Böyük sevgi yaşanmaz balaca dünyada – Oğuz Ayvazdan YENİ ŞEİRLƏR

Böyük sevgi yaşanmaz balaca dünyada – Oğuz Ayvazdan <span style="color:red;">YENİ ŞEİRLƏR
14 oktyabr 2016
# 17:18

Kulis.Az Oğuz Ayvazın yeni şeirlərini təqdim edir.

Yaşamağın səsi

kədərli gözlərini üzündən çıxartmalıyıq dostum,

gözyaşları süzülən yanaqlarını da....

hərdən ay çıxanda, qaranlıq güllə tək göy üzünə sancılanda,

aramsız yağış kimi başından döyən xatirələri,

bir də, bir də, dostum

şəkillərə baxıb köks ötürməyini çıxarmalıyıq həyatından,

bir dəfəlik...

heç bir əşyanın üstünə kədər qondurma, dostum,

yalan söhbətdi, əşyalar insanları xatırlatmır,

əşyalar da insandır....

yanında boş bir bardaq varsa,

ya da bir stul, yaxud bir bıçaq,

üzülmə, üzülmə...

elə bil ki, ən doğma adamın oturub yanında...

fikir çəkməyin də başını burax,

düşüncələrini qəfəsdən uçurt,

qoy otaq boyu uçsunlar,

sevdiyin qız üçün

özünü öldürməyi də yaraşdırmıram sənə...

ondansa bir ətirşah gülünü sev,

yaxşı qulluq eləsən

heç vaxt ayrılmaz yanından...

Tanrıya da üsyan eləmə,

həyatı tanımaq üçün, anlamaq üçün,

həyata sarılmaq üçün göndərir faciələri, dərdləri...

gəl səninlə oyun oynayaq dostum,

əzabları, ağrıları sevgiyə çevirək...

necə deyə soruşma

əlimizdə bir boşluq var, yəni heç nə,

o boşluq yaşamağın lap elə özüdür...

ölümünə yaşayacaqsan, dostum,

bütü əzalarını itirsən də,

ayaqlarını, əllərini, gözlərini,

nə bilim daha da dəhşətli,

daha da çıxılmaz halqanın içinə düşə bilərsən,

ağrıdan nəfəsin tıncıxa da bilər,

bütün insanları ləkə kimi də görə bilərsən gözlərində,

bütün ağaclar asılacağın ip kimi gələ bilər sənə...

amma dayan...

dayan, bir anlıq dinlə,

həyatın özü-özünə bəstələdiyi musiqini,

maşınların uğultusunu,

gəmilərin fit səsini,

qab-qacaqların,

dənizin, dalğaların,

itlərin, pişiklərin, qağayıların...

yəni bütün səslərin bir səs kimi gəldiyini eşit...

yaşamağın səsidir o,

yaşamığın səsi...

sən olmasan bu bəstə yarımçıq qalacaq dostum,

küsmə həyata,

küsmə insanlara,

öldürmə özünü...

bəstəmiz yarımçıq qalmasın

səslər kəsilməsin...

hamımız təsəlli üçün yaşayırıq, dostum,

gəl sənə yaşamağın sirrini deyim,

elə bir şey deyim ki,

yaşamaq sevdiyin adamın portreti kimi

asılsın başının üstündən...

dostum, qulaqlarında sırğa elə, heç vaxt unutma:

ölmək istəsən uşaqların gözlərində qaçışan

həyata bax...

Səs

dostlarla gülürdük,
bilmirəm saat
neçə olardı,
bilmirdik hara gedək
amma niyə gülürdük
onu da bilmirəm
bir qadının səsinə
doğru qaçdı gülüşümüz,
əvvəl dostumun
ayaqları, üzü,

sonra bütün bədəni getdi,
bayaq durduğumuz
yerdə gülümsədi
siqaret kötükləri,
əlimizdə tabut gəldi,
bir az əvvəl
dostumuzu gözləyirdik,
öləni soruşduq,
dənizdə batıb dedilər,
anasının qışqırığı
sözümüzü kəsdi,
dostlarla gülüşürdük,
tabutu evə qoyduq,
çox ağır idi - dedi
dostumun biri,
ölüm ağır olur,
bəzən daşıya bilməyəcəyim qədər,
tabutu qollarımız deyil,
dəniz dalğası
apardı evlərinə,
sərin yerə düşürtdü,
adamlar istidən
çıxıb gəlmişdilər,
sərinləmək istəyirdilər,
tabutdakı dənizdə
batmışdı...

Kosmosdakı şəklimiz

uzaqlardan lap çox uzaqlardan çəkilən şəklimizi gördünmü?

nə sən düşmüsən o şəklə, nə də mən,

bir toz zərrəsidi dünya,

uzaqlardan lap çox uzaqlardan görünən...

o toz zərrəsinin içində gəzişirdik, sevişirdik,

dalaşırdıq, ayrılırdıq, barışırdıq...

bir günlük daha böyük olurduq toz zərrəsindən...

60 milyon il əvvəl insanlar daha az ömür

yaşayırdı bu toz zərrəsinin içində

20 yaşında ölürdülər, 30 yaşında ölürdülər,

səninlə 20 yaşında tanış olduq,

21-də ayrıldıq,

ikimiz də yaşıd idik,

yəni bizim ömrümüz də ilk insanlar kimi uzun olmadı.

uzaqlardan çəkilən toz zərrəsi bizi daha da kiçiltdi.

oysa çox böyük gəzirdik balaca dünyanın, balaca şəhərində

getməyə başqa bir dünyamız da yox.

bu balaca dünya bizim böyüklüyümüzə tab gətirmir

hər dəfə daha da kiçilir bizim böyüklüyümüzdən

sənə demişdim, böyük sevgi yaşanmaz balaca dünyada.

bütün insanları bir ev kimi bədənimdə gəzdirə bilmərəm

səni sevmək bu qədər insanı sevməkdir

özün bax dünya bir nöqtədir,

bizim son cümləmizə qoyulan nöqtə...

# 1308 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #