Alik Əlioğlu: “Deyərdi ki, hər şeirindən bir roman çıxar” - MÜSAHİBƏ

Alik Əlioğlu: “Deyərdi ki, hər şeirindən bir roman çıxar” - <span style="color:red;">MÜSAHİBƏ
25 dekabr 2015
# 15:09

Kulis Alik Əlioğlu ilə müsahibəni təqdim edir.

- Alik, nə ədəbi mühitdə, nə də mətbuatda görünürsən. Haralardasan, nə işlə məşğulsan?

- Görünmürsən deyəndə, əvvəllər yazıçı-şair dostlarla çox münasibətdə olurdum. Biz bir komanda kimi gəldik. Gənc Ədiblər Məktəbinin birinci buraxılışı biz idik. Qismət, mən, Nahid, Cavid, Rəbiqə... Onlarla ara-sıra görüşürdük, söhbət edirdik. Vaxt keçəndən sonra münasibətlər dəyişir. Mən əvvəlcədən bir şeyi deyim, başqa cür çıxmasın, özümü ciddi ədəbiyyatçı hesab etmirəm.

- Ədəbiyyata hobbi kimi baxırsan?

- Bəli. Hesab edirəm ki, həvəskar ədəbiyyatçıyam. Yəni həyatımı ədəbiyyata həsr etməmişəm. Mənim başqa işim-gücüm var. Sayt işi ilə məşğulam. O ki, qaldı ədəbiyyata, onu da deyim, ədəbiyyatsız çox darıxaram. Müəyyən vaxt yazmayanda hiss edirəm ki, artıq darıxmağa başlayıram. Çox maraqlıdır, sırf ədəbiyyat üçün darıxdığımı hiss etmirəm, sadəcə nə üçünsə darıxıram. Görürəm ki, içimdə gərginlik var. Özü də əvvəldən bunun ədəbiyyat darıxmağı olduğunu hiss eləmirəm, sadəcə yazandan sonra rahatlaşdığımı görürəm. Onda başa düşürəm ki, bu ədəbiyyatın darıxmağıdır.

- Belə “darıxmaq”lar tez-tez olur?

- Darıxmağı başqa cür də çıxartmaq olur. Sadəcə yazıçı-şairlər yazmağı bacardıqları üçün bununla təsəlli tapırlar. Tutalım, rəssamlar da rəsm çəkməklə təsəlli tapırlar. Elə adamlar da var ki, həm yazmaqla, həm də çəkməklə təsəlli tapırlar.

- Rəhmətlik Adil Mirseyid kimi...

- Bəli, bəli. Rəsm çəkəndə də yaradıcı adam rahatlaşır. Yəni, deməyim odur ki, sırf yazmaqla yox, o yaradıcı prosesin özündə bu rahatlığı tapıram.

- Deməli gələcəyini ədəbiyyatla bağlı hesab etmirsən.

- Yox. Qətiyyən elə hesab eləmirəm. Ədəbiyyatla ciddi məşğul olmuram. Bu işin dalınca düşmədim. Mənə Qismətgil, dostlarım həmişə deyirdilər ki, yavaş-yavaş uzaqlaşırsan. Hətta təklif edirdilər ki, gəl jurnalistika ilə məşğul ol. Açığı, jurnalistika məni çox çəkmədi, baxmayaraq ki, özüm jurnalistikanı bitirmişəm.

- Alik, dəfələrlə çox ciddi qələm adamlarından sənin haqqında müsbət fikirlər eşitmişəm. Şərif Ağayar, Səlim Babullaoğlu həmişə səni tərifləyib, istedadlı olduğunu vurğulayıblar. Sənə elə gəlmir ki, bu dəyəri itirirsən, qiymətləndirmirsən?

- İtirmək deməzdim. Fikirləşmirəm ki, ədəbiyyatla ciddi şəkildə məşğul olmasam, onu itirəcəm. Ara-sıra yazıram və görürəm ki, heç də zəif yazmıram. O vaxtlar Mövlud Süleymanlı ilə tez-tez söhbətlərimiz olurdu. Mövlud müəllim deyirdi ki, yaşlaşdıqca görürəm artıq o çərçivədən çıxa bilmirəm. “Köç”ü, “Dəyirman”ı yazmışam. Otururam yazmağa, beynimdə tuturam ki, indi daha güclü bir şey yazacam. Amma yazıb görürəm gəlib yenə “Dəyirman”da dayandım. Onu keçə bilmirəm. Bir şeyi nəzərə alaq ki, Mövlud müəllim bunu yaşlı vaxtında deyir. Mövlud Süleymanlı kifayət qədər ciddi əsərlərin müəllifidir və öz sözünü demiş adamdır.

- Yeri gəldi, bir şey soruşum. Tez-tez bu mövzuda polemikalar yaranır, yəqin izləyirsən; kitabdangəlmə, yoxsa həyatdangəlmə ədəbiyyat, Yusif Səmədoğlu, yoxsa Mövlud Süleymanlı. Bu yaxında Kulisdə Aydın Məmmədovun 30 il əvvəl Əkrəm Əylisli ilə olan söhbətini verdik. Orda da bu polemika aparılırdı. Deməyim odur ki, təzə söhbət deyil. Bəs sənin münasibətin nədir? Bildiyim qədər Mövlud Süleymanlı ilə bir yerdə də işləmisən, yəni insan kimi də yaxşı tanıyırsan.

- Ədəbiyyatda həmişə o cür bölgülər olub və bu normaldır. Düşünürəm ki, istedadla yazılmış bütün əsərlər yaxşıdır. Təbii ki, yazdığını həyatda da yaşamış olanda yazı daha səmimi alınır. Həm də ədəbiyyat bir az zövq məsələsidir, təbii ki, ciddi ədəbiyyat kriteriləri daxilində. Oxucunun zövqü olduğu kimi ədəbiyyatçının da zövqü var. Bu bölgüləri də o zövqlər formalaşdırır. Mövlud müəllimlə çox maraqlı yazışmalarımız olmuşdu. Heyf ki, onları sonra itirdim. Çünki elektron məktublaşma idi. Mövlud müəllimə e-mail açmışdım. Bu da onun xoşuna gəlmişdi. İlk addımı özü atmışdı, mənə bir e-mail yazmışdı. Hiss elədim ki, Mövlud müəllim mənimlə o cür yazışmaq istəyir. Bunu hətta sonralar çap etmək fikrindəydik. Yaşlı nəslin nümayəndəsi ilə gənc nəslin nümayəndəsinin söhbəti kimi çox yaxşı yazılar olardı.

- Nədən danışırdız?

- Ümumi ədəbiyyat söhbətləri idi. Açığı indi yadımda deyil. Amma çox maraqlı idi.

- Sən hansını seçərdin, Yusif Səmədoğlu, yoxsa Mövlud Süleymanlı tərzini?

- Seçimə qalanda Mövlud Süleymanlını seçərdim. Bəlkə də onun yaradıcılığı ilə daha çox yaxınam, ona görə. Mövlud Süleymanlı çox maraqlı yazıçıdır, onun qədrini hələ tam bilmirlər.

- Bayaq da dedik peşəkarlar səni istedadlı qələm adamı kimi tanıyır, amma geniş ictimaiyyət arasında tanınmırsan. Razısan?

- Razıyam.

- Sənin yaşıdın olan bir çox şairlər tanınır, şeirləri oxunur, sosial şəbəkələrdə paylaşırlar. Bunları görəndə fikirləşmirsən ki, mən də tanına bilərdim, amma tanınmadım?

- Vallah, içimdə tanınmaq kimi bir istəyim yoxdur. İndiki dövrdə tanınmaq onsuz da çox rahatdır. Elə bir istəyim olsaydı, tanına bilərdim. O cür qısqanclığım yoxdur.

- Qısqanclıq deməzdim. Bu tabloda sən də olasan deyə soruşuram.

- Bayaqkı söhbətimə qayıdım, ədəbiyyatla ciddi məşğul olmadığım üçün və gələcəkdə də ədəbiyyatla pul qazanmaq perspektivi görmədiyim üçün o şeylərin dərdini çəkmirəm. Mən gərginliyi azaltmaq üçün, gərginlikdən qurtarmaq üçün yazıram. Amma ciddi yanaşmamağımın bir səbəbi də Azərbaycan mühitində ədəbiyyatla dolanmağın real olmamağıdır. Ən azından mənim tipimdə yazan adam üçün. Fentezi, detektiv janrında yazsaydım yenə dolanmaq olardı, amma məhz sərbəst şeir yazmaqla dolanmaq mümkün deyil. Amma kitablar satılsaydı, qazanc olsaydı, təbii ki, məşğul olmaq olardı.

- Yaşıdların içində özünü kimlə müqayisə edərdin? Özünü harda görürsən?

- Bu barədə fikirləşməmişəm. Kiminsə yaxşı şeirini oxuyub sadəcə zövq alıram.

- Kiminsə zəif şeirini görəndə ürəyindən keçmir ki, gör kimlər yazır?

- Bir aralar Üzeyir Mehdizadəyə qulaq asanların ciddi müzakirəsi gedirdi. Mən heç vaxt Üzeyirin əleyhinə olmamışam. Ona qadağa qoymaq olmaz. İstəməyən dinləməsin. Şeir də belə.

- Alik, beynəlxalq müsabiqədə də iştirak etmisən.

- Hə, Gürcüstanda Vaja Pşavela adına müsabiqədə iştirak etmişəm. Bu, açığı öz təşəbbüsümlə olmamışdı. Səlim müəllim mənimlə Qismətin şeirlərini çevirib müsabiqəyə göndərmişdi. Çox maraqlı tədbir oldu.

- Orda da deyəsən mükafatlandırma vaxtı tədbiri tərk edib maşın bazarına “zapçast” almağa getmisən.

- Orda biabırçılıq oldu (gülür).

- Necə olmuşdu?

- Qismətlə ikimiz gedəcəkdik. Mənim ədəbiyyat aləmindən olmayan dostumu apardım, Qismət də dostu Şaiqi götürdü. Mənim dostum hüquq mühafizə orqanlarında çalışır və ədəbiyyatla heç arası yoxdur. Adı Elnurdu. Ədəbiyyat tədbirləri onun xoşuna gəlmədi. Bezirdi. Hətta mükafat verilən gün otura bilmədi, dedi, dur gedək. Mən də ona qoşuldum, tək qoya bilmədim, maşın bazarın gedib “zapçast” aldıq. Təsəvvür elə, qayıdıb gəlmişik otelə, əlimizdə avtomobil hissələri olan zənbillər. Təşkilatçı qadın da bizi görüb çox əsəbiləşdi.

- Qismət nə elədi?

- Heç nə. Qismət də məcbur olub deyib ki, Şaiq Azərbaycanda çox istedadlı, tanınmış şairdir.

- Şaiqi göstərib dedi ki, Alik budur?

- Yox, inanmıram mənim yerimə təqdim edə. Amma Şaiqi şair kimi təqdim edib təriflədiyini bilirəm. Əslində, Şaiq yazmasa da ədəbiyyatdan xəbərdardır. Ona görə də vəziyyətdən çıxa bilib.

- Alik bu yaxında Azərbaycan Yaradıcılıq Fondunun nəşr etdiyi “Günəş qalib gəldi” adlı kitabından danışaq. Bu sənin ilk kitabındır?

- Yox. İlk kitabım deyil.

- Birinci kitabını görməmişəm.

- Ədəbiyyata necə başısoyuq yanaşıramsa, kitaba qarşı da o cürəm. İnanırsan, bu kitab da çap olunub qalıb Yaradıcılıq Fondunun ofisində, Qismət deyir, gəl apar, gedib götürmürəm. Birinci kitabım “Vektor” Nəşrlər evinin rəhbəri Elçin İsgəndərzadənin dəstəyi ilə çıxdı. Onların Şahmar Ələkbərzadənin adına təsis etdiyi müsabiqə vardı. Mən də yer tutmuşdum. Amma kitabın formatı məni qane eləmədi. Bunun günahını da özümdə görürəm, çünki şeirləri çox gec hazırladım və onlara son məqamda təqdim etdim. Tələm-tələsik olduğu üçün kitab o qədər də yaxşı alınmadı.

- Bu kitaba daxil olan esseləri də oxudum. Şeir kimi yazmısan. Poetik havası var.

- Görünür, mən onları şeir kimi fikirləşmişəm. Sadəcə daha rahat olmaq üçün esse kimi yazmışam.

- Mövzuları da sanki şeir mövzusudur.

- Hə, qısadır.

- Atan rəhmətə gedib, səhv etmirəmsə.

- Bəli.

- Şeirlərində də hiss olunur.

- Əslində, kədəri şeirə gətirməyi xoşlamıram. Görünür, əhvaldan asılıdır. Təbii ki, əhvalın pisdirsə şeirə hopur. Şeirdə ah-nalə çəkib ağlamaq bizim ədəbiyyata xasdır. Amma mən kədərdən qaçıram. Atama əsasən bir şeir həsr eləmişəm.

- Elə bil şeirlərində kimisə həsrətlə gözləyirsən. Bu atandırmı, yoxsa başqa kimsədir bilmirəm.

- Bəli, o da var. Görünür bu yazı prosesindən əvvəlki darıxmağın təzahürüdür, şeirlərimdə də özünü büruzə verir. Kimisə gözləmək, kiminsə gəlməyini arzulamaq qətiyyən zəiflikdən deyil. Mən özümü zəif adam hesab etmirəm. Xilaskar da gözləmirəm. Bu şeirləri başqa zəif adamlar üçün yazıram. Mənim şeirlərim kimsəsiz uşaqlar üçün duadır. Bir şeirimdə də var: “Kimsə gəlsin, hamını qucaqlasın...” Görünür mənim şeirlərim başqaları üçün duadır. Özümsə Allahımdan həmişə razı olmuşam.

- Roman yazmaq istəmirsən?

- Mərhum dostum Zərdüşt Şəfizadə həmişə deyərdi ki, sənin şeirlərinin hərəsindən bir roman çıxar, amma hövsələn yoxdur. Həqiqətən hövsələm çatmır. Hərdən özüm də hansısa şeirimi oxuyanda görürəm ki, yarımçıqdı, tələsik bitirmişəm. Mən iki vəziyyətdə yazıram. Ya vəziyyətim çox yaxşı olur, problemlərim olmur, onda, ya da çox pis oluram, o zaman yazıram.

- Daha çox ədəbiyyatdan uzaq adamların çevrəsindəsən. “Şair” deyə müraciət etmirlər ki, sənə? Adətən yazan adama belə deyirlər axı, halbuki bir misranı da oxumayıblar.

- Bir vaxtlar fəxrlə hamıya dərc olunan şeirlərimi göstərirdim. Sonra gördüm ki, şeirə uzaq olan adamlar səndən şeir umur. Bir məhləuşağım vardı. Hər dəfə mən çörək almağa gedəndə deyirdi ki, mənə şeir yaz. Özü də qəzetdə çıxsın. Ona görə də şeir yazmağımı çox yerdə qabartmıram.

# 3052 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #