“Vısotskini bizim dilə yaxşı çevirmək olar, başqalarına yox” - MÜSAHİBƏ

“Vısotskini bizim dilə yaxşı çevirmək olar, başqalarına yox” - <span style="color:red;">MÜSAHİBƏ
26 dekabr 2014
# 14:14

Bu il 80-ci illər ədəbi nəslinə mənsub olan istedadlı şair-tərcüməçi Namizəd Xalidoğlunun (Qoca Xalidin) 60 yaşı tamam oldu.

Kulis.az onunla söhbəti təqdim edir.

- Hazırda nə ilə məşğulsan, günlərin necə keçir?

- Şəkinin Kiçik Dəhnə kəndində ədəbiyyat müəllimi işləyirəm. Günlərim mütaliə, məişət qayğıları ilə keçir. Tipik kənd həyatı yaşayıram. Hərdən Bakıya gəlib-gedirəm. İndi də görkəmli şairimiz Məmməd İsmayılın 75 illik yubileyinə qatılmaq üçün gəlmişdim. Bu il fevralın 21-dən 23-nə qədər Moskvada Rusiya Elmlər Akademiyasının Elmi Tədqiqat Ədəbiyyat İnstitutunda keçirilən “Yuri Kuznetsovun yaradıcılığında zaman və məkan anlayışı” adlı beynəlxalq konfransda iştirak eləmişəm. Hər il mərhum şairin yaradıcılığının bir istiqaməti üzrə beynəlxalq konfranslar keçirilir. Beləcə, qismətimə düşən ömrü yaşayıram.

- Moskvadakı ədəbi mühitlə bağlı təəssüratın necədir?

- Moskvadakı tədbirə Türkiyədən Məmməd İsmayılı da dəvət eləmişdilər. Türk dünyasını biz təmsil edirdik. Yuri Kuznetsova həsr olunmuş tədbirlər həmişə yüksək səviyyədə keçir. Kuznetsov həqiqətən böyük şairdir. Onun miqyasını bir sözlə ifadə eləmək olmur. Mifik şairdir, onu bu dünyanın yox, o biri dünyanın adamı adlandırırlar. Kuznetsov mənim də müəllimim olub, onun şeirlərini dilimizə çevirmişəm.

- Gəl bir qədər əvvələ qayıdaq. Azərbaycanın əyalət mühitindən – Şəkinin kəndindən Ali Ədəbiyyat Kurslarına getməyin necə baş tutdu?

– Mənə elə gəlir, bu, təbii proses, bəlkə də alın yazım idi. Gənclik illərindən rus ədəbiyyatından tərcümələr eləyirdim. 1991-ci ildə Məmməd İsmayıl mənim Yuri Kuznetsovdan çevirdiyim şeirlərə ön söz yazıb “Gənclik” jurnalında çap eləmişdi. 1996-cı ildə təsadüfən yolum Moskvaya düşdü. Kuznetsovla görüşdük, o vaxtacan onunla şəxsi tanışlığım yox idi. Şeirlərini tərcümə elədiyimdən xəbər tutanda jurnalı çıxarıb göstərdi ki, bu şeirləri siz çevirmisiniz? Dedim, bəli. Dedi, gələn ilə yeni kurs yığıram, sizi də mütləq həmin kursda görmək istəyirəm. Ailə qayğılarım çox olduğundan bir qədər tərəddüd elədim. Dedi, hər şeyi mən yoluna qoyacam. Beləcə, 1997-ci il sentyabrın 1-dən onun dinləyicilərindən biri də mən oldum.

- Onda artıq 43 yaşın, xeyli ədəbi təcrübən vardı. Ali Ədəbiyyat Kurslarında oxumaq sənə nə verdi?

- Birincisi, Yuri Kuznetsov kimi nəhəng şəxsiyyət və şairlə təmasda oldum. Dünyagörüşüm genişləndi, yeni bilgilər əldə elədim. O iki il mənə sözlə daha yaxşı rəftar eləməyi öyrətdi. Əlbəttə, dünya ədəbiyyatıyla tanışlığım da genişləndi. Dünya Ədəbiyyatı İnstitutunda, Ali Ədəbiyyat Kurslarında sırf yaradıcı adamlar işləyirlər, müəllim və dinləyici heyəti azdır. Təsəvvür elə ki, kiçik bir yeməkxanası vardı, günorta orda hamı eyni vaxtda yemək yeyirdi, amma yeməkxana dolmurdu. Mən sovet quruluşu dağılandan sonra həmin kurslarda oxuyan sonuncu azərbaycanlıydım.

Ali Ədəbiyyat Kurslarında yetkin adamlar - şairlər, yazıçılar, tənqidçilər oxuyurdular. Orada təkcə rus ədəbiyyatı yox, dünya ədəbiyyatı da tədris olunurdu. Həmin vaxtlar kursda istedadlı adamlarla tanış oldum. 90-cı illərdə ermənilər orada azərbaycanlılar haqda çox pis fikir formalaşdırmışdılar, həmin təsəvvürü dəyişmək də başlıca vəzifələrimdən biriydi. Mənə tanıyanlarda Azərbaycan haqqında müəyyən fikir yaranırdı.

Düzdür, oxuduğum müddətdə hər şey – təhsilim, maddi təminatım, Rusiya daxilində hərəkətim dövlətin hesabına idi. Amma səni, deyək ki, ayda iki dəfə ad gününə dəvət edirlər. Orada iştirakın da formaları var, biz elə yerlərə əliboş getmirik axı.

1999-cu ildə “Yunost” (“Gənclik”) jurnalının son sayı Yuri Kuznetsovun tərcüməsində mənim şeirlərimdən ibarət “Əsrin son misraları” silsiləsi ilə açıldı. Həmin sayda on şeirim çap olunmuşdu. O il Akademiya nəşriyyatında ədəbiyyatşünas, Moskva şəhər Yazıçılar İttifaqının katiblərindən biri Lola Zvonaryovanın ön sözüylə, dostlarım Vladimir Soroçkin, Anatoli Perşin, Konstantin Paskal, Aleksandr Ananiçevin tərcüməsində şeirlər kitabım çapdan çıxdı. Yeri gəlmişkən, rus ədibləri bizimlə yaradıcılıq ünsiyyətində olmaq istəyirlər, sadəcə, biz işi düz qurmuruq. Bu, fərdi qaydada qurulası iş deyil, sistemli təşkil olunmalıdır. Bu mənada Tərcümə Mərkəzinin yaradılması yaradıcı adamlara ümid verir.

- Azərbaycanda sən əsasən bənzərsiz rus şairləri Nikolay Rubtsovun və Vladimir Vısotskinin tərcüməçisi kimi tanınırsan...

- Əvvəlcə Rubtsovdan başladım. 1974-76-cı illərdə sovet ordusunda qulluq eləmişəm. Əsgərliyə o vaxtkı Azərbaycan Politexnik İnstitutunu atıb getmişdim. Qismətdən Rusiyada iqtisadi yönümlü yeganə ali hərbi məktəb olan Yaroslavl Ali Hərbi Maliyyə Məktəbinə düşdüm. Orada ordu üçün maliyyəçi, mühasibat işçisi hazırlayırdılar. Məktəbin “Buxqalteriya” (“Mühasibat”) qəzetində kiçik şeirlərim çıxmışdı. Şeirlərimi oxuyub məni Rusiyanın aparıcı şairləriylə tanış elədilər. Müasir rus poeziyası ilə tanışlığım belə başlandı.

1974-cü ildə Yuri Kuznetsovun Moskvada kiçik bir şeirlər kitabı çıxmışdı, oradan bəzi nümunələri tərcümə eləmişdim. Sonra Vladimir Sokolovun şeirlərini çevirdim. Belə demək mümkünsə, əsasən “sakit poeziya”nı - Rubtsov, Sokolov, Andrey Jiqulin, Anatoli Peredreyev, Vladimir Kostrov kimi şairlərin, onların sələfi sayılan klassiklərin – Fyodor Tütçevin, Sergey Yeseninin şeirlərini çevirmişəm.

Vısotskinin şeirlərini tərcümə eləməyim isə təsadüf üzündən baş verdi. Ədəbiyyatşünas dostum İlham Abbasov təkidlə xahiş elədi ki, Vısotskidən bir-iki şeir çevirim. Boyun qaçırdım. Mənə nə qədər qrammofon valı aldı, jurnallar göndərdisə, gözümün ucuyla da baxmadım. Axırda fikirləşdim, yox, bu qədər təkid eləyirsə, qəlbini sındırmayım. Bir-iki şeir çevirib göndərdim, çap elədilər. Bununla da həvəsim öldü.

Üç-dörd il sonra Vısotskinin on şeirini də tərcümə elədim. 1993-cü ildə “Bir dənizdə yeddi damla” adlı kitab nəşr etdirdim. Kitabda “sakit poeziya”nın yeddi nümayəndəsinin şeirləri yer almışdı, sonuna da Vısotsknin bir neçə şeirini əlavə eləmişdim. Daha sonra, 1995-1996-cı illərdə klassik rus poeziyasından tərcümələr elədim, “Yaz suları. Dan söküləndə. İlxı” adı altında kiçik bir kitab buraxdım. Moskvada mənə aydın oldu ki, Vısotski Azərbaycan dilinə yaxşı tərcümə oluna bilər, başqa dillərə isə mükəmməl çevrilə bilməz. Vısotski bir tərəfdən də aktyordur, rola girməyi bacarır. Hamı onu satirik şair kimi tanıyır, amma mən onu lirik şair kimi tərcümə elədim.

Tutalım, bir alpinistin dilindən danışır, roldadır. Yaxud məhbusun monoloqunu qələmə alır... Axı bu, lirikadır. Bir də ki, onun dilində canlı dildən gələn jarqonlar var. Bizim dilimizdəki jarqonlar rus dilindəkindən də zəngindir. Sonralar Vısotskinin bir çox şeirlərini tərcümə eləyib iki kitabını çıxartdırdım.

- Rus poeziyasından elədiyin tərcümələri toplu halında nəşr etdirmisənmi?

- “Mən də cığır açdım” adlı sonuncu tərcümə kitabımda 12 şairin şeirləri toplanıb. Hazırda Vısotskinin şeirlərinin tərcüməsini davam etdirirəm.

- Öz yaradıcılığın nə yerdədir? Mətbuatda az görünürsən, şeirlərin də seyrək-seyrək çap olunur.

- İndiyədək cəmi iki şeir kitabım çıxıb. Biri 1986-cı, o biri də 2000-ci ildə. İkinci kitabı nəşr etdirmək istəmirdim. Kənddə qohum-əqrəba rus dilini bilmədiyindən Moskvada çap olunmuş kitabdakı şeirləri doğma dilimizdə də nəşr elətdirməli oldum. Yeni şeirlərim var, qismət olsa, yaxın vaxtlarda toplayıb kitab halına salasıyam.

- Əyalətdə yaşamağın öz çətinlikləri var, amma üstünlüklərini də danmaq olmaz. Həyatın tələskən axarından kənardakı sakit həyat yaradıcı adam üçün əvəzedilməz nemətdir. Razısan?

- Bir həftədən artıq Bakıda oldum, çoxdan darıxmağa başlamışam. Buradakı hay-küyə öyrəşməmişəm. Kənddə sərbəstlikdir, azadlıqdır, bir misranın üzərində günlərlə düşünə bilərsən... Uşaqlar da böyüyüb ailə qurublar, bir həyat yoldaşımdır, bir də mən. Kasıbyana güzəranım var, ancaq rahat, sərbəst işləmək üçün kənd həyatı əvəzolunmazdır. Əyalət həyatının bir cəhəti də var - bir az adamı tənbəlliyə sürükləyən həyatdır. Şəhərdə vaxt qızıldır, amma əyalətdə vaxt hesablanmır. Mən vaxt bolluğunda üzürəm.

- Bakıya gec-gec gəlirsən, ədəbi mühitdə gec-gec görünürsən. Darıxdığın dostlar, imzalar varmı?

- Şübhəsiz ki, var. Mən 80-ci illər ədəbi nəslinin yaradıcılığını izləyirəm, onlarla nəfəs alıram. Bu nəsil ədəbiyyatda daha təmkinli, daha təvazökardır. Mən ədəbiyyata 80-ci illərdə gələnlərin yaradıcılığını yaxşı mənada son mərhələ hesab edirəm.

- Kənddə günün necə başlayır, necə bitir?

- Bütün xalqların həyatı kənddən başlanır. Xalqın əvvəli də, kökü də kənddir. Azərbaycan və rus kəndlisinin dil və din fərqi olsa da, qayğıları, problemləri, ağrıları, sevincləri eynidir.

- Yaşadığın Kiçik Dəhnədən çağdaş ədəbi mühitimiz necə görünür?

- Bugünkü ədəbi mühit qarmaqarışıq, xaotikdir, söz xeyli ucuzlaşıb. Onu da deyim ki, əyalətdən Bakı yaxşı görünür, amma Bakıdan əyalət heç görünmür. Məsələn, mənim adımı yazıçıların qurultay nümayəndələri siyahısına salmadılar. Gəlsəm, qələm dostlarımla görüşə bilərdim, fikir mübadiləsi aparardım, ədəbiyyatda gedən proseslərdən xəbərdar olardım. 400-dən artıq yazıçının arasında adımı görməyəndə təəccübləndim, amma heç bir reaksiya vermədim. O adam ki sözün qədir-qiymətini əvvəlcədən bilir, vicdanla yazıb-yaradır, amma əvvəldən bilməyənlər ədəbiyyata alver kimi baxırlar. Heç kimin əleyhinə deyiləm, hamı yaza bilər, amma hamının borcu məhz sözün aliliyini qorumaqdır.

- Moskva ədəbi mühiti ilə tanışsan. Azərbaycan ədəbiyyatı Rusiyada niyə layiqincə görünmür?

- Yuri Kuznetsov eyni zamanda “Naş sovremennik” jurnalının şöbə müdiriydi. Dərsdən sonra tez-tez jurnalın redaksiyasına gedirdik, oturub söhbət eləyirdik, yeyib-içirdik. Bir gün jurnalın baş redaktorunun müavini ilə tanış oldum. Ordan-burdan söhbət düşəndə dedim ki, nə olar, bir dəfə də Azərbaycandan yazı verin. Dedi, biz həmişə hazırıq, ancaq yazı gətirən yoxdur. Orada jurnal dövlət yardımıyla yox, abunəçilərin hesabına çıxır. Dedi ki, bir nömrənin pulunu verin, tamamilə Azərbaycana həsr eləyək. Bakıya qayıdanda məşhur yazıçılarımızdan biriylə bu barədə danışdım. O da mənə hökumət orqanlarına müraciət eləməyi məsləhət gördü. Halbuki Yazıçılar Birliyi bu məsələni asanlıqla həll eləyə bilərdi. Belə məsələlər bir qədər də təəssübkeşliyə bağlıdır...

# 2130 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #