Əziz Nesinin oğlu: “Bakıda dənizə ağ girib, qara çıxdıq” - MÜSAHİBƏ

Əziz Nesinin oğlu: “Bakıda dənizə ağ girib, qara çıxdıq” - MÜSAHİBƏ
10 noyabr 2015
# 12:33

Kulis türkiyəli jurnalist-yazar və naşir Əhməd Nesinin APA-ya müsahibəsini təqdim edir.

- Türkiyədəki gedişatı müəyyən müddətdən bəri sərt şəkildə tənqid edirsiniz. Azərbaycan oxucusu üçün durumu təhlili edə bilərsinizmi?

- Hamı elə bilir ki, bugünkü Türkiyə AKP (Ədalət və İnkişaf Partiyası) ilə başlayır, ancaq bu, AKP-dən başlayan bir sistem deyil. Bu, ABŞ-ın yönləndirməsiylə başlayan bir sistemdir. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra bunu Kənan Evrenlə başladılar. Türkiyə onlar üçün ən “dünyəvi” ölkə olduğundan buraya “mülayim islam”ı gətirmək istədilər. Amma Türkiyə qətiyyən dünyəvi ölkə deyil. Dinin dövlətə bağlı olduğu və məscidin maaşını dövlətin verdiyi heç bir ölkə dünyəvi ola bilməz. Məsələn, Fransada kilsələrin gəlir-çıxarı onları dəstəkləyən xalqa aiddir. Kimsə dövlətdən pul ala bilməz. Dövlət nə edir? Oradakı tarixi abidələri, kilsələri təmir edir. Bizdə isə o cür deyil. Bizdə inanan-inanmayan, müsəlman olan-olmayan, başqa dinlərdən gələnlər belə din üçün pul verir.

Türkiyə heç vaxt Ərəbistan və ya İran kimi olmadığı üçün “mülayim islam”ı ən rahat şəkildə Türkiyədə həyata keçirə biləcəklərini düşündülər. “Mülayim islam” məntiqi yanlışdır, çünki Quran ayələrinin birində “dəyişdirilə bilməz”-deyə bir əmr var. Dəyişdirə bilmədiyiniz müddətcə “mülayim islam”dan söhbət gedə bilməz, elə isə Quranın ayələrini azaltmağınız lazımdır. Bu da mümkün görünmür. Mən bir yazı yazmışdım. “Quranı 18 yaşından böyüklərə oxutmaq lazımdır. 6 yaşlı uşağa çoxarvadlılığı başa sala bilmərəm, ona bu barədə danışmamağım lazımdır. ”Mülayim islam”da “bu olmamalıdır” - deyəndə o ayəni çıxartmağınız lazımdır. Çıxartsanız da, onda “mülayim islam”ın yerinə başqa bir din gətirməyiniz lazımdır. Məhəmməd son peyğəmbər olduğuna görə, bunun da ciddi bir tərəfi yoxdur. Hərbi çevrilişlə başlayan prosesi “çevrilişdən mülki keçid” - deyə Turqut Özal ilə davam etdirdilər.

ABŞ 1987-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahında qərar qəbul etdi ki, artıq dünyada hərbi çevrilişlər etməyəcək, mülki çevrilişlər üçün bəzi şirkətlərdən və insanlardan istifadə edəcək. Ancaq ABŞ, Orta Şərqdə bir şeyi hesablaya bilmir; bəzi adamlar vasitəsiylə çevrilişlər edir, o adamların kifayət qədər intellektual səviyyə və bilikləri olmadığından bir müddətdən sonra onları iqtidara gətirən ABŞ-ın özü ilə konfliktə başlayırlar. ”Sən kimsən? Orta Şərqi məndən soruşmaq lazımdır” -havasına girirlər. Səddamı, Xomeynini, Qəzzafini, Hafiz Əsədi, Ənvər Sədatı, Mübarəki və hətta İran şahını o cür iqtidara gətirsələr də, daha sonra o adamlar ABŞ-a qarşı çevrildilər. Niyə bu cür olur? O adamların intellektual səviyyəsi olmadığı üçün səlahiyyət veriləndən sonra hamıya qarşı çıxmağa başlayırlar. Bizdə bir deyim var: qaraçıya səlahiyyət veriblər, əvvəlcə atasını doğrayıb (gülür). Bizimkilər də o cür.

Türklər şaman dinindən, kürdlər də Zərdüştlükdən gəldikləri üçün bu hesablar bizdə heç vaxt tutmur. Mən hələ də Türkiyənin böyük çoxluğunun deist ya da teist olduğuna inanıram. Bizdə ciddi mənada tam müsəlman azdır. Deistlərin də dinlə əlaqələri yoxdur, bir Allahdan qorxurlar, bir də məhəllə təzyiqinə görə bayramlarda namaza gedir, qurban kəsirlər. Kəsdikləri qurbanı da özləri yeyirlər. Necə özü yeyir, başqalarına verməzmi? Verir. Alt mərtəbədəkinə verər, o da özündən yuxarıdakı mərtəbəyə verər, o da özündən daha yuxarıdakı mərtəbəyə verir. Ət bina içində o tərəf-bu tərəfə gedir. Ona görə mən Türkiyənin dəyişməyəcəyinə inanıram. “Mülayim islam” məntiqi burada baş tutmadı və tutmayacaq. Belə deyim: Türkiyə 1789-cu il Fransa inqilabını yenicə yaşamağa başlayıb. Bu inqilab qansız şəkildə bir az davam edəcək.

- Hansı mənada “inqilab” deyirsiniz: aydınların öndə getdiyi bir inqilab yoxsa...?

- Dünyəviliyin müzakirə edilməsindən başlamış CHP-dəki (Cümhuriyyət Xalq Partiyası) dindarlara qədər - hər şey. Dindarla dinçi arasında “dünyəvilik” müzakirəsi olarmı? Dünyanın hər yerində dünyəvilik müzakirələri ateistlər, sosialistlər və dindarlar arasında olur. Bizdə isə dindarla dinçi arasında “dünyəvilik” mübahisələri yaşanır. Komik bir şeydir. CHP üzvləri həm dindardırlar, həm də “dünyəvilik” barədə mübahisələr edirlər. Dindarla şəriətçi “dünyəviliyi” müzakirə edir. Bu işlər “Türk-kürd” qovğasına paralel şəkildə - bir az da din qovğasına doğru gedəcək.

- Din qovğasının tərəfləri kim olacaq: kazarma ilə məscid yoxsa....?

- Türkiyədə istədiklərini həyata keçirə bilməyəcəklər, bacara bilməyəcəklər...

- Atanız Əziz Nesin 1960-cı illərdən başlayaraq, Azərbaycanda çox sevilən bir yazar olmaqla yanaşı, Şərq renessansının parlaq nümayəndələri olan Axundzadədən Sabirə və Məmmədquluzadəyə qədərki ədəbi-fəlsəfi nəsli özünün müəllimi, özünü isə o ənənənin davamçısı sayırdı. “Harda müsəlman görürəm, qorxuram” - şeirinə bəstələnmiş mahnını oxuyarkən Musa Əroğlu “müslüman” sözünü “yobaz”la dəyişdirdiyi üçün atanız ona əsəbləşib. Atanızın Sovet İttifaqı və Azərbaycana səfərlərini necə xatırlayırsınız?

- Atam hər dəfə Sovet İttifaqına gedib-gələndən sonra polis onu nəzarətə alıb sorğu-suala çəkirdi, məni isə məktəbdən qovurdular(gülür). Deyirdilər ki, Əziz Nesin gedib, Kommunist Partiyası ilə görüşüb. Atam Kommunist Partiyası ilə görüşmürdü, görüşdüyü kommunist Zəkəriyyə Sərtəl idi. O vaxt biz Bakıya getdik, hətta böyük qardaşım Əliylə Xəzər dənizində çimdik.

- Getdiyiniz ili xatırlayırsınızmı?

- 64-cü il olardı. Əliylə dənizə ağ girib, qara çıxdıq. Anamın bizi neçə gündə təmizlədiyini bilmirəm(gülür). Orda bizi ya Əkbər Babayev ya da Radi Fiş dənizə aparmışdı.

- Atanız oralardan qayıdandan sonra Türkiyədə aydınlığın önünü aça biləcəyinə inanırdımı?

- Ömrünün axırına qədər o inamla yaşadı. Artıq yaza bilməyəcəyinə inanandan sonra özünü yoraraq öldü. Arzu etdiyi günləri özünün görə bilməyəcəyini bilirdi, bəlkə bizim də görə bilməyəcəyimizi bilirdi, ancaq heç vaxt mübarizəsindən dönmədi.

- Şərq aydınları həyatda olanda din adamları onları “Allahsız” - deyə damğalayırlar. Ancaq vəfat edəndən sonra hər kəs onların sözlərini dilində əzbər edir: məsələn, bu gün Azərbaycanda hamı Sabirin şeirləriylə paralellər aparır, Türkiyədə cəmiyyətin əksəriyyəti Əziz Nesinə haqq verir...

- Türkiyədə Əziz Nesin çox ciddi şəkildə qəbul edilmiş bir insandır, onu dinçilər də, müsəlmanlar da, sosial-demokratlar da qəbul edirlər.

- 7 iyundakı seçki ərəfəsində HDP-dən (Xalqların Demokratik Paryiyası) Antalya millət vəkilliyinə namizəd olmaq istəmişdiniz...

- Namizədliyə namizəd idim. Mən jurnalist-yazaram, məndən daha yaxşı siyasətçi olan bir arxadaş namizəd olmuşdu. Türkiyədə bir çox şeyin ölçüsü qaçır, ona görə də siyasət meydanı getdikcə daha çox gərginləşir.

- Nesin vəqfində işlər necə gedir?

- Orada işləri vəqfin məktəbini bitirmiş bir oğlan idarə edir. Əli daha çox Riyaziyyat kəndiylə məşğuldur.

- Əziz Nesin deyirdi: “İdealım bir dövlət qurmaq idi, axırda gəlib bu vəqfi qura bildim...”

- Biz sağ ikən o dövləti qurduq (gülür). Nəşriyyatda vəqfin məktəbini bitirmiş 4 nəfər var, nəşriyyatı onlar idarə edir, dülgərlik emalatxanamızı vəqfin məktəbini bitirmiş uşaqlar işlədir. Biz bir ailəyik. Türkiyənin geniş bir mafiya ailəsi var, bizim də geniş bir aydın ailəmiz oldu. Bu cür yola davam edirik.

“Müstəmləkəçilik bitəcək və dünya aydınlığa qovuşacaq”

- Ölümündən bir müddət əvvəl Çətin Altan da yazdı ki, xəyal etdiyi ölkəni görə bilmədi. Vəqfin yetişdirdiyi uşaqların sizdən sonra ideallarınızı həyata keçirə biləcəklərinə inanırsınızmı? Gerçəkdən Türkiyədə aydınlıq olacaqmı?

- Təkcə Türkiyədə deyil, bütün dünyada olacaq. Müstəmləkəçilik bitəcək və dünya aydınlığa qovuşacaq. Proseslər dünya miqyasında baş verəcək.

- Sosializm ənənəsində məşhur yazarların əsrlik yubileyləri təntənəli şəkildə qeyd edilir. Türkiyədə belə bir ənənə olmadığından Əziz Nesinin 100 illiyinin rəsmi şəkildə qeyd edilməsindən söhbət gedə bilməz. Özünüz geniş konfrans və ya iclas keçirməyi düşünürsünüzmü?

- İndiyə qədər xeyli iş görüldü, simpoziumlar keçirildi, sərgilər açıldı. Əli və Süleymanın yeni işlərin planını hazırladıqlarına inanıram. Qış gəldi, Süleyman hər gün deyəcək ki, vəqfə kömür almaq lazımdır. Bütün çətinliklərə baxmayaraq, bundan sonra da lazımi işlər görüləcək.

# 1036 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
# # #