#

 Qan Turalı: “Əliağa Vahid nə vaxtdan şair oldu?”-MÜSAHİBƏ

 Qan Turalı: “Əliağa Vahid nə vaxtdan şair oldu?”-<span style="color:red;">MÜSAHİBƏ
13 avqust 2014
# 13:32

Kulis.az yazıçı Qan Turalının weekly.az saytına verdiyi müsahibəni təqdim edir.

Yazıçılar ən müxtəlif peşələrə, sosial təbəqələrə, zümrələrə mənsub insanlardan ibarətdir. Yazıçılar arasında imperatorlar da olub, qullar da. Məsələn bizdə Şah İsmayıl Xətai. Qullar arasından Ezop təmsilləri ilə tanınır. Amma bu mənada yazıçıları bölmək olmaz. Yazıçıları birləşdirən xüsusiyyət mütaliəyə olan sonsuz maraqdır. Hər yazıçı əslində oxucudur! Bu yazıçının şah, ya da kölə olmasının fərqi yoxdur, oxuculuq onların ilk peşəsidir.

Mənim uşaqlıqdan oxucu olmuşam. Bəziləri var deyir ki, ilk şeirimi 8-9 yaşımda yazmışam. Mən də elə şey olmayıb. İlk yazılarımı yazanda elə sənin yaşında olardım, 20-22 yaşlarında. O mənada ədəbiyyat mənim üçün düşünülmüş aksiyadır, intuitiv aksiyadır, təb, ilham pərisi-filan deyil.

Aygün Səfərli

Bizdə heç nədən şair düzəltməyə meyllidirlər. Misal üçün götürək Əliağa Vahidi. O gün onun haqqında gedən sənədli filmə baxdım. Bu adamın Azərbaycan ədəbiyyatında rolu, mövqeyi nədən ibarətdir? Son dərəcə uğursuz şair olub. Heç yeni bir fikri yoxdur. Tipik epiqonçudur. Təkrarçıdır. Özündən əvvəlki formaları götürüb, təkrarlayıb. Novatorluqdan söhbət belə gedə bilməz. Bu cür adamların adını böyük şair qoyub çıxardıblar ortaya. İndi XXI əsrdi. İlham pərisi ilə ədəbiyyat olmur.

Və yaxud tutaq ki, Baba Pünhan. Müasir dövrün Sabiri deyirlər ona. Halbuki həm Baba Pünhan, həm də Əliağa Vahid böyük ədəbiyyat müstəvisində görünməyən adamlardır. Söhbət qəzəl yazmaqdan getmir. Əsrin əvvəllərində Sabir cəmi 6-7 ilə bir qalın kitab yazdı-“Hophopnamə.” Nəyə görə Sabir ədəbiyyatda böyük olur, Əliağa Vahid kiçik? Ona görə ki, Sabir inqilab edib, özündən əvvəlki poeziyaya inqilabi yanaşıb. Mən bu barədə ədəbiyyatı elmə bənzədirəm. Nə mənada elmə, yəni istər poeziyada, istər nəsrdə olsun fərqi yoxdur, yazıçının açmaq istədiyi, tapdığı, kəşf elədiyi şeylər var. O mənada bənzədirəm. Yoxsa əlinə qələm götürüb hansısa olmuş əhvalatı yazmaq ədəbiyyat deyil. Ədəbiyyat yazıçının sözün böyük mənasında kəşfidir. O cür kəşflər olmayan ədəbiyyat kasıb ədəbiyyatdır.

Dostoyevski ona görə böyükdür ki onun ifadə etdiyi bədii həqiqətlər çox alidir. Amma biz bunu qiymətləndirmirik. Ona görə də hər əlinə qələm alan şeir yazır. Bizdə yaxşı söz var e şeirqoşan, bax, o şeirqoşanlar çoxdu.

Biz dərin mənadan, ruhdan, qanaddan məhrum olan ədədi nümunələri ədəbiyyat adlandırmışıq. Məsələn Azərbaycan ədəbiyyatında Mikayıl Müşfiq novatordur, incə ruhlu gözəl bədii ifadə vasitəsi, Əli Kərim, Səməd Vurğun ola-ola Əliağa Vahid kimdir?!

Çünki ədəbiyyatın böyük mənada cəmiyyəti dəyişəcəyinə inanmıram, amma fərdləri dəyişəcəyinə inanıram. Mən belə düşünürəm ki Mikayıl Müşfiq sevən adamla Əliağa Vahid sevən adam arasında 100 faiz fərq olmalıdı. Yəni Mikayıl Müşviq sevən adam nə qədər incə ruhludusa, Vahid sevən adam Vahid qədər epiqonçu, təkrarçı, standart bir adamdı.

- Fəlsəfə, yoxsa Ədəbiyyat ?

- Mənim üçün elə də böyük fərq yoxdur. Şopenhauer deyir ki, fəlsəfə də incəsənətdir.

Təsadüfi deyil ki, böyük yazıçılar həm də böyük filosoflardır. Amma Mövlud Süleymanlı kimi yazıçılar yox təbii ki... Dostoyevski, Jan Pol Sartr, Höte. Çünki onların zəkalarının oynadığı yerlər fəlsəfənin əhatə dairəsidi, fəlsəfənin ərazisidir.

Fəlsəfə də ədəbiyyat kimi metafizik suallara cavab axtarır, insanın dünyadakı yerini təyin etməyə can atır.

- Ən çox bəyəndiyiniz kitab ?

- Tam səmimi deyirəm, heç birindən arxayın deyiləm. Məsələn “Mustafa” romanı çap olunduqdan sonra ona da ümidim itib. Mən elə adam deyiləm ki, bir əsər yaxşıdır deyib onun üstündə qalım.

İnsan zəkasının sərhədləri hüdudsuzdur. Yəni sən bu gün çox möhtəşəm bir şey yarada bilirsənsə sabah ondan da möhtəşəm bir şey, ali bir şey yarada bilərsən.

Mən özümü belə tərbiyə etmişəm ki, çap olunmuş əsərlərə bağlanıb qalmayım. Mənim həyat devizim də odur ki, mən yaxşı əsərləri sonralar yazacam. İndi 30 yaşım var. Belə bir statistika var insan yaxşı əsərlərini 30-50 yaş arası yaradır. Ona görə də hansısa əsəri xüsusilə vurğulamaq istəmirəm.

İstedadın hesabına nələrsə yaratmaq olar, amma böyük ədəbiyyatda böyük şeylər qalıcı şeylər yaratmaq olmaz.

Bizdə poeziyada belə bir nümunə var, adamlar gəlirlər 2-3 dənə şeir yazırlar, sonra gedib ətrafda dayanırlar. Mikayıl Müşfiqin yazdıqlarının 80-90 faizi çox yaxşıdır. Həmçinin Əli Kərimin. Amma elə şair var ki, iki dənə şeir yazıb yaxşı olub, sonra heç nə yazmayıb ömrü boyu o iki-üç şeirin arxasıyca qaçıb. O da bununla bağlıdır ki, istedad var müəyyən qədər, amma oxumur mütaliə etmir, özünü inkişaf etdirmir.

- Ədəbiyyatda özünüzü kimin yerində görmək istərdiz?

- Kimsə deyirdi ki mən oxumaq istədiyim kitabları yazıram. Mən inanmıram ki mənim yazmaq istədiyimi başqa bir adam yazsın. Yəni ədəbiyyat həm də fərdi hadisədir.

Çağdaş dövrü götürəndə mən istedadına pərəstiş etdiyim insan rejissor Lars fon Trierdir. Onun insan ruhunun, şüuraltısının hansı qatlarına enməyini görəndə sadəcə travma alırsan. İnsan zəkası gör nələrə qadirdir?! Mən onu Dostoyevskidən aşağı istedad saymıram. Mən həmişə onun istedadına paxıllıq eləmişəm.

- Yusif Vəzir Çəmənzəminli, yoxsa Səməd Vurğun ?

- Y.V.Çəmənzəminli ilk böyük roman yazarımızdır. Hamımızın ustadıdır. Yusif Vəzir doğrudan da çox parlaq bir yazıçıdır. Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. O ki qaldı Səməd Vurğuna, onun ətrafında çoxlu polemikalar var. Mövzu tapa bilməyən saytlar da oturub bu mövzunu işləyir. Yaxşı sual verdin, qoy bunu da deyim. Sovet hökuməti dağılandan sonra Parisə köçür. Qardaşıyla ağır günlər keçirirlər. Ordan Azərbaycana məktub yazaraq bağışlanmasını istəyir və ölkəyə qayıdır.

Yəni Yusif Vəzir də tövbə etmiş Sovet hökumətinin yanına qayıtmışdı. Biz də həqiqətə şüursuz münasibət var. Elə bilirlər guya ki sovet hökumətinə qulluq edən tək Səməd Vurğun olub. Cavidin də sovet hökumətini təbliğ edən əsərləri var. Cavidin bütün əsərləri Sovet dövründə tamaşaya qoyulmuşdu. Bəxtiyar Vahabzadənin də “Lenin” poeması var, Xəlil Rzanın da. Elə bir görüntü yaradıblar ki, guya hamı təmizdir, bircə çirkli Səməd Vurğundur.

Səməd Vurğun poeziyası ölməzdir. Nə qədər ki, Azərbaycan var, Səməd Vurğun da olacaq. Sadəcə olaraq Səməd Vurğun öz istedadının əzabını çəkir. O bu qədər böyük istedada malik olmasaydı, bu qədər böyük xalq və partiya sevgisi qazanmasaydı ona atlan daşlar da bu qədər çox olmazdı.. Bu daşlar onu böyüdən daşlardır. Məmməd Rahimi kimdir xatırlayan? Ya da Zeynal Xəlili. Səməd Vurğun sözün bütün mənalarında ölməzdir.

Bizdə ədəbiyyata münasibətdə həmişə konyunktura olub. Əhməd Cavad yaxşıdır, Səməd Vurğun pis? Əhməd Cavadın Sovet rejimini təbliğ edən əsərləri var. Amma gəlin açıq deyək ki, Səməd Vurğun zirvəsindən Əhməd Cavad görünmür də. Yalandan danışmaqla deyil axı. Ya da Xəlil Rzanı böyük şair sayıb Səməd Vurğuna daş atan adamın ağlı varmı? Almaz İldırımı göyə qaldırıb Səməd Vurğunu dərəyə yuvarlayanın əxlaqı varmı?

# 4654 dəfə oxunub

Oxşar xəbərlər

Hərəmizin bir "Ağ gəmi"si var - Eminquey

Hərəmizin bir "Ağ gəmi"si var - Eminquey

15:00 5 oktyabr 2024
Azərbaycanlılar kitabdan başqa hər şeyə pul tapırlar - Ulucay Akif

Azərbaycanlılar kitabdan başqa hər şeyə pul tapırlar - Ulucay Akif

15:00 4 oktyabr 2024
Küknarlara və balıqlara məktub yazan yazıçı - Duman içində yaşayan adam

Küknarlara və balıqlara məktub yazan yazıçı - Duman içində yaşayan adam

09:00 2 oktyabr 2024
Azərbaycan romanşünaslığına qiymətli töhfə - Nizami Cəfərov

Azərbaycan romanşünaslığına qiymətli töhfə - Nizami Cəfərov

14:30 1 oktyabr 2024
“Kamal Abdulla: yaradıcılıq stixiyası” kitabı çap olunub

“Kamal Abdulla: yaradıcılıq stixiyası” kitabı çap olunub

14:22 28 sentyabr 2024
Məni diksindirən gənc şairlər - Şərif Ağayar

Məni diksindirən gənc şairlər - Şərif Ağayar

14:07 28 sentyabr 2024
# # #