Ata-anasına məntiqli ölüm arzulayan adam – Alpay Azərdən Yeni Hekayə

Ata-anasına məntiqli ölüm arzulayan adam – <span style="color:red;">Alpay Azərdən Yeni Hekayə
10 may 2018
# 12:30

Kulis.az Alpay Azərin “Fraqmentlər” silsiləsindən “Məntiqli ölüm arzulayan” hekayəsini təqdim edir.

Tanışım Vaqifin - ona yarımdost da demək olar, - oğlu da, qızı da Çağ Öyrətimin liseyində əla oxuyurlar deyə, ataları hər ikisinin təhsil haqqını (ildə on altı min manat) ürəklə ödəyir. Oğlu fizika-riyaziyyat üzrə bu yaxınlarda şəhər olimpiadasında birinci yer tutub, adlayıb respublika mərhələsinə.

- Ay qardaş, respublikada ikinci yox e, lap üçüncü yer tutsun, liseyi qurtaran kimi Londonda oxutmasam, atamın oğlu deyiləm. Lazım olsa, bağımı da, maşınımı da satacam, təki orda oxusun. Nə bilmək olar, bəlkə sabah Azərbaycana Nobel gətirdi? Düz demirəm bəlkə?

- Əlbəttə, düz deyirsən, - başımı tərpədirəm.

Səkkizinci sinifdə oxuyan oğlunun Nobel almasını elə arzulayır, həm uşağın özünə və atasına görə, həm də elə ölkəmizə görə bərk istəyirəm ki, tanışımın arzusu ürəyində qalmasın.

- Mənim vəzifəm nədi, ailəmi tam təmin eləmək, ildə bir dəfə onları xaricə gəzməyə aparmaq. Düzdü?

- Düzdü, - başımı tərpədirəm.

İndiyə qədər ailəsini dünyanın beş-altı ölkəsinə aparıb gəzdirib, avqustda isə Şamaxıdakı villalarında dincəlirlər. Arada villasının həyətində kabab mərasimi şəkillərini feysbukda paylaşır, üstündən on dəqiqə keçməmiş bir də görürsən inboksa yazdı: “Ayə, niyə layk eləmirsən şəkilləri? J”...

- Yadında saxla, soyuducu boş oldu, ya arvada vaxtında istədiyi paltarı, şubanı almadın, bil ki, arvadın, uşaqların yanında üzün qara olacaq. Başını ağrıtmaq olmasın, mən hələ təzə ailə quranda elə olurdu, evə iki kilo kartof almağa pulum olmurdu. Amma yavaş-yavaş biznesə girişdim, 28 mayda bir toçkam varıydı, beş ay sonra bir mağaza açdım Nərimanov tərəfdə, arada əlim yandı. Sonra yenə yaxşı qazanmağa başladım. Onda iki əlimi göyə açıb dedim, Allah, çox şükür, mənə ruzi göndərdin, həyatda məni bu mərtəbəyə çatdırdın.

“Bu mərtəbə” deyəndə, bir vaxtlar xırda bizneslə məşğul olan tanışım hal-hazırda İspaniyadan Azərbaycana topdansatış mebel vurur.

Arvadından razıdı, deyir, təzə evlənəndə, Allahdan üç şey istəyib, ailəsinin namusu, ruzisi, uşaqların sağlamlığı, bir də, yaxşı təhsil almaqları. “İndiyə qədər arzularımdan üçü də həyata keçir yavaş-yavaş”.

Həyat yoldaşı doğrudan, namuslu qadındır. Özü qıraqda gəzsə də, arvadına qarşı çox diqqətcildir, amma dediyinə görə, uşaqları lap çox istəyir. “Sabah arvadı boşasam, gedib başqasını alaram, amma uşaqlarımı kimsə əvəz edə bilməz”. Düzü, qayıdıb deməmişdim ki, sən sabah boşanıb təzədən evlənsən, ikincidən də uşağın ola bilər, amma bir müddət sonra görərsən, təzə aldığın birincini əvəz etmir.

- Həyatda hər şey öz nizamıyla, öz məntiqiylə getməlidi, - həvəslə feilin vacib formasına keçir, - yəni ata-ana öz övladlarını böyüdüb başa çatdırandan, oxudandan, nəvə görəndən sonra bu dünyadan sakitcə getməlidilər. Eləcə də mən iki balamı böyüdüb, oxudub, qıza ürəyi istədiyi cehizi verib layiqli bir oğlana ərə verməliyəm. Hərəsinə ayrı-ayrı ev almalıyam. Oğlum istədiyi işi əldə eləyəndən sonra, ona halal süd əmmiş bir qız tapıb evləndirməliyəm. Düz demirəm, qardaş?

- Elədi, qardaş.

- Sonra nəvələrimi görməliyəm, axşam işdən gələndə onlarla oynamalıyam.

Allah eləməsin mənim ölümümü atam-anam görə, mən dədəmin, əmilərimin, dayılarımın çiynində gedəm. Ya Allah göstərməsin, - hər iki qulağını tutub “kış-kış” edir, - övlad itkisi başıma gələ.

- Allah eləməsin, o nə sözdü, - sözünü kəsirəm, istəmirəm çox dərinə getsin.

- Demək istədiyim odur ki, həyatın qanunuyla, məntiqiylə atam, sonra anam mənim çiynimdə getməlidi, eləcə də mən qocalıb yetmiş beş yaşa çatanda, oğlumun, qardaşı oğlanlarımın çiynində getməliyəm o dünyaya. Düz demirəm?

Soruşuram, niyə birinci atanın, sonra ananın ölməyini istəyirsən, cavab verir ki, anam birinci ölsə, atam buna dözməz, o dəqiqə ürəyi partlayar, amma anam dözümlüdür, müdrikdir, atam tutaq ki, yetmiş beş yaşında ölsə, anam ağlayıb-ağlayıb axırda kiriyəcək. Onun məntiqli ölüm konsepsiyasına gülməyim tutur, özümü bir təhər saxlayıram, avazın yaxşı gəlir, oxuduğun Quran olsa məsələni deyəmmirəm, əminəm ki, desəm, xətrinə dəyər.

- Yox, əlbəttə düz deyirsən. Amma yetmiş beş yox, ən azı doxsan yaş arzulayıram sənə, də atana da, anana da, - bu dəfə gülməyimi saxlayammıram.

- A kişi, sən elə bilirsən zarafat eliyirəm? Mən bayaqdan ciddi şeylər danışıram, sən də arsız-arsız hırıldayırsan, - küsür məndən.

- Yaxşı, sən niyə balaca uşaq kimi küsürsən məndən? Nə pis bir şey dedim axı? Gülməyimə fikir vermə, sənin həyat fəlsəfənə hörmətlə yanaşıram. Ona görə də maraqlı söhbətinə davam elə, - yenə əvvəlki ciddi görkəmimə qayıdıram.

Onunla ildə bir-iki dəfə görüşürəm, hər dəfə eyni həvəslə arzularını bölüşür, oğlunun, qızının liseydəki uğurlarından danışır. Soruşuram ki, işdi-şayət, yuxarı siniflərdə oğlundakı kimi, qızının da hansısa fənn üzrə xüsusi istedadı üzə çıxsa, onu tək oxumağa xarici ölkəyə göndərərsən. Bu sualı bir neçə dəfə eşidibmiş kimi, o dəqiqə cavab verir:

- Ehh, sən elə bilirsən, mən onu fikirləşməmişəm. Mənim planım belədi, oğlan məktəbi qurtarandan sonra gedib bir il Londonda oxuyar, oranın qayda-qanununa öyrəşər. Sonra da qızı göndərərəm ora, bir yerdə qalarlar, qız həm ev işlərini görər, həm də dərslərini oxuya-oxuya qardaş nəzarəti altında olar.

Vaqifin həyat eşqi, səliqəli-parlaq arzuları haqda fikirləşə-fikirləşə ürəyimdə, belə pis çıxmasın, qorxa-qorxa dua edirəm ki, tanışım sağ ikən Allah-Təala ata-anasını səksən-səksən beş yaşında o dünyaya göndərsin. Eləcə də tanışımın uşaqları sağ-salamat böyüsün, oğlan fizika üzrə Nobel, ya heç olmasa, nüfuzlu beynəlxalq mükafat alsın. Qız da istədiyi sənətin sahibi olsun, hər ikisini evləndirsin, nəvələri axşamlar çıxsınlar belinə, otaqda o baş-bu baş çapsınlar bunu. Nəhayət, Vaqif səksən beş-doxsan yaşında gecə yuxudan ayılmadan qəfil vəfat eləsin, aparıb el adətiylə dəfn eləsinlər onu. Sanki bu arzularımı onunla bölüşürmüş kimi xəyalən ona sual verirəm: “Düz demirəm, qardaş?” - “Əlbəttə, düz deyirsən,” - cavab verir.

...Görəsiz, tanışım necə ora-bura qaça-qaça, çay, halva daşıyan uşaqlara tez-tez iş buyurur: “Bura iki dənə çay”, “Zirək ol, ora iki halva”, “O stola üç dənə salat”.

Atasının üçündəyəm, əldən-ayaqdan gedir ki, gələnlər məclisdən razı getsin, hüzrü elə həvəslə, şövqlə idarə edir, az qalırsan yas tamadası deyəsən buna. Masa da ki təpili, plovu, çayı məktəbdə oxuyan qardaşı oğlanları gətirib süfrəyə düzürlər, oxumaqla araları yoxdu deyə, əmiləri bu işi onlara tapşırıb.

Öz oğlu isə ağ köynəkdə, kostyumda bayaqdan oturub elə bil kimisə gözləyir. Bir azdan məlum olur ki, doğrudan da dədəli-balalı səbirsizliklə BDU-nun fizika-riyaziyyat fakültəsində dərs deyən Sahib müəllimi gözləyirlərmiş. Vaqif əsas qonağı oğluyla üzbəüz otuzdurur.

- Atanın neçə yaşı varıydı? - Sahib müəllim başsağlığı verəndən sonra gözlərini qıyıb soruşur.

- Yetmiş yeddi. Üçcə il də yaşasaydı, - tanışım təəssüf hissiylə başını bulayır.

“Bəs deyirdin yaşamaqçün yetmiş beş bəsdi?” - fikirləşirəm.

- Hə, neynəmək olar, Allahın işidi, - Sahib müəllim təsəlli fason deyir.

- Elədi, - “Nədən rəhmətə getdi?” sualını verməyə imkan vermədən, üzündən səbirsizlik yağan tanışım tez keçir əsas məsələyə. - Bu, mənim oğlum Anardı. Keçən həftə toyda sənə danışmışdım, bu il respublika olimpiadasında...

Oğlunun uğurlarından danışır, sonra BDU-nun müəllimi başlayır suallar verməyə, Anar cavab verdikcə, atası məmnunluqla başını tərpədir. Tanışım soruşur ki, mən bunu Oksfordda oxutdursam yaxşıdı, yoxsa Harvardda, Sahib müəllim də cavab verir ki, hələ tələsmə, qoy uşaq liseyi qurtarsın, sonra ətraflı danışarıq bu məsələni. “Bir də, dediyin universitetlərdə təhsil haqqı çox bahadı, qoy bakalavrı Almaniya, ya Fransanın universitetlərinin birində oxusun, magistratura sonranın işidi,” - əlavə edir.

- Əmisi, Anar gərək uzağı iyirmi ilə Nobel ala, - atasının gözləri parıldayır.

Sahib müəllim onun qolundan tutub gülə-gülə deyir:

- A kişi, hara tələsirsən? Uşaq hələ Oksfordun magistraturasını bitirməlidi, dalınca doktorluğu müdafiə eləməlidi, Nobeldən qabaq xeyli mükafat var, onları almalıdı...

Anarın gələcəyini elə həvəslə müzakirə edirlər, molla, həmin masa arxasında oturanların çoxu, rəhmətlik babasının ruhu mağardadısa, sözsüz ki, o da bu söhbətə diqqət kəsilir. Arada “Halaldı”, “Maşallah” sözləri eşidilir. Yas mağarında parlayan həyat eşqi öləziyən ölüm havasını elə üstələyir ki, ölümdən sonra o biri həyata aid olan, təsəvvürümüzə çətin sığışan əbədiyyət bir anlıq bu həyata uduzmuş kimi görünür mənə.

Ehh, həyatda bütün ölümlər bu cür məntiqli olsaydı, nə varıydı ki...

19 oktyabr, 2014 – 22 sentyabr, 2015

15 aprel – 7 may, 2018 (əlavələrlə)

Bakı

# 3250 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #