Tolstoyu çara qardaş edən məktub

Tolstoyu çara qardaş edən məktub
26 aprel 2018
# 17:33

Kulis.az Nemət Hacıəliyevin “Məktub” essesini təqdim edir.

Çarli Çaplin qızı Ceraldinaya məktubunda yazır:

“İnsanlara diqqət yetir! Dul qadınlara və yetim uşaqlara bax! Və heç olmasa gündə bir dəfə özünə de: «Mən də onlar kimiyəm». Bəli, qızım, sən onlardan birisən! Bundan savayı, incəsənət insanın göylərə uçması üçün ona qanadlar bəxş etməmişdən əvvəl adətən onun ayaqlarını qırır. Əgər bir gün sən özünü camaatdan üstün tutduğunu anlasan, dərhal səhnədən uzaqlaş. İlk taksi ilə Parisin kəndlərindən birinə get. Mən o kəndləri çox yaxşı tanıyıram! Sən orada sənin kimi çox rəqqas görəcəksən, hətta səndən daha gözəl və zərif olanları da görəcəksən. Sənin teatrının projektorlarının göz qamaşdırıcı işıqları orada olmayacaqlar. Onlar üçün projektor Aydır.”

Məktub elə bir əlaqə vasitəsidir ki, ilanı yuvasından çıxara bilər. Məktub bir mədəniyyətdir. Eyni zamanda həm də sirdir. Qədim zamanlarda papirus üzərində yazılan məktubları bir-birinə göndərərdilər. Sonralar öyrədilmiş göyərçinlərlə, qartallarla məktublaşırdılar. Müasir dövrdə isə internet sürətli məktublaşmağın qarşısını ala bilmir. Çünki bu cəlbedici virusun sərhədləri yoxdur. Evdə uzanıb Amerikanın prezidentinə məktub yaza bilərsən.

Təkcə Tolstoyun çara məktubu bəs edir ki, məktubu sevəsən. Tolstoy məktubun əvvəlində çara qardaş deyə müraciət edir. Təsəvvür edin, indiki dövrdür. Prezidentə qardaş deyirsən. Tolstoy məktubu o qədər ürəyiaçıqlıqla yazır ki, qardaş yerinə hörmətli çar yazsaydı sözləri, fikirləri süni olardı. Məktubda çara deyir ki, harasa gedəndə sizə əl çalan sadə kəndlilərə aldanmayın. Onları məcburən yollarda sizi qarşılamaq üçün saxlayırlar.

Hindistanın böyük şəxsiyyəti M.Qandi A.Hitlerə ikinci məktubunun sonunda yazır:

“Qeyri-zorakı mübarizə dünyanın ən güclü və amansız qüvvələrinin birliyinə qalib gəlməyə qadirdir. Sizə isə Britaniya da olmasa heç şübhəsiz ki, başqa bir ölkə elə öz silahınızla qalib gələcək. Siz öz xalqınıza gələcəkdə Sizinlə fəxr etdirəcək irs qoymayacaqsınız.”

Şəxsən mənə yazmağa təkan verən, ilham mənbəyim, stolüstü kitabım Martin Pajın “Yazı və yaşam kitabı” əsəridir. Kitabda müəllif Martin Paj gənc yazıçı Daria ilə məktublaşır. Bu məktublardan ilham almamaq əldə deyil. İlk məktubunun ilk cümləsində Martin Dariaya yazır:

“Məktublar və e-mail mənim üçün həyatın nəşəsidir”

Məktublaşmaqda bir mistika var. Əlaqə olmasa da istilik yaranır. Eyni zamanda, sir də var. Özünü başqalarına göstərmək hissi məktubda məhv olur. “Qarşındakı” insanla tetatet qalırsan. Martin Paj Dariaya yazdığı kimi:

“Ədəbiyyat iki şeydən əziyyət çəkir: birincisi, ədəbiyyat tarixinə həddindən ziyadə önəm verməkdən, ikincisi isə şöhrətpərəstlikdən.”

Məktubda bunların heç biri yoxdur.

Məktub sevgidən, dostluqdan doğanda gözəl olur. Eyni ilə insan kimi məktublar da bədbin və nikbin olurlar.

Ən arzuolunmaz məktublar qara məktublardır. “Bizim Cəbiş müəllim” filminə və Nodar Dumbadzenin “Mən günəşi görürəm” əsərində qara məktub gətirən poçtalyonun necə ağır peşə sahibi olduğunu görüb, oxuyuruq. Nodar Dumbadzenin “Mən günəşi görürəm” əsərində Kotia adlı poçtalyonun dəhşət doğuran çıxışı ilə fikrimə yekun vururam.

“Niyə göz yaşlarınıza baxmalıyam?.. Sipitonun iyli arağı nəyimə gərəkdir?.. Qonşular, əgər gəlişimdən qorxursuzsa ,niyə yaşayıram? Poçtolyon olmaq istəmirəm, istəmirəm!.. Eşidirsiz?! Sən Allahdan qorxmursan, Kişvərdi?.. Mənim Almasxanım da müharibədədir, adamlar, mənə yazığınız gəlmir?! İlahi, heç olmasa mənə rəhmin gəlsin! Bura, bizə gəl, bütün bu xəbərləri apar çatdır sahiblərinə, sən Allahsan və hər şeyə dözə bilərsən... Mən adamam, adam! Daha dözə bilmirəm, madam bu dünyanı sən yaratmısan, dərdini də özün çək. Nə üçün bütün günahları üstümə tökürsən?..”

# 1530 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

Yazıçı kitabla dolana bilmirsə, deməli, cəmiyyət mədəni deyil - Dünyaya necə çıxmaq olar?

14:23 11 dekabr 2024
"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

"Mən niyə kiminsə yazdığı romanı oxumalıyam?" - Aqşin Yenisey

15:03 10 dekabr 2024
Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

Ruhun sevindiyi gün - Əbülfət Mədətoğlu

12:26 10 dekabr 2024
"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

"Heç bir ağrı əbədi deyil..." - Huma quşunun qanadları altında

12:22 8 dekabr 2024
Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

Müqavimətin bənzərsizliyi - Ülvi Babasoy

14:29 30 noyabr 2024
Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

Karları eşitməyə vadar edən ehtiras dolu sözlərin şairi

10:25 30 noyabr 2024
# # #