Gerasimə baha oturan evlilik və ya Akakiyeviçin ölümü – MƏTLƏB AĞA YAZIR

Gerasimə baha oturan evlilik və ya Akakiyeviçin ölümü – <span style="color:red;">MƏTLƏB AĞA YAZIR
24 avqust 2017
# 11:25

Kulis.az Mətləb Ağanın “Kapiton Klimovun Gerasimə baha oturan evliliyi və Akaki Akakiyeviçin ölümü barədə bəzi qeydlər” yazısını təqdim edir.

İndi bilmirəm nə cürdür, ancaq mən orta məktəbdə oxuduğum dövrlərdə aşağıda haqqında danışacağım hər iki əsər məktəb dərsliklərində də vardı və Akaki Akakiyeviçin başına gələnlərdən o zamanlar elə həyəcanlanmasam da, Mumunun faciəli ölümünün təsvirindən olduqca təsirlənmişdim, ən çox da hekayənin dərsliklərdəki qısaldılmış variantına da salınmış təxminən məhz bu sətirlərindən ki, “nəhayət, Gerasim dikəldi, üzündən əzgin bir qəzəb yağa-yağa ipi gətirdiyi kərpiclərə doladı, ilgək bağlayıb Mumunun boynuna keçirtdi, iti çayın üstündə yuxarıya qaldırdı və axırıncı dəfə ona baxdı. İt inamla və qorxusuz bir halda Gerasimə baxır, yüngülcə quyruğunu bulayırdı. Gerasim üzünü yana çevirdi, gözlərini yumdu və əllərini açdı...”

Yarızarafat-yarıciddi, sözgəlişi bunu da deyim ki, bu günlərdə təkrar oxuduğum “Mumu”nun təzə nəşrindəki “əzgin bir qəzəb” tərcüməsinin (bu ifadə orta məktəb dərsliklərində vardımı, yoxdumu, xatırlamıram) mənasını nəsə anlamadım, “qəzəbin əzginliyi”nin nə demək olması mənə qəti çatmadı, ancaq eybi yox, qoy olsun, Mumunun acı taleyi məni yenə orta məktəb illərindəkitək kədərləndirıb həyəcanlandırmaq gücündəydi...

İvan Turgenev “Mumu”da yoxsul, üstəlik həm də şikəst bir bədbəxtin həyatından söz açır. Bu lal-kar insanı kənddəki özü kimi sadə güzəranınından qoparıb Moskvada varlı bir xanımın yanında işləməyə məcbur edirlər, lakin çətinliklə öyrəşdiyi bu şəhərdə bütün ümid və sevincləri əlindən alınan Gerasim, xanımın “ağ sütunlu boz evinə” tüpürüb kənddəki doğma evinə dönür...Bu qayıdış Gerasimin səssiz üsyanı olur, indiyədək bütün sevgi, ümid və gözləntilərinə qənim kəsilmiş insanlara üz çevirib hər şeydən birdəfəlik əlini üzür...

...Gerasim şəhərdə Tatyana adlı bir paltaryuyan qulluqçuya vurulur, lakin evin xanımı bu qulluqçunu digər xidmətçisinə ərə vermək niyyətinə düşür, arzulayır ki, Tatyananı Kapiton Klimov adlı başmaqçıyla evləndirsin, inanır ki, bu izdivac “özü üçün bir adam” imicli Kapitonun əyyaşlıqdan əl çəkməsinə vəsilə olacaq və elə bu səbəbdən də xanım, eşikağası Qavrilayla belə qərara gəlir ki, Kapiton elçi yollayıb Tatyananı istəsin...

Əvvəllər gözəl olmuş Tatyana Gerasimdən bərk qorxur, lakin bu əndişənin qarşılığında Gerasim qadının gölgəsinə çevrilib hər addımını izləyir və hazırlaşır ki, tezliklə xanımın yanına təşrif buyurub Tatyanayla evlənmək arzusunu ona açsın...

Kapiton Qavrilanın təklifindən şirniklənib Tatyanaya sahiblənməkdən ötrü əldən-ayaqdan gedir, ancaq başa düşür ki, bu xəbər Gerasimə çatsa, onun üçün yaxşı olmayacaq, ən azından, möhkəmcə kötəklənəcək...Elə Tatyana da Kapitona ərə getməyə razıdır, lakin əlbəttə, o da Gerasimdən yamanca çəkinir, düşünür ki, Gerasim pinəçiyə ərə getməsini eşitsə, onu öldürəcək...və hadisələr inkişaf edir, Kapitonu evləndirmək fikri başına yaman dolmuş xanıma yarınmaq istəyən nökər-qulluqçusu işə cani-dildən girişib Gerasimi Tatyanadan aralamaq üçün yaxşıca bir plan qurur, belə ki, hamı müşahidə etmişdi ki, Gerasimin sərxoşları görən gözü yoxdur, onlardan zəhləsi gedir, odur ki, Tatyananı öyrədirlər ki, sərxoş qılafına girib Gerasimin həndəvərindən o yan-bu yana keçsin və beləliklə, bu yolla yaxasını Gerasimin qurtarsın. Plan uğurla nəticələnir, Gerasim Tatyanadan əl çəkir və paltaryuyan qadının pinəçiylə toyu axır ki, baş tutur. Xanımın Kapitonu əyyaşlıqdan uzaqlaşdırmaqdan ötrü qurduğu bu məzhəkəsə iflasa uğrayır, Kapiton sərxoşluğa daha bərk qurşanır və nəhayətdə, işə yaramayan xidmətçi statusuyla Tatyanayla birlikdə xanımın ən uzaq kəndinə qovulur. Yola düşərkən, görünür ki, Tatyana Gerasimlə bağlı səhvini anlamamış deyil, yəqin ki, ayrılıq məqamındakı göz yaşları subaylığında qədrini bilmədiyi, bir il qabaq onun üçün alınan qırmızı yaylığı indi hədiyyə olaraq qəbul etdiyi Gerasimdən ötrüydü, belə ki, keçmiş sevgilisi az da olsa öz günahını Gerasimi öpməklə yuyur; ayrılarkən, Turgenevin təbirincə, Gerasimlə üç dəfə xristian adətincə öpüşür...

...Əhvalatın davamında, Gerasim özünə təzə bir sevgi tapır, bu dəfəki məhəbbətinin obyektisə daha insan yox, bir qara xallı ağ küçükdür, balacanı sahildəki palçıqdan çıxarıb daxmasına gətirən Gerasim küçüyə ana qayğısı göstərib dillə ifadə edilə bilməyəcək şəkildə əzizləyib qayğısına qalır. Mumuya ilk toxunuşunda Gerasim bəlkə də həyatında ilk dəfə ürəkdən gülür (“Gerasim ona bir xeyli baxdı, baxdı, sonra birdən elə bərkdən güldü ki...”). Küçük də bu qayğının sayəsində böyüyüb ispan cinsindən, iri ifadəli gözləri və dik quyruğu olan çox yaxşı bir itə çevrilir... Lakin xanım yenə özünü yuyulmamış qaşıqtək ortaya atır, əvvəlcə Mumuya lazım olmayan qaramat sevgisini ona sırımaq istəyir, it bu nəvazişi mırıldayıb rədd etdikdəsə ona düşmən kəsilib ölüm hökmünə fərman verir. Beləliklə, Mumu xanımın şıltağlığının qurbanı olur və nəticədə, Gerasim öz əziz-xələf Mumusunu itirir...

Bəlkə də, deyirəm, elə xanım da Gerasim kimi kimsəsizdi, özünü məcburən qapatdığı tənha həyatından qaçmaq, insanları, heç olmasa kimisə, nəyisə sevmək istəyirdi, başa düşürdü ki, belə olmaz və nicat yerini, “açar” insanı Gerasimin timsalında görürdü, lakin Gerasimə, insanlara necə yaxınlaşacağını bilmədiyindən, oynadığı roldan qopmağı bacarmadığından dəyişə bilmədi, nəticədə, hər şey faciəylə qurtardı, xanım da Mumunun müsibətindən çox keçmədi ki, xəcalətindən öldü...

Gerasimsə, ayrı cür dəyişdi, yadımıza salsaq, Turgenev son səhifədə xatırladır ki, o, Moskvadan döndükdən sonra kənddə qadınlardan tamam uzaq dolaşır, onların sifətinə belə baxmır, habelə, it-filan da saxlamırdı...Kəndlilər bütün bunları öz istədikləri kimi yozurdular, lakin Gerasim kimsənin rəyini vecinə almadan öz həyatını sürürdü...

Eyni “xətt” Nikolay Qoqolun “Şinel”indən də keçir... (bizim ədəbiyyatda, bu “xəttə” ən gözəçarpan misal, Anarın “Dantenin yubileyi” hekayəsidir, Gerasim və Akaki Akakiyeviçin Anarın nəsrindəki “tale qardaşı”sa Feyzulla Kəbirlinskidir). Amma, Gerasimin faciələrinin bir səbəbi kimi həm də şikəstliyi günahkardırsa, Akaki Akakiyeviç Başmaçkinin acınacaqlı həyatına nəyin (və ya nələrin) bais olmasını biz əsərdə görmür və bilmirik, burada ancaq onun son günlərindəki əzabları və faciəli ölümü təsvir olunub ardından hər şey sükütla qapanır...Akaki Akakiyeviç necə böyümüşdü, harada, kimlərin əhatəsində tərbiyə almışdı, gəncliyi necə keçmişdi, bizim bu haqda nəyəsə şahidlik etmək və buna uyğun qərar vermək imkanımız yoxdur, biz Akakiyeviçin həyatının müəyyən mərhələsindən onunla yoldaşlıq eləmək imkanı qazanırıq və bu pərdələrdə ancaq final işıqlandırılır...İnsanlarla münasibət qurmaqdan qaçan, öz iş yoldaşlarıyla belə aralarıında dərin uçurum yaranmış Akaki yalnız əcəlinin astanasında onlarla qısa müddətdə bir yerdə olmaq məcburiyyətində qalır (belə deyək) və bu ünsiyyətin “faydası” o olur ki, bu ilk və son qonaqlığdan qayıdan “titulyarnı sovetnik” son günlər yeganə sevinc mənbəyinə çevrilmiş təzə şinelini oğurlatdırır, həm də, möhkəm soyuqlayıb ölür.

Gerasimin xanımının bir “tay-tuşu” da Akaki Akakiyeviçin şinelini oğurladandan sonra, üstünə şikayətə getdiyi vəzifəli şəxsdir (“böyük adam”dır). Bu adam bəlkə Akakiyeviçlə yaxşı rəftar edib şinelini tapmaqda ona köməklik göstərsəydi, Akakinin başına belə müsibət gəlməzdi, lakin öz tanışının və uşaqlıq yoldaşının yanında Akakini qəbul edən bu “böyük adam” düşünür ki, Akakiylə əgər mehriban danışıb dərdinə əvvəldən-axıradək qulaq assa, bununla öz “böyüklüyünə” xələl gətirər, ən yaxşısı, bu yazıqla kobud danışıb ümidsiz yola salmaqdır, bu cür davransa, uşaqlıq dostu onun haqqında yüksək fikirdə olar. (“Amma əslində o, mehriban bir adam idi...ancaq generallıq rütbəsi onu tam azdırmışdı. O, general rütbəsi aldıqdan sonra özünü itirib yolunu azmış və nə edəcəyini əsla bilmirdi... özündən, heç olmasa, bircə dərəcə də aşağı rütbəli adamlar arasına düşdükdə, o, tamamilə adamlıqdan çıxırdı...”).

Akakini də bəlkə qızdırmadan daha artıq elə bu ümidsizlik məhv edir, o, ölür və dərhal unudulur, sanki, belə adam heç yerli-dibli yoxmuş. Akakini tək bir nəfər unutmur, ən qəribəsi də budur ki, onu unutmayan elə məhz həmin “böyük adam” olur. Həm də işə bax ki, əhvalatın davamında “böyük adam”ın da şinelini Akakinin şinelini oğurlayan “bığlı adam” çırpışdırıb qaçır...

Vəzifəli şəxs Akaki yanından çıxandan dərhal sonra öz davranışından peşman olur (“Başqasının halına yanmaq onun üçün yad bir şey deyildi. Vəzifəsinin çox zaman xeyirxahlıq hisslərinin üzə çıxmasına mane olduğuna baxmayaraq, onun qəlbində bir çox mehriban duyğular yer etmişdi”), həftə boyu əzab çəkməsinin ardından məmur göndərib Akakiyə əl uzatmaq arzusuna düşür, ancaq gec olduğu xəbərini alır, çünki Akakiyeviç artıq öz şam ağacından düzəldilmiş tabutunda dəfn edilmiş və Peterburq Akakisiz qalmışdı...

Generalın Akakiyə sonrakı münasibəti elə xanımın Gerasimlə Mumuya qarşı duyduğu gecikmiş peşmanlığının ayrı zaman və məkandakı özünəməxsus təzahürüydü, ancaq təəssüf ki, aradan nəsə düzəlməyəcək dərəcədə çox vaxt keçmişdi, (bəzən bir dəqiqə özü belə çox müddətdir, nəinki günlər), nə olasıydı ki, xanım Mumunun ölümündən, Gerasimin kəndə qayıdışından sonra tezliklə canını tapşırmış, “böyük adam”sa elə hadisələrlə qarşılaşmışdı ki, necə deyərlər, ölməsə də, yarımcan olmuşdu, ən əsasısa, Akakinin ürəkparçalayan faciəsinin təsirindən tamam dəyişib öz əvvəlki yekəxanalıq və yaramaz ədalarından əl çəkmişdi...

Akaki Akakiyeviçdən ötrüsə, dediyim kimi, daha heç bir fərqi yoxdu...

...Və necə ki, Gerasim və Mumu üçün də sonradan heç nə dəyişməmişdi...

Ədəbiyyat qəzeti

# 2388 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #