Lal oğlanların kor qıza vurulması... – Ayxan Ayvazdan YENİ HEKAYƏ

Lal oğlanların kor qıza vurulması... – <span style="color:red;">Ayxan Ayvazdan YENİ HEKAYƏ
1 noyabr 2017
# 11:20

Kulis.az gənc yazıçı Ayxan Ayvazın "Lal hekayə" adlı yeni hekayəsini təqdim edir.

Sən bu hekayəni oxumağa başlayanda saçları dizinə çatan bir qız oturacaqda ayağını ayağının üstünə aşırıb uzaqlara baxacaq. Külək bayraqtək yelləyəcək onun uzun saçlarını. Bilirəm, sən indi o qızın bəzənib-düzənməyini, avtobusdakı basabasdan necə xilas olduğunu da xırdalığına qədər bilmək istəyəcəksən. Amma mən sənin niyyətini əvvəldən duydum və hekayəni elə parkdan başladım. Buna görə mısmırığını sallama, deyinmə də. Əcəb oldu sənə. Gör sən necə şorgözsən. İki gözüm aydın, oxumursan-oxuma. Hekayə mənimdir, özüm bilərəm. Bəyənmirsən, gedə bilərsən.

Bir dəqiqə! Sakit dur görək. Qızla üzbəüz oturacağa iki gənc oğlan oturdu. Aha, deyəsən, xoşuna gəldi. Küskünlüyün getdi, necə də gözlərini bərəldib iştahla oxumağa başladın. Səni xatakar!

Fikir verdinsə, gənc oğlanlar qızı baxışları ilə sığallayırdılar. Sən indi onların nə danışdığını da bilmək istəyəcəksən. Bax, ikisinin də əlləri bir yerində durmur, elə hey tərpənir. Amma təəssüf ki, mən də onları başa düşə bilmirəm. Yox, xarici dildə danışmırlar. İkisi də laldır.

Yaxşı, mısmırığını sallama. Bu hekayənin Tanrısı mənəm. İstədiyimi edə bilərəm. İndi də gəl o iki lalın əl hərəkətlərini sözə çevirdiyimə bax:

- Birinci mənim xoşuma gəldi.

- Pah! İkimiz də gördük. Hardan birinci oldun?

- Yaxamı burax, mən gedəcəm.

- Dostluğu pozursan, vallah. Adam dostunun sevdiyinə göz dikər?

- Elə bil, illərdir sevirsən axı.

- Burax görüm.

- Özüm ölüm, vuracam səni.

Yaxalaşmağa başladılar. Az qala bir-birilərinin ətini yeyəcəklər. Qız da bu dəm qulaqlarını şəklədi, ətrafa döyükdü. Küləyin səsi gəzirdi parkda, bir də hərdən keçib gedənlərin ayaq səsləri.

Uzun saçlı qız ayağa qalxdı, əlindəki əsanı asfalta döyə-döyə ürkək addımlarla yeriməyə başladı. Bağışla, sənə bu əsadan söz açmamışdım. Desəydim, əvvəldən hər şeyi başa düşəcəkdin.

İndi deyirsən hekayə alınmayıb? Sənin başın üçün elə! O iki lal oğlan qızın kor olduğunu hiss edərdilər deyirsən. Burda səninlə razıyam. Amma klassik fikri nə tez unutdun: “Sevginin gözü kordur”.

O qız qaranlıqları yara-yara gedir. İki cavan oğlanı soruşursan? Onlar yaxalaşmağa ara verib təəssüflə qızın arxasınca baxırlar, üzlərində tərifsiz bir kədər var.

Deyirsən ki, nəsə elə, qaytar o qızı. Qışqırırsan üstümə: “Bəs Tanrı deyirdin özünə?” Bağışla, hekayəni burda dondurmaqdan başqa çarəm yoxdur. İndi bu hekayədə dördümüz qaldıq.

# 2773 dəfə oxunub

Oxşar xəbərlər

"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..."  - Elnarə Akimova

"Dünyasını dəyişən ana, qürbətdə yaşayan qardaş, tək qalan ata və..." - Elnarə Akimova

16:00 20 noyabr 2025
"Həm qəribə zövq aldım, həm də əsəbiləşdim..." - Hekayə müzakirəsi

"Həm qəribə zövq aldım, həm də əsəbiləşdim..." - Hekayə müzakirəsi

15:15 20 noyabr 2025
“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər