Səməd Vurğun Rəsulzadəni niyə aşağılamışdı? – İLQAR KAMİLİN HEKAYƏSİ

Səməd Vurğun Rəsulzadəni niyə aşağılamışdı? – <span style="color:red;">İLQAR KAMİLİN HEKAYƏSİ
1 iyun 2017
# 21:00

Kulis.az İlqar Kamilin “Xatirə” hekayəsini təqdim edir.

Otur, oğlum. Ha tərəfə, inşallah? Hə, yaxşı tanıyıram oraları. Nə verərsən-verərsən. Yolumuz? Deyim də... 20-25 dəqiqəyə çatarıq. Nədi ki? Tələsirsən? Hə, aydındı... Nə var, nə yox, igid? Söhbət elə, yola körpü sal. Mən? Ha, ha... Mən qoca kişiyəm, nə danışım? Axx, görürsən necə girdi yoluma? Mərət! Yəqin şofer qadındı. Dedim də. Ax, bu qadınlar... Hələ subay olarsan yəqin? Bunu bilməyə nə var ki? Maşallah, üzündən nur yağır, gənclik, sultanlıq tökülür. Ha, ha, ha! Təbii ki, zarafatdı. Mən... hə, amma gec evlənmişəm. Bax, əllini addamışam, oğlum hələ nəvəm olacaq yaşdadı, 6 yaşı var. Həlbəttə. Uşaq böyük nemətdi. Evə girdim ha, zalımoğlu başımı elə qatır ki, bir də baxıram budey, axşam oldu. Adı? Həsən. Rəhmətlik kişinin adını qoymuşam. Çox sağ ol. Yox, hələ yaşı çatmır, amma yaman huşdu-başdı uşaqdı, əsl talantdı, talant.

Sola niyə? Sən darıxma, mən səni kəsə yolla çatdıracam ünvana, sol qarşıqdı indi, tıxacdı. Bir dəyqə... Həsəndi, pirolmuş məzələnir mənimlə, anasının telefonun özünküləşdirib, hər dəyqə başı zəng eliyir ki, ata, nə var, nə yox? Hə də. Onun məntiqinə görə dünyadakı hər şey uşaqlar üçündür, məsələn, sən demə, gecə küçələrin işıqları da sırf uşaqlar qorxmasın deyə yandırılır. Ha, ha, ha... hə, vallah! Deyir, uşaqlar olmasa dünya da olmaz. Deyirəm, qadan alım, ay Həsi, yaxşı, bəs biz böyüklər nə üçün varıq? Tez totuq əllərini ölçmür bəs: biz uşaqları qorumaq, böyütmək üçün, vəssalam!

Başını ağrıtmıram ki? Söhbətdi də eliyirik. Hə, lap yaxşı, bax, yenə odu, dılğır! İmkan verməyəcək ha maşınımızı sürək. Böyüyəndə? Nə olmaq istədiyini bilmirəm, amma yaman tələsir böyüməyə. Xüsusən də nədənsə qorxub eliyəndə. Elə bilir, qorxu yalnız uşaqlara xas hissdi, xəbəri yoxdu ki, böyüklərin qorxusu daha vahiməli olur...

Sevgilin də yoxdu? Ayy, nə gözəl. Toy nə vaxtdı, inşallah. Hə, məncə də, tələsmə. Çeyniyirsən, birini götür. Aha, Allah qəbul eləsin. Bizim arvad da tutardı, anamı deyirəm. Çox sağ ol. Bu ayla bağlı bir xeyli gözzəl xatirələrim var, lap kino kimi. Ümumiyyətlə, oğul, sənə bir şey deyim? Mənə görə, valideynin övladı üzərində olan vəzifələrindən biri də ona gözəl xatirələr yaratmaqdır. Qoy uşaq gələcəkdə, darıxanda, sıxılanda, dərdə düşəndə... nə bilim, hətta qorxanda yadına salıb sarılsın xatirələrinə, xilas olsun. Mənim dadıma o qədər çatıblar ki. İndiyə ilim də çıxmışdı yoxsa. Atama, anama çox minnətdaram buna görə. Ay, ağzına sağlıq, mən də dəfələrlə şahidi olmuşam, keçmişindən gözəl xatirələri olmayan insan çox pessimist olur, mənasız, boş hiss edir özünü. Hə, də. Bəs necə. Hələ gör dostum Rasim nə deyir: gözəl xatirələri olmuyan adam ümumiyyətlə, yoxdu!

Darıxırsan elə bil? Az qaldıq, 5 dəyqəyə çatarıq. Bir şey deyim: Bəs nə əcəb soruşmadın ki, mən niyə oruc tutmuram? Hah, ustadına bərəkəllah! Yoxsa bəzi dindarlar kimi? Maşına ki, mindilər adam elə bilir qəbrin əvvəl gecəsindədi. Gül kimi dini-imanı gözdən salan da elə belələridi də. Nə-sə. Qanımızı qaraltmıyaq.

Bu gün? Həlbəttə bilirəm. Bunu bilməmək eşşəklik olar axı! 28 may şanlı cümhuriyyətimizin yaranma günüdü. Mən Rəsulzadə fanatıyam e, oğul, nə danışırsan? Bax, açım bax, bardaçokumda bir Qurandı, bir də Rəsulzadənin şəkili. Orası elədi, çox təəssüf! İlk dəfə niyə ki? Azərbaycanda Rəsulzadə fanatı çoxdu, sadəcə, özün bilirsən də... Hə, hə, en qədər. Diyan, birini danışım də. Atam danışardı bunu bizə. Deyir, Səməd Vurğun Rəsulzadəyə şər-böhtan, söyüş dolu bir poema həsr eliyir, kişi bu poemanı oxuyandan sonra xəyallara dalır. Ona deyirlər ki, görün Səməd Vurğun sizin haqqınızda nələr yazıb. Sizsə onu Çağdaş Azərbaycan ədəbiyyatında millətçi bir şair kimi təqdim etmisiz. Əmin bəy də balaca kişi deyil ha, gör nə deyir. Deyir, mən yanılmamışam. Əgər, o məni bu cür təsvir eləməsəydi, başqa milli mövzuda olan şeirlərini nəşr etdirə bilməzdi. Bunnan da başqa, o mənim adımı xatırlamaqla unudulmaz edib. Zəkalı oxucu tez axtaracaq ki, mən kiməm və hər şey ona aydın olacaq... Hə, Əli bəy Hüseynzadə, Topçubaşov... Allah rəhmət eləsin, böyük kişilər olublar. Elə burda? Yaxşı. Bir dəyqə. Buyur. Heç nə lazım deyil, düş get. Dedim ki, heç nə lazım deyil, 5 manatnan dövlətdi olan deyiləm ha. Qoy onu cibinə, a kişi, götür onu! Qoy bayram hədiyyəm olsun sənə, axşama iftara özünə nəsə al mən əvəzdən, hə, dədə canı. Götür. Allah amanında! Həsənə? Baş üstə!

Oğuul! Bir dəyqə. Gəlib e, niyə ürəyimdə qalsın ki? Bi dənə bu xırda şeiri də dinlə, get. Başın var olsun! Yoo, elə belə, arada cızma-qara eliyirəm özüm üçün. Həri, həri... ha, ha, ha... yox, əşşi! Şair deyir:

Doğularkən qayçı ilə
göbəy bağımızı kəsib ayırarlar anamızdan
Bax o zaman bəlli olar Ulu istək:
Demək bu fani dünyada
öz doğmaca anamıza belə bağlanmamaq gərək...

Get, oğlum, çox sağ ol, müstəqillik bayramımız mübarək olsun! Baş üstə! Sən də!

# 1445 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #