Qulu Məhərrəmli: “Mindiyimiz vertolyot yerdən aralanmışdı ki, atəşə tutuldu...”

Qulu Məhərrəmli: “Mindiyimiz vertolyot yerdən aralanmışdı ki, atəşə tutuldu...”
6 noyabr 2015
# 09:00

Kulis “Unuda bilmirəm” layihəsində Qulu Məhərrəmlinin xatirəsini təqdim edir.

Hər insanın həyatında unutmadığı, situasiya və ovqatdan asılı olaraq tez-tez xatırladığı, fikir və düşüncəsinə hakim kəsilən, zaman-zaman beyində canlanan hadisələr olur. Təbii ki, mənim də hafizəmdə uşaqlıqdan bu yana heç vaxt unuda bilməyəcəyim hadisələr uyuyur. Bu anda onlardan birini, Xocalıda başıma gəlmiş və heç vaxt unuda bilməyəcəyim bir epizodu xatırlayıram.

1991-ci il dekabrın sonları idi. Qarabağda və Ermənistanla sərhəd bölgələrdə hədsiz gərginlik hökm sürürdü. O vaxt Xankəndi və Əskəran arasında yerləşən Xocalıdakı vəziyyət daha ağır idi. 4-5 min əhalisi olan qəsəbə-şəhər bir növ ətraf aləmdən təcrid olunmuş vəziyyətdə qalmışdı. Yollar hər tərəfdən bağlı idi, qatar getmirdi, Ağdamdan gələn şosse yolun da qarşısı Əskəranda kəsilmişdi. Əlaqə yalnız hava yolu ilə mümkün idi. Amma noyabr ayında Qarakənd səmasında vertolyotun vurulmasından sonra hava uçuşları da səngimişdi. Qəsəbənin əhalisi, demək olar ki, Allah ümidinə qalmışdı...

Belə bir vaxtda AzTV-nin o zamankı sədri Məmməd Murad məni (onda xəbər aparıcısı kimi yeni-yeni efirə çıxır, əsasən gecə saat 12-də “1000 saniyə” informasiya bülletenini aparırdım) çağırıb bildirdi ki, bir neçə adama gedib Xocalıdan reportaj hazırlamağı təklif etmişik, hərə bir bəhanə ilə boyun qaçırıb, istəyirəm ki, bu işi sən öz üzərinə götürəsən. Əslində, sədr belə deməklə, mənə eşitdirirdi ki, etiraz etsən də qəbul olunmayacaq. Düzü, onda mənim də qeyrət damarım tutmuşdu və cəbhə bölgəsinə ezamiyyət məsələsi çox ürəyimdən oldu. Hətta elə ordaca bildirdim ki, gedib Xocalıda çəkilişlər apararam, oradan da qalxıb Şuşadan da bir şey hazırlayaram.

Biz elə həmin gün axşam üç nəfərdən (rejissor Adil Əsədov, operator Vaqif Cabbarovla birgə) ibarət çəkiliş qrupu ilə qatara oturub Ağdama yola düşdük. Tezdən qatarda enəndə hiss etdiyim dekabr şaxtasının soyuğu və bir də barıt qarışıq kəskin yanıq iyi indi də burnumu qıcıqlandırır.

O vaxt Ağdamda Qarabağla bağlı təşkilati işləri tənzimləyən bir qərargah fəaliyyət göstərirdi və həmin qərargaha da keçmiş partiya işçisi, vicdanlı adam kimi tanıdığım Əhəd Kərimov rəhbərlik edirdi. Bizi kameralı-mikrofonlu görəndə Əhəd müəllim başını buladı və xeyli məyus halda dedi ki, Xocalıya uçmaq çətin olacaq, çünki vertolyotlar getmir. Lakin axşama yaxın xəbər çıxdı ki, bizi sabah yola sala biləcəklər. Həqiqətən də, ertəsi gün təxminən saat 12-də çətinliklə də olsa, Ağdamdan Xocalıya uça bildik. Vertolyot həddindən artıq yüksəklə uçurdu və mən salondakı adamların üzündəki gərginliyi, qorxunu aşkarca hiss edirdim. Qarakənd faciəsindən sonra buralarda vertolyota minmək də təhlükəli sayılırdı...

Biz Xocalıda çəkilişlərimizi 1-2 günə tamamlasaq da, geriyə dönə bilmirdik, artıq buralara vertolyot da uçmurdu, gediş-gəliş tamamilə kəsilmişdi. Bakıya müraciətin, Müdafiə Nazirliyindən təkidlə vertolyot istəməyin də heç bir faydası yox idi. Beləliklə, biz yavaş-yavaş bir zülmət adaya bənzəyən Xocalıda qalmalı olduq. Qarşıdan isə Yeni il – bütün fəlakətləri ilə 1992-ci il gəlirdi...

Bir də vertolyotlardan Yeni ilin birinci həftəsi keçdikdən sonra xəbər çıxdı. Qəsəbəyə gələn ilk vertolyotla biz də Ağdama uçmalıydıq. Xocalını tərk eləmək istəyənlər hədsiz çox idi, odur ki, basırıqda birtəhər vertolyota qalxdıq, qapılar bağlandı və biz yavaş-yavaş çökəklikdən havaya qalxmağa başladıq. Heç vaxt unuda bilmədiyim hadisə də bu məqamda baş verdi...

Təxminən 15-20 metr qalxmışdıq ki, vertolyot yaxınlıqdakı Noraguh kəndi tərəfdən pulemyot atəşinə tutuldu, sanki üstümüzə dolu yağırdı, aşağıda adamların həyəcanlı qışqırtısı qopdu, hərə bir tərəfə səpələndi. Yerimizi rahatlamağa imkan tapmadığımız salonda da indiyə qədər görmədiyim bir vahimə və uğultu qopdu, hava maşınının zirehini yalayıb keçən güllələrin qorxunc səsi hamını təlaşa salmışdı, adamlar bir-birinə dəymişdi, kimisi ucadan erməniləri söyür, kimisi də Allahı köməyə çağırırdı, qadınlar isə çığırtı ilə ağlayır, şivən qoparırdılar.

Motorun möhkəm uğultusunun da qarışdığı bu hay-küy vahiməni bir az da artırırdı, gülləboran isə ara vermirdi. Çoxları kimi bu anda mənim də beynimdən ildırım sürətilə ölüm anının yetişdiyi fikri keçirdi. Hər halda həmin sürətli saniyələr ərzində içi mən qarışıq bütün sərnişinlər o dünyanı görüb-gəldi...

Yaxşı ki, pilotların amiranə qışqırığı eşidildi və hamını sakitləşdirə bildilər, izah etdilər ki, bu güllələr qorxusuzdur, yalnız benzin “bak”ına dəydiyi halda təhlükə ola bilər, amma vertolyot elə istiqamətdə havaya qalxır ki, “bak”ı heç cür güllə tuta bilməz. Bu izahat bəzilərini sakitləşdirdi, amma çoxlarının bədəni hələ də uçunurdu.

Mən indi də səmada vertolyot görəndə o dəhşətli uçunmanı öz canımda hiss edirəm...

# 1061 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

Danışan büst, Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın, Göyçəyə gedən yol – Nadir Yalçın

09:00 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
#
#
# # #