Qərəzsiz arzular qəbiristanlığı – Seymur Baycandan YENİ HEKAYƏ

Qərəzsiz arzular qəbiristanlığı – <span style="color:red;">Seymur Baycandan YENİ HEKAYƏ
29 noyabr 2017
# 17:30

Kulis.az Seymur Baycanın “Qərəzsiz arzular qəbiristanlığı” hekayəsini təqdim edir.

Beş il, on il, on beş il əvvəl münasibətdə olduğun adam başqasının timsalında üz cizgiləri, səsi, davranışları ilə qarşına çıxır, təbiətin bu təkrarçılığına mat qalırsan. 2016-cı ilin may ayında belə bir təkrarçılıqla qarşılaşdım. Qarşılaşma bir məclisdə baş verdi. Məclisdə yazıçılar, şairlər, jurnal redaktorları, ədəbiyyat tənqidçiləri, araşdırmaçılar iştirak edirdi. Süfrədə çoxlu yeməklər, salatlar, hər cür içkilər vardı. Gəzintidən qayıtmışdıq, təmiz hava bizi möhkəm acdırmışdı və süfrədəki yeməkləri iştahla yeməkdə idik. Yeyə-yeyə qarşımda oturan qızın sifətinə baxıram, sifəti dəhşət tanış gəlir, amma yaddaşımı nə qədər qurdalasam da, onu harda gördüyümü heç cürə xatırlaya bilmirəm. Qıza bir-iki sual verdim, aldığım cavablardan onunla əvvəllər rastalaşmadığım, münasibətdə olmadığım tam məlum oldu. Bu nə işdir belə? Yoxsa zəhrimara qalmış yaddaş pozğunluğu başlayır? Qızın yanında Çilidən gəlmiş, Con Steynbekin həyat və yaradıcılığını araşdıran yaşlı bir kişi oturmuşdu. Kişi dayanmadan danışırdı. Sözlərinin də çoxunu qarşımda oturan, sifəti dəhşət tanış gələn qıza deyirdi və qızdan bəzi cümlələri mənim üçün ingilis dilindən rus dilinə tərcümə etməsini xahiş edirdi. Qız etika xatirinə gülümsəyərək özünü kişiyə qulaq asan kimi göstərsə də, kişinin danışmağından yorulmağa başladığı hiss olunurdu. Qıza dedim ki, əsəbləşməsin, qoca kişidi, yəqin danışmağa ehtiyacı var. Boşboğazlıq qocalığın əlamətidir. Böyük ehtimalla yəqin ki, biz də qocalanda belə boşboğazlıq edəcəyik. Qız üzünü mənə tutub yavaşca rusca dedi: “Bir dəqiqə də dayanmır. Dayanmaq istəmir”. Bu sözləri deyəndə onun üz cizgilərinin, danışıq tərzinin, səsinin niyə mənə dəhşət tanış gəldiyini bir saniyədə anladım. Bu, əsl təbiətin təkrarçılığı idi. Qarşımda oturan qız Kəmaləyə oxşayırdı.

Kəmalə haqqında düşündükdə üç fraqment xatırlayıram və zatən onun həyatı mənim üçün elə bu üç fraqmentdən ibarətdir.

Birinci fraqment

(“Nuts” şokoladı)

O vaxtlar, ilkin gənclik dövrümdə qızlar dörd qrupa bölünürdü:

Çantasında “Snickers” şokoladı gəzdirənlər;

Çantasında “Bounty” şokoladı gəzdirənlər;

Çantasında “Nuts” şokoladı gəzdirənlər;

Çantasında adi, adsız şokoladlar gəzdirənlər.

Necə olmuşdusa, belə bir dəb yaranmışdı, qızlar çantasında şokolad gəzdirirdilər və metroda, avtobusda uşaq görəndə onlara şokolad verirdilər. Gəzdirdikləri şokolada görə qızların xarakterini, həyat tərzini, dünyaya baxışlarını müəyyən etmək olurdu. Çantasında “Snickers” gəzdirən qızlar standart qızlar idi. Onların hərəkətlərində heç bir qeyri-adilik müşahidə edilmirdi. Çoxu Leonardo Di Kaprionu sevirdi. “Snickers” gəzdirən qızlar birmənalı olaraq ərə getməyi arzulayırdılar.

Çantasında “Bounty” gəzdirən qızlar o vaxtın meyarlarına görə zövqlə geyinirdilər, özlərini qeyri-adi, seçilmiş qızlar hesab edirdilər, daha fərqli, standartlardan kənar bir həyat yaşamağa layiq olduqlarını düşünürdülər və çantasında “Snickers” və “Nuts” şokoladı gəzdirən qızlara yuxarıdan aşağı baxırdılar.

Çantasında “Nuts” gəzdirən qızlar isə əsasən fədakar, dostluğu sevən və qiymətləndirən, sevgi yolunda hər cür dəlilik etməyə qadir qızlar idi. Mən “Bounty” şokoladını sevsəm də, çantasında “Nuts” şokoladı gəzdirən qızlara daha çox maraq göstərirdim. Kəmalə də çantasında “Nuts” şokoladı gəzdirən qızlardan idi. Ona qəşəng qız demək olmazdı. Onun dirsək, bilək, diz, pəncə və topuqlarındakı bənd və oynaqları həddindən artıq inkişaf etmişdi. Lakin gur, möhkəm, azacıq qıvrılan saçları, iri, sağlam dişləri, dolu dodaqları bu qıza olduqca cazibədarlıq verirdi.

O ki qaldı çantasında adi, adsız şokolad gəzdirən qızlara, onlar haqqında danışmasaq, yaxşıdı. Çantasında adi, adsız şokolad gəzdirən qızlar çox yazıq, mağmın, sadəlövh, bədbəxt qızlar idi. Onları xatırlayanda adamın rəsmən ürəyi parçalanır. Doğrudan da onların çoxu həyatda bədbəxt oldu. Mənim dördüncü qrupdan olan bir qız tanışım vardı. Tibb texnikumunda oxuyurdu. Biz əsasən Gənclik parkında görüşürdük. Boş skamyalardan birində oturub qızın gətirdiyi adsız şokoladları yeyirdik, sonra da evə gedirdik. Başqa nə edə bilərdik ki? Əlimizdən nə gəlirdi ki?

O vaxtlar bəzi qızlar müxtəlif dəlisov hərəkətlər edərək dəridən qabıqdan çıxırdılar ki, özlərini qəribə qız kimi tanıda bilsinlər. Kəmalənin isə dəlisov hərəkətlər etməyə ehtiyacı yox idi, qəribə qız kimi görünmək üçün heç bir xüsusi səy göstərmirdi, o, dünyaya anadan qəribə qız kimi gəlmişdi. O vaxtlar bir qıza bağlanmışdım. Ona görə bağlanmışdım yazıram ki, bizim həyat tərzimiz, mentalitetimiz sevdiyini, yoxsa vurulduğunu müəyyən etməyə imkan vermir. Sənə elə gəlir ki, sevirsən, sonra məlum olur ki, yox sevmirmişsən, vurulmusanmış. Sənə elə gəlir ki, vurulmusan, sonra məlum olur ki, sən demə əməlli-başlı sevirmişsən. Bu günə qədər hələ də o qızı sevdiyimi, yoxsa ona vurulduğumu müəyyən edə bilməmişəm. İlkin gənclik münasibətləri az tələbkar olur. Mən nə istəyirdim? Onunla gəzmək, söhbət etmək, oturub üzünə baxmaq, maksimum əlindən tutmaq. Cismani yaxınlıq, bir-birimizin bədənini dərindən tanımaq ağlıma belə gəlmirdi. Cismani yaxınlıq haqqında düşünsəydim, bununla özüm öz əlimlə təmiz hisslərimi təhqir etmiş olardım. Lakin minimal istəklərimin də bir gün sonu çatdı. Növbəti görüşlərimizin birində qız dedi ki, onu almaq istəyən oğlan var, ailəsi onu ərə verməyə hazırlaşır və mən qəti hərəkət etməliyəm. Müharibə təzə qurtarmışdı. Ailəmizin maddi vəziyyəti bərbad idi. Ora-bura köçməkdən ev əşyalarımız sıradan çıxmışdı. Əyin-başımız da qaydasında deyildi. Evdən tam asılı vəziyyətdə idim. Evlənə bilməzdim. Ürəyimdəki arzularla həyatdakı vəziyyətim böyük ziddiyyət təşkil edirdi. Nə etməli, ömrümüz yaman gödəkdir. Arzularımızın çoxunu özümüzlə qəbirə aparırıq.

Evdə evlənmək haqqında söhbət açsaydım, anamdan hansı sözləri eşidəcəyimi dəqiq bilirdim. Bununla belə bir axşam münasib vaxt tapıb anama yaxşı, mehriban, tərbiyəli bir qızı sevdiyimi, onunla evlənmək istədiyimi dedim. Anam isə gözlənildiyi kimi acıqlı-acıqlı cavab verdi: “Qızıxmısan? Özümüz yatmağa yer tapmırıq, arvadı hara gətirəcəksən? Harda yatassan arvadla?”

Bu haqlı sualları eşidərkən möhkəm pərt oldum. Vəziyyətlə barışmaq istəmirdim, amma çox aciz idim, heç nə edə bilmirdim. Beləliklə bağlandığım qızdan məcburən ayrılmalı oldum. Sonuncu görüşümüz çox ağır keçdi. Qız soruşdu: “Doğrudan heç nə edə bilməzsən?”

Dedim ki, heç nə edə bilmərəm, heç nə əlimdən gəlmir. Qız dedi: “İstəyirsən, məni qaçırt, hara istəyirsən gedək”. Bu təkliflə razılaşmadım. Əlimdə pulum yox, hara qaça bilərdik?

Biz heç bir çıxış yolu tapa bilmədik və nə qədər ağır olsa da, ayrılmaq qərarına gəldik. Təbii ki, kişi olduğuma görə ayrılmağımızda günahın böyük hissəsi bəndeyi-həqirinizin üstündə qaldı. Çünki ənənəyə görə o, məni deyil, mən onu qaçırtmalı idim. Nə qədər sevsə də, nə qədər diribaş qız olsa da, durub bir oğlanı qaçıra bilməzdi.

Sonuncu görüşümüz idi. Düşündüm ki, əgər ayrılırıqsa, heç olmasa çoxdan ürəyimdə gəzdirdiyim bir arzumu həyata keçirim. Çoxdandır ki, qızı qucağıma almaq, bağrıma basmaq, onun ayaqlarını bir neçə saniyə bu amansız, günahlarla zəngin torpaqdan ayırmaq istəyirdim. Ayrılmazdan əvvəl onun belindən yapışdım, iki dəfə qucağıma almağa cəhd etdim, nə qədər güc versəm də, qızın ayaqlarını yerdən üzə bilmədim. Həmin gündən sonra ürəyim sürətlə qərəzsiz arzular qəbiristanlığına çevrilməyə başladı.

Qızdan ayrılmağımı, acizliyimi heç cürə həzm edə bilmirdim. Depressiyaya düşmüşdüm. Nə qədər ağlayırdım, xeyri olmurdu. İstəyirdim dərdli başımı şiddətlə vuram divara partladam, hər şey birdəfəlik qurtarsın. Allah kəssin belə yaşamağı. Birinə ürəyin qızır, istəyirsən oturub üzünə baxasan, söhbət edəsən, əlindən tutasan buna da imkan vermirlər. Biri qəfildən ortaya çıxır, tutub əlindən alır, hər şey darmadağın olur. Bəxtsizlik, bəxtsizlik ta bu qədər də yox. Həmin ərəfədə Kəmalə ilə rastlaşdım. Ürəyimi boşaltmağa, yüngülləşməyə ciddi ehtiyacım vardı. Nə baş verdiyini təfərrüatına qədər ona danışdım. Özümü saxlaya bilməyib ağladım. Axırda da dedim ki, mən onsuz yaşaya bilmirəm. İstəyirəm özümü öldürəm. Kəmalə tövrünü pozmadan soyuqqanlılıqla dedi: “Ətimi tökmə”.

Kəmalənin sözləri, hisslərimə inanmamağı, çəkdiyim iztirablara belə soyuq reaksiya verməyi möhkəm xətrimə dəydi. Ayrıldığım qızın necə yaxşı, məlahətli, mehriban qız olmağı haqqında geniş danışmağa başladım. İstəyirdim Kəmalə bilsin ki, doğrudan da əzab çəkirəm, çox qiymətli bir insanı itirmişəm, buna dözmək asan deyil. Danışdım, danışdım, axırda da dedim: “İndən belə heç kimi bir daha sevə bilməyəcəm. O qızdan sonra bir daha heç kimə ürəyim qızmaz”. Kəmalə yenə də tövrünü pozmadan, yenə də soyuqqanlılıqla dedi: “Düşükləmə”.

Qəribədir ki, Kəmalə ilə görüşdən sonra xeyli yüngülləşdim. Birdən-birə başa düşdüm ki, ağlayıb sızlamağa, özümə əziyyət verməyə heç bir gərək yoxdu. Bu, hələ həyatın başlanğıcıdı və qabaqda bu kimi hadisələr çox olacaq. Hər gedənə görə bu qədər ağlasan, bu qədər sızlasan, adamda can qalmaz.

Kəmalənin təmkininə, hadisələri olduğu kimi qəbul etmək bacarığına heyran olmuşdum. Hardandır bu qızda bu qədər təmkin? O, öz gücünü hardan alır? Kitablardan? Yox, Kəmalə kitab oxuyan deyildi. Əlimdə kitab görəndə alıb üzünə baxırdı, yüngülvari vərəqləyirdi və elə bir jestlə kitabı qaytarırdı ki, elə bil kitab oxumaq son dərəcə mənasız, lazımsız bir məşğuliyyətdir. Amma necə olmuşdusa, Kəmalə Biçer Stounun “Tom dayının daxması” əsərini oxumuşdu və bu əsər onu xeyli təsirləndirmişdi. Kitab harda onun qarşısına çıxıb, necə olub Kəmalə o kitabı axıra qədər oxuyub, bunun özü də olduqca maraqlı məsələ idi. Bir-iki dəfə ondan bu haqda soruşdum, cavab vermədi.

Kəmalənin məktəbdən zəhləsi gedirdi. Heç vaxt məktəb illərindən danışmazdı. Məktəb illərindən nəsə bir hadisə danışanda əsəbləşərdi və sözümü kəsib deyərdi: “Başqa söhbətin yoxdu? Zəhləm gedir məktəbdən”.

Dediyinə görə, məktəbi qurtaranda çox sevinirmiş. Bir dəfə biz evin qabağında oturmuşduq, söhbət edirdik. Qarşımızdan bir dəstə balaca məktəbli keçdi. Kəmalə uşaqları göstərib dedi: “Sən allah, bunların sumkalarına bax. Adamın ürəyi sıxılır. Nə darıxdırıcı uşaqlardı”.

İkinci fraqment

(Nə danışasan?)

Birinci fraqmentdə baş verən hadisələrin üstündən təxminən beş, ya da altı, ola bilsin səkkiz il keçmişdi. Böyümüşdüm, işləyirdim, az-çox tanınmağa başlamışdım, nisbətən maddi sərbəstlik əldə etmişdim. Məni toya dəvət etmişdilər. Tək getmək istəmirdim. İstəyirdim yanımda kimsə olsun. Kəmaləyə zəng etdim. Ona dedim ki, məni toya dəvət ediblər, tək getmək istəmirəm, əgər həvəsi varsa, bir yerdə gedək. Dedi ki, həvəsim var. Ondan yaxşı geyinməyi, bəzənməyi, bacardıqca yaxşı görünməyi xahiş etdim. Görüş yeri, vaxt təyin etdik və toya bir yerdə getdik. Toyda uşaqlıq tanışıma rast gəldim. Biz çoxdan, lap çoxdan, uşaq idman məktəbinin güləş bölümündə tanış olmuşduq. Qısa müddətdə aramızda uşaqlara məxsus səmimi, təmiz bir münasibət yaranmışdı. Güləş bölümünə çox getmədim. Tez həvəsdən düşdüm. Zal həmişə tozlu olurdu. Sovet dövründə idman zallarının çoxunda duş işləmirdi, bəzilərində isə ümumiyyətlə yerli-dibli duş olmurdu. Uşaqlar məşqdən çıxdıqdan sonra tərli-tərli paltarlarını geyinirdilər. Sovet trikotaj fabriklərinin tikdikləri idman formaları çox yöndəmsiz olurdu. Nə qədər mütənasib bədənin olursa olsun, Sovetin tikdiyi idman formalarını geyinəndə adam gülməli görünürdü. Bütün dünyanı silahları ilə qorxu altında saxlayan Sovet İmperiyası adi bir idman forması tikə bilmirdi. Xaricdən gətirilən idman formalarını əldə etmək, tapmaq çətin idi. Həm də xaricdən gətirilən idman formaları çox bahalı olurdu. Çox vaxt məşqçi məşqə gəlmirdi və uşaqlara məşqi onun köməkçisi keçirdi. Bu adam da çox kobud, əsəbi, gönüqalın, ağzının danışığını bilməyən bir adam idi. Bir gün o, mənə fənd öyrədirdi. Mən isə fəndi yadımda saxlaya bilmirdim. O əsəbləşdi və sifətimə bir şillə vurdu. Güləş zalında başqa uşaqlar tərəfindən adi, normal hal kimi qarşılanan şilləyə dözmədim. Zalı tərk etdim…

Ötən illər ərzində hər ikimiz görünüşcə xeyli dəyişsək də, bir-birimizi tanıdıq və qarşılaşmağımıza çox sevindik. Toydan sonra biz bulvara getdik. Bulvarda dondurma yedik, şampan, araq içdik. Müxtəlif adamları, məkanları, hadisələri xatırlayaraq çoxlu söhbət etdik və bu söhbətlərdən belə nəticə çıxdı ki, ötən illər ərzində çox şeylər olub. Sovet İmperiyası çöküb, müharibə baş verib, nə qədər adam ölüb, nə qədər adam Rusiyaya, Türkiyəyə, ərəb ölkələrinə, Avropaya və Amerikaya gedib. Biz isə həqiqətən də artıq böyümüşük, kişi olmuşuq, çətin olsa da, buna inanmaq lazımdı. Kəmalə danışmırdı, sakitcə bizə qulaq asırdı. Uşaqlıq tanışım biz uşaq olanda böyük səs-küyə səbəb olmuş bir hadisəni xatırladı. O vaxt bir gənc qadın ərinin ona xəyanət etməsindən xəbər tutmuş, hikkəsindən üstünə benzin tökərək özünü yandırmışdı. Adamların baş vermiş hadisəyə münasibəti müxtəlif idi. Bəziləri özünü yandıran gəlini qınayır, bəziləri ona haqq qazandırır, bəziləri onun yersiz, bəziləri isə düzgün hərəkət etdiyini deyirdi. Həmin gənc qadın həmişə qırmızı paltar geyinərdi və onu yaxından tanımayan kənar adamların yaddaşında qırmızı paltarlı gəlin kimi qalmışdı. Kənar adamlar onun haqqında danışanda ad çəkmək əvəzinə qırmızı paltarlı gəlin sözünü işlədirdilər. Uşaqlıq tanışım çoxdan baş vermiş bu hadisəni ətraflı danışanda Kəmalənin söhbətə münasibəti belə oldu: “Kül onun başına”.

Biz düz səhərə qədər bulvarda açıq kafedə oturduq. Müxtəlif içkiləri qatıb-qarışdırsaq da, çoxlu içsək də, keflənmirdik. Müstəsna bir hadisə baş verməsə də, həmin gecə mənə çox ləzzət elədi. Elə gecələr və günlər olur ki, müstəsna, əlahiddə bir hadisə baş vermir, amma yaddaşında qalır. Niyə, heç özünə də düz-əməlli məlum deyil. Belə günlər, gecələr haqqında başqalarına danışmaq istəyirsən. Danışa bilmirsən. Nə danışasan? Danışmalı bir şey də yoxdur.

Üçüncü fraqment

(Sentimental təkliflər)

Çoxlu yemiş və içmişdim. Məqalələrimdən ibarət kitab təzə nəşr olunmuşdu. Yaxın dostlarla bir yığcam məclis qurub “Qafqaz” restoranında kitabın nəşr olunmağını qeyd etmişdik. Məclis də qaydasında, pozitiv əhval-ruhiyyədə keçmişdi. Dağılışanda dostlardan biri bəndənizi maşınla evə aparmaq istədi. Razı olmadım. Bir az piyada gəzmək istəyirdim. Düşündüm ki, hara qədər piyada getsəm gedərəm, yorulanda taksiyə oturaram. Tələsmədən Azadlıq prospekti ilə “28 May” metrosu tərəfə addımlayırdım. O tərəfdə ayağım dinc dayanmadı, hər cür bayağı mahnıların yüksək dərəcədə sentimental hisslər doğurduğu məkana, “Təzə açılmış gəlin” adlı gecə klubuna girdim. Burda səslənən mahnıların sözləri o qədər də ağıllı beynin, dərin hissiyyatın məhsulu deyildi. Buna görə də onları müşayiət edən musiqini unutdura bilmirdi. Eləcə də musiqi o dərəcədə dərin deyildi ki, adamın fikrini sözlərdən yayındırsın. Musiqi və sözlər yalnız bir-birini tamamlayırdı. “Təzə açılmış gəlin”də xeyli qəribə adamlar toplanıb. Hər sifət ayrıca tipdir. Kişilərin çoxu artıq öz zövqlərinə uyğun qızlar seçmişdilər. Bəziləri tez-tez harasa gedib yenidən qayıdırdılar. Bir sözlə həyatda əldə edə bilmədiklərini burda pulla əldə etmək istəyirdilər. Oynayır və söhbət edirdilər. Bəziləri hətta sevməyə və qısqanmağa imkan tapırdı. Belə məkanlar və belə məkanlarda baş verənlər haqqında həddindən artıq çox yazılıb, təkrarçılıq etməyin nə mənası var? Aydın məsələdir ki, hamı siqaret çəkir, salonu siqaret tüstüsü bürüyüb, kişilər keflidi, qızlar qəhqəhə çəkir və bunun kimi digər şeylər, əlavə etməyə təzə heç nə yoxdu.

Divanda yeddi-səkkiz xəyalpərvər şortu oturmuşdu. Kişilərin qəlbi üçün son dərəcə təhlükəli olan boyunlar, çiyinlər, sinələr, ayaqlar mümkün olduğu qədər açılmışdı. Onlardan biri məktəbli forması geyinmişdi. Kasıb ailələrdən çıxan bu qızlar öz bədənlərinin hesabına yaşayırlar. Əvvəldə bu qızlar kişilərdən hədiyyələr alırlar, avtomobildə gəzirlər, restoranlara gedirlər, qayğı görürlər, elə bilirlər ki, həmişə belə davam edəcək, bir gün isə fahişəxanaya düşürlər. Onların nəzərində hər cür kişi sifəti fərdi cəhətini artıq çoxdan itirmişdi.

İdman forması geyinmiş, alçaqboylu, enlikürək, iri məməli, saçı sarı, üzünə çoxlu kosmetika yaxmış, ağzı yekə bir qadın yaxınlaşdı. İdman formasının həm qabağına, həm də arxasına “Azərbaycan” yazılmışdı.

- Xoş gəlmisən.

- Xoş günün olsun.

- Nə lazımdı?

- Mənə qız lazımdı.

- Qız nə qədər istəsən. Hamısı bir-birindən gözəl. Ürəyin hansını istəyir, seç.

İdman forması geyinmiş qadın barmağını divanda oturmuş qızlara bir-bir tuşlayaraq onların qiymətlərini deməyə başladı. Əlli manat, əlli manat, əlli manat, yüz əlli manat…

Birdən-birə qiymətin qalxmağı təəccüblü gəldi. Yüz əlli manat qiyməti olan qız o birilərindən heç bir ciddi əlaməti ilə seçilmirdi. Ona görə qadına sual verdim:

- Bu qızın qiyməti niyə belə bahadı?

- Bu qız ilk dəfə Rafet El Romanla yatıb.

Belə bir cavab gözləmirdim. Bu cavabı hətta şit zarafat kimi də qəbul etmək çətin idi.

- O kimdi?

- Rafet də, türk müğənnisi. Tanımırsan?

İdman forması geyinmiş qadın üzünü qızlara tutub dedi:

- Az, buna baxın, Rafeti tanımır, ha,ha,ha!

Qızlar da xorla gülüşdülər.

- Doğrudan Rafeti tanımırsan? Amerika mahnısını oxuyan müğənni. Mecara dolu Amerika, Amerika, Amerika… Yadına düşdü?

Masalarda əyləşən kişilərdən və qızlardan bir neçəsi çevrilib bizə baxdı. İlahi, gör insanların həyatı nə qədər mənasız keçir ki, ilk dəfə Rafet El Romanla yatan qızla yatmaqla həyatlarına məna qatmağa çalışırlar, özü də baha qiymətə. Həyatın bu amansızlığına acımaqla bərabər həm də yadıma bir dostumun danışdığı söhbət düşdü. Onların kəndində bir qoca qadın varmış. Bu qadın yeniyetmə qız olanda İran şahzadələrindən biri onların kəndindən keçirmiş. Şahzadə qızı görür, qız onun xoşuna gəlir. Qızı çadırına aparıb bir neçə gecə yanında saxlayır. Sonra qızı təzədən kəndə qaytarırlar. Bu qız ömrünün sonuna qədər ərə getmir. Niyə ərə getmirsən soruşanda deyirmiş ki, mən şahzadəylə yatmışam, indən belə fəqir-füqəraya, rəiyyətə ərə gedə bilmərəm… Rafet El Romanla yatan qız çox rahat görünürdü. Elə bil o, başqalarından seçildiyini, taleyinin fərqli olduğunu dərk edirdi. İstədim yüz əlli manatımdan keçəm, bu qızla cismani əlaqəyə girməklə həyatıma məna qatam. Amma hərəkət etməyə həvəsim yox idi. Sadəcə boşalmaq istəyirdim. Bunlar öz yerində, qadının doğrudan Rafeti tanımırsan sualına cavab verməli idim:

- Tanıyıram, tanıyıram. Niyə tanımıram. Sadəcə bir az qəribə gəldi.

- Tanıyırsansa denən tanıyıram da. Sən deyəsən bir az… Necə qız istəyirsən? Necə qız verim sənə? Bax bu qiz sovsem moleletkadı. Bu da cəmisi üç ay gəlin olub.

- Bəs sən özün neçəyə verirsən?

- Mən vermirəm, mən buranı işlədirəm.

- Bağışlayın, bilmədim.

- Allah bağışlasın!

- Mənə minet lazimdı. Bunlardan hansı minet götürə bilir?

Elə bu sözü demişdim ki, idman forması geyinmiş qadın, divanda oturan qızlar üzlərini bara tərəf tutub xorla “Kama, Kama, səni istəyirlər” çığırdılar. Az keçmiş barın arxasından boylu-buxunlu bir qız bizə tərəf gəldi. Kama dedikləri qız Kəmalə idi. Bəli, situasiya o qədər də orijinal deyil. Həyatdır, hər şey olur, lakin yenə də mən bir məsələni başa düşə bilmirdim. Bizi burada, bu vəziyyətdə qarşılaşdırmaq həyatın nəyinə lazım idi? Axı niyə dostumun maşınına oturub birbaşa evə getmədim?

Daha geriyə qayıda bilməzdim. Biz təmtəraqsız, sakitcə görüşdük. İkimiz də başımızı tərpətdik. Yəni salam. Elə bil mən – mən deyildim, o isə o deyildi. Kəmalənin pulunu idman forması geyinmiş qadına ödədim. Üstəlik çay da sifariş verdim. Spirtli içki içmək istəmirdim. İçsəydim ağırlaşacaqdım. Ən yaxşısı çaydır.

Alaqaranlıq, dar, pişik qoxusu gələn, cırıldayan, yeyilmiş taxta pilləkənlərlə ikinci mərtəbəyə qalxıb balaca bir otağa girdik. Otağın düz ortasında ensiz taxta çarpayı qoyulmuşdu. Çarpayının baş tərəfinə, divara, buranın ab-havasına zərrə qədər də uyğun olmayan iri bir plakat yapışdırılmışdı. Plakatda bir ailə təsvir olunmuşdu. Ailənin başçısı qalın bığlı bir kişi idi. Başına şlyapa qoymuşdu. Boğazına kəpənək qalstuk taxmışdı. O, gülümsəyirdi. Onun yanında dayanmış sarı saçlı, totuq-motuq qadın da gülümsəyirdi. Qadın qırmızı paltar geyinmişdi. Qadınla kişini müxtəlif yaşlı oğlan və qız uşaqları əhatə etmişdi. Onlar damı kirəmitlə örtülmüş səliqəli bir kənd evinin qarşısında dayanmışdılar. Damda iri çinədanlı, ağ göyərçinlər gəzişirdilər. Uzaqda isə yamyaşıl çəmənlikdə ala-bula inəklər qayğısız bir şəkildə otlayırdılar. İnəklərin başı çox kiçik idi. Bir sözlə, plakat həyatda həqiqətən də xoşbəxt ailə həyatının mövcud olmasını insanlara sübut etmək istəyirdi. Hansı ağıllı bu plakatı çarpayının baş tərəfinə yapışdırmışdı?! Yəqin ki, bu plakatın altında bədəni pulla satmaq daha çətin idi. Bu otaq elə bir otaq idi ki, burada işini gördün mütləq getməliydin. Qalmaq istəsəydin də qala bilməzdin. Kəmalənin əynində bədənini kip tutan ağ paltar vardı. O, nə düşünürdü, nəyə ümid edirdi? Bu dəqiqələrdə onun geniş alnı arxasında hansı fikirlər dolaşırdı? Doğrudanmı bura onun axırıncı dayanacağıdı? Özümü bu qızın qarşısında günahkar hiss eləyirdim. Onun bura necə gəlib düşməsi haqqında sual verə bilməzdim. Söhbətə başlamaq üçün mövzu tapa bilmirdim, susmaq isə daha ağır idi. Divarın dibindəki plastik borularda arabir suyun boğuq şırıltısı eşidilirdi. Nə barədəsə, nə haqqındasa danışmalı idik.

- Sənə burda Kama deyirlər?

- Hə.

- Niyə?

- Niyə? Ona görə ki, kişilər köhnə adlara pul xərcləmək istəmir.

- Çox maraqlıdı.

- Nəyi maraqlıdı?

- Kişilərin köhnə adlara pul xərcləməmək istəməməsi. Bunu bilmirdim.

- Hə, burda qızların hamısının kliçkası var. Sən evlənmisən?

- Yox.

- Niyə?

- Əşi nə bilim, ifritələrin əlində qalmışıq.

- Subaysan?

- Hə.

- Burda hamı özünü subay kimi qələmə verir. Hələ görməmişəm ki, bir kişi desin ki, mən evliyəm.

- Xahiş edirəm, məni başqalarına qatma.

İstədim deyəm “sən ki məni yaxşı tanıyırsan”, özümü saxladım, çünki burda keçmişi, keçmiş münasibətləri yada salmaq olduqca ağır idi.

Bu vaxt qapı döyüldü. Üzündən qancıqlıq yağan yaşlı bir arvad üstündə Sibel Canın şəkli olan balaca podnosda çayımızı gətirmişdi. Kəmalə yekə çantasından “Nuts” şokoladı çıxartdı.

- Hardan tapmısan bunu? Mağazalarda gözümə dəymir. Deyəsən, yoxa çıxıb.

- Axtaran tapar.

Axtaran tapar… Başqasının dilində bu söz olduqca bayağı səslənərdi, amma Kəmalə axtaran tapar deyəndə bildim ki, “Nuts” şokoladı onun qarşısına təsadüfən çıxmır, Kəmalə doğrudan da “Nuts” şokoladını axtarıb tapır.

“Nuts” şokoladına baxdım. Bir şokolad bir anda insanda nə qədər xatirələr oyadarmış, nə qədər sifətləri, nə qədər hadisələri yada sala bilərmiş? Başıma gələnləri yada saldıqda məəttəl qalıram; necə olub ki, bunlara tab gətirmişəm? Necə olub ki, bütün başa gələnlərdən sonra sağ qala bilmişəm?

“Nuts”un ortaya çıxmağı gərginliyi xeyli azaltdı. İndi özümü daha rahat və sərbəst, həm də sentimental hiss edirdim. Həyatım, yaşayışım, həyata baxışım, çətinliklərim haqqında danışmağa başladım. Birdən-birə çoxlu etiraflar etdim. Mənə nə olmuşdu? Bu nə iş idi belə? Niyə hər şey barədə ona danışmaq istəyirdim? Məni buna nə vadar edirdi? Kəmalə ilə gecə klubunda qarşılaşmağım? Yorğunluq? Bəlkə həyatın sərt dönüşləri qarşısında insanın nə qədər gücsüz olduğunu həmin gecə daha əhatəli dərk etməyim? Dəqiq bilmirəm. Başqa, ağlagəlməz səbəb də ola bilər. Bəzən adi vəziyyətdə əhəmiyyətsiz hesab etdiyin bir nüans müəyyən şəraitdə böyük əhəmiyyət kəsb edir və biz bunun fərqində olmuruq. Ümumiyyətlə, bir adamın başqasına həyatını danışması heç də asan deyil. Hər şeyi səmimi açıb söyləsən, əlavə xeyli izahat verməli olacaqsan. Bir də ki başqasının sənin həyatın barədə nəsə bir şey düşünməsinə, təsəlli verməsinə, “sənin heç bir günahın yoxdur” deməsinə ehtiyac varmı? Niyə axı özümüzü aldatmalıyıq? Özün ayaq üstə dura bilmirsənsə, sənə heç nə dayaq ola bilməz. Başqaları bunu boynuna almır, mən isə boynuma alıram. Həyatım haqqında danışdıqca vəziyyətimin nə qədər mürəkkəb, qeyri-müəyyən, nə qədər çıxılmaz olduğunu daha çox başa düşürdüm. Ən qəribəsi isə o idi ki, danışdıqca özümdən daha çox Kəmaləyə yazığım gəlirdi. Bu qarışıq hisslərin təsiri altında tam bir səmimiyyətlə dedim:

- Kəmalə, bir söz deyim, amma xahiş edirəm, ciddi qəbul elə. Əgər burda yaşamaq sənə çətindirsə, mən səninlə evlənə bilərəm. Xoşuna gəlməsəm, boşanarsan.

- Ətimi tökmə.

- Mən səmimi deyirəm. Bilirsən ki, sənin xətrini çox istəyirəm. Heç kim mənə heç nə deyə bilməz. Mənim həyatım öz əlimdədi, sərbəst adamam.

- Düşükləmə.

Çəkinə-çəkinə, çətinliklə dediyim sözlərə tükü də tərpənmədən onun qısa cavablar verməsinə pərt olsam da, başa düşdüm ki, bu qız heç dəyişməyib. Təmkinli, hər şeyi olduğu kimi qəbul edən həmin Kəmalədi. Adam var ki, onun dəyişilə biləcəyini güman edirsən, eləsi də var ki, sənin yadında necə qalıbsa, həmişəlik elə də qalmalıdır...

Birdən Kəmalə dik atıldı. Ayağının birini qoyub birini götürə-götürə paltarının ətəyini qaldırdı. Yoğun, sağlam dizləri, budları göründü. Kəmalə əlini paçasının arasına soxdu. Bir az orda qurdalandı. Sonra əlini çıxartdı. Şəhadət barmağının ucunda ətli bir qarışqa vardı. Qarışqanı sol ovcunun içinə atdı və üzünü qarışqaya yaxınlaşdırıb gülə-gülə dedi: “Sən orda nə gəzirsən? Ay oğraş, sənin orda nə işin var?”

İlahi, bu sözlər elə səmimiyyətlə, elə sadəliklə deyildi ki, qarışqaya paxıllığım tutdu.

Kəmalə qarışqanı yerə atmaq istəyəndə özümdən asılı olmadan qışqırdım:

- Dayan! Atma!

- Niyə?

- Lazımdı?

- Nəyinə lazımdır?

- Yadigar saxlayacam.

- Başın xarabdı?

- Atma, ver mənə. Sənin belə şeylərdən başın çıxmaz.

Qarışqanı ehtiyatla Kəmalədən aldım. Dənələri boşaldıb qarışqanı kibrit qutusunun içinə qoydum. “Nuts” şokoladının qırağından cıqqa kəsib qarışqaya verdim və təşvişlə düşündüm ki, Kəmalə ilə necə vidalaşacam. Ancaq yenə də Kəmalənin təmkini sayəsində hər şey çox sadə oldu. Biz qucaqlaşmadıq, o, əlimi bərk sıxdı və xeyli buraxmadı. Bu, məni mütəəssir etdi. Onun əlimi sıxıb buraxmamasında bir canıyananlıq duydum. Məndən olsa, bütün ömrüm boyu beləcə dayanardım. Kim bilir, bir də Kəmaləni nə vaxt, hansı şəraitdə görəcəm. Görəcəyəmmi? Həmin anlar mənalı və təsirli bir söz deməli idim. Amma nə? Ürəyim dolu ikən deməyə söz qəhət olmuşdu.

Evə qayıdanda qarışqanı kibrit qutusundan çıxarıb masanın üstünə qoydum. Diqqətlə qarışqaya baxdım. Bu ətli qarışqanı başqa qarışqalardan seçdirən, mənim üçün mənalandıran onun Kəmalənin paçasının arasından çıxması idi. Bu qarışqa həm də öz mövcudluğu ilə həyatın artıq ötüb keçdiyini və bir daha geri qayıtmayacağını mənə diktə edirdi.

# 3129 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #