Məhəllənin adını qaldıran gənc şairin izdihamlı təqdimatından REPORTAJ

Məhəllənin adını qaldıran gənc şairin izdihamlı təqdimatından <span style="color:red;">REPORTAJ
9 fevral 2017
# 12:38

Ayxan Ayvaz

Yenə Yazıçılar Birliyi, yenə Natəvan klubu, yenə tədbir. Amma bu dəfə alışdığımız kimi yaşlı şair, yazıçıların deyil, gənc bir şairin kitab təqdimatı idi. Bu kim ola? Facebookda statusları ilə şöhrət qazanan Ulucay Akif.

Təqdimat başlamadan əvvəl Natəvan klubunun aşağısında Oqtay Rzanın bir neçə adamla söhbət etdiyini gördüm. Oqtay Rza barmağını silkələyə-silkələyə danışırdı, amma bu barmaq “tədbir barmağı” deyildi, tədbirdə çıxış eləməyə hazırlaşan barmaq idi. Yanındakı üç-dörd nəfər əlləri qoynunda onu dinləyir, arada sözünə qüvvət mənasında kürəyinə vururdular. Oqtay Rzanın yəqin ki, aşağıdakı təqdimatdan xəbəri yox idi. Yoxsa bu barmaq silkələməyi orda davam etdirərdi.

- Oqtay müəllim, tədbirə gəlmirsiniz? – yaxınlaşıb soruşdum.

Barmağı havada, sözü ağzında qaldı, mənə baxıb qaşlarını düyünlədi:

- Çağırsalar, gələrəm.

Hiss olunur ki, Natəvan klubunda gənc bir şairin təqdimatı keçirilir. Yoxsa heç bir yaşlı qələm adamı belə kobud səhv etməz, Oqtay Rzasız tədbir keçirməzdi.

Mən Natəvan klubunda ayaqüstü dayanıb tədbirin başlamağını gözləyirdim. Bu vaxt dörd beş qalstuklu oğlan yaxınlaşdılar.

- Biz durmuşuq sən oturasan.

Etiraz edirəm, olmur, onlar israrlıdırlar.

- Biz Ulucayın tanışlarıyıq. İstəmirik onun tədbirində kimsə ayaqüstə dursun.

Onlar israr edir, mən etiraz, zal da bizə baxır. Bu vaxt Əsəd Cahangirin Rəşad Məcidə pıçıltıyla dediyini həssas qulaqlarım eşitdi: “Ayxana bir jest eləyək”.

Bu dəfə Ulucayın dost-tanışları məni dartışdırmaqdan vaz keçmişdi, indi AYB-nin tanınmış simaları oturmağıma işarə edirdi. O dəyirmi masanın ətrafında oturmaq mənə məğlubiyyəti boyun almaq kimi gəlirdi. Ona görə də etirazlarıma davam edirdim. Ancaq zaldan yüksələn səslərə tabe oldum və keçib oturdum.

- Bu məni zərərsizləşdirmək üsuludur. – gülə-gülə Əsəd Cahangirə dedim.

Rəşad Məcid bu vaxt ayağa durub tədbiri giriş sözü ilə açdı:

- Ulucayın istedadında genetik gələn hallar...

Gördüm, hamı mənə baxıb gülümsünür, başa düşdüm ki, əlimi-qolumu bağlayıblar. Hətta qeyd dəftərcəmi belə qorxa-qorxa çıxartdım. Məni zərbə ilə yerə yıxmışdılar sanki. Kontrol atəşini kim vuracaqdı, bilmirdim.

- Ramiz Rövşənin yubiley tədbirindən sonra anşlaqla keçən ikinci tədbir Ulucayındı deyəsən...

Doğurdan, xeyli adam vardı.

- Onun modern və ənənəvi şeirləri var.

Rəşad Məcidin sözünə qüvvət olsun: tədbirdə də modern və ənənəvi adamlar əyləşmişdi.

Birdən Rəşad Məcid qəzəblənmiş kimi davrandı:

- Nədi ə? Nə şeir yazmısan ki, camaatı yığmısan bura? Dur oxu görək...

Ulucay utana-sıxıla ayağa durub: “Düz-əməlli deyə bilmirəm şeirlərimi, həm də düz-əməlli yaza bilmirəm... ” deyəndə hamı gülüşdü, gənc şair tez-bazar cümləsinə düzəliş verdi: “Yox, düz-əməlli yaza bilirəm”.

Və pessimist notda bir şeir səsləndirdi.

Rəşad Məcid burda bir nikbinliyin də olduğunu dedi. Kitabın adına baxdım bu an: “Günəşə atılan mərmilər”.

Rəşad Məcid son vaxtlar ənənə halını almış hərəkətini burda da təkrarladı: giriş sözünü deyib tədbiri Əsəd Cahangirə tapşırıb getdi...

Əsəd Cahangir:

- Bu gün mənim üçün qeyri-adi, özəl gündü. Neçə dəfə təqdimatlarda olmuşam, hətta moderator kimi də çıxış etmişəm. Amma bu gün başqadı. Bu gün balam kimi sevdiyim...

Ulucayın böyür başında bu vaxt iki-üç gənc bitdi, onlar pıçapıçda olsun biz Əsəd müəllimə qulaq asaq:

- Ulucayı mənə sevdirən tək istedadlı olmağı deyil. O, həm də qanacaqlıdır, tərbiyələdir. Allaha, torpağa, Vətənə sevgisi var. Bunlar çiçəklənmiş sözlər deyil...

Tədbirdəkilər dərin bir ah çəkdilər.

- Bu həqiqətdi. Ulucayı deyirlər atasına görə sevirlər. Amma o atasının kölgəsindən çıxmaq istəyir. İstəmir ona görə tanınsın. Ulucay həm moderndir, həm də milli kökünü unutmur. Mənim anlamımda yazarda yenilik də olmalıdır, ancaq milli kökü də unutmamalıdır. Azərbaycandakı şairlərdə bunun gah biri olurdu, gah o birisi. Nəhayət, gözlədiyim şair gəldi. Ulucay çağdaşlıqla klassikanı üzvü şəkildə birləşdirdi.

Tədbirdəki yaşlı adamlar gənclərlə baxışdılar, bir-birilərinə təbəssüm göndərdilər.

Əsəd Cahangir davam elədi:

- İstedad zamanın tələbini duyan və onu ədəbiyyata gətirən adamdır...

Növbəti söz Qulu Ağsəsin idi:

- Ulucay dostumun oğludur. Akif öləndə demişdim ki, 45 yaşlı adam haqqında 35 yaşlı adamın xatirə danışması qəribədir. Bu gün onun oğlu haqqında danışıram...

Hüznlü bir sükut...

- İndiki cavanların abırsızlığı zəhmətlərindən və istedadlarından çoxdur. – Qulu Ağsəsin antenasını istiqamətini dəyişdi. - Biri yaza bilmir, yaza bilmədiyini bilmir. Bunun işi Allaha qalıb. O biri yaza bilmir, bundan özünün xəbəri var. Belələrinə kömək etmək lazımdır. Eləsi var, yaza bilir, amma gizlədir bunu. O adamların əsl işi yazmaqdır. Eləsi də var, yaza bilir və alçaqcasına bundan xəbəri var. Bu da ulduz xəstəliyinə tutulmağa gətirib çıxarır. Ulucay da mənə elə gəlir, çox tez ulduz xəstəliyinə tutulacaq.

Yavaş-yavaş hirsi soyuyur Qulu müəllimin:

- Ulucay həyatın bütün janrlarında özünü sınamaq istəyir. Yazdıqları 70-80 yaşlı adamların deyil, gənc bir adamın yazdıqlarıdır. Özü də tərs, qəliz adamdır. “Ulduz”u buna tapşırmışdıq, nə qədər qızla dalaşdı.

Gülüşmə düşdü.

- Sonra o qızların heç birini çap eləmədi.

Qılman İlkinin yadigarı danışırdı bu vaxt. Oğlu Ayaz müəllim:

- Onun şeirlərində yenilik var. Nədir bu yenilik? Şeirlərində fəlsəfə də, sevgi də, hislər də var...

Bundan sonra danışan başqa çıxışçılar da bu nüansı xüsusi qeyd etdilər.

Əsəd Cahangir:

- Ulucayın “Dantenin Beatriçeye müraciəti” şeiri var. İstəyərdim o şeiri oxusun. Bizim ədəbiyyatda Dante ilə dialoqa girən yeganə mətndir...

Kiminsə öskürək səsini eşitdim, bu Oqtay Rzanın “barmaq silkələməyi”ni əvəz edirdi.

- Təbii, Anar müəllimin “Dantenin yubileyi”... – Əsəd müəllim səhvini tez düzəltdi.

Ulucay adı çəkilən şeirin kitabda olmadığını dedi: “Mən şeirlərimi həm əzbərləmirəm, həm də deyirəm, nəyimə lazımdır”.

Yanımda oturmuş iki qız əllərini-əlinə vurub şaqqanaq çəkdi, biri də mənə baxıb dedi: “Ulucaydan başqa nə gözləyəsən e?”

Sonra Ulucay təzədən ayağa qalxdı:

- Deyəcəm e, o şeiri...

Və dedi... Alqışlar qopdu...

Ələmdar Cabbarlı ayağa duranda özümü saxlaya bilmədim:

- Bəs bu şeir niyə kitabda yoxdu?

Ulucayın cavabı:

- Huşsuzluğumdan...

Ələmdar Cabbarlı ilk kitabının təqdimatından danışdı. Sən demə, 150 adama dəvətnamə veribmiş: “Təsəvvür edin, Anar müəllim evə getmək istəyirdi, camaatın çoxluğundan yol tapıb gedə bilmirdi”.

Və bu yerdə Akif Səmədə yazdığı şeiri oxudu. İçəridəkilər bir az kövrəldi sanki...

Əsəd Cahangir sözü gənclərə verdi. İlk çıxışçı Ramil Əhməd:

- Borxesin ilk kitabı 37 nüsxə satılmışdı. Amma Borxes deyirdi ki, deməli, 37 ev, 37 insan var. Ulucay, bizim evdə başqa oxucular da var. Səni tək mən oxumayacam. Təbrik edirəm!

Əsəd müəllim daha bir gənci təqdim etdi: “Statuslarını sevdiyim Emenquey Akif...”

Qulu Ağsəsin replikası: “Dur bir status de...”

Əsəd Cahangirin təbirincə desək, sözlərdən plov bişirən Emenquey Akif ayağa durdu:

- Biz Ulucayla dəfələrlə bir süfrədə oturmuşuq. Çox vaxt da bizi qarışdırırlar. Akif imzasına görə. Ona görə də Ulucayla şəkil çəkdirmirəm tədbirlərdə ki, qarışıq salmasınlar. Ulucayı hər şeyə görə tərifləmək olar. Ancaq Ulucayı tərifləmək üçün onun şeirlərini demək lazımdır. Onsuz özü yaxşı deyə bilmir...

Bu sözlər yanımda oturmuş gənc xanımların çox xoşuna gəldi, bayaqkı kimi stula yayxanıb qaqqanaq çəkdilər. Yaxşı ki, Natavan klubunun stulları möhkəm idi, adamı yıxılmağa qoymurdu.

Əsəd Cahangir gender bərabərliyini qorumaq üçün xanımlara müraciət etdi:

- Bilirəm ki, Ulucayın xanım pərəstişkarları var.

Qulu müəllimin daha bir replikası: “Hanı e onlar?”

Xanımların heç biri danışmadı.

Bu vaxt bir yaşlı xanım ayağa durdu. Çıxış veriləcəyini gözləyirmiş, Əsəd müəllim də unudubmuş. Getməli olduğunu dedi, tənqidçimiz isə ondan gözləməyini xahiş etdi. Öz kəşfimə sevindim: Oqtay Rzanın qadın variantını tapmışdım. Onun çıxışı növbəti abzaslarda.

Dünən Facebookda “statusuma səni sevirəm yazanla evlənəcəm” yazan gənc şair Tural Turan ayaqdaydı:

- Bu insan hələ axtarışdadır. Gedəcəyi yolu axtarır. Ancaq o gənc olmağına baxmayaraq qoca kimi sanballı düşünür. Bunun da səbəbi...

Oqtay Rzanın xanım variantı əlini çənəsinə dayaq eləyib diqqət kəsildi.

- Bunun da səbəbi qazaxlı olmağındadır.

Gülüşmə düşdü.

- Hamımız qazaxlıyıq. Narahat olma. – Qulu Ağsəsin səsi idi.

Elə bu vaxt Oqtay Rzanın qadın variantı ayağa qalxdı:

- Yaşasın Turan elləri, yaşasın gənclərimiz! – dalınca da bir şeir oxudu və diqqət etdim ki, eynən Oqtay Rza kimi barmaq silkələyir. Şeir deməyi də Oqtay Rzadan lazımı səviyyədə öyrənsə, onun yolunu uğurla davam etdirə bilər.

- Tuncay istedadlı... Cəhəngir müəllim... – Oqtay Rzanın qadın variantı hər dəfə yerbəyerdən düzəliş edilməsinə baxmayaraq Ulucaya sona qədər “Tuncay” dedi.

Əsəd Cahangir çıxış üçün növbəti gənci təqdim etdi: “Burda qeyri-adi bir gənc oturub. Onların ADO teatrı da var. Qiyafəli, qiyafəsiz tamaşaya çıxırlar. Ölkədə böyük rezonans doğurublar. Düşünürəm ki, Milli Teatr sizi bəyənmirsə, deməli, düz yoldasınız. Beləliklə, modernizm, postmodernizm və ondan sonra gələn hər nədisə, onun nümayəndəsinə söz verilir”.

Kamal Aken reperlər kimi əlini-qolunu sallaya-sallaya danışırdı:

- Ulucayı tanımadan əvvəl bəyənmirdim. Eqosu çox böyük idi. Sonra tanış olandan sonra elə olmadığını gördüm. Mən düşünürdüm ki, burda day-daylar olacaq. Amma qəşəng qızlar varmış...

Ulucay gülümsündü:

- İşin yoxdu heç birindən...

Təqdimatda Ulucayın iki türk dostu da çıxış etdi, ona yaradıcılıq uğurları arzu etdilər. Sonra Ulucayın müəllimləri, tanışları, dostları, məhəllə uşaqları, tələbə dostları, Facebook dostları, Gənc Ədiblər Məktəbinin üzvləri danışdı. Əsəd Cahangir yorulsa da Ulucay tədbiri bitirmək istəmirdi. Bayaq məni oturtmaq istəyən məhəllə uşaqlarından biri maraqlı bir əhvalat danışırdı: “Ulucay qız sevirdi, bir şeir yazmışdı, mənə göstərdi. Dedim, bombadır, get ver qıza. Nəsə, elə oldu qızın qardaşı Ulucayı döydü. – gülüşmə - Amma nə yaxşı ki, Ulucay şeir yazmaqdan əl çəkmədi”.

- Əsas odur məhəlləmizin adını qaldırdın. – Son əlavəsini eləyib Ulucaya öpücük göndərdi.

Bir oğlan ayağa qalxdı və bu qədər tərifdən sonra ilk dəfə tənqid eşidildi:

- Şeirlərində qafiyələnmə yoxdur.

Ulucay:

- Çöldə baxacam sənin işinə. – dedi və barmağını silkələdi. Gördüm ki, Oqtay Rzanın qadın variantı da artıq yoxa çıxıb.

Getdikcə tədbirdə adamların sayı azalırdı, Ulucay isə bundan narahat olub ayağa qalxdı: “Gənclər bu cür tədbirlərdən sıxılırlar. Sonra gedib məni söyməyin ha”...

Bəlkə də ilk təqdimat idi ki, hamıya söz verildi. Hamı danışdı o tədbirdə. Arada Oqtay Rzanı xatırlayıb köks ötürdüm. Eh, gənclik!!!

# 1858 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #