Diz çökürəm, and içirəm, öpürəm saçlarından – Eminqueyin Yeni Şeirləri

Diz çökürəm, and içirəm, öpürəm saçlarından – <span style="color:red;">Eminqueyin Yeni Şeirləri
19 mart 2019
# 17:35

Kulis.az gənc şair Eminqueyin yeni şeirlərini təqdim edir.

***

çətini gedincədi,
hə,
sonra kim ölə, kim qala.

kimi uçulmuş ev kimi üşüyər, xəbərin olmaz,
kimi qaçılmış ev kimi qapısı, çəpəri olmaz,
bu sürünən tənhalığın öldürən zəhəri olmaz,
qanını çəkincədi,
hə,
sonra kim ölə, kim qala.

kimi səhraya bənzərdi, külək sovurar, sovurar,
çölü özgəni yandırar, içi özünü qovurar,
hürər itin əvəzinə, nə bir kəlmə cavab alar,
karvanlar keçincədi,
hə,
sonra kim ölə, kim qala.

o da, bu da, sən də, mən də, biz demə bir adammışıq,
biz yox imiş, o da, bu da, sən də, mən də yalanmışıq,
qorxulu yuxu görmüşük, ayrı-ayrı oyanmışıq,
bir qurtum su içincədi,
hə,
sonra kim ölə, kim qala.

çətini gedincədi....

***

yağışlar

- Musanın yardığı dənizin sularıdı.

çətirlər

- Musanın tərsinə tutulmuş çomağıdı.

o çomaq məndə olsaydı,

düz müharibənin göbəyində,

bir əlimdə çomaq,

bir əlimdə vərəq,

sülh marşı çaldırardım düşmən əsgərlərinə.

həqiqət,

ağacın arxasında gizlənmiş

küskün bir uşağın gözləri kimi

parıldayır uzaqdan.

alınmaz,

dirijor çıxmaz məndən,

uzaqbaşı güllələrdən leysan yağdıraram

düşmən səngərlərinə.

əgər indi

Musanın çomağı məndə olsaydı,

əminəm,

ac qalmamaqçün

şou göstərirdim,

dovşan çıxarırdım papaqdan.

***

qollarını boynuma sal, yaşat mənə məhbəsi,

mən ölmüş arzularımın, hislərimin duluyam.

mənlik deyil bu şəhərin fahişəsi, qə...si,

mən ömürlük sevgilərin, ehtirasın quluyam.

bir bax, çoxlu gül almışam, bişir gül mürəbbəsi,

saçları pürrəngi çayım, sözləri yağım mənim.

sevincindən pərvazlanıb ayağı yer göyməyən,

titrəyişi, hıçqırığı şaxseyim, ağım mənim.

diz çökürəm, and içirəm, öpürəm saçlarından,

göz yaşların qənim olsun dönük çıxsam əhdimə!

heç vaxt mənə "çıx, get" demə, bir cəhd elə, qulaq as,

"dinləmirəm, eşitmirəm, sus, danışma, eh..." demə.

sənə nə var, ədan, hikkən, nazın da bir hoqqadı,

gücün çatsa, öləndə də göz süzdürüb ölərsən.

güc ver mənə, de ki, sınma, de ki, əyilmə, adam,

canımdakı inqilaba, çevrilişə hünərsən.

ey bədəni əllərimin hürriyyət tapdığı qız,

adın var üstündə sülhə çağıran bayraqların.

açılar cənnət qapısı öpsəm ayaqlarından,

"sülh" qışqırar sevincindən müqəddəs dodaqlarım.

Günəşin doğuluşuna qıyaq gözlərimizi.

gəl, çevrilək davaların önündə Çin səddinə.

gəl, birlikdə insanları çağırmaq zamanıdı,

doğulmamış körpələrin ölümünün rəddinə.

***

dur ayağa, Nuh ol, qızım, gəmi tik,
hər nəyimi sevdinsə yığ-yığışdır.
tütün qoxan gödəkçəmi götür get,
hava bu gün küləklidi, yağışdı.

gedəcəyin yeri indi seç, qızım,
elə yer ki, tuta bilməz qarğışım.
dur ayağa, yox ol, qızım, hələlik!
gözləmə ki, bağışlayım, barışım.

indi elə tufan qopar, sel gələr,
gözlərimin qarasına söyərsən.
başın itər, bilməzsən ki, əlini
başınamı, dizinəmi döyəsən.

nə gülüşün səni saxlar bu seldən,
nə bədənin tab gətirməz tufana.
dur ayağa, yıxıl, qızım, gözümdən,
ruhum çaşar, baxışına aldanar.

indi elə tufan qopar, sel gələr,
saçlarını yolub mənə saxlayar.
dur ayağa, ruh ol, qızım, tələsik,
dilim çaşar, səni yenə saxlayar.

bacarmazsan, Nuh deyilsən, alınmaz,
gəmin səni qurtarmaz göz yaşımdan.
səni elə yaşadaram, deyərsən,
itin olum, qurdun olum, bağışla.

nə qədər ki, barışmıram, yığış get,
nə qədər ki, başlamayıb bu tufan,
nə qədər ki, güclənməyib yağış, get.
bilirəm ki, dönəcəksən sən geri,
sənə əlvida demirəm, hələlik!

***

dərdlər sənin düz əyninə biçilib,

ağız büzmə,

arzula ki, tez yırtılsın.

öz dibinə en,

sıyır dərdlərini doyunca,

deyirlər,

gözəl olur gələcək təzə ağrın.

***

səni ağzımı yandıran çay kimi sevdim,

saçları pürrəngi qız,

səni üfürə-üfürə içdim,

“şəkərim” deyərdin mənə...

getməyi bacarmadım ki

getmədim,

sadəcə sənə qarışıb itdim...

***

saçlarının hörüyündə
yollarımız kəsişsə də
ucunda ayrılıq var.
əllərini gizlətmisən,
bilirəm,
içində ayrılıq var.

qapını döyür bir adam,
başdan ayağa sirr adam,
qışqırır, qışqırır, adam,
- açın da, ayrılıq var...

belədi də, dəyişmir ki
fikir vermə, qovuşmur ki
hər sevən dörd-beş adamdan,
üçündə ayrılıq var.

***

dirçəldi çiçəklər səksən səkkizdə...

çiçəklər sandı ki, çıxan Günəşdi.

yağışlar yağacaq islanacaqlar,

Günəş saçlarını qurulayacaq,

Urra! Gedəcəklər! Daha finişdi!

hardan biləydilər aldanacaqlar?

dirçəldi çiçəklər səksən səkkizdə...

sonra qaranlığa çökəcək şəhər,

sonra al-qırmızı boyanacaqlar,

elə toy tutdular nadinc şəhərə,

elə ritm vurdu bu dəf güllələr.

hardan biləydilər aldanacaqlar?

dirçəldi çiçəklər səksən səkkizdə...

elə dirçəldilər ağrıdı bellər.

sonra nə divlərə inanacaqlar...

oyan, ellər, ellər, oyan ay ellər!

cırtdan qoyunlara bağırdı belə.

hardan biləydilər aldanacaqlar?

dirçəldi çiçəklər səksən səkkizdə...

sonrası bu meydan, bu da ki şeytan,

bir də bu çiçəklər boylanacaqlar?

sonrası mürgülü tarixə döndü,

olmadı bir daha başın qaldıran...

görəsən, nə vaxtsa oyanacaqlar?

# 5963 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #