Kainatın bakirə qalması kimi... - Zahid Sarıtorpaqdan Şeirlər

Kainatın bakirə qalması kimi... -<span style="color:red;"> Zahid Sarıtorpaqdan Şeirlər
11 may 2019
# 12:32

Bu gün şair Zahid Sarıtorpağın doğum günüdür. Kulis.az bu münasibətlə şairi təbrik edir və onun şeirlərini təqdim edir.


o gün
kəpənəklər suyun dibindəki yosunluqda
balıqlar ağacların çiçəkləmiş budaqlarında ilişib qaldı
beləcə sona yetdi bir sevginin Qiyaməti
Sən bilmədin amma...

divanə kimiydim onda
oxumadan cırdım Ölümün məktubunu
tikə-tikə eləyib
çırpdım Eşq adlı bir küləyin üzünə –
ömrümün səpələnmiş günlərinə döndü o qırıntılar
hələ də kəpənəklər kimi
suların dibindəki yosunluqlara uçuşurlar
üzürlər balıqlar kimi çiçəkləmiş budaqlara sarı
…heç rast gəldimi Sənə
rast gəldimi, barı?..

***

divara dəyib qayıdan
səsindən öpdüm – bilmədin
üzümə düşən kölgənin
üzündən öpdüm – bilmədin
təkcə O bildi
bəsimdi dedim

sənin günündəyəm amma
çox şeydən xəbərim yoxdu
künc-bucaqda çıraq axtarır əllərim
ömrün gecə vaxtı

hörümçəksə yorulmadan tor toxuyur

həyat – bu
başqa nə ola bilər səncə
hər şey ölüm içində sevgi qoxuyur
bəxtəvərcəsinə bir qu quşu oxuyur elə bil
ovçu gülləsindən öncə...

***

mən sənin içindən boylanıram özümə hər gün...
görürəm, olduğu kimi qalıb üzümün işığı
ruhumdakı intihar dirəyi də olduğu kimidi
kəndirsə çürüyüb...
tezliklə qırılacaq, bilirəm.
qoynun tabut kimi açıqdı üzümə yenə.
mən ora gül atıram hələ də...
atdıqlarımsa gözgörəsi solur...
gülümsünürsən:
- necə olmalıdır bəs sevgi?
o elə bu cür olur...

***

hər ölünün alnındakı
sonuncu tər damlası,
insanlığın başına çırpılan
Həvvanın alması
və kainatın bakirə qalması kimi
əfsanələr artıranda şübhəmizi - doğulduq...

nə yaşadıq? nə gördük?..

at quyruğuna qoşuluydu ömrümüz
sonda təkərlər altına düşdük.
ulduza tula göndərib
mələklərə gülüşdük.
sevgini yox, hər yerdə
ayrılığı, ayrılığı bölüşdük - boğulduq.

nə yaşadıq? nə gördük?

quşların dimdiyindən, arıların yükündən,
bütlərin sınığından, tanrıların təkindən,
qarışqa tək dərdləri yuvamıza çəkəndə
elə bil ki, yer yarıldı,
yer yarıldı - yox olduq...

***

bir gül rəsmi çək göy üzünə
üstünə bir kəpənək qonmuş olsun
altından bircə kəlmə söz yaz
buludlar o sözün içinə dolsun
sonra
de ki "çətirsizsən axı..."
və uzat mənə o varağı
vaxt varkən
dizlərimi atım yerə,
əllərimi qaldırım göyə,
baxdıqca baxım
Ona...

***

adi bir sözün titrəyişindən uçub-tökülür
içimizdəki gizli məbədlər...
adi bir ahdan yıxılır sədlər, sərhədlər.
yeri gələndə,
çobanyastığı çiçəyinə də əyilir bütlər...
sonra da deyirlər: dünya fanidi.

ovcundakı suyu üfürə-üfürə içir
suda öz surətindən qorxanlar...
gözünü yumub yalqızlığa öpüş yollayır ölü canlar...
bir kəpənək qədər hansı canlı bir gülü anlar
hansı canlı hayqırar bunca: dünya fanidi.

əlini uzadıbsa, qorxma, yapış əlindən,
"gəlirəm" kəlməsi "sevirəm" sözütək qopsun dilindən
o an bir dən ayrılacaq sünbülündən,
sənə anladacaq: dünya fanidi, ya yox...
heç nəyə, heç nəyə fikir vermə, get,
sonra qoy desinlər: havalıdı bu...

***

mən hamıdan körpə ikən
hamıdan da qoca öldüm
tutdum Sözün ətəyindən
uça-uça uca öldüm
Haqqa sarı qaranəfəs
qaçdım... qaça-qaça öldüm
dərdi-səri balam kimi
öpdüm... quca-quca öldüm
fanilik çox şey dilədi
cəhdi çıxdı puça öldüm
öz ruhuma Qul olmağa
gündüz öldüm gecə öldüm
həyatla daban-dabana
sevgiylə iç-içə öldüm
ölkə-ölkə şəhər-şəhər
ev-ev küçə-küçə öldüm
özümə qalib gəlsəm də
Ölümlə heç-heçə öldüm
... bəlkə heç O da bilmədi
necə oldu necə öldüm...

1980-90-cı illər

# 5510 dəfə oxunub

Oxşar xəbərlər

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

“Belə hekayələr popkorn təsiri bağışlayır” – Hekayə müzakirəsi

15:00 8 oktyabr 2026
Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

Buludlar səltənətindəki Bulud xatun və Beyrək, yaxud mənim ünyetməz yuxularım... - Məryəm Əlizadə

12:00 8 oktyabr 2026
Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə  yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

10:00 7 oktyabr 2026
"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

15:45 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər