“Quran haqqı bacım ərə getməyəcək!” deyən qardaş – romandan parça

“Quran haqqı bacım ərə getməyəcək!” deyən qardaş – <span style="color:red;">romandan parça
30 dekabr 2016
# 11:28

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Qardaşım məni nə qədər incitsə də, daha ağlaya bilmirdim, gözümün yaşı qurumuşdu. İçimin ən dərin qatına dalmışdım. Ev işlərinə əvvəlki həvəslə əl bulaya bilmirdim, hər işi alayarımçıq, pinti-palaq görüb təkliyimə çəkilirdim. Onu düşündükcə ürəyim şiddətlə çırpınırdı, bədənimin qaynar qanı başıma yığılır, ordan da fontan vurub ağzıma-burnuma dolurdu. Dilim-damağım qan dadırdı, tamsındıqca bu dad məni öyüdürdü, günlərlə ağzıma loxma apara bilmirdim. Özümdən iyrənirdim.

O məktubda Əli məndən təkidlə istəyirdi ki, dərslərimi yaxşı oxuyum, orta məktəbi bitirən kimi ali məktəbə qəbul olunum. Onun bu inadı məni həm qorxudur, həm də sevindirirdi; qorxum bu sevdanın faş olmağından idi, bilirdim ondan sonra məni nə gözləyir.

Sentyabr başlayar-başlamaz Əli mənə böyük bir məktub verib Bakıya getdi. Məktubda məni çox sevdiyini, bu yolda hər çətinliyə dözəcəyini, məni daim gözləyəcəyini yazırdı. Sonda yalvarırdı ki, mən də ona sədaqətli olum, onu gözləyim.

Elə bil çəkisizlikdə yaşayırdım. Məktəb vaxtı gəlsə də, pambıq yığımıyla bağlı dərsə getmirdik. Bütün günü evdə oturub məktub gözləyirdim.

***

Oktyabrın axırları nənəm xəstələnib yatağa düşdü...

O günə qədər arvad hərəkətindən qalmamışdı, yemək bişirməkdən savayı hər iş görürdü. İlləri yormuş cəhrəsi nənəm ölənəcən cırıldadı, yun darağı heç paslanmadı, öləndə hanası qurulu qaldı. O hananın boğazında yarımçıq palazı da qalmışdı nənəmin, o palaza yazıq-yazıq baxan həvəsi, kərkisi, bıçağı ürəyimi doğrayırdı. Axır vaxtlar qəlyanını da ürəklə sümürə bilmirdi, mən də tez-tez bundan sui-istifadə eləyirdim, arvadı üzdən-gözdən salıb inandırırdım ki, qəlyan çəksə, yaxşı olacaq. Qəlyanı odlayırdım, nənəm bir-iki qullab vurandan sonra atırdı mənim üstümə. Mən də qəlyandan ləzzətlə bir neçə qullab alıb başımı atırdım nənəmin dizlərinə. Nənəm əprimiş əlləriylə saçlarıma yüngülcə sığal çəkən kimi məni şirin yuxu aparırdı.

...Bütün mahal evimizə axışdı. Bir müddət Əlini unutdum. Əmilərim kimi mən də bir an nənəmin yatağından aralanmadım. Nənəmin öləcəyinə inanmırdım, fikirləşirdim yenə bir neçə gün yatıb durar.

Azarladığının 12-ci günü şər vaxtı nənəm bu dünyadan köçdü. Məni onun meyidindən zor-güc qopardılar. Nənəmin ölümündən mənə də pay düşdü, elə bildim həyat çeşməm qurudu, elə bildim daha heç vaxt üzüm gülməyəcək. O, həm evimizdə, həm də bu soyuq, qaranlıq dünyada mənim yeganə qoruyucu mələyim idi, ondan sonra özümü yetim, yiyəsiz, ortalıqda qalmış kimi hiss eləyirdim.

Nənəm həmişə arzulayırdı ki, onu son mənzilə atam aparsın, gözlərinə torpağı o töksün, üstünü o torpaqlasın. Ancaq arvadın arzusu gözündə qaldı: onda atam mal-qaramızı arana gətirmək üçün yaylağa çıxmışdı. Nənəmin əldən düşmüş ürəyi öz yükünü bircə gün də çəkə bilsəydi, atam onun sağ nəfəsinə çatacaqdı. Gələndən sonra onun nənəmin yuyat yerində yandırılmış çırağın yanında uşaq kimi necə hönkürdüyünü heç unutmadım.

O günlərdə nəyə görəsə əmimgilə getmişdim. Getdim gördüm əmim qızı Zümrüd gəlinlərlə birgə heyva mürəbbəsi bişirir. Elə bildim məni ilan çaldı:

- Utanmırsan, - dedim, - nənəm yenicə ölüb, sən də burda mürəbbə bişirirsən, televizora baxırsan!

Zümrüd düz gözlərimin içinə baxıb qanlı-qanlı dedi:

- Lap yaxşı eləyirəm. Ölən sənin nənəndi, yasını da özün saxla. Heç qoymurdun xınasına barmağımı salam.

İmkanım olsaydı, o an bu bayquşun dilini boğazından çəkib çıxarardım. Bu qız doğular-doğulmaz məni günüləmişdi, təkcə nənəmin yox, atasının mənə olan sevgisini də gözü götürmürdü. Əlinə fürsət düşən kimi mənə bir zərbə vurardı: gah evciyimi dağıdar, gah da bir istəkli kuklamı öz itlərinin qabağına atardı.

Ayda iki dəfə nənəmin başına xına yaxardım. O vaxtlar xına elə bil təbərrük idi, çox qarılar tapmazdı onu, çox qadınların xınadan ötrü ağzının suyu axardı. Nənəmin xınayaxdısı məndən ötrü ayrıca bir törən, bir təntənə olardı. Xınanı mis kasada isladardım (nənəmin xına kasası indi də məndədi), sonra nənəmin seyrəlmiş saçlarını açıb darayardım. Məndən kiçik iki bacım, bir də əmimin sonar doğulmuş bir cüt qızı (biri həmin bu ifritə Zümrüd) oturub gözləyərdilər ki, bəlkə mən insafa gəlib onlara balaca barmaqlarını bu möcüzəli məlhəmə bircə anlıq salmağa icazə verərəm. Mən səbirlə, həvəslə islaq məhlulu nənəmin başına yaxdıqca xınanın ətri bütün həyətimizə yayılardı. Az sonra nənəm yalvarardı ki, daha bəsdi, qalanını da ver, qızlar əllərinə yaxsınlar. Mən də hər dəfəsində “hələ çoxdu, saxlayacam” deyib nənəmi aldadardım. Sonda öz qırmızı əllərimi onların gözlərinə soxub yerdəki çaydanın suyunu xınalı kasaya boşaldardım. Vay-şivən başlanardı, balaca ləçərlər ağız-ağıza verib ulaşardılar. Mənim bu hərəkətimdən nənəm də inciyərdi, tez xınalı başını qabağa uzadardı ki, qızlar gəlib əllərini sürtsünlər onun saçlarına. Zümrüd dərhal on barmağının onunu da soxardı nənəmin saçlarının dibinə, qızarmış əllərini gözümə dürtə-dürtə qaçıb gedərdi. İndi ona görə mənə belə deyirdi.

Xalalarım nənəmin halvasını barmaqlarını yalaya-yalaya bayram aşı kimi yeyirdilər – axı nənəm bir qaynana kimi onların bacılarını çox incitmişdi. Mən bu düşmən ordusunun önündə bibimə sığınıb qalmışdım, nənəmin iyini ondan alırdım.

Nənəmin yeddisi günü Əlinin yasa gələn anası daha bir məktub verdi mənə. Elə bil yuxudan ayıldım, bu günlər onun varlığı tamam yadımdan çıxmışdı. Nənəmdən sonra çox çətin gəldim özümə. Artıq havalar da soyumuşdu, başımın ağrısı bir an kəsmirdi. Dərslərimi güc-bəlayla çəkib aparırdım. Ordan-burdan elçilərim gəlirdi. Mənimsə bütün beynim bir nöqtəyə zillənmişdi: nəyin bahasına olur olsun, ali məktəbə qəbul olunmalıyam! Düşünürdüm ki, ondan sonra Əlini istədiyim vaxt görə bilərəm. Yaddaşıma düz-əməlli yazılmamış sifəti də yadımdan çıxmışdı artıq.

Kamil qardaşım nişanlıydı, toyuna hazırlıq görülmüşdü. Ancaq nənəmin ölümünə görə toy il çıxana qaldı. Həyat qatarı heç nə olmayıbmış kimi öz relsi üstündə yırğalana-yırğalana gedirdi. İki aydan bir Əlidən məktub alırdım, hər aldıqca bir az da bağlanırdım ona. Anamdan, bacılarımdan başqa hələ heç kəs heç nə bilmirdi. Dərslərimlə yanaşı müalicələrim də davam eləyirdi.

***

Sonumun nə olacağını xəyalıma gətirməyə belə gücüm çatmırdı. Bircə bunu bilirdim ki, sevirəm, içimdə şipşirin duyğular qaynaşır. Əlinin adını ürəyimdə çəkməkdən də qorxurdum; qorxurdum ki, içimin pıçıltısı aləmi bürüyə. Hələ tam yetişməmiş qızlığımın bakirə divarları arasında, namusuma qarovul çəkən bir sürü kişinin gözlərindən iraqda bir insan gəzdirirdim. Mənim yaxın-uzaq çevrəmin, kəndimin nəzərində sevməklə pozğunluğun az fərqi vardı. Qız böyüyər, ata kimə istəsə ona da verərdi.

Hərdən boğulub bayılır, tez də özümə gəlirdim. Onun üzünü görmədikcə azarım daha da şiddətlənirdi. Görməyi isə ağlımın ucundan da keçirə bilməzdim – keçirsəm nə fayda verərdi ki! Canımın şirəsi qurumuşdu, üzülüb əldən düşmüşdüm. Bir az cəld tərpənən kimi bədənimi soyuq tər basırdı, qədəmlərim qırılırdı. Anam müalicə olunduğumu canfəşanlıqla hamıdan gizlədirdi, deyirdi xəstə qızı heç kim almaz.

Canım sözümə baxmasa da, dərslərimdən bir an geri qalmırdım, səbirsizliklə dərs ilinin bitməsini gözləyirdim. Zamanın da ki, ayaqlarından dəyirman daşı asılmışdı.

Buraxılış imtahanlarını əla qiymətlə verdim. Böyük qardaşım Səməndər ali məktəbə qəbul üçün lazım olan sənədlərimin hamısını birbəbir toplayıb vermişdi mənə. Qalırdı qəbula getmək. Evdəkilərin davranışından sezirdim ki, bu, o qədər də asan olmayacaq, bununla belə geri durmaq fikrim də yoxuydu.

Elə bu vaxtlar taleyimin axarını dəyişəsi bir hadisə baş verdi.

Qardaşım Kamilin nişanlısı qonşu kənddə yaşayan ədəb-ərkanlı bir ailənin savadlı qızıydı. Bir gün anam məsləhət gördü ki, bağımızdakı gilasdan onlara nübarlıq aparım. Bir səbət gilasla məni gələcək gəlinimizin yanına göndərdilər. Onunla aramda 12 yaş fərq vardı. Söhbət əsnasında qəflətən qayıtdı ki, eşitmişəm filankəsin oğlu səni istəyir...

Mənim uşaqlıqdan böyük bacıya çox böyük ehtiyacım olub – bu ehtiyacın yerini hələ də doldura bilməmişəm. Düşünürdüm ki, böyük bacım olsaydı, dar günümdə mənə həyan olardı, onda az büdrəyər, az yanılardım. Dedim, yəqin gəlinimiz də mənə bir bacı, bir dost kimi yanaşar; nə sirrim vardı qoydum onun müəllim, ziyalı ovcuna. Bundan mənə zərrə qədər ziyan gələ biləcəyini ağlıma belə gətirmədim.

İnsafən gəlinliyə namizəd məni səbirlə dinlədi. Mən də özümə bir dərd-gizlin ortağı tapdığım üçün çox yüngülləşdim, evimizə uça-uça qayıtdım. Ancaq gənc müəllim heç səhərin açılmasını da gözləməz, dediklərimin üstünə beşini də qoyub çox mühafizəkar olan qardaşıma xəbərləyər; sonda bunu da vurğulayar ki, sən onu hazırlaşdıranda o da sənin bacını hazırlayırmış...

Axşam həmişəki kimi süfrə açırdım. Kamil çox savadlı olmağına baxmayaraq son dərəcə köhnəfikirli, çox qaraqabaq, çox da zəhmliydi. Mətbəxin pəncərəsindən onun yelli gəldiyini görəndə ürəyimdə “Allah, sən saxla!” dedim. Hər hazırlığı görüb süfrənin qırağında qardaşlarımı gözləyirdim. Kamil üzümə baxmadan güllə kimi arxa otağa keçdi. Səməndərlə Hakim hərəsi bir çarpayıya uzanıb kitab oxuyurdular, Kamilin gəlməyini gözləyirdilər ki, birlikdə şam eləsinlər. Anam həmişəki kimi barxanasını yığıb evin balacalarıyla dağa getmişdi.

Kamilin arxa otaqda o biri qardaşlarıma nəsə dediyini qulağım çaldı. Elə o andaca özümü Hakimin əllərinin arasında tapdım. Qollarımı başıma sipər elədim ki, zərbələr ağrısı kəsməyən bəlalı başımı tutmasın. Ağız-burnumun qanı bir-birinə qarışdı, Səməndər irəli durub özünü mənə qalxan elədi. Üstümə yağan zərbələrin altında bircə bunu soruşa bildim:

- Axı mənim günahım nədi?..

Kamilin nişanlısına nə danışmışdımsa, Hakim hamısını bircə-bircə üzümə oxudu. Belim qırıldı, nitqim batdı, gözlərimə qaranlıq çökdü. Döşlərimin özəyi kürəklərimə doğru dartıldı, gilələri içimə çəkildi. Gənc qız döşlərindən nəfəs alar, onu bir balaca incidib ağlatdınsa, məmələri üstünə isti su tökülmüş alma kimi bürüşər, sinəsinə ağırlıq eləyən torbacığa çevrilər.

O gecə süfrəmiz qurulu qaldı, qardaşlarımın heç biri yeməyə yaxın durmadı. Mən eləcə ağız-burnum qanlı-qanlı, canım yaralı-yaralı o süfrənin qırağında otura qaldım. Nə qədər belə oturduğumu bilmədim, handan-hana ayağa durub yarımcan halda, üst-başım qan içində süfrəni yığdım. Gələcək gəlinimizə qarşı içimdə qəribə bir duyğu baş qaldırdı –nə nifrət idi, nə də, təbii ki, sevgi. Elə öz-özümə deyirdim: “Axı niyə, niyə belə elədin sən? Buna görəmi danışdırırdın məni?..”

Gecə yarıdan keçmişdi. Mən əlində bic qundağı tutulmuş bir qadın əhvalında ağzımın, üzümün qanını yenicə yuyub qurulamışdım ki, Hakim bir də üstümə şığıdı, saçlarımı biləyinə dolayıb məni döşəmə boyu sürüməyə başladı. Həmişə o, mənə barmaq toxunduranda çığırtım göylərə qalxardı, indi günahım vardı deyə lal olmuşdum. Mən dillənmədikcə Hakim qardaşım bir az da azğınlaşırdı. O gecə nə özü yatdı, nə məni yatmağa qoydu, ara-ara məni döydükcə döydü. Kamil heç yaxınıma da durmadı, Səməndər məni bu qansızın əlindən alıb ana kimi bağrına basdı, üz-gözümün qanını yudu.

...Dostum, elə burdaca deyim ki, yumşaq qəlbli böyük qardaşım tək o gecə yox, ta ölənə qədər mənə qardaşlıq, atalıq bir yana, analıq elədi. Tək övladım dünyaya gələndə də doğum evinin qabağından çəkilmədi, anamın yerini boş qoymadı, saçlarıma sığal cəkdi. Nənəmdən sonra mənim qoruyucu mələyim Səməndər oldu...

O gecəyə bənzər çox gecələrim olacaqdı qarşıda, amma o gecəmə çatanı olmazdı. Hakim oturdu evin yuxarı başında, mən də qapının lap ağzında. Elə hey üzümə baxa-baxa usanmadan soruşdu:

- Axı sən niyə belə elədin?..

Gecə uzunu bəlkə yüz dəfə soruşdu. Elə bildim o gecə qardaşım hirsindən partlayacaq, öz dərdim yadımdan çıxmışdı, onun dərdini çəkirdim. Bütün olanlardan sonra yenə də qardaşlarımın başından bircə tükün əskilməsinə razı deyildim. Səhərə qədər ağladım. Hakim həmişəki andına hələ də sadiq qalmışdı: “Bu Quran haqqı mənim bacım ərə getməyəcək!”

Hakimə ən çox yer eləyən buydu ki, məni tanıyandan sonra Əli onunla möhkəm dostlaşmışdı. Bu işdə sayıqlığını itirməsi indi onu yandırıb yaxırdı, özünü aldanmış, həriflənmiş sayırdı.

Səhəri dirigözlü açdım, xəcalətimdən, qorxumdan qardaşlarımın gözünə görünə bilmirdim. Yaxınlarda ali məktəblərə qəbul başlanacaqdı, oxumaqdan, çalışmaqdan səhhətim bir az da korlanmışdı.

Günortadan sonra həyətimizdəki yelləncəyə oturub kitab-dəftərimi yanıma yığmışdım. Gözlərim hərflərə baxsa da, axşamkı mənzərə beynimdən çıxmırdı. Hakim həyətdə də məni gözdən qoymurdu. Əlimdə kitab görcək ley kimi üstümə şığıdı, mən nə baş verdiyini anlayınca o, bütün kitablarımı didik-didik, cırıq-cırıq elədi. Daha dözə bilmədim, naləm göyə bülənd oldu. Hakim:

- Sən oxumağa yox, o əclafı görməyə gedirsən, - deyib qapıdan çıxdı.

ardı var

# 1471 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #