil" sayılır?

12:05 16 oktyabr 2025
“Gündəmlə bağlı nəşrlərin uçqunu altında əzilərkən..."  -  Beyin rahatlığını haradan tapaq?

“Gündəmlə bağlı nəşrlərin uçqunu altında əzilərkən..." - Beyin rahatlığını haradan tapaq?

10:30 15 oktyabr 2025
"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid

"Roman Azərbaycan dilində yazılıb, amma Azərbaycan dilində deyil" - Vüqar Vandan sərt tənqid

11:12 13 oktyabr 2025
"Müəllif qəhrəmanın travmatik əzablarını dərinləşdirsəydi..." - Elnarə Akimova

"Müəllif qəhrəmanın travmatik əzablarını dərinləşdirsəydi..." - Elnarə Akimova

15:00 12 oktyabr 2025
Macar yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

Macar yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

15:20 9 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər