Bizdə fentezi və antiutopik əsərlər niyə yazılmır? - SORĞU

<b>Bizdə fentezi və antiutopik əsərlər niyə yazılmır? - <span style="color:red;">SORĞU </b>
28 avqust 2017
# 09:00

Bu gün dünyada fentezi və antiutopik əsərlər dəbdədir. Azərbaycan ədəbiyyatında isə bu janrlarda qıtlıq hiss olunur. Bəs niyə bizdə bu janrlara müraciət olunmur? Fentezi və antiutopik əsərlərin yazılmasına gərək varmı?

Kulis.Az bu barədə yazarların münasibətini öyrənib. Cavabları təqdim edirik.

Səfər Alışarlı

Ədəbiyyat üçün janr müxtəlifliyi olduqca vacib məsələdir. İnsanın beyni və ürəyi müxtəlifliyi ümumiyyətlə xoşlayır. Bizim klassik poeziyamız bu baxımdan ən yaxşı nümunədir. Burada həcvdən tutmuş epik düzənli inikasa qədər hər cür müəllif özünüifadəsinə yer tapılıb. Müasir yazarların qeyd etdiyiniz yaradıcılıq janrlarına müraciət etməməsi cəmiyyətimizdə bəsit düşüncə tərzinin hakimliyinə dəlalət edir. Məncə, bunun əsas səbəblərindən biri də müasir ünsiyyət vasitələrinin - internetin, sosial şəbəkələrin mövcudluğudur. İnsanlar bütün hiss və həyəcanlarını burada çox asanlıqla ifadə eləyir, çox vaxt arzu və istəklərinin dəqiq əndazələrini də göstərməkdən çəkinmirlər. Yəni fantastika janrı qeyri-yazıçılar tərəfindən, bir növ, əsər halına çatmamış bayağılaşdırılır. Bu bolluq ciddi janrlara da xələl gətirir, amma ciddi janrda yaxşı oxucunu aldatmaq nisbətən çətindir. Ciddi janrda yazılmış əsəri oxuyan adam mütaliəni qurtarandan sonra öz içini mütləq təftiş edir ki, görsün, nə qaldı. Fantastikada belə təftişə adətən ehtiyac duyulmur, çünki oxucu əvvəlcədən süzgəcində nəyinsə qalacağına ümidli deyil: o, əyləncə xətrinə oxuyur.

Amma müasir ədəbiyyat reallıqla irreallığın vəhdətini yarada bilir. Fikrimi izah etmək üçün misal çəkim. Əgər insanlar arasında real ömür sürmüş Məhəmməd peyğəmbərin həyatından Merac hadisəsini bir irreallıq nümunəsi olaraq silsək, ortada çox bayağı qəhrəmanlıq dastanı qalar, təxminən Qaçaq Nəbi dastanı kimi. İlahi qüdrət bunu gözəl bilib, ona görə peyğəmbərin ən ülvi insani keyfiyyətləri ilə kifayətlənmədən möhtəşəm Merac hissəsini bizə bəxş edib. Zənnimcə, fantastika janrı buna görə yaradıcı insanlar üçün vacibdir.

Fəxri Uğurlu

Ədəbiyyatda dəb dalınca düşməyin perspektivi yoxdur. Heç bir yazıçının boynuna qoymaq olmaz ki, sən filan cür yazmalısan. Əsərin janrını da, dilini də, formasını da, həcmini də yazıçının demək istədiyi fikir, mətləb, məzmun müəyyənləşdirir.

Əsəd Cahangir

Fentezinin mahiyyətində elmlə mif və nağılın birləşməsi durur. Fentezi sadəcə nağıl deyil, amma elmi fantastika kimi nəyinsə izahını da vermir. O, təxəyyülün məhsulunu gerçək sayır. Bu elmin yalanla birləşməsidir. Növbəti mərhələdə elm dinlə - yəni həqiqətlə birləşəcək.

Bu proses göstərir ki, düşüncə iki min illik Aristotel məntiqindən, ədəbiyyata gələndə isə realzimə məxsus çərçivədən çıxır. Avropa elmi və fəlsəfəsi materializmi, Avropa ədəbiyyatı maarifçi realizmi iyirminci əsrdən dəf etməyə başlayıb. Bilirik ki, bütün XX əsr Kafkası və Folknerindən Markesi və Borxesinə qədər realizmin dəfnindən ibarətdir. Bizdə isə nə elmi, nə də bədii düşüncənin səviyyəsi ənənəvi maarifçi realizmi dəf etməyə lazımı imkan vermir. Fentezi janrı sahəsindəki zəifliyimiz də burdan irəli gəlir. Bununla belə, yazıçılarımızdan Kamal Abdulla, Həmid Herisçi, Şamil Sadığın yaradıcılığında müəyyən fentezi ruhu var. Vahid Məmmədovun "Atropatena" romanı isə ilk fentezi romanımız sayıla bilər.

Bu janrda gənclərdən daha çox şeylər gözləyirəm. Çünki son dövrün ədəbi-bədii zövqü kimi o gəncliyə daha yaxındır. Vaxtilə Orxan Muxtarlının bu janrda bir povestini oxumuşdum. Amma sonra nədənsə ardı gəlmədi.

O ki qaldı bu janrın lazım olub-olmamasına, bizim arzumuzdan asılı olmayaraq nə olmalıdırsa, o da olur. Və bütün olanlar ilahi iradənin istəyindən doğur.

Etimad Başkeçid

Bunun səbəbləri çoxdur, başlıcası – “barıt islaqdır”. Bizdə ədəbiyyat bilgisi sıfırın altında olan adamlar da “ciddi ədəbiyyat” sevdası ilə yazıb-yaradır. Fentezi, antiutopiya janrında yazılan əsərlər apriori belletristikaya aid edilir və heç kim belə “səviyyəsiz” şeylərə bulaşmaq istəmir. Halbuki, ədəbiyyatın özü, mahiyyət etibarilə, əyləncə növüdür. Bu, yalnız səbəbələrdən biridir. İkincisi, antiutopik janrda nəsə yazmaq üçün, adamda ürək lazımdır. “Sən kimsən, nəkarasan ki, bizim işıqlı güzəranımıza kölgə salırsan!” - iradından çəkinənlər çoxdur. Fentezi də onun kimi – qorxurlar ki, bu, kiməsə, nəyəsə alleqoriya kimi başa düşülər. Üçüncüsü isə, bəlkə də, bunların hamısını aşmaq olardı, amma sadəcə, bazar yoxdur. İnsanımız fikirləşir ki, onsuz da, alıb oxuyan olmayacaq, yaxşısı budur, götürüb bir əhvalat yazım və bunu böyük sənət nümunəsi kimi təqdim etməyə çalışım; bəxtim gətirsə, mükafatdan-zaddan da alaram.

Məti Osmanoğlu

Hər hansı janr, növ, üslub ədəbiyyata kiminsə arzusu, istəyi, göstərişi, xahişi ilə gətirilmir, ədəbiyyatın təbii qanunauyğunluqlarına əsaslanır. İstedadla yazılmış hər növdən olan əsərlərə həmişə ehtiyac var, əgər indi belə əsərlər yaranmırsa, bunu dərd eləməyə də dəyməz.

Natiq Məmmədli

Fantaziya elementləri ilə zəngin və ya elə sırf fantastik əsərlər həmişə maraq doğurub. Belə nümunələr ədəbiyyatdan daha çox kinematoqrafiyada dəbdədir. Antiutopya isə mənim fikrimcə ədəbiyyatın özünü daha rahat ifadə elədiyi məkandır. Bu, mənə hardasa absurd teatrı xatırladır. Məkan və zaman sərhədsizliyi, obrazların xüsusi tipikləşdirməyə ehtiyac duyulmaması müəllifin imkanlarını artırır. Digər tərəfdən absurdun, elə antiutopyanın dili bizim başa düşdüyümüz yağlı, boyalı ədəbi deyil, heç buna ehtiyac da olmur. Bizdə belə əsərlərin yazılmaması görünür realizmin güclü təsirləri ilə bağlıdır. Yəni bir ənənəçilik, ləngər vuran təhkiyə adətimiz var. Antiutopiya dünyanı realizmdən daha yaxşı təsvir və ifadə edə bilir. Ən əsası onun verdiyi bədii informasiya didaktik və yönləndirici olmur. Belə əsərlər mənə daha çox Kafkanın yuxularını xatırladır. Yazıçı ehtiyac hiss edəndə bu janra müraciət edə bilər. Əminəm ki, bir dəfə absurdun dadına baxan yazıçı ondan ayrılmaz. Keçən il “Dumana bürünmüş” adında adsurd pyes yazdım və bir çox teatrlarımıza təqdim elədim. Absurdun gücünü onda hiss elədim ki, heç kimdən səs çıxmadı. Bu il isə pyesimin ruhuyla səsləşən “Babil nəğmələri” adlı bir antiutopik əsər bitirdim, bir növ povesti xatırladan, həcmli əsərdi, amma çap elətdirməyə tələsmirəm. Bu cür əsərlər havadan yaranmır, absurdun özünün də məntiqi izahı və öz oxucusu, tamaşaçısı var. İnanıram realizmin nostalgiyası başa çatandan sonra bizdə də belə əsərlər də olacaq, oxucu da, tamaşaçı da.

Cəlil Cavanşir

Dünyada bu janrlara böyük maraq var. "Nyu York Tayms" bestsellerinin böyük əksəriyyəti antiutopiya və fentezi janrıdır. Xüsusilə təhsil sistemi güclü olan, elm və texnologiya inkişaf etmiş ölkələrdə yeniyetmələr üçün yazılan kitablar çox satılır. Eyni zamanda bu kitablara kitab bazarında güclü tələbat var. Sovet dövründə də elmi-fantastika janrı populyar olub. Həm kinoda, həm də ədəbiyyatda bu janra kifayət qədər müraciət edilib. Bizdə də bu janra müraciət edən yazıçılar olub. Ən bariz nümunə həyatını səfalət içində başa vuran Namiq Abdullayevdir.

Bu gün ədəbiyyatımızda bu janrlara çox az müraciət edilir. Gənclər arasında Fərid Hüseynli adlı gənc yazıçı bir neçə bu tipli əsər yazdı və artıq bildiyimə görə o əsərlərini ingilis dilində yazır və dünya bazarına çıxmağa çalışır. Sözsüz ki, bu janrda əsərlər yazılmalıdır. 13-14 yaşlı yeniyetməyə kitab oxumağı aşılamaq üçün ona İsmayıl Şıxlıdan, Ordubadidən, İsa Hüseynovdan, Anardan, Əkrəm Əylislidən əsərlər oxutmaq olmaz. Bu janrlar kitab oxumaq vərdişlərini formalaşdırmaqla yanaşı, yeniyetmələrin düşüncə üfüqlərini genişləndirir. Ümid edirəm ki, nə vaxtsa bizdə də yeniyetmələr arasında sevilən və çox satılan yeniyetmə romanları yazılacaq.

# 3246 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #